Kapitan

 

 

Müharibədən yazanda heyrətə gəlirəm. Qarışıq hisslər yaşayıram: dərd, sevinc, çarəsizlik, qürur... Bir də qorxu... Müharibənin dəhşətləri qorxudur. "Onlar necə olub" hissi qorxudur. Necə olub onlar? İlk hücuma keçən tank batalyonundakı igidlər necə olublar? Bu mexanikləşdirilmiş batalyonun komandiri, kapitan Şahnur Hüseynov döyüşə getməyə bilərdi. Onun haqqında müharibə ilində yazmışdım. Rəhbərlik etdiyi 3 bölüklə Ohanyan səddini yaran qəhrəmanımızdan yazanda bölüklərdən birinin komandirinin İmran Qurbanov olduğunu bilmirdim amma. İlk azad etdikləri Füzulinin Qaraxanbəyli kəndinin qələbə müjdəsini verənlər onlar olublar: batalyon komandiri Şahnur Şahin oğlu Hüseynov və müavinləri - kapitan İmran Qurbanov, Səddam Fəzail oğlu Musayev.

Döyüş zamanı üç dəfə yaralanan, ikisində döyüşdən çıxmayan, növbəti dəfə ağır yaralanmadan sonra gözlərini hərbi hospitalda açan Səddama "möcüzədir sağ qalmağınız" deyirəm. Onunla danışmağım da möcüzədir: "Elədir, sağ qalmağım möcüzədir. Ən böyük möcüzə səddi yarmağımız oldu. İlk döyüş həlledici idi. Düşmənə kürək çevirə bilməzdik. İlk qələbə xəbərini biz verdik. İlk döyüş önəmliydi. Düşmən güclü müqavimət göstərsə də, döyüş tapşırığını yerinə yetirdik. Amma nə komandir, nə də İmran dayandı. İrəli getdilər. İlk gündə bir neçə kənd azad olundu. İmran çox səriştəli, çox savadlı, qorxmaz zabit idi. Füzulinin, Cəbrayılın ilk azad olunan kəndləri onların igidliyidir".

Ölümün üstünə gedib qələbə çalmaq varmış. Kapitan Şahnur Hüseynovun rəhbərliyi ilə hücuma keçən N saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş batalyonu Ohanyan səddini yarır və Böyük Qələbəyə yol açır. Əslində onlar öndə getməyə bilərdilər, döyüşü idarə etmək idi onların vəzifəsi. Hər bölüyün komandiri vardı: Zaur Zeynalov, Güloğlan Qədimov, Orxan Xankişiyev. "Hərbin öz qanunları var" düşünsək də, elə hərbçi olmaq da ürək istər. Savaşın önündə getmək kimi ürək istər. Onlar getdilər.

İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya gəlmişdi. 1996-2003-cü illərdə Ramanadakı Fikrət Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə təhsil almışdı. Hamı kimi məktəbli ömrü yaşamışdı İmran. Hər birimizin tərcümeyi-halı eyni səpkidə başlayır. Böyüdükcə bu tərcümeyi-halı özümüz yazırıq. Fərqli olur yazdıqlarımız-yaşadıqlarımız. Hamı kimi təhsilə başlasa da, həyatını fərqli görür. İncəsənətə marağı olsa da, musiqi məktəbinə getsə də, gözəl tar çalsa da, hərbçi olmağa qərar verir. 2003-cü ildə C.Naxçıvanski adına hərbi liseyə sənəd verir və imtahanlarda ən yüksək bal toplayanlardan biri olur iki bacının yeganə qardaşı.

Anası Sədaqət xanım Qurbanova BDU-nin məzunudur. 28 il kimya-biologiya müəllimi işləyib: "Hərbi sevirdi. Naxçıvanskiyə daxil olanda necə sevinirdi! Həmişə "mən Qarabağı azad edəcəyəm.

Sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanın tələbəsi olur. Bununla da kifayətlənmir İmran Qurbanov. Sevib-seçdiyi peşənin əsl peşəkarı olmaq istəyən İmran 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində də təhsil alır. Burada "Zabit ixtisas kursu"nu leytenant rütbəsi ilə başa vurur. 2011-ci ildə leytenant İmran Qurbanov Füzuli rayonunda taqım komandiri kimi xidmətə başlayır. 9 il burada öz vəzifə borcunu yerinə yetirir. Bu illərdə Tank taqımının komandiri, Tank bölüyünün komandiri, Mexanikləşdirilmiş tabor (BMP-2) komandirinin müavini vəzifələrində çalışır. Tərcümeyi-halına məsuliyyətli, savadlı, peşəkar zabit kimi ən gözəl sözlər yazılır qəhrəmanımızın. İmran Qurbanov 24 iyun 2014-cü ildə baş leytenant, 2019-cu ildə kapitan rütbəsi alır.

2016-cı ildə Aprel döyüşlərində öz igidliyi, hərbçi məharəti ilə seçilir İmran.

