Tam və qəti qələbə

 

Vətən müharibəsindən sonra Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində bütün səyləri puça çıxardı. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir..." öhdəliyi icra edilmədi.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Bölgədə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu isə erməni silahlı qüvvələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Lakin düşmən bu razılaşmalara əməl etmək əvəzinə, daha da azğınlaşaraq, humanitar yönlü "Laçın" koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi.

Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması məqsədilə Azərbaycanın bu ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsi yaratması, paralel olaraq, Ağdam-Xankəndi yolunu təklif etməsi Ermənistan tərəfinin bütün xain planlarının qarşısını aldı. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərə qarşı guya "soyqırımı", "blokada" və "humanitar böhran" siyasətinin aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə qarayaxma kampaniyası aparmağa başladı.

Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədi ilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki nəfər mülki şəxs və dörd nəfər polis əməkdaşımızın şəhid olması səbr kasasını daşırdı.

Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı lokal antiterror tədbirləri həyata keçirdi. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirmədi.

Sentyabrın 20-də 24 saatdan da az - 23 saat 43 dəqiqə çəkən antiterror tədbirləri nəticəsində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi, Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri "soyqırım" iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.

Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalıdır ki, həyata keçirilmiş belə antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsidir və bütün bunlara yalnız Ermənistan hökuməti məsuliyyət daşıyır. Bu baxımdan dinc mülki əhalinin və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi ölkəmizin təbii və qanuni haqqıdır.

Problemin yaranma tarixinə qısa nəzər salsaq, görərik ki, 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Doğrudur, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunsa da, faktiki olaraq Qarabağ və ona bitişik ərazilər işğal altında idi. Bu isə ölkə sərhədlərinin bərpası, ərazi bütövlüyüvə suverenliyinə açıq şəkildə maneə yaradırdı. Lakin məhz Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 100-cü ildönümündə 19-20 sentyabr tarixli lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Bununla da Azərbaycan sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri - Ali Baş Komandanı var. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, yüz ildən bəri bizə "miras" qalan bu ağrılı-acılı problemi birdəfəlik həll etdi, "Dağlıq Qarabağ" probleminin həllinə öz imzasını atdı.

Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror tədbirləri ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirilən mətbuat konfransında da vurğuladığı kimi, "əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, - beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik".

Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. Məhz onun sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olur-olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, "Zəfər adı xalqımıza çox yaraşır... Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır".

Bu gün ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görülür. Ən vacib məqam isə ondan ibarətdir ki, bu bərpa-quruculuq işləri heç bir kənar maliyyə yardımı olmadan, Azərbaycanın öz vəsaiti, daxili imkanları hesabına gerçəkləşdirilir. Hesablamalara əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günə qədər bərpa və quruculuq işlərinə təqribən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün bu məbləğin minimum 3,8 milyard ABŞ dolları həcmində olacağı planlaşdırılır. Bu gün artıq iki min nəfərdən çox keçmiş məcburi köçkün "Böyük Qayıdış" Proqramının icrasına uyğun olaraq öz doğma yurdlarına - Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtmışlar. İlin sonuna qədər onların sayı 5500 nəfərə çatacağı gözlənilir. Bir vaxtlar öz yurd-yuvalarından kədər dolu göz yaşları ilə çıxarılan soydaşlarımız indi uzun müddətdən sonra öz doğma ata-baba yurdlarına sevinc göz yaşları ilə qürurla geri dönürlər.

Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri otuz ildir Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş Qarabağın etnik erməni əsilli sakinlərinin də xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına xidmət edir, onların yolunu aydınladır.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır" kəlamı bu gün artıq tam reallaşıb. Bu müqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır.

Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, "Heydər Əliyev İli"nə möhtəşəm, dəyərli töhfə oldu.

Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

Yeni ideallar uğrunda irəli!

 

Coşqun MƏMMƏDOV

Azərbaycan Respublikasının Milli Məclisi Elm və təhsil komitəsinin eksperti

525-ci qəzet.- 2023.- 19 oktyabr.- S.7.