“İstedad, savad, ürək yoxdursa,
bu sənətə gəlmək əbəsdir”
NAXÇIVAN
DÖVLƏT MİLLİ DRAM TEATRININ AKTYORU SƏMƏD
CANBAXŞIYEV: “MƏNİM ÜÇÜN
SƏHNƏNİN BÖYÜYÜ, KİÇİYİ
YOXDUR”
Teatr
- bənzərsiz və sehrli məkan, dünyanın
kiçik bir guşəsində var olan əsrarəngiz
planetdir. İlk baxışdan həmin o əsrarəngiz
planetin sakini olmaq, obraz canlandırmaq, başqa birisinə
çevrilmək bəzilərinə asan gəlir. Lakin
tamaşadan sonra səhnə arxasına keçib
aktyorların tökdüyü təri, çəkdiyi əziyyət
və stressi görəndə işin təsəvvür ediləndən
qat-qat ağır olduğunu anlayırsan.
Yazıya
teatr haqqında bu fikirlərlə başlamağımın səbəbi
qonağımın məni aktyorluq qabiliyyəti ilə
ovsunlayan Əməkdar artist Səməd Canbaxşıyev
olmasıdır.
Səməd
müəllimi əslində peşə yoldaşım kimi
tanımışam. Lakin teatrda izlədiyim son tamaşasından
sonra yəqin etdim ki, Səməd Canbaxşıyev təkcə
yaxşı jurnalist yox, həm də çox istedadlı
aktyordur. İzlədəyim hər tamaşasından belə qənaətə
gəldim ki, Əməkdar artist öz palitrası ilə
yaratdığı obrazlardan ulduzlardan ibarət əbədi kəhkəşan
var edir.
- Səməd
Canbaxşıyev özünü necə xarakterizə edir:
yaxşı jurnalist, yoxsa yaxşı aktyor?
- Səməd
Canbaxşiyev 2000-ci ildən Naxçıvan Muxtar
Respublikasının Əməkdar artistidirsə, deməli,
aktyordur. Mən ikinci təhsil olaraq BDU-də jurnalistika
fakültəsini bitirdim. Mədəniyyət və İncəsənət
Universitetində isə ixtisasım Teatr kollektivi rejissorluğu
olub. Əvvəlcə aktyor kimi 1990-cı ildə
Naxçıvan Dövlət Kukla Teatrında fəaliyyətə
başlamışam. 18 yaşında oranın ilk
aktyorlarından biri olmuşam. Məncə, orta məktəbi
çox yaxşı oxuduğum və hər iki universitetdə
yaxşı təhsil aldığım üçün
qazandığım bilikləri yerli-yerində işlədə
bildim. Nəticədə isə aktyor və jurnalist kimi
uğur qazandım. Ən əsası bilik və
dünyagörüşüdür. Bu varsa, istənilən sahədə
uğur qazanmaq olar. Yaxşı aktyor olmaq üçün isə
mütləq təhsil almalısan. Mən özümü
aktyor sayıram. Rejissorluqla isə açığı,
Naxçıvan Teatrında peşəkar rejissor
olmadığı üçün məşğul oldum.
İndi 3 nəfər sırf rejissor ixtisasını bitirən
gənc var. Onlar məşğul olurlar bu işlə. Mən
böyük hərflə aktyoram.
-
Naxçıvanda olduğum zaman sizin iki tamaşanızı
izlədim. Hər iki tamaşada fərqli xarakterləri fərqli
baxış bucağından göstərdiniz. Bəs bu
cür trajik və trajikomik obrazları yaratmaq
üçün Səməd Canbaxşıyev nədən
ilham alır?
-
Aktyorun işi ona tapşırılan obrazı olduğu kimi,
bütün xarakterik cəhətləri ilə
canlandırmaqdır. İstər komediya, istərsə də
faciə olsun, obrazı olduğu kimi daxili aləminə
nüfuz edərək yaradanda o, öz yerini tapır,
tamaşaçının qəlbini fəth edir, onu
inandırır. O iki tamaşada (yəqin ki "Cibimizdəki
dəlilik"də “Ü.V” və "Edama məhkumun son
günü"ndə “Kişi” obrazlarını nəzərdə
tutursunuz) obrazların daxili aləmini açmağa
çalışdım. Biri psixoloqun "ovuna" çevrilən
emosional, bir az da sadəlövh bir kompüter ustası, digəri
isə qızı üçün çörək alanda təsadüfən
adam öldürən və heç də ölüm
hökmünə layiq olmayıb cəzaya məhkum olan bir
insandır. Onların faciəsi eynidir - günahları o qədər
də çox olmadığı halda cəzalanmaq! Dram əsərlərində
sətiraltı fikirləri düzgün tutanda və rejissor,
müəllif, aktyor üçlüyünün fikir, ideya vəhdətini
düzgün qiymətləndirəndə yaxşı obraz
alınır. İlham mənbəyi isə sənəti sevmək
və onun prinsiplərindən düzgün istifadə etməklə
gördüyün işdən zövq almaqdır.
