Milli dövlətçilik tariximizin bənzəri olmayan 20 ili...

 

Azərbaycan xalqı 20 il əvvəl, 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində İlham Əliyevə səs verməklə Ulu öndər Heydər Əliyevin siyasətinin davam etməsini dəstəklədi. Həmin ilin 1 oktyabr tarixində Ümummilli lider xalqa müraciətində qeyd etmişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan xalqı Ümummilli liderin müraciətini dəstəkləyərək, öz səsini onun varisi İlham Əliyevə verdi. Ötən 20 il onu göstərdi ki, Prezident İlham Əliyev həm Ulu öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları reallaşdırdı, həm də Azərbaycanı güclü, nüfuzlu, müstəqil siyasət aparan dövlətə çevirdi. Ən əsası hakimiyyətinin 20-ci ilində İlham Əliyev Azərbaycanın bütün ərazisində suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan bütövdür, işğal altındakı bütün ərazilər azad olunub, suverenliyimiz təmin edilib, üçrəngli bayrağımız bütün ərazilərimizdə dalğalanır. İlham Əliyev andiçmə mərasimində "Mən hər bir azərbaycanlının prezidenti olacam" demişdi. Ötən müddət görülmüş işlər bu fikri təsdiqlədi.

İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb. Bu illər əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olub. Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş 4 prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan prezidenti seçilmiş İlham Əliyev Ümummilli liderimizin siyasi irsini davam etdirərək və Ulu öndərin səyləri nəticəsində yaradılmış möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Prezident seçildikdən sonra andiçmə mərasimində İlham Əliyevin nitqi Azərbaycanın gələcəyinə konseptual baxış xarakteri daşıdı və strateji prioritetləri müəyyən etdi. "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcək", - deyən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu.

Cəmiyyətdə insanları öz ardınca apara bilən liderə tələbat ən taleyüklü mərhələlərdə yaranır. Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. Böyük lider həmişə situasiyanı hiss edir və onu nə vaxt istifadə etməyin mümkün olacağını bilir. 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini cəmiyyətə çatdıran cənab İlham Əliyev də artıq o dövrdə həm ölkə daxili, həm geosiyasi, həm də qlobal müstəvidə mövcud trendləri aydın görür, xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilirdi.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı "525"ə bildirib ki, Azərbaycanın milli dövlətçiliyin son 20 ili özündə inkişaf, intibah və qələbə mərhələrini əks etirməklə ən şərəfli tariximiz olub. Bu tarixin əsaslarını Ümummilli lider Heydər Əliyev qoyub, amma Prezident İlham Əliyev bu əsaslar üzərində güclü Azərbaycan dövlətini ucaldıb.  Deputat deyib ki, hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Dövlət iqtisadi cəhətdən asılı olduqda xarici sifarişlərin icraçısına çevrilir: "Azərbaycan sözün əsl mənasında iqtisadi və siyasi müstəqilliyinə qovuşa bildi. Siyasi müstəqilliyin möhkəm olması dünyada özünün ədalətli mövqeyinin inamla müdafiə etməsinə və dünya nizamının əsas aktoruna çevrilməsinə yol açır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenalarda sözünün imzası qədər möhkəm olduğunu təsdiq edərək nüfuzlu aktora çevrilib. Bu gün Azərbaycan dövləti   Qoşulmama Hərəkatına sədrlik etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib".

