"15 oktyabr Azərbaycan dövlətçiliyinin
ən şanlı səhifələrindən biridir"
Azərbaycan
dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə böyük inkişaf yolu keçib, mühüm
nailiyyətlərə imza atıb. Ölkəmizin əldə
etdiyi uğurlar, aparılan siyasət onu regionun lider dövlətinə,
beynəlxalq müstəvidə güclü, nüfuzlu
dövlətə çevirib. Bu gün Azərbaycan dünyada
həm də etibarlı tərəfdaş kimi qəbul olunur.
Prezident
İlham Əliyevin 20 illik fəaliyyəti
ərzində qazanılmış nailiyyətlər həqiqətən
də misilsizdir. Amma ən önəmlisi, hər bir azərbaycanlıya
sonsuz qürur, sevinc bəxş edən dövlətimizin ərazi
bütövlüyünün, suverenliyinin tam bərpa
olunmasıdır. Amma təbii ki, bu nöqtəyə
çatmağımız da 20 ildə aparılan siyasətin nəticəsidir.
Milli
Məclisin deputatı Aydın Hüseynov "525"ə
bildirib ki, 15 oktyabr Azərbaycan dövlətçiliyinin ən
şanlı səhifələrindən biridir: "15 oktyabr
2023-cü ildə cənab İlham Əliyev ölkə
Prezidenti seçildi. İlham Əliyevin xalqın böyük
dəstəyi ilə Prezident seçilməsi sözün əsl
mənasında Ulu öndər Heydər Əliyev siyasi kursunun
davam etdirilməsi demək idi. Cənab İlham Əliyev
prezident seçilənə qədər də ölkə
ictimaiyyəti arasında kifayət qədər böyük
nüfuza malik idi, bir çox yüksək dövlət vəzifələri
daşıyırdı. Milli Məclisin deputatı, Milli
Olimpiya Komitəsinin prezidenti, eyni zamanda Yeni Azərbaycan Partiyası
sədrinin birinci müavini, Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti vəzifələrini daşımız,
baş nazir vəzifəsinə təyin olunmuşdu. Bu kimi
böyük təcrübəyə malik olması, eyni zamanda
Ulu öndərimizin Azərbaycan xalqına müraciət edərək
"ona özüm qədər inanıram", deməsi, cənab
Prezidentimizin 2003-cü ildə Azərbaycan xalqının
böyük dəstəyini qazanaraq yekdilliklə prezident
seçilməsinə səbəb oldu. Ötən 20 il
göstərdi ki, Azərbaycan xalqı öz seçimini
çox düzgün edib. Prezident İlham Əliyev ilk
növbədə ölkənin siyasi və iqtisadi sahədə
əsas inkişaf istiqamətlərinin yeni erasına
başladı. Ulu öndərimizin müəyyənləşdirdiyi
bütün istiqamətlərdəki strategiyalar yeni hədəflərlə,
daha müasir bir şəkildə həyata keçirilməyə
başladı. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi
üçün regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları qəbul edildi. Siyasi arenada ölkəmiz
çox yüksək səviyyədə təmsil olundu. Bu illər
ərzində dövlət büdcəmiz 30 dəfədən
çox artıb. Ümimi daxili məhsulumuz (ÜDM) artıq
130 milyard manatdır. Valyuta ehtiyatlarımız 68 milyard dollar təşkil
edir. İndiyə qədər, yəni son 20 ildə ölkəmizə
30 milyard manatdan çox investisiya qoyulub. Azərbaycan dövləti
böyük siyasi nüfuz qazanaraq Birləşmiş Millətlər
Təşkilatının (BMT) Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi.
İqtisadi sahədə böyük nailiyyətlər
sırasında biz TANAP, TAP layihəsini qeyd edə bilərik.
Azərbaycan indi dünyanın ən böyük logistik mərkəzlərindən
birinə çevrilib. Kosmik ölkələr sırasına
daxil olub. Bütün bunların hamısı ölkə
Prezidentinin iqtisadi sahədə apardığı çox
düzgün islahatların nəticəsində əldə
olundu. Digər tərəfdən, cənab Prezidentin
özünün də qeyd etdiyi kimi, ölkənin iqtisadi
modeli formalaşdı. Bu iqtisadi modelin formalaşması
dövlətimizin siyasi müstəqilliyini təmin etmiş oldu".
Deputat
əlavə edib ki, ən böyük məqsədlərdən
biri də ordu quruculuğuna nail olmaq idi ki, dövlət
başçısı bu sahədə də çox
böyük nailiyyətə imza atdı: "Bu gün Azərbaycanın
olduqca güclü ordusu var. 44 gün ərzində Azərbaycan
ordusu Ali Baş Komandanın rəhbərliyi ilə zəfər
tarixini yazdı. Torpaqlarımızın 30 ilə yaxın
davam edən işğalı başa çatdı. Nəhayət,
23 saatdan bir qədər artıq davam edən antiterror tədbirləri
nəticəsində artıq ölkəmizin suverenliyi tam bərpa
olundu, ərazimizdə separatçıların
varlığına son qoyulub. Bütün bu nailiyyətlər
Prezident İlham Əliyevin dəmir iradəsinə,
böyük dünyagörüşünə, müdrik siyasətinə
söykənir. Azərbaycan indi dünyada ən etibarlı tərəfdaş
kimi tanınır. Dövlət başçısının
qarşıya qoyduğu məqsədlərdən biri də
ölkənin dünya iqtisadiyyatına inteqrasiya olunması idi
ki, bu sahədə də qeyd etdiyimiz kimi böyük
uğurlar əldə olundu. Ölkə iqtisadiyyatı
dünyanın ən sürətlə inkişaf etmiş bir
iqtisadiyyatına çevrildi. Dünyada iqtisadi inkişaf
tempimizə görə 27-ci yerdəyik. 20 ildə əldə
edilmiş nailiyyətlər hədsiz çoxdur. Ən
başlıcası biz cənab Prezidentin 20 ildə
gördüyü işləri, imza atdığı
böyük nailiyyətləri sadalasaq, son 200 illik tariximizdə
torpaqlarımızın işğaldan azad olunmasını
qeyd etməliyik. Bundan sonra da İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz daha böyük nailiyyətlərə
imza atacaq. Hazırda Şərqi
Zəngəzurda, Qarabağda, işğaldan azad olunmuş
bütün rayonlarımızda, bölgələrimizdə
çox böyük quruculuq, bərpa-tikinti işləri həyata
keçirilir. Soydaşlarımız 30 ildən artıq idi
öz torpaqlarına, yurd yerlərinə həsrət
qalmışdılar, didərgin düşmüşdülər,
indi artıq qayıdış başlayıb.
İnsanlarımız öz yurd-yuvalarına qayıdırlar,
Zəngilana, Laçına, Füzuliyə artıq
köç başlayıb. "Böyük
Qayıdış" Dövlət proqramı qəbul olunub və
bu proqrama uyğun olaraq yaxın gələcəkdə öz
ata-baba yurdundan didərgin düşmüş bütün
soydaşlarımız yenidən öz yurd yerlərinə
qayıdacaqlar. Ölkə iqtisadiyyatının artıq yeni fəzaları
açılır. Prezidentimizin rəhbərliyi ilə biz
bundan sonra daha böyük nailiyyətlər əldə edəcəyik".
Pərvanə
525-ci
qəzet.- 2023.- 19 oktyabr.- S.4.