Əyan və Bəyan şairi
Dostum,
Xalq şairi Ramiz Rövşənə ədəbi məktub
Müsəlman
inancına görə, Allahın 99 adı var. Əgər belədirsə,
mən də birini - 100-üncünü əlavə edirəm:
Allahın bir adı da Eşqdir. "Hər şey eşq
üstündə durur dünyada" deyirdi dahi Nizami Gəncəvi.
Hər şey eşqdən yaranır. Şeyx Nizami deyir ki,
"əgər eşq olmasa, maqnit dəmiri, kəhrəba
samanı çəkməzdi". Hegel yazırdı ki,
"ehtiras olmadan dahiyanə heç nə
yaradılmır". Eşq ehtirasın anasıdır,
poeziyada ehtirasın ifadəsinə pafos deyilir.
Bütün
bunlarsız isə həqiqi şeir yaradılmır. Şeir
sadəcə qafiyəli söz deyil, söz ilə musiqi
arasında xüsusi bir zərif növdür. Mənim müəllimim
(və həmyerlim) professor Musa Adilov "Füzulinin
poetikası haqqında" əsərində yazıb ki,
"lirik şeirdə forma özü elə məzmundur".
Tarixən bədii ədəbiyyatda məzmun və forma məsələləri
ədəbiyyatşünaslıqda müstəqil problemlər
kimi izah olunub. Lirik şeirdə bu, özünü
doğrultmur. Lirik şeirdə məzmunun formaya münasibəti
qanın damara münasibəti qədərdir. Bunları
bir-birindən ayırsan, ölüm baş verər.
Əziz
Ramiz müəllim!
Başını
ağrıdıb bunları sənə, zəmanəmizin
böyük şairinə ona görə yazıram ki,
müasir dövrdə səndən başqa bunları deməyə
kimsə yoxdur. Bəzi istisnalarla, demək olar ki, hamı həşərat
kimi öz cılız qayğıları ilə eşələnir,
xüsusilə pandemiyadan sonra adamlar ünsiyyət mədəniyyətini
yadırğayıblar.
Müasir
Azərbaycan yeni tarixi dövrə daxil olub: Böyük Zəfərlə
başa çatan 44 günlük Vətən müharibəsində
və 19-20 sentyabr 2023-cü il antiterror tədbirlərində
türkün əbədi düşməni erməni toplumunu
diz çökdürdük. Cənab Prezidentimizin, Ali Baş
Komandanın şücaəti bir tarixi şəxsiyyət kimi
əzəməti, böyük diplomatiyası hamımızda
iftixar hissi və qürur doğurur. Prezident, ordu və xalq
birliyi heç zaman bu qədər güclü olmayıb. Biz
tarix içində yeni tarix yaratdıq, bəşəriyyətə
yeni sürətli müharibə nümunəsi göstərdik.
Sübut etdik ki, ermənilər təkcə Azərbaycanın,
türk qövmünün yox, bütün bəşəriyyətin
düşmənidir. Bu toplum tarixin bağrında
sağalması mümkün olmayan yaradır.
Bütün
bunların fonunda həqiqi poeziyamız küncə
qısılıb qalıb. Əksinə, bayağı
şoular, uzun və mənəviyyatımıza yaraşmayan
saxta reklamlar televiziya kanallarında baş alıb gedir.
Telekanallar izləyiciləri mənəvi terrora məruz qoyur,
heç bir telekanalda şair sözü, alim sözü,
ziyalı fikri görünmür.
Bütün bunlar vicdanlı və ləyaqətli
ziyalılara iztirab verir. Belə hallar tarixdə də olub, ədəbiyyat
tarixində maraqlı nümunələr də var. Dahi
Şekspir "60-cı sonetdə" yazıb:
Mən
ölüm istəyirəm,
Görməyə
yoxdur taqət.
Dilənçilik
eyləyir
Qapılarda
ləyaqət.
