Yeddi igiddən biri
O
tarixdən 31 il keçir. O tarixi unutmamışıq. O tarix
unudulmayacaq. Zəngilanın timsalında Azərbaycanın
müharibə tarixi ilə qoşa yaşadılacaq...
Ömür
yolu deyirik. Bu ifadə təkcə ömür kəlməsiylə
ifadə ediləndə daha səmimi olur, həm də
düşüncələri tərpədir də. Ömür
elə yol deməkdir. Yolun yolu səslənişində bir
anlaşılmazlıq da var. Cavan yaşından
yaşadığı illəri ömürləşdirənlər
haqqında düşünəndə bu qərara gəldim.
Onların məsləkinə, yaşam fəlsəfəsinə
vurğunluğumu ifadə etməyə söz tapa bilmirəm.
Tanıdığın, sevdiyin adamlar haqqında nəsə
demək istəyəndə də əvvəlcə ürəyinin
səsini eşidirsən. Sonra olmuşları
xatırlayırsan. Xatırladıqların fikir
dünyanın yolgöstərəni olur...
Sabir
Əziz oğlunu uşaqlığından tanıyırdım.
1969-cu il iyulun 26-da Zəngilan rayonunun Zəngilan şəhərində
anadan olmuşdu. Mətləbli uşaq idi. Böyüdükcə
düşüncələri dərinləşdi,
xalqımıza məxsus xarakterlə ayları il eləyirdi.
Özündən böyüklərlə kəlmələşməyi
sevirdi. Elə bil hər kəlmələşəndə nəsə
öyrənirdi. Öyrəndiklərini məktəbdə
öyrədilənlərin davamı bilirdi...
Orta
məktəbi 1986-cı ildə bitirdi. Sənədlərini Azərbaycan
İnşaat Mühəndisləri İnstitutuna verdi,
müsabiqədən keçə bilmədi. Zəngilan rayon hərbi
komissarlığının göndərişi ilə
Əli-Bayramlıda (indiki Şirvan şəhərində)
sürücülük peşəsinə yiyələndi.
1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun tikinti fakültəsinə daxil oldu. Qiyabi
oxuyacaqdı. Birinci kursu bitirəndən sonra 1988-ci ilin
oktyabrında hərbi xidmətə
çağırıldı...
Peşəsi,
cəmiyyətdə fəal mövqeyi, əhatəsi diqqətçəkəndirsə,
atalar oğullara həmişə örnək olur. Hərdən
atanın peşəsi oğulun düşüncələrinin
səyyarəsinə dönür; Sabir hərbi xidmətdən
sonra 30 ildən çox daxili işlər orqanlarında xidmət
etmiş atası Əziz Paşayevin yolunu seçibmiş. Hərbi
xidmətdən tərxis edildikdən sonra, 1990-cı ilin
avqustun 12-də Zəngilan rayon milis şöbəsinə
patrul xidməti üzrə inspektor vəzifəsinə təyin
edildi...
Ermənistanın
Azərbaycandan ərazi iddiası elan edilmədən
başlayan müharibəyə səbəb ol-muşdu. Ermənilər
Zəngilana da vaxtaşırı həmlələr,
hücumlar edirdi. Zəngilanı rayon ərazi
özünümüdafiə taboru, bir də milis
işçiləri qoruyurdular. Mərdliklə, cəsarətlə,
ordu ilə nəfəs-nəfəsə qoruyurdular...
Çavuş
Sabir Paşayev də Zəngilanı qoruyanların sırasında
idi.
Bütün
sərhəd kəndləri qorunurdu...
Çavuş
Sabir Paşayev düşmənin həmlələrinin,
hücumlarının qarşısının
alınmasında cəsarətlə
döyüşürdü. Döyüşə-döyüşə
bu kəndlərin təhlükəsizlik cəfakeşlərindən
biri olmuşdu. Hərdən yoldaşlarına deyərdi ki,
hansı kəndin müdafiəsindəyəmsə, həmin kəndin
oğluyam. Bu qənaətimə görə əzizlərim məni
qınamaz.