- Səməd
Canbaxşıyevə görə insan oğlu niyə dəliliyi
cibində gəzdirir?
-
Əslində əsərin müəllifi Mehmet Ümit
Görgülü özü psixoloqdur. Onun öz obrazlarına
yanaşması çox maraqlıdır. "Cibimizdəki dəlilik"
əsəri əslində psixoloqların konfransı zamanı
yazılıb və ora toplaşan həkimlərə bir sual
kimi verilib: Biz psixoloji xəstəni düzgün müalicə
etməyən zaman onu bir cinayətkara çevirmirikmi? Onun
törətdiyi cinayətlərin günahı kimdədir? Bax
bu sualın cavabını tapmaq lazım idi. Məlum oldu ki, əslində
bizim hamımız, bütün insanlar dəliliyi (cinnəti)
cibində gəzdirir. Kimi onu ömrü boyu
çıxarmır, kimi də
qarşılaşdığı hər hansı xoşagəlməz
hadisədə və ya məqamda məmnuniyyətlə cibindən
çıxarıb əlinə alır. Bu cinnət isə
silaha, dəyənəyə, qarşındakı insana xəsarət
yetirən əşyaya çevrilir. Yaxşı olar ki, elə
o cinnət, dəlilik həmişə cibimizdə qalsın.
-
Xarakterə bürünmək və xarakterdən
çıxmaq Səməd Canbaxşıyev üçün
nə qədər çətindir?
- Mən
səhnədə oynadığım obrazam. Çünki
orada zaman başqa, məkan başqa, vəziyyət
başqadır. Bu, bir oyundur. Çıxmağa gəlincə,
kulisin arxasına keçən kimi dönüb olursan həmin
adam. Amma bəzən elə əsərlər olub ki, çox
qapılmışam. Məsələn, Şah Qacar obrazı
çox xoşuma gəlib. Azərbaycanı birləşdirmək
istəyən, indiki İran, Gürcüstan, Ermənistan ərazilərini
əhatə edən, böyük
Azərbaycan imperiyası yaratmaq istəyən Qacarın
obrazından çıxıb bugünkü 86 min kvadratmetrlik
Azərbaycan coğrafiyasına düşmək istəmirsən.
-
Uğurlu tamaşa, uğurlu əsər yalnız böyük
səhnələrəmi aiddir?
-
Uğurlu əsər, uğurlu tamaşa hər yerdə ola bilər.
Sadəcə, yaxşı aktyor və rejissor lazımdır.
İndi deyə bilmərəm, amma əvvəllər xalq
teatrlarında belə çox gözəl əsərlər səhnəyə
qoyulurdu. Hamıda sənətə bir sevgi vardı,
bağlılıq vardı. Həm də yaxşı dramaturji
əsər də şərtdir. Adam tanıyıram ki, bizim
teatra bir dəfə gəlməyib, amma mənə əsər
yollayıb ki, sizin teatr üçün pyes yazmışam.
Teatra gəlməyən, tamaşaya baxmayan, ən azından
dram əsəri oxumayan adamın teatr üçün
yaxşı pyes yaza biləcəyini düşünmürəm.
Çünki teatrın şərtlərini bilməlidir. Yəqin
ki, bilirsiniz, ilk pyeslər miflərdən doğulub. Hətta
dolayısı yolla desək, teatrın yaranmasında, dramaturji
materialın ərsəyə gəlməsində mifin
xüsusi rolu var. Deməli, yaxşı əsəri yazmaq
üçün yaxşı mövzu olmalıdır.