Doğruluğa
gülərək
Rişxənd
eyləyir yalan,
Puçluq
paltar geyinir
Min bəzəkdən,
cəlaldan.
Bundan
daha yaxşısını XVIII əsrdə gözəl
şair və vəzir M.P.Vaqif "Görmədim" müxəmməsində
yazıb:
Mən
cahan mülkündə mütləq doğru halət görmədim,
Hər
nə gördüm, əyri gördüm özgə babət
görmədim,
Aşinalar
ixtilatında sədaqət görmədim,
Biətü-iqrarü-imani
dəyanət görmədim,
Bivəfadan
lacərəm, təhsili-hacət görmədim.
Əziz
dostum! Bunları xatırlatmasam, sənin intellektual şeirinin
dərkini başa sala bilmərəm, müasirlik isə bunu tələb
edir. Mən sənin poeziyan barədə çox
yazmışam: özüm üçün və özgələr
üçün. İndi də, kimsəni tapa bilmədiyimə
görə bu durumda səninlə həsb-hal etməyə dəruni
bir ehtiyac duydum.
Sənin
şeirlərin isti ev kimidir, üşüyən cəmiyyətdən
qaçıb orada qızınmaq olur. Bəzən novator
şair Rayner Pilke ilə həsb-hal edirsən:
Yıxılıram,
yıxılıram,
özümdən
yıxılıram.
Qəlbimdəki
səbirdən,
dözümdən
yıxılıram.
Sığınmağa
bir bucaq yox,
Yıxılmağa
qucaq yox, -
yıxılıram,
yıxılıram...
...Gözümdən
yıxıldım, Allah,
gözüm
yaşından yıxıldım.
Deyirlər,
şair həmişə özünü yazır, bu sətirlərdə
qabarıq görünən şair "məni"dir;
özündən, səbrindən dözümdən,
gözümdən, göz yaşından, sözümdən
yıxılan şairin psixoloji durumu xeyli
düşündürücüdür. Belə ovqat şeirləri
öz səmimiyyəti ilə maraq doğurur. Mən sənin
poeziyanı gəncliyimdə bir şeirinə görə
sevmişəm:
Dərsəm
güllərini bu gələn yazın,
Sallanıb
yellənsəm budaqlarından,
Eşitsəm
adımı sevən bir qızın
Hələ
öpülməmiş dodaqlarından
Bu
yaz gecəsində ölməyə nə var.
Gəncliyimdə
(elə indi də) bu bir misranı oxuyanda sandım ki, "sevən
bir qızın, hələ öpülməmiş
dodaqlarından" ilk dəfə mən öpürəm. Bu
assosiativ düşüncə şeirin tükənməz
enerjisindən, əbədi təsir gücündən xəbər
verir. Bəzən bizi kimlərsə, hansı gözəllərsə
sevir, bundan xəbərimiz olmur, onlar isə el
qınağından, ləyaqətindən açıb etiraf
etmirlər. Əslində, ən gözəl məhəbbət
gizli Eşqdir. Gizli Eşqin həzzi də, iztirabı da dərin
olur. Məncə, gizli Eşqə mübtəla olan hər bir
qadının ürəyi həm də xəyallar və sevgilər
qəbiristanlığıdır.
İnsanın
bəzən özündən, öz içindən xəbəri
olmur. İnsan hər şeynən məşğul olur,
özündən başqa. Fəqət, özünü
tanımaq, özünü dərk etmək xoşbəxtliyin,
şəxsiyyət olmağın birinci əlamətidir.
İnsan özünə ayrılıq anında, bir də
qocalanda nəzər salır, özü də ötəri:
Yenə
bu şəhərdə üz-üzə gəldik,
Neyləyək,
ayrıca şəhərimiz yox.
Bəlkə
də, biz xoşbəxt ola bilərdik,
Bəlkə
də xoşbəxtik xəbərimiz yox.