Daim fərqlənən İmran tabor komandirinin müavini kimi Beyləqana göndərilir. Xidmət müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunur.

2020-ci ilin sentyabrında İkinci Qarabağ savaşı... 27 sentyabrda tabor komandirinin müavini olan İmran Qurbanov Şahnur Hüseynovun rəhbərlik etdiyi ilk hücuma keçən taborda idi. Öz qrupu ilə birlikdə döyüşə başlayır. Füzuli kəndinin Qaraxanbəyli uğrunda döyüş tapşırığını yerinə yetirir. 5-6 postu ələ keçirir, düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Qrupdan bir neçə yaralı qalır. Bütün qrup üzvləri, Şahnur və İmran da şəhid olur. Şahnur Hüseynov öz doğma elində - Astaranın Ərçivan qəsəbəsində dəfn olunur. İmransa tapılmır.

"İlk günlərdə hücuma keçmək, döyüşmək daha çətin olub" -  deyir  Camal Maqsud oğlu Quliyev.

1996-cı ildə həqiqi hərbi xidmətdən sonra 1997-ci ildə "Gizirlər kursu"nu bitirib. 21 il Milli Orduda vətənə xidmət edib. N saylı hərbi hissənin əlahiddə tank bölüyünün baş texniki baş giziri 2016-cı il döyüşlərində yaralanan vətən qazisi Camal Quliyevin söylədikləri: "Ömrümüz boyu çox adamlar tanıyırıq, ünsiyyətdə oluruq, bir yerdə işləyirik... Amma İmran kimi adamlar az olur. Çox aylarımız, illərimiz birlikdə keçib. Onu kursant olduğu vaxtdan tanıyırdım. Sonra Füzulidə xidmət zamanı da birlikdə olduq. N saylı hərbi hissədə birlikdə xidmət keçmişik. Bir yerdə olurduq həmişə. Peşəkarlığı, təmkini, cəsurluğu həsəd doğururdu. Bölük komandiri idi. Amma özü bir bölüyü əvəz edə bilərdi".

Mən Azərbaycanı hədsiz sevirəm. Vətənimə çox bağlıyam. Amma hərbçi olmağa qərar verənlər məndə fərqli duyğular yaradır. Mənə elə gəlir ki, onlar vətəni daha çox sevənlərdi.

"İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunan, dövlətinə, bayrağına sədaqətlə xidmət edən kapitan İmran Qurbanov "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.

Füzulinin azad olunması uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan İmranın nəşi qələbədən sonra da tapılmır. Komandir Şahnur atası Şahin Hüseynovun yuxusuna gəlir. Şahin Hüseynov özü də hərbçidir. Sovet ordusunda xidmət edən Şahin Hüseynov Birinci Qarabağ savaşı zamanı Belqraddan vətənə dönür. Füzulidə hərbi xidmətinə davam edir: "İmran Qurbanovla 2012-2015-ci illərdə eyni hərbi hissədə xidmət etmişəm. N saylı hərbi hissədə tağım və bölük komandiri olub. Gənc olmasına baxmayaraq, seçilən zabitlərdən idi. İnsan kimi də səmimiliyi, dürüstlüyü, saflığı ilə fərqlənirdi. Övladım kimi əziz idi. Nə çətinliyi olsa, mənimlə bölüşərdi. Sonra başqa hərbi hissəyə göndərildi, amma zəngləşirdik.  2020-ci ildə oğlum Şahnurla bir yerdə xidmət edib. Bir gün zəng etdi ki, məni Şahnura müavin təyin ediblər. Çox sevinirdik. Bir-birinə tapşırmışdım onları. Şahnur şəhid olanda İmranın şəhid olduğundan xəbərsiz idim. Bir müddət sonra Şahnur yuxuma gəldi, "İmranı niyə götürmürsüz, o, Xocavənd tərəfdədir" - dedi. O günlərdə Səddam da bizə gəlmişdi. Şahnur onun da yuxusuna gəlirmiş. "Yuxuda məni boğur, İmranın yerini göstərir, niyə tapmadığımızı soruşur" - dedi Səddam. Demə, qələbədən sonra İmran tapılmırmış. Onun ölüm xəbəri də məni çox sarsıtdı. Elə bil Şahnuru ikinci dəfə itirdim".

İnanılmazdır, amma həqiqətdir. Ağıl lazımdır qavrasın. Ürək lazımdı dözsün. Nə böyük ürəkləri varmış bu igidlərin... Dekabrın 11-də ruhu narahat Şahnurun dediyi yerdə - Xocavənd yaxınlığında tapılır İmran. İndi o, İkinci Fəxri xiyabanda döyüş dostlarının yanındadır.

Düşünürsən, bu boyda ürək sahibləri ilə bir torpaqda yaşamışıq, eyni havanı udmuşuq, amma onlardan xəbərsiz olmuşuq. Bir də düşünürsən ki, belə oğulları olan xalqın övladı olmaq nə böyük xoşbəxtlikdir.

 

Kamalə ABİYEVA

525-ci qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.14.