Xatirələrimdəki Mehdixan Vəkilov
İnsan
unudulur, qismən də olsa, amma əməli, fəaliyyəti
yaşayır. İllər keçir, fəqət
yaddaşlarda qalır. Bu düşüncələrlə
yadıma fəal ictimai xadim, tarixçi, professor Mehdixan
Yusifoğlu Vəkilov düşdü. O zaman idi ki, ötən
əsrin 50-ci illərin ortalarında Mehdixan müəllim Azərbaycan
Pedaqoji İnstitutunun direktoru təyin edilmişdi. Mən isə
1959-cu ildə İnstitutun tarix-filologiya fakültəsinə qəbul
olunmuşdum. Səməd Vurğunun yeganə - böyük
qardaşı kimi tanıyırdıq onu. Uzunboyu, sıx
ağ saçları, səliqəli geyimi ilə kənardan
seçilirdi. Asta yerişi vardı, kabineti ikinci mərtəbəyə
açılırdı. Gözləmə otağının
çöl qapısı daim açıq olurdu. Gələnlərin
üzündə "qəbul intizarı" olmazdı. O
vaxtlar əksər vəzifəli şəxslərdə
süründürməçilik psixologiyası yox idi.
Görünür, mühitin diktəsiymiş!
Bu
günlərdə 120 illiyi tamam olan Mehdixan Vəkilov, desəm
ki, unudulmuşdur, yeri var və mən buna çox təəssüflənirəm.
M.Vəkilovun
ictimai fəaliyyətini xatırlayıram. Gənc ikən,
1920-30-cu illərdə mühüm vəzifələrdə
çalışmışdı. 1926-31-ci illərdə xalq
maarifinin inkişafı uğrunda fəal mübarizə
aparmış, ictimai tərəqqinin ən mürəkkəb
problemlərindən olan mədəni inqilabın qələbəsi
uğrunda fəallıq göstərmişdi. Hələ 16
yaşında ikən kiçik qardaşı Səməd Qori
Müəllimlər Seminariyasına daxil olmuşdu, görkəmli
maarifçi F.Köçərlinin təşəbbüsü
və iştirakı ilə yaradılmış Qazax Müəllimlər
Seminariyasında təhsil almışdı. Az sonra qəza
inqilab komitəsinin işçisi olmaqla geniş ictimai-siyasi
iş aparmışdı. 1924-cü ildə seminariyanı
bitirmiş, müxtəlif illərdə Gəncə qəzası
məktəblərində inspektor, Quba qəzası maarif
şöbəsinin müdiri, Şuşa şəhər
müəllim kurslarının müdiri vəzifə-lərində
işləmişdi. Sonralar (1926-1931) Pedaqoji İnstitutda təhsilini
davam etdirib, pedaqoji fəaliyyətindən ayrılmayaraq
Balaxanı və Suraxanı məktəblərində dərs
deyib. 1934-1938-ci illərdə respublika Xalq Maarif
Komissarlığında inspektor, 1938-1941-ci illərdə eyni
zamanda Azərbaycan SSR XKS nəzdindəki İncəsənət
işləri idarəsində, habelə Tarix İnstitutunda
şöbə müdiri vəzifəsində fəaliyyətini
davam etdirir. İkinci Dünya müharibəsi başlayanda
Mehdixan Vəkilov Təbrizə göndərilir, 1942-ci ilin
yazına qədər orada jurnalist kimi fəaliyyətdə
olur. Cənubi Azərbaycanda antifaşist milli azadlıq təbliğatının
genişlənməsində mühüm rol oynayır. 1942-ci
ilin mayında Vətənə qayıdır və partiya -
sovet işində məsul vəzifələr
daşıyır. Qazax Rayon Zəhmətkeş Deputatları
Soveti İcraiyyə Komitəsinin sədri (1942) və həmin
ilin noyabrından 1945-ci ilin mayına qədər Azərbaycan
KP Ağstafa Rayon Komitəsinin birinci katibi işləyir.
