Şagirdlərin elektron yerdəyişməsi: təhsildə daha bir müsbət yenilik
Oktyabrın 23-dən etibarən II-XI sinif
şagirdlərinin elektron yerdəyişməsi prosesinə
başlanılıb. Şagirdlərin yerdəyişməsi prosesi
www.sy.edu.az portalı vasitəsilə
həyata keçiriləcək. Müxtəlif səbəblərdən 10-cu siniflərə
qeydiyyat üçün
gecikən şagirdlər
23-31 oktyabr tarixləri
arasında ümumi təhsil müəssisələrinə
qəbul üçün
müraciət edə
bilərlər. 10-cu siniflərə şagirdlərin
qəbulu da şagird yerdəyişməsi
elektron sistemi
www.sy.edu.az vasitəsilə aparılır.
Şagird
yerdəyişməsi siniflərin
kompleksləşdirilməsi məqsədilə II-XI siniflərdə
təhsil alan
şagirdlərin bir məktəbdən digərinə,
habelə eyni məktəb daxilində yerləşməsi üçün
nəzərdə tutulub.
Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı
vasitəsilə həyata
keçirilir. Elektron xidmətin
yaradılmasında məqsəd
ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında
statistik hesabatların
dəqiq və optimal göstəricilər əsasında
formalaşdırılmasına nail olmaq, icbari təhsilin
yerinə yetirilməsinə
rəhbərlik və
nəzarəti gücləndirmək,
həmçinin, vətəndaş
məmnuniyyətini təmin
etməkdir.
Elm və Təhsil
Nazirliyindən verilən
məlumata görə,
övladını digər
məktəbə dəyişmək
istəyən valideyn
(digər qanuni nümayəndə), ilk növbədə,
elektron sistemdə şəxsi kabinet yaradaraq övladını
qeydiyyatdan keçirir. Valideyn (digər
qanuni nümayəndə)
övladını dəyişmək
istədiyi məktəbdə
tədris dili, xarici dil, təmayül
istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra
elektron sistemdə şagirdin yerdəyişməsi
barədə əvvəl
oxuduğu məktəbə
avtomatik bildiriş göndərilir. Müvafiq
sorğu və bildiriş göndərildikdən
sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin
əvvəl oxuduğu
məktəbdən şəxsi
işini götürərək
dəyişmək istədiyi
məktəbə təqdim
edir.
Elektron yerdəyişmə üçün
hansı sənədlər
tələb olunur?
Nazirlikdən bildirilib ki, Azərbaycan vətəndaşları
üçün sistemdə
qeydiyyat şəxsiyyət
vəsiqəsinin FİN kodu,
xarici ölkənin vətəndaşları üçün
isə miqrasiya sənədinin seriya nömrəsi əsasında
aparılır. Qeydiyyat mobil telefona
göndərilən SMS vasitəsilə
təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə
əlavə edilməsi
üçün şəxsiyyət
vəsiqəsinin FİN kodu
və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu
tələb olunur:
"Müvafiq sorğu
və bildiriş göndərildikdən sonra
5 iş günündən
gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən
şəxsi işini götürərək dəyişmək
istədiyi məktəbə
təqdim edir. Yerdəyişmə dərs ilinin
hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə
nəticələrinin əks
olunduğu arayış
da təqdim edilir. Müəyyən edilən müddət
keçdiyi halda müraciət ləğv
olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin)
şəxsi kabinetinə
məlumat göndərilir".
Nazirlikdən qeyd olunub ki,
övladını digər
məktəbə dəyişmək
istəyən valideyn
(digər qanuni nümayəndə), ilk növbədə,
www.sy.edu.az portalına daxil
olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin
FİN kodunu (xarici ölkənin vətəndaşları
miqrasiya sənədinin
seriya nömrəsini)
daxil etdikdən sonra əldə olunmuş məlumatları
təsdiq edir, daha sonra istifadə
etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə
daxil olan SMS-də göstərilmiş
təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil
edir və qeydiyyat tamamlanır.
Valideyn
FİN və ya
UTİS kodu ilə övladının qeydiyyatını
tamamlayır.
Bəs yerdəyişmə
sorğusuna hansı halda imtina cavabı
verilə bilər? Sistem tərəfindən
ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu
halda valideyn tərəfindən həmin
siniflərə seçim
mümkün olmur.
Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər
(rayon) təhsil şöbələri
tərəfindən təsdiq
edilə bilər.
II-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi
zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış
yerini (rayonu, şəhəri) dəyişdiyi
halda (yerdəyişmənin
məqsədəuyğunluğu müvafiq sənədlər
əsasında elektron
sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq
edildikdə) yol verilir.
Şagirdlərin ölkədən xaricə
və ya xarici ölkələrdən
Azərbaycan Respublikasının
məktəblərinə yerdəyişməsi
valideynlərin (digər
qanuni nümayəndələrin)
ərizələrinin qeydiyyatı
aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə
etmək istədiyi məktəbə yaxınlaşaraq
övladının "Ümumi
təhsil informasiya"
alt sisteminə daxil edilməsi üçün
müraciət etməlidir.
