Xaricdə təhsil alan gənclər - Azərbaycanın güclü kadr və intellekt potensialı

BÖYÜK BRİTANİYANIN ESSEX UNİVERSİTETİNİN DOKTORANTI AYGÜN AZADOVA: "AZƏRBAYCANA NOBEL MÜKAFATI QAZANDIRMAQ ƏSAS HƏDƏFİMDİR"

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin prioritetlərindən biridir. Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. 2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox ciddi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Reytinqli universitetlərdə yüksəkixtisaslı peşəkarlar kimi yetişən və elm sahəsində öz sözünü deyə biləcək gənclərimizin hər biri ölkəmizin güclü kadr və intellekt potensialıdır. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın imkanlardan yararlanaraq öz tədqiqatçılıq səriştə və bacarıqlarını daha da təkmilləşdirmək, ali təhsilimizin inkişafına töhfə vermək arzusu ilə yaşayan gənclərdən biri də Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində doktorantura (PhD) təhsili alan Aygün Azadovadır.

Aygün Azadova Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Bakı Dövlət Universitetində (BDU) "Biologiya" ixtisası üzrə bakalavr təhsilinə qəbul olub, daha sonra həmin ali məktəbdə "İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsilini davam etdirib. 2013-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib. 2016-cı ildə "Hökumətlərarası Təqaüd Proqramı" çərçivəsində keçirilən müsabiqə nəticəsində magistr təhsilini xaricdə davam etdirmək imkanı qazanıb. Macarıstanın Debretsen Universitetində "Molekulyar biologiya" ixtisası üzrə təhsil alıb, 2018-ci ildə həmin ali məktəbi yüksək ortalama ilə bitirib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Elmi-tədqiqat və Risklərin qiymətləndirilməsi" şöbəsində aparıcı mütəxəssis olaraq fəaliyyətini davam etdirib. İnstitutda çalışdığı müddətdə beynəlxalq miqyaslı BƏƏ-nin "Alliance Global Labs" şirkətində "NGS-DNT Sekvensləmə" və İsveçrənin Karolinska İnstitutunda "Linux OS" kimi təlimlərdə iştirak edib. Hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetinin doktorantıdır.

A.Azadova hazırda Essex Universitetində "Molekulyar tibb" ixtisası üzrə doktorantura təhsilinin sonuncu ilindədir: "Süd vəzi xərçənginin inkişafında və yayılmasında steroid reseptor sisteminin rolu"nu araşdırıram. Böyük Britaniyada doktorantura təhsili və səndən gözləntilər bir az fərqlidir. Yəni siz yalnız tələbə olaraq yox, bir elm adamı olaraq da yetişməlisiniz. Bunun üçün apardığınız tədqiqatla yanaşı, müxtəlif fəaliyyət və rollar - professorlara assistentlik (Graduate Library Assistant, Assistant Lecturer), beynəlxalq jurnallara təqdim edilən işlərin nəzərdən keçirilməsi və rəy verilməsi proseslərində iştirak, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin tədqiqat işlərinə rəhbərlik, universitet daxilində elmi konfransların təşkili, beynəlxalq konfranslarda iştirak və çıxışlar vacibdir. Bütün bunları nəzərə alaraq, təbii ki, mən də bu proseslərdən kənarda qala bilmərəm və fəaliyyətimi elmi yöndən davam etdirmək niyyətindəyəm. İşə qəbul prosesinə gəlincə isə deməliyəm ki, burada ümumi standart qaydalar tətbiq edilir. Yəni ilkin müraciət və daha sonra müsahibə mərhələsi. Müsahibə mərhələsinə yalnız ərizələri (application) birinci mərhələdə uğurlu olmuş namizədlər dəvət edilir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, PhD təhsilini bitirməmiş bir namizədin mühazirəçi müəllim (Lecturer) tələb olunan bir vakansiyaya müraciət etməsi və o postu tutması bir az qeyri-real idi, ancaq mən müraciət etmək qərarına gəldim. Çünki işlə bağlı tələblərlə tanış olanda, o bilik və bacarıqlara malik olduğumu düşünürdüm. Müsahibəyə dəvət olunmağım məni çox sevindirdi. Müsahibə zamanı məndən öncədən müəyyən edilmiş mövzu ilə bağlı qısa mühazirə söyləmək tələb edildi. Qısa mühazirədən sonra dərs və dərsdənkənar müxtəlif situasiyalar zamanı tələbələrlə işləmək, davranış məsələlərini müəyyən edən situativ suallar professor heyəti tərəfindən soruşuldu.

