Ədəbiyyat tariximizdə parlaq və unudulmaz imza  

GÖRKƏMLİ ŞAİR VƏ FƏDAKAR TƏRCÜMƏÇİNİN 110 İLLİYİ TAMAM OLUR

 

...İrəvan yaxınlığındakı doğma Yuxarı Necili kəndində qış vaxtı məktəbə gedərkən yol boyu "Şaxta babanın nəğməsi" şeirini söyləyərdik:

Qopdu bayırda tufan,

Uğuldadı yel, boran.

Döyüldü pəncərə bərk,

Açdı qapını külək...

 

O torpaqlara bələd olanlar bu şeirin həmin yerlər üçün nə qədər xarakterik olduğunu çox gözəl bilir. Sabirin, Səhhətin, Şaiqin balacalar üçün yazdığı məşhur şeirlərdən sonra uşaqlıq yaddaşımıza həkk olunmuş "Şaxta babanın nəğməsi" şeiri şair Əhməd Cəmil yaradıcılığı ilə ilk tanışlıq idi.

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberniyasının İrəvan şəhərindəki Təpəbaşı məhəlləsində kustar sənətkar ailəsində anadan olmuşdu. Babası Mir Cəmil ağa İrəvanın tanınmış Seyid nəslindən idi. Onun 4 oğlu, 2 qızı olmuşdur: Mir Səttar, Mir Abbas, Mir Qafar, Mir İbrahim, Sona bəyim və Həlmə bəyim. Tale var-dövləti bu qardaşlar arasında bərabər bölməmişdir. 2 mərtəbəli evi olan Mir İbrahim çox varlı, zəngin idi. Hamıya təmənnasız borc verərdi. Bundan fərqli olaraq Mir Səttar ortabab həyat keçirirdi. Görünür, tale onun var-dövlətini sonraya saxlayırdı - onu tarixdə həmişəlik yaşadacaqdı. Mir Səttarın 11 uşağı olmuşdu, bunlardan ən kiçiyi Əhməd Cəmil idi. Bu uşaqlardan əksəriyyəti körpə ikən dünyasını dəyişmiş, yalnız 4-ü qalmışdı. Mir Bağır, Mir Mehdi, Mir Əhməd, Nazənin bəyim.

Bəli, Əhməd Cəmil o üç oğuldan biri idi. O, 4 yaşında ikən atasını itirmişdi. 1918-ci il İrəvanda baş verən milli ixtilaf üzündən bu ailə Tiflisə, sonra isə Gəncəyə köçməli olur.

Balaca Əhməd anası Səkinə xanımla böyük qardaşı Mir Bağırın (1897-1929) himayəsində qalır. O vaxtlar Mir Bağır ailəni dolandıra bilən yeganə adam idi. O, Əhmədə imkanı daxilində yaxşı təhsil vermək istəyir və bu məqsədlə hətta onu bir fransız ailəsinə tapşırır ki, bir müddət onların evində yaşasın.

Ancaq 20-ci illərin qanlı-qadalı, ab-havası, o dövrün əksər ailələri kimi, Əhməd Cəmilin də ailəsindən yan keçmir. NKVD-nin qara kölgəsi onların da üstünə düşür: böyük qardaşı Mir Bağır qayınatası ilə qısa müddətə Türkiyəyə gedir. Qayıdandan sonra Türkiyəyə getdikləri üçün onları həbs edib il yarım saxlayırlar. Həbsxana şəraitinə tab gətirməyən Mir Bağır xəstələnir. Azad ediləndən sonra tezliklə xəstələnib vəfat edir. Onun ölümündən sonra dul qalmış qadını iki uşağını da - Hüseyni (7 yaşında) və Fəridəni (8 yaşında) götürüb İstanbula atasının yanına gedir (Eldar Cəmilzadə "Atam əhməd Cəmil". "Ədəbiyyat" qəzeti, 19 noyabr 1993-cü il). Qardaşının ölümü, bunun ardınca da yaxın adamlarının xaricə köçməsindən sonra Əhməd anası Səkinə ilə tək qalır. Demək lazımdır ki, Mirbağırın övladları hazırda Türkiyədə yaşayır. Əhməd Cəmilə nəsib olmasa da, indi onun ailəsi uzun illər bir-birindən xəbər tutmayan qardaşı ailəsi ilə əlaqə saxlayır.

