ANAM
Adına
palaz deyib,
Atdı
ayağımızın altına
dünyanı.
Adına
gəbə deyib,
Asdı
gözümüzün qabağına
dünyanı.
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda.
Ata sözünü öz dilində
çatdırdı bizə Anam.
Kimə
çatdı, kimə
hələ
yüz ildən sonra çatacaq.
Hər iki halda
fayda var
Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın
hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində.
Ata sözünü cejimlərə
toxuyub,
Xurcunlara
doldurdu Anam.
Övladlara sovqat olsun deyə.
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə
sərdiyi dünyanın
İpliyi,
yunu olduğunu
anlatdı Anam.
Kimi anladı, kimi
yüz ildən sonra anlayacaq...
Ərşi ərişlərə köçürdü,
Zəmini
bükdü dükcələrə.
İpin
ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək
deyə.
Bir nişanı min dəfə
kirkidlədi,
Qulağımızda sırğa olsun deyə.
Dünyanı çeşni-çeşni
tanıtdı bizə Anam.
Simgə-simgə, damğa-damğa
Anamın
arğacından keçdi
dünya.
Atamın
simasından
Anamın
çeşnisinə köçdü
dünya.
Dünya
hər zaman
gəbədir yeni dünyaya!
BAYRAĞIM!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın,
Torpaq - bizim torpağımız!
Güney,
Quzey - fərq eləməz,
Oylaq - bizim oylağımız!
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq - bizim oymağımız!
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq
düşər, börü
ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq - bizim papağımız!
Dörd
bir yanın qarabağlı,
Dəmir
qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət;
- "Sərhədinə elə
diqqət",
Bu kəlamda var bir hikmət,
Sancaq - bizim sancağımız!
PİRDİ
HƏR ƏSGƏR!
Tarix səhnəsində yetişdi
zaman,
Başlanmış bu çağın
mübarək, dağlar!
Hələ çox zəfərlər
gözləyir bizi,
Qutlanmış novrağın mübarək,
dağlar!
Dövranın gərdişi döndü,
dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üçrəngli duvağın mübarək, dağlar!
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən
salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı
qonağın mübarək,
dağlar!
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür
yamacın, yalın,
Zirvəndən boylanır şanlı
hilalın,
Müqəddəs sancağın mübarək,
dağlar!
Haqqa nisbət tutub ulu Ələsgər,
Göstərib, tanıdıb, bilib
pərisgar,
Hər səngər məbəddi,
pirdi hər əsgər,
Şuşatək ocağın mübarək,
dağlar!
Ay Ustac, min şükür, arzuna yetdin,
"Dədə"n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı, yurdunda
bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
ANA
DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir.
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd
verib,
Şah İsmayıl fərman yazıb,
Qoç
Koroğlu nərə
çəkib.
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm
verib.
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub bu dil!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd,
Toxunulmazdır - tabu dil!
ŞANLI ƏSGƏR
Müzəffər ordunun şanlı
əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm
yox,
Babəklər yurdunun hürr övladıyam!
Ustadım Nəsimi, sözümüz
sözdü,
Ədalət, həqiqət bağrımda
közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
Dərvişəm, müqqəddəs sayılır
təkkəm,
Hülqumdan yuxarı dayanır
öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
Unutma, şah babam Xətai başdı,
Nadir şah mətədə tərpənməz daşdı,
Ordumuz ənçətin sədləri
aşdı,
İgidlər yurdunun nər övladıyam!
Tarixdə Nəbisi, Koroğlusu
var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə
oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
Göydən Yer üzünə
ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
Ustacam, vətənim vətən
içində,
Axıb
duruluruq zaman köçündə,
Min bir anlamı var adi "heç"in də,
Aqillər yurdunun pir övladıyam!
Zaur
USTAC
525-ci
qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.15.