Böyük uğurların baş
memarı
Oktyabrın
15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyev xalqımıza növbəti qələbənin
sevincini yaşatdı. Dövlətimizn
başçısı üçrəngli
bayrağımızı əzəli və əbədi
torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə,
Ağdərədə, Əsgəranda ucaltmaqla
arzularımızı çin etdi. Müzəffər Ali
baş Komandan cənab İlham Əliyev Xankəndində
dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan
xalqının qalib ruhunun dönməzliyini dünyaya bir daha bəyan
etdi.
Bu əlamətdar
hadisə həm də başqa bir əlamətdar hadisə ilə
eyni günə - dövlətimizin başçısı
İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci
ildönümü gününə təsadüf edirdi.
2003-cü
il oktyabrın 15-də Azərbaycan Respublikasının
Prezidenti seçilən cənab İlham Əliyevin prezidentlik
fəaliyyətinin ilk mərhələsində qarşıya
qoyulan strateji məqsəd və vəzifələrin, habelə
orta və uzunmüddətli dövr üçün
inkişaf istiqamətlərinin uğurla həyata keçirilməsi
gələcək fəaliyyətin dəqiq müəyyənləşdirilməsini,
müxtəlif sahələr üzrə fəaliyyət
proqramlarının hazırlanmasını, nəticədə
isə həyatın bütün sahələrində tarixi
göstəricilərin əldə olunmasını şərtləndirdi.
Ötən iyirmi ildə Azərbaycan gücləndi, dünya
miqyasında özünə layiq yerini tutdu.
Son
20 il ərzində ölkəmiz uğurla inkişaf edib,
bütün istiqamətlər üzrə qarşıya
qoyulan vəzifələr yüksək səviyyədə həyata
keçirilib. Sosial, hərbi sahələrdə, eləcə
də işğaldan azad olunan ərazilərdə
reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq
layihələrinin reallaşdırılmasında ölkəmizin
iqtisadi potensialı mühüm rol oynayıb.
Əsl
müstəqilliyə nail olmaq üçün güclü
iqtisadiyyatla yanaşı, həm də güclü ordu
olmalıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri
istənilən vəzifəni şərəflə yerinə
yetirməyə qadirdir. Ordumuzun gücünü, qüdrətini
Böyük Zəfərlə nəticələnən və
düşməni kapitulyasiya aktına imza atmağa məcbur
edən 44 günlük Vətən müharibəsi də, bu
il sentyabrın 19-da həyata keçirilən və cəmi
bir gün davam edən, Azərbaycanın öz suverenliyinin bərpası
ilə nəticələnən antiterror tədbirləri də
əyani şəkildə bütün dünyaya sübuta
yetirdi. Əsgərindən gizirinə, gizirindən zabitinə
qədər Şanlı Azərbaycan Ordusunun bütün heyəti
əsl qəhrəmanlıq, vətənpərvərlik və
fədakarlıq nümayiş etdirdi.
Azərbaycan
xalqı bəşər tarixinə bir çox görkəmli
dövlət xadimləri, qüdrətli sərkərdələr,
istedadlı alimlər, məşhur sənətkarlar bəxş
edib. Millətimizin adını uca edən, azərbaycanlı məfhumuna
geniş məkanlarda hörmət gətirən böyük
şəxsiyyətlər arasında Ulu öndər Heydər
Əliyevin müstəsna və əlahiddə yeri var. Mənalı
və şərəfli ömrünü Azərbaycan dövlətinə,
xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq
rəmzinə çevrilən Ümummilli liderimiz haqlı
olaraq "Dünyanın ən böyük azərbaycanlısı"
adlandırılır. Xalqın əsrlər boyu ən
ülvi arzusu olan müstəqillik və azadlıq məramını
gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət
bəxş edən, ölkəsinin beynəlxalq məkanda
böyük nüfuzunu təmin edən nəhəng şəxsiyyət
Heydər Əliyev həqiqətən də ən ali həmvətənimiz,
bütün zamanlar üçün nümunə olacaq
qüdrətli azərbaycanlısıdır.
Ümummilli
lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi
olmaqla bərabər, həm də alovlu vətənpərvər
idi. Azərbaycanımızın hər bir guşəsi, hər
bir bölgəsi kimi Qarabağ da onun üçün əziz
və doğma idi. Zaman-zaman Azərbaycan torpaqlarına göz
dikən ermənilərin ötən əsrin ikinci
yarısında fəallaşmalarının qarşısı
məhz Ulu öndərin qətiyyəti sayəsində
alınmışdı. Hələ ötən əsrin
60-cı illərində Dövlət Təhlükəsizlik
Komitəsinin sədri olarkən erməni millətçilərinin
bədnam hərəkətlərinin qarşısını dəfələrlə
qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun
ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsini tələb edən vərəqələri
yayanların və bu işlərin təşkilatçılarının
tutulub cəzalandırılmalarına nail olmuşdu.
Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci
ildən başlayaraq Ulu öndərin xilaskar fəaliyyətinin
şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini
daha yaxından hiss etmişdilər.
1969-cu
ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib
seçilən Heydər Əliyev Dağlıq Qarabağa
münasibətində öz prinsipiallığı və
milli dəyərlərə köklənmiş iş
üslubu ilə sübuta yetirdi ki, Azərbaycana əsl vətənpərvər
lider rəhbərlik edir. Keçmiş vilayətdə
yaşayan azərbaycanlıların öz aralarında bir-birinə
gözaydınlığı verməsi, nəhayət, öz
hüquqlarından sərbəst istifadə edəcəklərini
böyük sevinclə qeyd etmələri yəqin ki,
çoxlarının yadındadır. Ötən əsrin
70-ci illərində Azərbaycanın ictimai-siyasi və mədəni
həyatında böyük bir dirçəliş yaradan Heydər
Əliyev son dərəcə barışmaz mövqe və
ardıcıl addımlarla Dağlıq Qarabağda erməni
millətçiliyinə və daşnak xislətinə sipər
çəkdi. Qəti və prinsipial mövqe bildirərək
vilayət partiya komitəsində ermənilərin də
iştirak etdiyi toplantıda "Dağlıq Qarabağ Azərbaycan
torpaqlarıdır, kim burada yaşamaq istəmirsə,
çıxıb gedə bilər" bəyanatını
verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə
baxmayaraq, muxtar vilayət millətçi cinayətkar
ünsürlərdən təmizləndi. Vilayətin partiya,
sovet, hüquq-mühafizə, o cümlədən, dövlət
təhlükəsizlik orqanlarında köklü dəyişikliklər
edildi, separatçılar və onların ideoloqları vilayətdən
qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə
yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək
olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar
məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən
sonra özlərini yaşadıqları dədə-baba yurdunun
əsl sahibləri kimi hiss etməyə başladılar,
sözün həqiqi mənasında vətəndaşlıq
hüquqları əldə etdilər. Orta və yaşlı nəslin
yaxşı yadındadır ki, Ulu öndərimizin hakimiyyətə
gəlişinin ilk illərindən başlayaraq bütün azərbaycanlılar
yaşayan kəndlər abadlaşmağa, yeni və
yaraşıqlı evlər tikilməyə, sosial infrastruktur
qurulmağa başlandı. Vilayətin mənəvi-siyasi
iqliminin dəyişməsi real həqiqət kimi hər kəsin
ovqatına hakim kəsilmişdi.
Ulu
öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və
360 nömrəli qərarları qəbul olundu, Şuşa
şəhəri sürətlə inkişaf etməyə
başladı. Bu qərarlardan biri Şuşanın kurort
şəhəri kimi kompleks şəkildə inkişafı
haqqında, ikinci isə Şuşanın "Qoruq şəhər"
elan edilməsi barədə idi. Qeyd edək ki, belə
abadlıq-quruculuq işləri Dağlıq Qarabağın
bütün yaşayış məntəqələrində
aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən
kənarda qalan azərbaycanlılar yaşayan kəndlər
inkişaf etməyə başlayır, əhalinin güzəranı
günbəgün yaxşılaşırdı. Məhz həmin
illərdən başlayaraq Dağlıq Qarabağda milli ruhun
yüksəldilməsi vüsət aldı.
Cəmi
altı il Azərbaycan Ümummili lider Heydər Əliyevsiz
qaldı və bu altı il faciəvi və böhranlı
dövr kimi tarixə düşdü. Torpaqlar işğal
olundu, bir-birini dəyişən antimilli hökumətlər
faktiki olaraq ancaq öz şəxsi maraqlarını
qorumağa çalışdılar. Azərbaycanın
dövlət müstəqilliyi təhlükə altında
düşdüyü bir vaxtda imdada yenə Ulu öndər
Heydər Əliyev çatdı. Xilaskarın hakimiyyətə
qayıdışı ilə Azərbaycanın
başındakı təhlükə sovuşdu və
xalqın bütün arzuları çin oldu. Bugünkü
güclü Azərbaycana, yaşadığımız bu
xoşbəxt günlərə görə hamılıqla məhz
Ona - Müstəqil Azərbaycanın baş memarı,
böyük şəxsiyyət Heydər Əliyevə
borcluyuq.
Məlahət
İBRAHİMOVA
Binəqədi
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın
üzvü
525-ci
qəzet.- 2023.- 19 oktyabr.- S.6.