Ər oğul, ərən oğul...

 

 

Səni heç görmədim. Heyif, əslində, nə gözəl olardı! Səni tanımaq, ürək sözlərini dinləmək mənə bir insan kimi hüzur verərdi. Duyğularını öyrənmək nə böyük xoşbəxtlik olardı.

Bəlkə bizim deyə bilməyəcəklərimizi sənin dilindən eşidəcəkdik. Vətəni sevməyin yanğısını öyrənərdik, bu hissin, bu amalın əslini bizə sən tərif edəcəkdin. Olmadı...

İndi səni şəkillərdən tanıyırıq, şəkillərdə görürük. Yaraşıqlı oğlan, dənizlər, okeanlar qədər böyük torpaq sevgisini içində gəzdirən igid, səni görməyə dünyanın o biri ucuna gələrdim. Ürəyindəkiləri dinləmək, o bayrağı əlində daşıdığın anda hiss etdiklərini öyrənmək üçün. Təki Yaradan mənə o şansı verəydi...

Bilirsən, insanın öz dilindən düşüncələrini eşitmək çox gözəldir... Ağlına gəlməyən fikirlər, cümlələr eşidirsən. Yazar üçün əvəzsiz hisslərdir bu. Müsahibinin dedikləri sənə istiqamət verir, əlindən tutub harasa aparır. Qarşındakı müsahibinlə fəxr edirsən, başını dik tutursan, istəyirsən bütün dünyaya səslənəsən: görürsünüz, analarımız necə oğullar dünyaya gətirib, atalarımız necə igidlər yetişdirib! Baxın, bu, mənim qardaşımdır, bu, mənim oğlumdur, bu, mənim azərbaycanlımdır. Bu, bir qorxmaz Türk oğludur! Fəxr edirəm ki, mən azərbaycanlıyam, türkəm! Belə oğullarla bir torpaqda böyümüşəm, eyni havayla nəfəs almışam. Dinim, dilim, millətim eynidir. Ey, dünyaya ikili fikirlərlə yanaşanlar, az qısqanın bizim qürurumuzu, igidliyimizi, mənliyimizi, mərdliyimizi. Açın gözlərinizi, heç olmasa, bircə kərə doğru danışın. Doğru danışın ki, gecələr vicdanınız sizi rahat buraxsın. Təbii ki, o, sizdə varsa...

Ancaq demək istəyirəm ki, görməsəm də, dinləməsəm də, içindəki o yanğını öz dilindən eşitməsəm də, duydum sənin içindəkiləri, hiss etdim, anladım. Tək bir şəklindən tanıdım səni. O foto mənə o qədər nağıllar danışdı ki...Natiqin nağılını, Natiqin əfsanəsini... Əfsanələr təkcə kitablarda yazılanlar deyil. Bu gün də həyatımızda əfsanalər yaranır. Bəzən gözlərimizlə görürük, bəzən kimdənsə dinləyirik. Mən sənin əfsanəni, sənin nağılını şəkillərindən oxudum. Ürəyim dağa döndü fərəhdən. Qürurlandım. Qürurlandım ki, Vətənimin belə qəhrəman övladı var. O övlad ki, təkbaşına o qədər düşmənə qarşı vuruşub. Təkbaşına günlərlə ac-susuz dayana bilib. Torpaq eşqi üstün gəlib bütün fikirlərə, çətinliklərə, zülmlərə. Qəhrəmanlıqla ələ keçirdiyi yüksəkliyi tərk edib getməyib. Vətən üçün, torpaq üçün heç kimdən, heç nədən qorxmayıb. Ölümsə ölüm olsun, deyib, bir can nədir axı, vətən yolunda. Mini olsa, hamısını verərdim deyib... Qaçıb gizlənməyib, düşmənə gəlin, deyib, burdayam. Siz bir ordu, mən tək orduyam, deyib...

Elə oğullar var ki, doğrudan da bir orduya dəyər. Necə deyib atalar, oğul var ki, bir ordunun qabağıdır. Nahaq deyilməyib bu. Həyatda bütün deyilən, çəkilən məsəllərin doğru olduğunun şahidi oluruq.

Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçüb. Anadan olduğu o yerlərin, Gədəbəyin dağlarından güc alıb. Saf bulaqlarının sərin suyuyla qidalanıb. Saf ürəkli, dağlar kimi qürurlu, mərd və igid dayanıb hər zaman. Dağlar oğlu dağlar kimi əyilməyib, düz dayanıb, məğrur dayanıb... Nə çəkibsə, içində çəkib, düşmənə bəlli etməyib. Ağrısın da, acısın da, aclığın da, susuzluğun da...