Təbii ki, dünya sıralamasında yer almış universitetlərdə müəllim olaraq çalışmaq üçün bir sıra üstün keyfiyyətləriniz olmalıdır. Buraya müvafiq sahədə doktorantura dərəcə, bakalavr və ya magistr səviyyəsində tədris təcrübəsi, bir sıra tədqiqat proqramlarını bilmək və onlarla işləmək bacarığı, tədris proqramının (kurikulum) hazırlanması, fənn üzrə imtahanın təşkili və qiymətləndirmə daxildir".

Onun sözlərinə görə, artıq 3 ildən çoxdur ki, orada Təbiət elmləri bölümündə araşdırma aparır və universitetdə bu istiqamətdə aparılan işlərlə yaxından tanışdır: "Essex Universiteti tədqiqat yönümlü universitetdir. Baxmayaraq ki, universitet Britaniyanın digər ali məktəbləri ilə müqayisədə cavandır, ancaq dünyanın nüfuzlu universitetlərı sırasında yer alıb. Universitetin 3 kampusu var. Çalışdığım Colchester kampusu çox böyükdür və əsas departamentlər burada yerləşir. Universitetin bir sıra departamentləri apardıqları qabaqcıl tədqiqatlara görə ön sıralarda yer alır. Burada aparılacaq araşdırmalar üçün qazanılan qrantların məbləği bəzən 2 milyon avrodan çox olur. O layihələrin nəticələri təhlil edilir və müvafiq təşkilatlar, institutlar o nəticələr əsasında öz siyasətlərini qururlar".

A.Azadova qeyd edib ki, hazırda birinci il bakalavr səviyyəsində təhsil alan tələbələrə biologiya fənnini tədris edir: "Tədris proqramı mühazirə, seminar, laboratoriyada praktika dərsləri və tələbələrin gələcəkdə akademik yazı yazmaq bacarıqlarını inkişaf etdirmək üçün təlimlər formatında həyata keçirilir. Tədris və doktorantura işim arasında bölgü aparmağa çalışıram. Belə ki, həftənin müəyyən günlərini tədrisə, digər günləri isə araşdırmalarıma həsr edirəm. Dərc etdirmək niyyətində olduğum məqalələrim üzərində işləyirəm. Səmimi deyim ki, çətindir. Mühazirə materialları və tapşırıqları hazırlamaq, öz tədqiqatımla bağlı laboratoriyada apardığım analizlər çox zaman alır. Akademik sahədə davam etmək istəyirsənsə, çoxsaylı vəzifələri icra etməyi öyrənməli və bacarmalısan".

A.Azadova deyib ki, dönüb 3-4 il əvvələ, keçdiyi çətin yola baxanda indiki məqamı ona çox xoşdur: "Eyni zamanda mən bunu "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın da uğuru hesab edirəm. Düşünürəm ki, daha yaxşı və keyfiyyətli təhsil almaq, dünyada aparılan qabaqcıl tədqiqatların bir hissəsi olmaq istəyən gənclərə dövlətimiz tərəfindən belə bir imkanın yaradıldığı üçün çox şanslıyıq. Bu günlərdə tələbələrlə ilk mühazirəm oldu. Mövzu biologiya fənninin giriş predmetlərindən sayılan bioloji makromolekullar, yağlar, zülallar, karbohidratlar və nuklein turşularının funksiyası, strukturu və önəmi barədə idi. Təbii olaraq ilk dəfə böyük auditoriya qarşısına çıxmaq müəyyən mənada həyəcanlı idi. Əsas önəmli hesab etdiyim məsələ tələbələrə mövzunu tam şəkildə izah etmək, onların suallarına aydın şəkildə cavab vermək idi. Düşünürəm ki, uğurlu alındı. Dərs zamanı diqqətimi çəkən əsas məqamlar tələbələrin intizamlı, yüksək motivasiyalı və öyrənməyə açıq olmaları idi. Mühazirə zamanı yüksək nizam-intizamı tam qoruyurlar və hər bir tələbə özünə rahat formada qeydlərini aparır, sualı yarandığı zaman soruşur. Qrup işlərində onların həvəslə və fəal iştirakı, dərin və düşünülmüş sualları sadəcə müəllimə zövq verir. Essex Universitetinə demək olar dünyanın əksər ölkələrindən tələbələr gəlir. Bu müxtəlifliyin özünün universitetə töhfəsi vardır. Qeyd edim ki, hazırda tədris etdiyim qrupda yerli tələbələr üstünlük təşkil edir".