A.Badamov əlavə edib ki, iqtisadi uğurlarımızın təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi dayanır: "Azərbaycan xalqının milli sərvəti olan neft-qaz resurslarından səmərəli və şəffaf istifadə etməsi sayəsində ölkəmizin qeyri-neft sektoru uğurla inkişaf etdirildi. Neft-qaz sahəsində icra olunan BTC, BTƏ, TANAP, TAP kimi beynəlxalq enerji ixracı layihələrimiz neft və qaz resurslarımızın dünya bazarlarına çıxarılmasına yol açdı. Prezident İlham Əliyev seçildiyi ilk gündən deyirdi ki, neft kapitalını insan kapitalına çevirməliyik. Son 20 ildə neft gəlirlərinin ədalətli və şəffaf bölüşdürülməsi sayəsində ölkəmizin qeyri-neft sektoru inkişaf etməklə insanların rifahının yaxşılaşmasını təmin etdi. Son 20 ilin makroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salaq: ÜDM 3,6 dəfə, adambaşına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə, adambaşına düşən büdcə xərcləri 150 manatdan 3500 manata, xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47 dəfə artıb. Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə yatırılıb, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub. Sənaye Parkları, Sənaye məhəllələri və Aqroparklar istifadəyə verilərək ölkədə müxtəlif çeşidli qeyri-neft məhsullarının istehsalının artmasına, vətəndaşların etibarlı mallarla təmin edilməsinə və ixrac potensialının artmasına töhfə verilib. Son 20 ildə ölkədə 2 milyondan çox iş yeri yaradılmaqla işsizlik 50%-dən 5%-ə, yoxsulluq isə 49%-dən 5,5%-ə endirilib. Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmış,  pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatdırılıb".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı "Regionların sosial-iqtisdi inkişafına dair Dövlət Proqram"larının dörd mərhələsinin icrası çərçivəsində son 20 ildə regionlarımıza 200 milyard dollara yaxın vəsait yatırılıb: "Son 20 ildə 4000-ə yaxın məktəb binası, 740-dan çox səhiyyə müəssisəsi, 50 İdman Olimpiya Kompleksi, 21 min kilometrə yaxın müxtəlif təyinatlı yollar yenidən qurularaq istifadəyə verilib. Ölkədə qazlaşma 51%-dən 98%-ə çatıb, elektrik enerjisi ilə  əhalinin təminatı idxaldan azad olunaraq faziləsiz təmin olunur. Şəhərlərin və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri təminatının müasirləşdirilməsi ilə bağlı böyük layihələr icra olunub. Regionlarda aparılan quruculuq-bərpa işlərinin nəticəsi olaraq şəhərlə kənd arasındakı fərq aradan qalxıb, kəndlərdən şəhərə axın dayanaraq bu proses əks istiqamətə yönəlib.

Azərbaycan dövləti ölkənin yerləşdiyi coğrafiyasından düzgün istifadə edərək regional və beynəlxalq lahiyələrin aktiv iştirakçısına çevrilib. Belə ki, istifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi zonası, Bakı-Tiblisi-Qars dəmir yolu, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri Azərbaycanı beynəlxalq daşımalırın əsas arteriyalarından birinə çevirib".

A.Badamov onu da vurğulayıb ki, son 20 ildə Azərbaycanın iqtisadi gücünün artması ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açıb. Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlər ayırmaqla Azərbaycan Ordusunun döyüş arsenalı müasirləşdirilib, peşəkarlığı artıb və qarşısına qoyulduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etməyə qadir orduya çevrilib. Millət vəkili söyləyib ki, bu gün ölkənin  müdafiə sənayesi sektorunda 200-dən çox adda məhsul istehsal olunur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil olub: "Ordumuz öz gücünü 3 il əvvəl döyüş meydanında nümayiş etdirərək 44 gündə torpaqlarını azad edərək 30 illik erməni işğalına son qoydu. Eyni zamanda, 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökünü kəsərək, öz gücünü bir daha dünyaya nümayiş etdirdi. Ordumuz ölkəmizin suverenliyini göz bəbəyi kimi qoruyur və mümkün hər bir təhlükəni anındaca dəf etmək iqtidarındadır".

A.Badamov deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün ifadəsini də keçmişdə saxlamağımıza yol açdı. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2026-cı illərdə "Böyük Qayıdışa dair Dövlət Proqramı" imzalanıb və bu proqrama əsasən 2026-cı ilə qədər 8 şəhər və 100 kəndin yenidən qurulub-bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin ediləcək.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2023.- 18 oktyabr.- S.5.