İnsan
elə mürəkkəb varlıqdır ki, hələ
heç bir elm, nəzəriyyə, müasir texnologiyalar onun
sirrini aça bilməyib. Rus filosofu İqnatenkanı "Səadət
axtarışında" kitabında Şərq
filosoflarının nəzəriyyələri əsasında
İnsan mexanizminin şəkli verilib. Lakin İnsanın həm fiziki, həm
də mənəvi mahiyyətini açmaq poeziyaya - Nəsimiyə,
Füzuliyə qismət oldu. Allahı insana endirib, Ənəlhəq
dedi:
Səni
bu hüsni-camal ilə, kamal ilə görüb,
Qorxdular
həq deməyə, döndülər insan dedilər.
Mövlanə
Məhəmməd Füzuli isə sufi olaraq İnsanı mənəvi
təkamül və mistik yaşantı yolu ilə Allahın
yanına qaldırır. O, insanı belə zikr edir:
Ey mələksima
ki, səndən özgə heyrandır sana,
Həq
bilir insan deməz, hər kim ki, insandır, sana.
Belə
misallar bizim mənaca, zəngin, formaca zərif klassik
şeirimizdə çoxdur. Sənin şeirlərin Füzuli
ruhundan bu əbədi, ali enerjidən güc alır.
"Şam" miniatür şeiri birbaşa "Füzulinin
xatirəsinə" ithaf olunub:
Yüz
illərdi bir şam yanır,
Küləklər
söndürə bilmir.
Yüzlərlə
əllər uzanır,
İşığını
dərə bilmir.
...Qızındırır
yazıqları,
Qorxuzur
yalquzaqları,
İşıqladır
uzaqları,
Öz
dibini görə bilmir...
Yüzillərlə
yanan, uzaqları işıqlandıran Füzulinin sənət
obrazıdır. "Şam" və "Söz"
miniatür şeirlərində (eləcə də
bütün yaradıcılığında!) şair
özündən, sözündən Füzuliyə
körpü salır ki, gələcək nəsillər
keçə bilsin:
Sevənlər
tutdu dünyanı,
Sevdi
unutdu dünyanı,
Mən
də sevdim, bu dünyanın
Ən
gözəl sözünü aldım.
...Məni
də yola saldı söz,
Mən
getdim sizə qaldı söz,
Yenə
təptəzə qaldı söz,
Mən
sözün tozunu aldım.
Bu
adi və sadə, fəqət mənalı SÖZlərdə
metafora, rəmz o qədər güclüdür ki, onu dərk
etmək üçün SÖZ peyğəmbərlərinə
üz tuturam:
Dinləgil
bu sözü ki, candır söz,
Aliyü
asimanməkandır söz.
Zahirü
batin, əvvəlü axir,
Aşikaravü
həm nihandır söz.
Kafü
nundan vücuda gəldi cahan,
Əgər
anlar isən, əyandır söz.
(Nəsimi)
Füzuli
isə SÖZ-ün hüsnünə və mənasına
SÖZ qoşub "hər ləhcə yoxdan var olan
söz"ə ehya veriləndə ölünü dirildir:
Ver
sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə
hər saət səni ol uyqudan bidar söz.
Füzuli
sözün mənşəyini də müqəddəsləşdirir:
Sözə
xor baxmaq olmaz, hər bir söz
Ərşdəndir
gəlib hədiyyə bizə.
Dahi
şair "şeir fəziləti də bir elmdir" deyib.
"Sözün tozunu sildim" - deyərək sən Nəsiminin,
Füzulinin qarşısında poetik etiraf edirsən. Mən həmişə
demişəm və yazmışam: Ədəbiyyatında
Füzuli olan xalqın şairi olmaq çox çətindir.
Əbədi gənc Müşfiq yaxşı deyib:
Şairəm
söyləyir yerindən duran
İnsanın
üzündə həya gərəkdir.
Şeir
qoşanlar, cızmaqaraçılar, sözü urvatdan
salanlar gərək Füzulidən (elə səndən də!)
utansınlar.