Seyidlər
kəndi uğrunda gedən döyüşlərdə iki dəfə
pusquya düşmüşdülər. Sabirin fəhmi,
döyüş təcrübəsi, igidliyi onların pusqusunu
qabaqlamalarına, pusqu quranları döyüşlə çətin
vəziyyətə salmalarına şərait
yaratmışdı.
Yaxşı
iş, yaxşı nümunəvi xidmət heç zaman diqqətdən
kənarda qalmır. Sabir Paşayevin xidməti, bu mənada
düşmənlə döyüşləri onun xidmətində
ən etibarlı zəmanət oldu. Sabir Paşayevə 1992-ci
ildə "kiçik leytenant" rütbəsi verildi, Məmmədbəyli
kəndini və Həkəri stansiyasını əhatə edən
geniş bir əraziyə sahə mü-vəkkili təyin
edildi. Bu ərazidə asayişin, sabitliyin təmin olunması
gənc zabitin peşəkarlığının göstərici
kimi dəyərləndirilirdi. Kiçik leytenant Sabir
Paşayev sahə müvəkkili olanda da düşmənlə
döyüşlərdə iştirak edirdi.
1993-cü
il aprelin 10-da Ermənistanın Kafan rayonunun Hənd, Kilsə,
Sav, Şıxavuz kəndlərinə hücum əməliyyatında
Sabir də yaralanmışdı, yaxınlığında
başqa bir döyüşçünün də
yaralandığını görəndə öz
yaralarına məhəl qoymadan onu düşmənin güclü atəşi altından
çıxarda bilmişdi. Müalicədən sonra yenə
döyüşlərə qayıtmışdı. Seyidlər,
Kollu, Rəzdərə,Yuxarı Yeməzli, Ağbis, Ağkənd,
Qazançı, Dərəli, Günqışlaq, Canbar və digər kəndlərdə
gedən üzbəüz döyüşlərdə igidlik
nümunəsi göstərərək düşmənə
ağır zərbə vurulmasında fəal iştirak edib.
Xidmətdə göstərdiyi yüksək intizamı,
döyüşdə igidliyi və qorxmazlığı
yüksək qiymətləndirilərək növbədənkənar
"leytenant" rübəsinə layiq görüldü.
Sabir
Paşayev məzuniyyətdə idi. Yenicə dünyaya gəlmiş
qızının yanında bir neçə gün Bakıda
qaldıqdan sonra Zəngilana qayıdan gün - oktyabrın 25-də
düşmən Zəngilanı mühasirəyə
almışdı.
Ermənilər
Füzuli və Cəbrayıl rayonlarının cəbhəboyu
kəndlərini işğal etmişdi, Zəngilandan Bakıya
aparan magistral yolu nəzarətdə saxlayırdılar. Qafan,
Mehri, Qubadlı və Cəbrayıl istiqamətindən
hücuma keçmişdilər.
Müdafiə
rayonu 2 dəfə böyüyərək 150 km-ə qədər
uzanmışdı. Alayın bütün bölmələri
müdafiə mövqeyində yerləşdirilmişdi.
Müdafiə döyüşünü aparmaq
üçün qüvvə çatışmırdı.
Düşmənin texnikasını vurmaq üçün
çox az mərmi qalmışdı. Olduqca çətin
şəraitdə kəşfiyyat bölüyü Baloğlan
Süleymanovun rəhbərliyi ilə Cəbrayıl rayonunun Dərzili
kəndində müdafiə mövqeyi tutmuşdu.
Ermənilər
kəşfiyyat bölüyünün üzərinə 1
motoatıcı taboru və 1 tank bölüyü ilə
hücuma keçmişdilər. Lakin ciddi müqavimətlə
qarşılaşmış və itki verərək geri
qayıtmışlar. Yenidən qüvvələrini cəmləşdirən
düşmənin bir neçə tankı müdafiə
zolağını yararaq Baloğlanın bölüyünə
tərəf istiqamət alıb. Düşmən tankları
bu dəfə səngərləri hədəfə almağa
başlayıb. Baloğlan Süleymanov, Emin Nəsibov,
Qasım Mönsümov, Bəhram Adığözəlov,
Əlibaba Məmmədov və digərləri düşmənlə
bu qeyri-bərabər döyüşlərdə şəhid
olub, onlarca əsgər yaralandı.