A.Azadova qeyd edib ki, orada tələbə-müəllim münasibətlərinin səmimi qurulması, qarşılıqlı hörmət çox önəmlidir. Müəllim olaraq biz tələbədən üstün olduğumuzu göstərməməliyik, ona özünü şəxsiyyət kimi hiss etməsinə imkan yaratmalıyıq. Yəni tələbənin sərbəst şəkildə sual vermə, öz fikrini və başa düşdüyünü açıq şəkildə ifadə edə bilməsinə, imkan yaradılmalıdır. Həmçinin, tələbələrin fənni tədris edən əsas müəllimlə əvvəlcədən razılaşdırılmış vaxtda ayrıca görüşmək imkanları da var. Buna ofis və ya konsultasiya saatları deyirik. Məsələn, hər həftənin birinci günü saat 12:00-13:00 arası mənim ofis saatımdır. Həmin müddətdə tələbə yaxınlaşa bilər, onu narahat edən hər hansı məsələni ya fərdi, ya da qrup şəklində müzakirə edə bilər. Bununla yanaşı, kooperativ e-mail vasitəsilə əlaqə yaradıb onları maraqlandıran sualı soruşa bilərlər: "Bu gün dünyanın sürətlə dəyişməsindən danışırıq - proseslər avtomatlaşdırılır, texnologiya daim yenilənir. Hər gün bəlkə də müzakirə edilən məsələlərdən biri də budur ki, süni zəka həyatımıza daxil olur, bir çox işləri aradan qaldıracaq, sadə desək, "işimizi əlimizdən alacaq". Burada məhz elə uğur qazanmaqla əlaqəli düşünməmiz lazım olacaq bir məqam var. Biz bu dəyişikliklərə, yeniliklərə hazır olmalıyıq. Əgər biz öyrənməyə, özünü inkişaf etdirməyə maraqlıyıqsa, o keçid prosesi bizə rahat olacaq. Ona görə də özünəinam, ruh yüksəkliyi, davamlı özünüinkişaf və yeniliklərlə ayaqlaşmaq sizi uğura aparacaq yollardır. Bunlarla yanaşı, yaxşı səviyyədə xarici dil öyrənmək çox vacibdir - bu, əslində xarici mühitdə inkişaf etmək üçün sizin başlanğıcınız hesab edilə bilər. Öz təcrübəm əsasında daha bir məqamı da qeyd etmək istərdim. Öz sahənizlə bağlı şəxslərlə şəbəkənin (netvörkinq) qurulması. Bunu müxtəlif tədbirlər-konfranslar, seminarlar vasitəsilə edə bilərsiniz. Çünki o insanlar sizin maraq göstərdiyiniz sahədə çalışdıqları üçün sizi doğru istiqamətə yönəltməklə gələcək peşəkar karyeranızda böyük dəstək göstərmiş olarlar. Bununla yanaşı, sahəniz üzrə uğur qazanmış şəxslərin fəaliyyətini izləmək faydalıdır. Öz sahəm üzrə Nobel mükafatını qazanan qadın elm insanlarını özümə role-model seçmişəm və onların işlərini yaxından izləyirəm".

Gələcək planları haqqında danışan A.Azadova vurğulayıb ki, planları çoxdur, gediləcək uzun bir yolu da var: "Bilirsiniz ki, xərçəng xəstəliyi sahəsində araşdırma aparmaq uzun və çətin prosesdir. Bu istiqamət üzrə ixtisaslaşmağım şəxsi həyat hekayəmdən irəli gəlir. Anam bu xəstəliklə mübarizədə həyatını itirdi. Uzun illərdir xərçəng xəstəliyinin müalicəsi istiqamətində araşdırmalara baxmayaraq, hələ də effektiv müalicə üsulunun mövcud olmadığının fərqinə vardım. Tibbin bu xəstəliklə mübarizədə aciz olması məni çox təsirləndirdi. Əslində erkən diaqnoz bu xəstəlikdən sağalmağa kömək edə bilir. Məhz bu hadisələr və düşüncələr məni bu sahədə araşdırmalar aparmağa yönəltdi. Demək olar, həftənin 7 gününü davamlı işləyirəm. Bu sahədə hər hansı xırda bir töhfəmin olması düşüncəsi ilə bu yola çıxmışam. Ölkəmizə Nobel mükafatı qazandırmaq əsas hədəfimdir. Ona görə də növbəti planlarıma postdoktorantura, müəllimlik və araşdırma fəaliyyətimi davam etdirmək, tədqiqat qrupuna rəhbərlik etmək, eləcə də öz araşdırma laboratoriyamı qurmaq daxildir".

Sevinc QARAYEVA

525-ci qəzet .- 2023.- 25 oktyabr, №193.- S.15.