Əhməd Cəmil ibtidai və orta təhsilini Gəncədə alır. 1928-ci ildə "Qızıl Gəncə" qəzetində şairin "Gözəl Qafqaz" adlı ilk şeiri nəşr olunur. Əldə etdiyi savadla kifayətlənməyib 1930-cu ildə Ali Pedaqoji İnstituta (indiki N.Tusi adına Universitetə) daxil olub 3 il sonra oranı bitirir.

1933-1936-cı illərdə Şamxor rayonun Zəyəm kəndində müəllim işləyir. 1936-cı ildə Gəncə şəhər 3 nömrəli məktəbində tədris hissə müdiri, 1939-cu ildə pedaqoji institutda müəllim olur. Həmin ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilir. Bir il sonra Bakıya köçür. Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, "Ədəbiyyat və İncəsənət" qəzetində məsul katib, müharibə illərində isə Krım və Şimali Qafqazda "Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli" adlı cəbhə və ordu qəzetlərində ədəbi işçi, tərcüməçi kimi çalışır.

Əhməd Cəmil 1944-cü ildən Azərbaycan Yazıçılar İttifaqının məsul katibi seçilir və 1947-ci ilə qədər həmin vəzifədə işləyir. Qısa müddət səhhəti ilə əlaqədar işləməsə də, 1948-ci ildə yenidən həmin vəzifəyə qayıdır. Xatırladaq ki, bu illərdə Yazıçılar İttifaqına Xalq şairi Səməd Vurğun başçılıq edirdi.

Əhməd Cəmil "Ədəbiyyat qəzeti"nin məsul katibi, Uşaq və Gənclər Nəşriyyatının baş redaktoru (1953-1956). Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi, 1959-1960-cı illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1962-1963-cü illərdə "Azərnəşrin" baş redaktoru, "Gənclik" jurnalında redaktor, 1973-cü ildən ömrünün sonuna kimi "Ulduz" jurnalının baş redaktoru olmuşdu.

1943-cü ildə ölməz Səməd Vurğun Əhməd Cəmil yaradıcılığına həsr etdiyi "Şairin eşqi" məqaləsində yazırdı. "Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə forlanmamış, heç bir təzyiq altına alınmamış bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir".

Görəsən, bu sətirləri yazarkən şairin qəlbindən dostunun hansı misraları keçirdi. Bəlkə məşhur "Can nənə, bir nağıl de" şeiri.

 

- Can nənə, de birini də...

- Ağrın alım, sözə bax.

Evimizdə, səndən savay,

gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub,

hənir gəlmir ocaqdan,

Taxt üstündə məstan pişik

odur yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə,

bax, eşikdə yel əsir...

- Qar yağırmı?

- ...Elə yağır... sazaq qılınc tək kəsir...

 

Şeiri oxuduqca, fikirləşirsən, istər qoca, istər uşaq psixologiyasını nə qədər dərindən duymaq olarmış? Həm nənə nəvazişi, həm də körpə qılığı, ərköyünlüyü və bir az da inadkeşliyi sanki şairin qəlbindən deyil, uşaq və nənənin dilindən vərəqlərə süzülüb axmışdı.

Müharibə mövzusu Əhməd Cəmil yaradıcılığında mühüm yer tutur. O, özünün bir çox gözəl əsərlərini məhz həmin mövzuda yazmışdı. Onun ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr etdiyi "Qəhrəman qardaşıma", "Çağırış", "Süngü yarası", "Qaçqınlar", "Əsgər qardaşıma", "Nişan üzüyü", "Payızın son ayıdır", "Medal", "Məni yada salırmı?" şeirləri bu qəbildəndir. Müharibədə iştirak etmiş, döyüşlərdə olmuş şair şübhəsiz ki, həmin səhnələrə daha yaxşı bələd idi. Buna görə də şairin bu səpkili şeirləri olduqca təbiidir.