Alayın
ehtiyat hissələri olmadığına görə təminat
bölüyünün əsgərləri də kömək
üçün oraya göndərilmişdi. Onlar da orada şəhid
olmuşdular.
Dərzili
kəndindən hücum edən Ermənistan silahlı birləşmələrinin
hücumunun -qarşısını almaq üçün oktyabrın 25-də leytenant Sabir
Paşayevin rəhbərliyi ilə altı nəfər milis əməkdaşı
- baş çavuş Elşad Nərimanov, çavuşlar
İsmayıl İsmayılov, İlham Quliyev, Aqil Quliyev,
Möhlət İsmayılov, Fazil Bəşirov ilə birgə
oraya döyüşə göndərildilər. Onlar Zəngilan
alayının qorxmaz əsgər və zabitləri ilə birgə
son nəfəslərinə kimi döyüşdülər. Qəhrəmanlıqla
döyüşdülər.
Düşmənin
qarşısını kəsənlərin sırasında bu
yeddi milis əməkdaşı da var idi. Düşmən irəliləyə
bilmirdi. Düşmənin bir neçə döyüş
tex-nikası, onlarla döyüşçüsü məhv
edilmişdi. Düşmən döyüşçülərimizin
müqavimətini qıra bilmirdi. Az sonra kömək alan
düşmən fəallaşdı, manevr edərək
döyüşənlərimizi mühasirəyə aldı. Təslim
olmadılar. Döyüşdülər. Mühasirədən
çıxmaq üçün döyüşdülər.
Mühasirədən çıxa bilmədilər...
Hərdən
7 rəqəmi mənə "Yeddi oğul istərəm"
bədii filmini xatırladır. Peykanlını camaatın
"gününü qara edənlərdən" təmizləməyə
gəlmişdi 7 oğul. Bu oğullar o illərdə
qurtuluş üçün döyüşməyə gəlmişdilər.
Neçə on illərdən sonra Zəngilanda da 7 oğul
düşmənin niyyətiylə döyüşə
göndərilmişdi. Neçə-neçə yeddi
oğullardan seçilməyən bu 7 oğulun
döyüş təcrübələri vardı...
Döyüşəcəkdilər.
Torpaqlarımızın xilası üçün
döyüşəcəkdilər, Zəngilana işğal
yelləri əsməməsi üçün döyüşəcəkdilər,
ermənilik niyyətini burada çilikləmək
üçün döyüşəcəkdilər. Vətən
naminə ölümdən qorxmadan qəhrəmanlıqla fədakarlıqla
sinələrini sipər edən yurdsevər oğulların
sırasında bu yeddi oğul da döyüşəcəkdi...
Döyüşdülər...
Yeddi
polis əməkdaşının taleyi həmin gün itkinlik
dumanına büründü; şəhidmi oldular, əsirmi
düşdülər? - dəqiqləşdirmək
mümkün olmadı, düşmən bu gümanların
heç birinə dəqiq cavab vermədi. Bu oğullar əsir
düşə bilməzdilər. Vətəni bunca sevənlər,
Zəngilanı ömrüylə qoruyanlar, müharibə
başlayalı səngərlərdə gecələyənlər,
Zəngilanın təhlükəsizliyi üçün
döyüşən-lər əsir düşməzdi,
düşmən heç birinin son nəfəsinə
çata bilməzdi; yeddi polis işçisi mühasirədən
çıxmaq üçün döyüşürdü. Bu
döyüş azərbaycançılığın erməniliklə
döyüşüydü, mərdliyin namərdliklə
döyüşüydü...
Ağır
döyüş gedirdi...