Vətənini sevən, onun torpaqlarının düşmən tapdağında qalmağını mənliyi qəbul edə bilməyənlər belədir. Baxmayaraq harda doğulub, haranın suyun içib, haranın çörəyini yeyib. Azərbaycan hamımızındır. Hər kəsindir. Onun bir zərrə boyda torpağına kəm baxana düşmən kəsilirik. Bizim yad torpaqlarda gözümüz yoxdur. Ancaq bizim torpaqlarda gözü olanları bağışlaya bilmirik. Bu, türkün qanındadır, canındadır, tərbiyəsindədir. Laylasıyla deyilir qulağına. Mərdlik, vətənpərvərlik, igidlik, mərhəmətli olmaq, qeyrət və namus ata qanıyla, ana südüylə ötürülür türkün övladına.

 

Türklərin doğduğu aslan, qurd olur,

Ayaq basdığı yer Vətən, Yurd olur.

Mərdin övladı da, sözsüz mərd olur,

Rədd ol torpağımdan, elimdən namərd!

 

Aslana döndü Natiq o günlərdə. İçində Xocalının dünyada təkrar olunmayan faciəsinin ağrılarını yaşayan igid nəfəs ala bilmirdi ağrıdan. Qisas hissiylə qovrulurdu. Gecəyarısı dinc insanları vəhşicəsinə qətlə yetirən varvarlardan öc almaqdan savayı fikri yoxdur. Buna görə də könüllü öc almağa gəlmişdi varvarlardan...

Ağdamdan Xankəndi istiqamətində bir neçə döyüşlərdə cəsarətlə döyüşən cəsur oğlana Ağdamın Xramort kəndi yaxınlığındakı vacib yüksəkliyi ələ keçirməyi tapşırırlar. Bir neçə döyüşçü yoldaşlarıyla həmin istiqamətdə hərəkət edən igid oğlan Alban kilsəsində tək başına qalır. Bir neçə gün ac-susuz döyüşür. Ermənilər orda bir neçə döyüşçü olma fikirləri boşa çıxanda özlərindən çıxırlar. Bir neçə gün ac-susuz qalıb, yüksəkliyi tərk etməyən Natiq Qasımov Xocalı əsirlərini azad etmək üçün özünü qurban verir. İgid oğlan, cəsur döyüşçü gedərkən bayrağı da özüylə götürür. Bayrağımı heç kimə etibar etmərəm deyir. Mən onu canımdan artıq sevirəm, onu qorumalıyam! Mənim üçrəngli bayrağıma düşmən əli dəyməməlidir. Onu yerə atan olsa, öldürərəm deyir. Və qorxmadan erməni varvarlarının arasında Azərbaycanın bayrağı əlində yüyürür. Bir neçə erməni əsgərinin arasında qorxmadan, cəsur-cəsur irəliləyir.

Budur oğul, budur igid, budur cəsur ürək! Mən onu sənin sinəndə gördüm. Mən sənin üzündə o qəhrəmanlığı oxudum. Səninlə danışmasam da, içindən keçənləri duydum. Şəkilindən belə ürəyindən keçənlər hiss elədim. Sinəndə dənizlər kimi fırtınaların dalğalandığnı eşitdim. O fırtına mənə çox şey söylədi, çox şey pıçıldadı...

Bilirsən, o şəkli çəkən italyan Enriko Sarzinin də, "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel nömrəsində Konstantin Smirnovun dərc etdiyi məqaləsi də bunu hamıya sübut etdi. Sənin igidliyin onları da heyrətləndirdi. Özlərindən asılı olmayaraq bu faktlar üzə çıxdı. Axı, onlar da yaradıcı insanlardır. Heyrətlənməyə bilməzdilər...

Bayrağı düşmənə verməyən oğlan, mən sənin üzündən çox şey oxudum. Sanki səni illərmiş tanıyırmışam. Sanki səninlə günlərlə danışmışam, söhbət etmişəm. Ürəyindən keçənləri dəfələrlə dinləmişəm. Səninlə Gədəbəyin dağlarının zirvəsinə qalxmışam. Səninlə o gözəlliklərin seyrinə dalmışam. Və sən mənə bütün olanları bir-bir danışmısan. Sənin o cəsur ürəyini görmüşəm. Orda olan vətən sevgisini, qəhrəmanlıq duyğularını, melodiyasını dinləmişəm. Sənin qəlbinin səsini dinlədikcə Əfşan xanımın misraları keçib ürəyimdən:

 

 

Ər oğul, ərən oğul,

Zülmlər görən oğul.

Çəkinməyib düşməndən

Sinəsin gərən oğul...

 

Sənin sinəndə gəzdirdiyin o ürək hansı təriflərə layiq deyil, ər oğul, ərən oğul?! Bax, mən səni belə tanıdım. Səninlə birgə addımladım keçdiyin yolları. O yollara baxdıqca orda bir igidin əfsanəsini, nağılını dinlədim. Bir qəhrəmanın igidlik dastanını oxudum, ər oğul, ərən oğul...

Səni heç görmədim, səninlə heç danışmadım...

Təəssüf...

Amma kim bilir, bəlkə bir gün...

 

Ulduz QASIM

Yazıçı-publisist

Moskva

525-ci qəzet.- 2023.- 18 oktyabr.- S.8.