Məktəb həmin uşağı
bazaya daxil etdikdən sonra valideynə övladının
UTİS kodunu təqdim
edir. Daha sonra valideyn
adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində
qeydiyyatdan keçərək
sorğu yerləşdirir.
Valideyn (digər
qanuni nümayəndə)
övladının işğal
olunmuş ərazilərin
yerli təhsili idarəetmə orqanlarının
tabeliyində olan məktəbə (bundan sonra - məcburi köçkün məktəbi)
yerdəyişməsi üçün
sorğu yerləşdirərkən
onun məcburi köçkün olması
elektron sistem vasitəsilə yoxlanır. Valideynin məcburi
köçkün olmasını
təsdiq edən sənəd elektron sistemdə müəyyən
edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə
sistemə yerləşdirilir.
Nazirliyin məlumatında vurğulanıb
ki, məcburi köçkün ailəsindən
olmayan uşaqların
məcburi köçkün
məktəblərinə yerdəyişməsinə
yol verilmir. Vaxtilə məcburi
köçkün məktəblərinə
qəbul edilmiş məcburi köçkün
ailəsindən olmayan
şagirdlər bu və ya digər
səbəblərdən məktəbi
dəyişmək istədikdə
onlar təhsillərini
yalnız yerli məktəbdə davam etdirə bilərlər.
Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə
yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən
ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi
halda razılıq verilir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə
əsasən, şagird
yerdəyişməsinin elektronlaşdırılması
bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin
təhsil müəssisəsi
ilə təmasının
daha şəffaf şəkildə təşkilinə
yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili
ərzində şagird
yerdəyişməsinin hesabatlılığı,
statistikası və digər bu kimi
məlumatların tez bir zamanda əldə
edilməsinə imkan yaradacaq.
Professor bildirib ki, şagirdlərin
ümumi təhsil müəssisələrinə elektron
qaydada yerdəyişməsi
təhsilin inkişafı
üzrə dövlət
strategiyası çərçivəsində
həyata keçirilən
işlərin tərkib
hissəsidir: "Elektron
xidmət ölkənin
bütün ümumi təhsil məktəblərində
təhsil alan şagirdlərin bir məktəbdən digər
məktəbə yerdəyişməsini
və ya eyni məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə
müraciətlərini qeydə
alan, bu müraciətlərin elektron
qaydada baxılmasını
və icra edilməsini təmin edən elektron xidmətdir. Bu elektron
xidmətin yaradılmasında
başlıca məqsəd
şagirdlərin hərəkəti
prosesinin elektron qaydada avtomatlaşdırılması
və nəticədə
mümkün qədər
insan faktorunun azaldılması, prosesin sadələşdirilməsi və
vətəndaş məmnuniyyətinin
təmin edilməsidir.
Sistem məktəb məlumatlarının əldə
olunması, yerli idarəetmə orqanları
üçün nəzərdə
tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi,
özəl məktəblərə
keçid halı, gözləmə menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək kimi funksionallıqlardan ibarətdir".
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsinin tətbiq edilməsində əsas prinsiplər - şəffaflıq, səmərəlilik, keyfiyyətlilik və hesabatlılıqdır: "Şagird yerdəyişməsinin elektronlaşdırılması vətəndaşlara keyfiyyətli və səmərəli xidmətin təqdim edilməsi, şagirdlərin yerdəyişməsi prosesində məktəb və valideyn arasında olan "məsafə"nin azaldılması və valideynlərlə təhsil müəssisələri arasında əlaqənin daha münasib şəkildə təşkil edilməsi ilə nəticələnir. Eyni zamanda, prosesin elektronlaşması təhsilin elektron idarəedilməsi işinə öz töhfəsini verir. Belə ki, tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və başqa bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə nail olunur".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sözügedən nazirliyin ən faydalı rəqəmsal xidmətlərdən biridir. Nazirlik bu rəqəmsal həll vasitəsilə həm də bu prosesdə olan neqativlərin qarşını almağı hədəfləyib: "Məhz bu səbəbdən 9-cu sinfədək avtomatik olaraq reallaşan bu e-xidmət 10-cu siniflər üzrə yerdəyişmədə iki mərhələyə bölünür. Belə ki, bu siniflər üçün valideynlər əlavə sənədlər yükləməklə seçimi əsaslandırmalıdırlar. Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib: "Ümumiyyətlə, görünən odur ki, hazırda Nazirliyin, bütövlükdə hökumətin əlində yetərincə data formalaşıb ki, bununla da dövlət nəzarətini və ictimai nəzarəti, şəffaflığı daha effektiv təmin etmək mümkündür. Nazirliyin Ümumi Təhsil İnformasiya Sisteminin tərkib hissəsi olan sy.edu.az resursu da ölkə üzrə şagird miqrasiyasına nəzarət etmək üçün əhəmiyyətli bir rəqəmsal həllidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 26 oktyabr,
№194.- S.11.