Belə
bir el deyimi var: İnsan bir udum nəfəsdir. Nəfəs kəsiləndə
insan olmur. Budur insanın əzəməti?!
Əziz
dostum! Sənətin, "Nəfəs"in mənə həyat
verir, sən bu kitabla bütün insanlara nəfəs verirsən:
Mənim
bu dünyayla bir alverim var,
aldığım-verdiyim
nəfəsdi, nəfəs.
Daha
özgə bazar açan deyiləm,
ölüncə
bu alver mənə bəsdi, bəs.
...Üzümə
çırpılan yağışa-qara,
küləklərə
verdim öz nəfəsimi.
Nəfəsim
toxundu gül dodaqlara,
aldı
neçə-neçə qız nəfəsimi.
Əgər
şeirlərini sistemli-struktural və semantik təhlil etsək
görərik ki: 1. adi sözlər yox, seçmə sözlər,
tutumlu və orijinal poetik sözlər işlədir. 2. Bu
şeirləri arxi-tektonikasında əsas yeri, birləşdirici-əlaqələndirici
amil "öpülməmiş qız dodaqları" şəklində
təzahür edən Eşqdir.
Sənin
məşhur "Qara paltarlı qadın" şeirin
ağlamaq motivi üzərində qurulub: Ağlamaq kədər
əlamətidir. Əli Kərim demişkən, sən kədərdən
sevgi düzəldirsən:
Kişilər
bir olmur, atam balası, -
qorxağı
var, igidi var.
Amma
hər kişinin öləndən sonra
Qəbri
üstdə ağlamağa
Bir
qara paltarlı gözəl qadına ümidi var
Sən
öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı
olacaq?
Yadmı olacaq?
Bu
dünyada
bəlkə
sənə ən çox ağlayan
ən
çox ağlatdığın qadın olacaq.
Göz
yaşları yuduqca baş daşını,
Qəbrində
qurcalanıb, deyəcəksən: ilahi,
İllər
boyu ağlatdığım bu qadın
Görən
necə saxlayıbdır bu qədər göz
yaşını?!
Bircə
kərə
nə
saçını oxşamışam,
nə
gözünü silmişəm.
Gözlərimə
batır indi
saçlarının hər dəni,
İllər
boyu bu qadına mən axı dərd vermişəm
İndi
görən niyə çəkir dərdimi?!
Bu
qadın baş daşımı öpüb
sığallamaqdansa,
Yumruğuyla
döysə-döysə yaxşıdı.
Qəbrimin
üstündə ağlamaqdansa,
Məni
söysə yaxşıdı.
Yeri,
yeri, qara paltarlı qadın,
Kiri,
kiri, qara paltarlı qadın.
Bu qəbir
də min qəbirdən biridi.
Baş
daşımı bəsdir basdın bağrına.
Bütün
mənə ağlayanlar kiridi,
Sən
də kiri, qəbrim damır, ağlama!..
Beləliklə,
böyük şair ustalıqla ağlamaqdan dərin sevgi
lirikası yaradır. Sən demə, onun lirik qəhrəmanı
ömrü boyu ağlatdığı qara paltarlı gözəli
dərin məhəb-bətlə sevirmiş...
Mən
darıxanda, gücsüzləşəndə, həyatdan
küsəndə dahi Füzulini, M.Ə.Sabiri, XX əsr
şairləri M.Müşfiqi, Əli Kərimi bir də, bir də
ki, Sənin mənə avtoqrafla
bağışladığın "Nəfəs" (2006)
kitabını oxuyuram, ruhum dincəlir, özümü
qüdrətli, varlı hesab edirəm.
Sənin
"Nəfəs"in şeirimizin nəfəsidir. Bu
kitabdakı şeirlər, özün demişkən göz
yaşından keçib durulur, qandan keçib hərarət
alır. Bu şeirlər sənin Ay işığında
gördüklərindi:
Ay
işığı düşdü göydən,
canımdan-qanımdan
keçdi.