Mehdixan
Vəkilov müharibə illərində xalqın vətənpərvərlik
işinin təşkili naminə geniş ideoloji-təbliğat
işi aparır. O, qələm sahibiydi, publisistik məqalələr
yazır, o cümlədən, məşhur
"Cavanşir" əsərini bitirir. Bununla Mehdixan müəllim
xalqımızın qəhrəmanlıq ənənələrini
tərənnüm edir. Əsərdə əsas motiv kimi Vətənə
məhəbbət, düşmənə nifrət hissi
verilmişdi. Xalqın maddi və mənəvi sərvətlərinin
Vətənin müdafiəsi üçün səfərbərliyə
alınması ideyası əsərdə
aparıcıdır. Müharibədən sonra (1946-cı ildən)
professor, Əməkdar elm xadimi Mehdixan Vəkilov həyatını
gənc nəslin təhsilinə və tərbiyəsinə
bağlamış, Pedaqoji İnstitutda müəllim, kafedra
müdiri və direktor vəzifələrində
çalışmışdı. 1956-cı ildən 1962-ci
ilin sentyabrına qədər İnstituta rəhbərlik
etmişdi. Bir sıra kitabların, elmi əsərlərin
müəllifi M.Vəkilov 1958-1962-ci illərdə Respublika Ali
Sovetinin deputatı, Ali Sovet sədrinin müavini vəzifəsinə
seçilmişdi.
M.Vəkilov
humanist, vətənpərvər insan və təəssübkeş
ictimai xadim idi. Xatırlamağı özümə borc bilirəm,
bəlkə də ictimaiyyət bundan xəbərsizdir: O,
rektor olarkən (mənim tələbəlik vaxtıma təsadüf
edir) - APİ-nin giriş qapısı S.Şaumyan küçəsindən
idi. O zaman Azərbaycan KP Mərkəzi Komitəsinin birinci
katibi İmam Mustafayevlə söhbətində M.Vəkilov
bildirir ki APİ-yə dünyanın müxtəlif dövlətlərindən,
məşhur insanlarından məktublar gəlir, ünvan isə
"Stepan Şaumyan"dır: "Nə üçün
buraya məktublar erməninin adına gəlməlidir?
İnstitutun o biri yanındakı küçə isə
Üzeyir Hacıbəyovun adını daşıyır. Sizin
razılığınızla institutun girişi "Hacıbəyov"dan
ola bilər. İmam Mustafayev etiraz etmir... Mən bunun
şahidiyəm, sonralar instituta gəliş-gediş Üzeyir
Hacıbəyov küçəsindən oldu.
Oxuduğum
və Mehdixan müəllimin rektorluğu (direktorluğu)
vaxtında mən qəbul imtahanı verirdim. Son imtahandan sonra
elan olundu ki, tarix-filologiya fakültəsində "xarici
dil" fənnini keçməyən abituriyentlər də
xarici dildən imtahan verəcəklər. Bu imtahanı verməyənlər
könüllü "İbtidai təhsil" fakültəsinə
qəbul olunur. Mən ingilis dilini keçmişdim. Bilet
çəkib oturdum, o an Mehdixan müəllim məsul katiblə
içəri girib əyləşdi. Xeyli müşahidə
edəndən sonra imtahan götürən müəllimlərə
həlim səslə dedi ki, bunlar tarixçi-filoloq olacaqlar,
xarici dil müəllimi olmayacaqlar, uşaqları dərinə
salmayın. Və xüdahafizləşib otaqdan
çıxdı. Bu, rektorun yüksək humanist addımı
idi.
İkinci
xatirəm: Bizə - birinci kurs tələbələrinə dərs
başlamazdan əvvəl yataqxanada yer vermədilər.
İki-üç gün gedib-gəldik. Bu xəbəri
Mehdixan müəllimə çatdırırlar. O, qəti
göstəriş verir ki, birinci kursa qəbul olunanlara
yataqxanada yer verin, on-lar hələ Bakını
tanımırlar... Beləliklə, bizi yataqxanada
(A.Bakıxanovda yerləşən məşhur yataqxananı nəzərdə
tuturam) yerləşdirdilər...
Professor,
Əməkdar elm xadimi Mehdixan Vəkilov bax belə bir insanpərvər,
istiqanlı şəxsiyyət idi. O, əlli ildən artıq
pedaqoji fəaliyyət olu keçmiş, təhsilimizin tarixində
layiqli yer tutmuşdur. Belə şəxsiyyətləri
unutmaq, onların xatirəsinə biganə yanaşmaq olmaz.
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci
qəzet.- 2023.- 19 oktyabr.- S.13.