Ağabacı Rzayevanın "Ulduz"a həsr etdiyi
mahnı tapılıb
JURNALIN
NƏŞRİ MÜNASİBƏTİLƏ 56 İL
ƏVVƏL BƏSTƏLƏNMİŞ MAHNI İNDİ
ÖZ İFA ÖMRÜNÜ YAŞAMAĞA BAŞLAYIB
Bu
günlərdə Azərbaycan Yazıçılar Birliyinin
"Ulduz" jurnalının ilk nömrəsində (1967-ci
il) jurnalın nəşrə başlamasına həsr
edilmiş "Ulduzum" mahnısı aşkarlanıb.
Jurnalın
baş redaktoru, şair Qulu Ağsəsin sözlərinə
görə, təsadüfən tapılan və "Ulduz"
junalının ilk nömrəsinə həsr olunmuş bu
mahnının musiqisi görkəmli bəstəkar
Ağabacı Rzayevaya, sözləri mərhum şair Hikmət
Ziyaya aiddir: "Arxivi araşdırarkən
tapdığımız bu mahnının həmin dövrdə
kim tərəfindən ifa olunması ilə bağlı
çox araşdırma aparsam da, təəssüf ki,
heç bir məlumat əldə edə bilmədim. Buna
görə də mahnının öz dövründə kim tərəfindən
oxunması və ya ümumiyyətlə, oxunub-oxunmaması naməlumdur.
Hətta "Ulduz" jurnalının ilk nömrəsindən
dərgidə çalışan bədii redaktorumuz, hörmətli
rəssamımız Ədalət Həsənlə də
danışdım və o dedi ki, bu haqda məlumatsızdır,
belə bir mahnı dinləməyib. Xoşbəxtlikdən
jurnalın həmin nömrəsində mətnlə bərabər,
notlar da çap olunub. Bunun özü çox ciddi bir
fakdır. Buna görə də mən notların və mətnin
olduğu həmin səhifəni Əməkdar artist İlham Nəzərova
göndərdim, nə olduğunu izah elədim. İlham müəllim
çox sevindi və dedi ki, mənim üçün də
maraqlı materialdır. Mətn və notlarla tanış
olduqdan sonra İlham Nəzərov qısa bir vaxtda onu pianoda
müşayiət edən sənət yoldaşı Ülviyyə
xanım ilə birlikdə mahnını ifa etdi və mənə
göndərdi. Fikrimcə, gözəl mahnıdır və
"Ulduz" jurnalı, eləcə də
musiqişünaslığımız üçün
çox maraqlı tarixi faktdır".
"Ulduzum"
mahnısının hələlik biz bildiyimiz ilk
ifaçısı Əməkdar artist, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti İlham Nəzərov
musiqi haqqında geniş məlumat verərək dedi ki, mətn
və musiqi ilə tanış olduqdan sonra mahnını
kontratenor səs tembri ilə səsləndirmək qərarına
gəlib: "Hörmətli şairimiz Qulu Ağsəs mənə
müraciət etdi ki, Ağabacı Rzayevanın bir musiqisini
tapmışıq, "Ulduz" jurnalına həsr
olunmuş mahnıdır və istərdik, siz səsləndirəsiniz.
Notu və şeiri mənə göndərmələrini
xahiş etdim. Mahnı ilə tanış olanda gördüm
ki, əsər re minor tonallığında, vals tempində
yazılıb. Ya mezzo-soprano, ya da bariton səs tembri ilə səsləndirməyin
mümkün olduğunu anladım və qərara aldım ki,
kontratenor səs tembri ilə səsləndirim. Bilirsiniz ki, mən
artıq 2011-ci ildən etibarən Azərbaycan musiqi tarixində
ilk dəfə olaraq istər opera səhnəsində, istər
konsert zallarında bütün əsərləri kontratenor səs
tembri ilə səsləndirirəm. "Ulduzum" əsərini
də bu cür səsləndirmək qərarına gəldim.
Bu, həm əsərin dramaturji xəttinin təqdimatına
böyük kömək olacaqdı, həm də bəstəkarın
musiqiçidən tələb etdiyi tesetura rahatlıqla səslənəcəkdi.
Əsərə diqqətlə nəzər salanda bəstəkarın
şairin sözlərinin mənasına uyğun olaraq musiqini
bəstələdiyini görürük:
Dəniz
kimi gurla, coş,
Dalğa-dalğa,
Ulduzum.
Xoş
diləyə, arzuya
Könül
bağla, Ulduzum.
Sanki
bir ananın övladına laylasını eşidirik:
Üfüq
aydın, yol geniş,
Qarşıdadır
yüksəliş.
Parla,
parla, Ulduzum,
Sönməz
nurla, Ulduzum!
Sanki
ananın alqışı ilə
qarşılaşırıq:
Görüm
həyatı səndə,
Sevinim,
hər dinəndə
Tanın
ana vətəndə
Bu
soraqla, Ulduzum.
Həm
sözlərdə, həm də musiqidə şairin və bəstəkarın
"Ulduz" jurnalına olan çox isti, doğma münasibəti
var. İfa da elə bu tandemdə olmalı idi. Hələ
körpə, böyüməyə can atan bir övlada
arzularla dolu bir ifa olmalı idi, həzin səslənməli
idi. Mən də çalışdım ki, bu tandemi
pozmayım, onlarla həmahəng olum.
Qeyd
etməliyəm ki, Ağabacı Rzayeva Azərbaycanın ilk
professional qadın bəstəkarlarından biridir. Onun musiqi
nümunələri çox həzin, melodik, ürəyəyatımlıdır.
Onun əsərlərini həm dinləməyi, həm də
ifa etməyi çox sevirəm. Bir neçə əsərini
də səsləndirmişəm. Onlardan “Vəslin həvəsi”
romansı ən çox sevdiklərimdəndir".
Şahanə
MÜŞFİQ
525-ci
qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.13.