Hansı
yaralanmışdı, kim döyüşə-döyüşə
yaralıya köməyə tələsmişdi, kim yardım
edəndə yaralanmışdı, kimin son nəfəsi kimin
son nəfəsinə qarışmışdı, ... bilinməyəcək,
heç zaman bilin-məyəcək. Hamısı qətiyyətlə
döyüşürdü, döyüşə-döyüşə
düşmənləri məhv edirdi, onların
sırasını seyrəldirdi. Hamısı döyüşə-döyüşə
yaralanıb, yaralı-yaralı döyüşüb.
Hamısı döyüşə-döyüşə şəhid
olub. Düşmən bu yeddi igidə qalib gələ bilməyəcəyini
qətiləşdirəndə onları tanklarla atəşə
tutub, ora artilleriya mərmisi də atıb...
Düşmən
belə mərdlərin, belə oğulların nəşini
erməniliyinə görə verməzdi - gizlədərdi, azərbaycanlı
döyüşçülərin kimliyini tarixdən gizlətmək
üçün gizlədərdi, erməniliyə qaxınc
olduğuna görə gizlədərdi; yeddi oğul
düşmənə bu döyüşdə dağ çəkmişdi...
Payız
yelləri bu faciəni Zəngilana çatdıra bilmədi...
Zəngilanda
Birinci Qarabağ müharibəsinin neçə-neçə
ağır döyüşünün ən ağırı
bəlkə də bu döyüş olub; yeddi
döyüşçü onlarca düşmənlə
döyüşüb, mühasirəyə düşüb,
onlara kömək gəlməyib, mühasirədən
çıxmaq, Zəngilana can atan işğalın
qarşısını kəsmək üçün
döyüşüb. Son nəfəsəcən
döyüşüblər. Qəhrəmanlıqla
döyüşərək yaralıları təhlükəsiz
yerə çıxartmaq və mövqeni dəyişmək
istəyən polis əməkdaşları düşmənin
zirehli texnikalardan, "Qrad" və toplardan atdığı
mərmilərin partlaması nəticəsində
hamısı bir yerdə şəhid olub. Ermənilər yeddi
döyüşçünün şəhidliyinə məğlub
olmuşdu...
Sabirin
qızı Vəfa atasını görməyib.
Atasının ruhunun alqışı həmişə onunla
olub; özünə şəhid qızı deməyib,
döyüşçü qızı deyib.
Uşaqlığında babası Əzizdən, nənəsi
Qənfilədən qəhərlənə-qəhərlənə
soruşardı:
- Mənim
atam nə vaxt gələcək?
Ümid
verərdilər. İnanırdımı,
inanmırdımı, bilmirdilər...
Sonralar
"Atam Qarabağdadı, qayıdacaq..." deyib, bu inama illərlə
özü də inanıb. Sonralar "Torpaqlarımız
işğaldan azad edilənə kimi atamın ruhu əsgərlərin
sırasında olacaq, atamın ruhu da döyüşəcək...",
- məktəb yoldaşlarına belə deyərdi.
Baxışlarına hopan qəhəri hamıdan gizlədərdi,
təkcə nənəsindən gizlədə bilməzdi...
"Leytenant
Sabir Paşayevin qızıyam..." - tələbə
yoldaşlarına özünü belə tanıdardı.
Leytenant Sabir Paşayevin kim olduğunu soruşanla bircə kəlmə
deyərdi: "Döyüşçü..."
Yoldaşları gerçəkliyi sonralar bilmişdilər. Biləndə
hamısının kirpikləri nəmlənmişdi...
Leytenant
Sabir Paşayevin ömrünün illərində Zəngilanın
(Vətənin!) işığı olub, bu işıq da Sabirin
özüylə döyüşlərdə olub, bu
işıq da döyüşüb. Sabirin şəhidliyinin
son anları bu işığa sarılıb, indi Sabirin ruhunda
yaşamaqdadı. Bu işıq ölməzlik
işığıdı...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci
qəzet.- 2023.- 19 oktyabr.- S.14.