Gözümün
içindən keçdi,
Özümün
içimdən keçdi.
keçdi,
dabanımdan keçdi,
Az
qaldı ki,
iki
yerə bölə məni,
Başımdan
göyə mıxladı,
dabanımdan
yerə məni.
Ha
istədim,
addım
ata bilmədim...
Sənin
poeziyan dünyanı nura qərq edən Ay
işığı kimidir. Bu şeirlərin mətnindən
çox aurası - haləsi güclüdür, ruha qida verir.
Əziz
Ramiz müəllim!
Mən
bilirəm ki, yaxşı şeir yazmaq üçün
şeirə mübtəla olmaq lazımdır. Mən 50 ildir Səni
tanıyır və izləyirəm, sən lap gəncliyindən
şeirə mübtəla olmusan. Necə ki fəda olmaq sevməkdən
daha böyükdür, sevmək üçün fəda olmaq
lazımdır. Yoxsa belə yazmaq mümkün deyil:
Bilmirəm,
hayandan tapdı ömrümü,
Bir dəli
at kimi çapdı ömrümü,
Dağlara,
daşlara çırpdı ömrümü,
Qədrimi
bilmədi bu adam mənim, -
İlahi,
al məni bunun əlindən!
Burada
metafora lap güclüdür və o qüvvətli rəmz
yaratmağa imkan verir. Ümumən, bu şeirdə insan əndişəsi
var, insan özünü dərk etməyə
çalışır, amansızcasına özünə əl
atır. Bu şeirdə həm də güclü bir ehtirasdan
yaranmış bədii pafos var.
Nə
var Allahdan yuxarı?
Nə
var qəbirdən aşağı?
Çəkdiyim
ahdan yuxarı?
Bildiyim
sirdən aşağı?..
Niyə
günün gündüzündə
Quşlar
azır göy üzündə?
Göz
yaşları quş gözündən
Tökülür
dən-dən aşağı.
Demə,
biz ki quş deyilik,
Allaha
tanış deyilik...
Ruhum,
dur, yığış, gedirik,
Sən
yuxarı, mən aşağı...
Bu
poetik suallara mən belə cavab verərdim: həyat və həyatın
sahibi İnsan var. Allah ilk insanı, Adəmi özünün
oxşarı kimi yaradıb və biz insanlar da onun surətini
daşıyırıq. Əlbəttə, əziz şair, Ruh
yuxarı - göylərə, Allahın yanına (bəlkə
də Allahdan yuxarı!) bədən isə aşağı -
torpağın altına, əbədi məskənə, qəbr
evinə gedir.
Qurani-Kərimin
Əl Əhzab surəsində deyilir: ruh Allah əmanətidir,
o əmanəti "can borcunu" qaytarmaq lazımdır.
Sənin
şeirlərində kədərə bükülmüş
bir işıqlı romantika mürgüləyir. Fəlsəfi-intellektual
şeir təmayülünün başqanı, Xalq şairi Rəsul
Rzanın və nəcib Nigar xanımın xatirəsinə
yazdığın "Ağı" miniatür şeirin bu
qəbildəndir:
Zalım
dünya öz işində,
Gəlişində-gedişində,
Gəl
ağlayaq yetmişində
Sevgilitək
ölənlərə.
Ürəyi
min cür dərd görüb,
Gözü
min cür sifət görüb,
Gözəl-göyçək
ömür sürüb,
Gözəl-göyçək
ölənlərə.
Keçib
kolundan-kosundan,
Tikanların
arasından,
Qan
sızdıqca yarasından
Əldə
çiçək ölənlərə...
Yetmiş
yaşında sevgili kimi ölən ömür-gün
yoldaşına - iki əvəzsiz şairə, iki əvəzsiz
insana səmimi bir ağıdır bu.
Qəbrim
üstə istəmirəm
Bir
dost-tanış ağlasın.
Bir
az külək uğuldasın,
Bir
az yağış ağlasın.