Cəbhədə vuruşan əsgər həmişə nişanlısı barədə düşünür. O, sevgilisilə yalnız bir dəfə görüşmüşdü. Bu, onların "İlk görüş, son ayrılığı" idi. Oğlanı bir sual düşündürür. Görəsən, o gözəl qız məni yada salırmı?" Bir-birlərindən xəbərsizdilər. Nigarançılıq çəkir. Arada məktub da yoxdur. Səbəb nədir? Şeirin özü cavabı aydınlaşdırır:

 

Yan tonqalım tüstülən...Yan könlümtək, ey ocaq.

İki kəlmə yazmağa mən üzsüz,

yar utancaq...

Heç olmasa, yazaydı,

o qız bircə söz ancaq

Görəydim, soraq edib məni xəbər alırmı?

Biləydim, o gözəl qız məni yada salırmı?

 

Əhməd Cəmil şeirlərinin əksəriyyətində axıcı, ahəngdar poetikliklə yanaşı, qüvvətli bir romantika da hökm sürür. Şübhəsiz, belə şeirlərdə romantik aləmi yaradan göy, ay, ulduz, gecə, yel, qar, tufan kimi sözlərdən sıx-sıx istifadə olunmuşdur. Bu əsərləri oxuduqda oxucu təbii olaraq yaşadığı, mövcud olduğu mühiti unudaraq, özünü şairin təsvir etdiyi aləmdə hiss edir. Şairin "Lay-lay" şeiri bu sahədən daha səciyyəvidir.

Bir həqiqətdir ki, azərbaycanlılar ana laylaları altında böyüyür, beşik mahnıları altında yuxuya gedirlər. Bu laylalarda bir əzizləmə, oxşama, həm də bir arzu, istək var. Əhməd Cəmil şeirində bu ruh olsa da, ancaq mövzu daha geniş, həm də başqa şəkildədir. Şeirin əvvəlində şair bir neçə cümlə ilə onun yazılma səbəbini aydınlaşdırır.

Ata döyüşdədir. Ana sevgilisini düşünə-düşünə oğluna layla çalır. Gecənin romantik bir çağında.

 

Gecə keçir... Göylər qara, ay para:

Ahu olub qaçır yuxun dağlara.

Ömrüm-günüm, sənə laylay dedikcə,

Ürəyimdə qövr eləyir min yara.

Laylay, gülüm, gözlərindən öpsün ay,

Laylay, quzum, laylay, balam, a laylay.

 

İnsanı düşündürən, kövrəldən bu şeirdə şifahi xalq yaradıcılığının, xüsusilə laylaların qüvvətli təsiri duyulur.

Yazıçı Manaf Süleymanov uzun illər dostluq etdiyi Ə.Cəmil haqqında yazdığı xatirəsində onu təbiət şairi Abbas Səhhətlə müqayisə edir. Burada bir həqiqət var.

Əhməd Cəmilin tərcümə yaradıcılığını xüsusi qeyd etməmək mümkün deyil. Demək lazımdır ki, şairin əsərləri bir çox dillərə rus, Ukrayna, belarus, özbək, tacik, gürcü, habelə ingilis, fransız, fars, ərəb dillərinə tərcümə edilmişdi. Və şairin özü də müxtəlif xalqların bir çox görkəmli nümayəndələrinin - Hüqonun, Xaqaninin, Sədinin, Heyran xanımın, Nekrasovun, Frankonun, Tvardovskinin, Brovkanın, K.Simonovun və digərlərinin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

Şairin tərcümə yaradıcılığından danışarkən bir əsərin üzərində xüsusilə dayanmaq lazım gəlir. İohan Volfanq Götenin "Faust"u üzərində. Əhməd Cəmil yaradıcılığından söhbət açan tədqiqatçılar həmişə bir ifadə işlədirlər: "Əgər o, heç bir şey yazmasaydı, təkcə "Can nənə, bir nağıl de" əsəri ilə Azərbaycan ədəbiyyatında yaşamaq hüququ qazanardı". Bu sözləri "Faust"un tərcüməsinə də şamil etmək olar. Bəli, o, heç nə yazmasaydı, yalnız dahi alman şairinin bu möhtəşəm, dünyaşöhrətli əsərinin tərcüməsilə həmişəlik ədəbiyyat tariximizdə yaşayardı.

 

(Ardı var)

Əsgər ZEYNALOV

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 19 oktyabr.- S.15.