Yaxşı yazılan mövzu isə böyük, kiçik
səhnə tanımır. Ümumiyyətlə, mənim
üçün səhnənin böyüyü, kiçiyi
yoxdur. Sadəcə, ölçüsü böyük,
kiçik ola bilər. Qədimdə bizimtək gəzən
aktyorlar, məddahlar, naqqal deyilən nağılbazlar, hoqqabaz
adlanan sehrbazlar kiçik səhnələrdə böyük
oyunlar göstərirdilər.
-
Yaxşı aktyoru yaxşı repertuar yetişdirir deyirlər.
Bu gün Naxçıvan teatrının repertuarı sizi qane
edirmi?
-
Yaxşı repertuar yox, yaxşı əsər. Yaxşı əsərlər
seçiləndə yaxşı da repeprtuar alınır.
Əlbəttə, Naxçıvan Teatrı əvvəllər
məlum səbəbdən repertuar sarıdan çox əziyyət
çəkib. Bəzən rejissorların hazır
olmadığı, aktyorun imkanı nəzərə
alınmadan, mövzusunun teatr üçün nə dərəcədə
aktual olub-olmadığı diqqətə alinmadan mövzular
"yuxarıdan" gəlirdi. Hətta bir ili 38 əsər
oxuyub göndərdik. Sonda isə repertuarda olan "Nadir
şah" və "Əlincə qalası" seçildi.
Biz də məcbur qalıb həmin əsərləri
repertuardan çıxardıq və yenidən növbəti
il üçün tamaşaya hazırladıq. Amma bu gün
belə deyil. Repertuarda isə yerli aktyorların dediyi kimi,
"saqqal-bığ" yapışdırılan tarixi
dramlar deyil, həm də müasir həyatımızdan bəhs
edən pyeslər də var. Tamaşaçılar məmnuniyyətlə
gəlib baxırlar. Çünki onları da qane edir. O ki
qaldı aktyorun yetişməsində repertuarın roluna, aktyor
istedadsız və tənbəldirsə, onu nə yaxşı
repertuar yetişdirə bilir, nə də yaxşı əsər.
- Səməd
Canbaxşıyev bu gün gənc aktyorlara ilk nəyi öyrədir?
- Gənc
aktyorlara birinci növbədə sənəti sevməyi
öyrədirəm. Sənətlə bağlı maraqlı məqamlar,
tamaşaçı alqışının zövqü,
yaradıcılıq uğurları barədə
danışırıq. Aktyorluq və teatr sənəti
göz önündə olduğu üçün çox
çətindir. Tamaşaçı daha çox bu sahədə
qiyməti verir. Bəziləri televiziya ekranlarından və
teatr tamaşalarından aktyoru görüb sənəti
seçirlər, birtəhər ali təhsil alıb teatra gəlirlər.
Burda isə qalırlar "mən kimlə, mən kimlə"
deyən uşaqlar kimi ortalıqda. Bu sənət istedad, savad,
sevgi və ürək istəyir. Biri yoxdursa, bu sənətə
gəlmək əbəsdir.
- Gələcəkdə
aktyor olmaq istəyən gənclər üçün sizdən
tövsiyə almaq istəsək, bizə nə deyərdiniz?
-
Aktyor olmurlar, aktyor doğulurlar. "Yoxsa əzmində əgər
səbrü-səbat, boş əməkdir çəkiyorsun
heyhat..." Bunu rəhmətlik Cavid əfəndi deyirdi.
Bilirsiniz, bu həyatda ən asan şey məsləhət verməkdir.
Bunu elə elə, onu belə elə deməklə aktyor,
rejissor ola bilməzsən. Çətin sahədir, çox
çətindir. Gərək hər şeyi, ən əsası
da insan psixologiyasını biləsən.
Başqalaşmağı, başqasının duyduğu hissləri,
düşüncələri yaşaya biləsən. Əksər
böyük sənətkarlar 50 yaşa qədər ancaq
ömür sürüblər. Çünki ürəklərini
bu yolda qoyublar. Gənclərə deyə bilərəm ki, bu sənətə
bacarığınız varsa, gəlin, yox, əgər kimsə
sizi məcbur edir və ya deyirsə ki, səndə aktyor
fakturası var, ya da mənim oğlum, qızım aktyor,
aktrisa olmalıdır, onda özünü aldadırsan!
Nuray
NƏZƏROVA
525-ci
qəzet.- 2023.- 19 oktyabr.- S.10.