Qəbrimi
bulud sulasın,
Bəlkə
bitdim təzədən...
Bu
nikbin, ümid dolu kədər, əslində çox gözəldir.
Əziz,
dostum!
Sənin
kiçik, miniatür şeirlərin bir az atalar sözlərinə,
bir az tapmacalara, bir az da lirik etüdlərə bənzəyir.
Fikrimin məxləqi budur ki, sənin qısa şeirlərin
daha gözəl, daha poetikdir. Şair V.Bayatlıya ithaf
olunmuş "Çıxır" şeiri buna misal ola bilər:
Ələ
qələm alan kimi
Sətirlər
qar olan kimi
Köynəyə
qan çıxan kimi
Kədərim
varağa çıxır.
Belə
bənzətmə, metafonik deyim, bayatı tərzi çox
orijinaldır. Bu metaforada diqqəti əsas cəlb edən
köynəyinə qan çıxan insandır. Nitşe
deyirdi ki, "qələmi qanına batır yaz, görəcəksən
ki, qan sənin "Gedək biz olmayan yerə", "Bir
yağışlı nəğmə",
"Dünyanın sən olan yeri", "Soğan
acısı", "Göy üzü daş saxlamaz",
"İlan balası" bədii-fəlsəfi şeirlərin
müasir poeziyamızın poetik və estetik imkanlarını
genişləndirən sənət faktlarıdır.
Sən
poema janrına da yenilik gətirmisən: "Qapı",
"Süd dişinin ağrısı", "Canavar
ovu" poemaların şeirlə nəsrin əvəzlənməsi
(sintezi!) tərzində yazılıb.
Əziz
dostum!
Mən
indi güllü-çiçəkli bağçada gəzən
aşiqə bənzəyirəm. Sənin şeir
gülüstanından bir səbət bağlamışam onu
zəmanəmizin böyük (və təvəzökar!)
şairinə - Ramiz Rövşənə ərməğan
edirəm. Sən buna layiqsən. İnsana xas bütün mənəvi
keyfiyyətlərin məcmusuna ləyaqət deyilir.
Bütövlükdə
sənin poeziyan sələfin İmadəddin Nəsiminin
yaradıcılığı kimi Əyan və Bəyan
şeirləridir. Sən poetik üsulla
dövrümüzün mənəvi-əxlaqi həqiqətlərini
gələcəyə ünvanlayırsan. Ona görə də
sənin poeziyan gələcəkdə daha aydın dərk
olunacaq. Tarixdə heç vaxt böyük şairlər,
böyük alimlər öz müasirləri tərəfindən
olduğu kimi dərk edilməyiblər.
Böyük
mütəfəkkir M.F.Axundzadə Mirzə Melkum Xana 27 dekabr
1870-ci il tarixli məktubunda yazırdı: "Kaş anadan
doğulmayaydıq... müasirlərimin vecsiz olması nəticəsində
yaşamaq mənə haram olmuşdur. Zəhərdən
acı bir həyat keçirirəm" (Əsərləri.
III c. Bakı, "Elm" 1988, s.150). Elə həmin cilddə
yer almış başqa bir məktubunda daha sərt və qəzəblə
yazırdı: "Mənim bu məktubumun surətini bir
kitabçaya köçürüb saxlayıram. Barı, qoy
gələcək nəsil bilsin ki, mən və siz bu
xüsusda nə qədər zəhmətlər çəkmişik,
lakin səyimiz heç bir nəticə verməmişdir"
(söhbət "Kəmalüddövlə məktubları"ndan
gedir!).
Bu sətirlər
olduqca müasir səslənir. Mən bu gün də həqiqi
ziyalılara (və özümə!) münasibəti görəndə
tez-tez Mirzə Fətəlinin 150 il bundan qabaq
yazdığı bu sözləri xatırlayıram.
Nizaməddin
ŞƏMSİZADƏ
Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi
525-ci
qəzet.- 2023.- 19 oktyabr.- S.12;13.