Arif Məlikov fenomeni haqqında dəyərli
nəşr
Arif
Məlikov şəxsiyyəti mənə çox zaman məğrurluq
ifadəsini xatırladır. Doğrusu, böyük
heyranlıqla izlədiyim "Axırıncı
aşırım" filminin musiqisinin məhz ona məxsus
olduğunu oxuduqda qəribə hisslər keçirmişdim.
Bu gözəl musiqi necə böyük dramatizmə malikdir,
necə sonsuz cəsurluq və dönməzlik hissi oyadır! Dərhal
Arif Məlikovun simasını xatırlayıram. Bu
xatırlama məni ötən əsrin 90-cı illərinin
qanlı Qarabağ hadisələrini dərindən yaşayan
bəstəkarın vətəndaşlıq borcu bilərək
yaratdığı "İttiham edirəm..." fundamental
kitabına yönəltdi. Məğrur duyğularını və
yaşantılarını, Vətənə müqəddəs
münasibətini aydın şəkildə ortaya qoyduğu bu
əsər 1994-cü ildə nəşr olunub. Qəribə
şəkildə əsərlərdən-əsərlərə,
müxtəlif düşüncələrə
sayrışır fikirlərim... Bu zaman gözüm
masanın üzərində yenicə təqdimatı
keçirilmiş bir nəşrə - musiqişünas, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, BMA-nın Orta ixtisas musiqi
məktəb-studiyasının elmi-metodiki işlər üzrə
direktor müavini Aytən Baxşıyeva-İbrahimovanın
böyük bəstəkara həsr etdiyi "Arif Məlikov:
tarix və müasirlik" adlı kitaba sataşır.
Nəfis
tərtibata malik bu nəşr özündə A.Məlikov
yaradıcılığı ilə bağlı bir çox
detalları əks etdirir.
Müəllifin
şərti olaraq 3 hissəyə böldüyü kitabın
1-ci bölməsində o, bəstəkarın erkən və
yetkin dövr kamera-instrumental və kamera-vokal əsərlərinə
müraciət edərək onları geniş və hərtərəfli
təhlil bucağından keçirir. Qeyd etmək
lazımdır ki, 1-ci bölmənin əsasını
musiqişünas A.Baxşıyeva-İbrahimovanın namizədlik
dissertasiyası üçün professor Elmira Abbasova, daha sonra
isə professor Zemfira Qafarovanın elmi rəhbərliyi ilə
üzərində çalışdığı və
müdafiə etdiyi "Arif Məlikovun kamera-instrumental və
kamera-vokal yaradıcılığı" mövzusu üzrə
tədqiqatı təşkil edir. Aytən xanım hələ
tələbə ikən Arif Məlikov şəxsiyyəti ilə
yaxından təmasda idi. Baxmayaraq ki, rəsmi olaraq heç
zaman onun tələbəsi olmamışdı, bəstəkarın
hər sözü və nəsihəti o zamanlar hələ
çox gənc olan gələcək musiqişünas
üçün çox vacib xarakter daşıyırdı.
Kitabın ərsəyə gəlməsi prosesindən
danışarkən Aytən xanım xüsusilə A.Məlikovun
onunla söhbətindən bir fikri vurğulayır: "Hər
bir musiqişünasın öz kitabı olmalıdır. Mən
istəyirəm, sənin də bir kitabın olsun".
Bu
bölümdə bəstəkarın fortepiano əsərləri
- prelüdiya və pyeslər, "Ötəri anlar" silsiləsi,
2 royal üçün scherzo, violin və piano
üçün scherzo, solo violin üçün Sonatası,
"Təzadlar" pyesi, o cümlədən, kamera-vokal əsərləri
- 3 romans silsiləsi, "Azərbaycan" romans-balladası
diqqət mərkəzindədir. Mühüm məqamlardan biri
odur ki, müraciət edilmiş hər bir əsər tədqiqatçı
tərəfindən əsaslı araşdırılır -
janr üzrə paralellər aparılır, tarixi-ədəbi
məlumatlarla dolğunlaşdırılır, eyni zamanda nəzəri
sistem və biliklər prizmasından hərtərəfli təhlilə
cəlb olunur.
2-ci
bölmədə bütünlüklə musiqişünas Aytən
Baxşıyeva-İbrahimovanın bəstəkarın həyat
və yaradıcılığına həsr olunmuş məqalələri
yer alır. Eyni zamanda burada A.Məlikovun Böyük
Teatrın mətbuat şöbəsinin müdiri Katerina
Novikova ilə müsahibəsi və görkəmli şəxsiyyətlərin
bəstəkar haqqında düşüncə və xatirələri
əks olunub.
Zənnimcə,
kitabın 3-cü bölməsindəki ən təsirli səhifələr
bəstəkarın tələbələrinin onunla
bağlı xatirələridir. Ceyhun Allahverdiyev, Gülnarə
Məmmədova, Arzu Məmmədova, Pikə Axundova, Kəmalə
Əlizadə, Nərminə Zeynalova-Özlük, Ayaz Qəmbərli,
Kərəm Əkbərov və başqalarının səmimi
və həssas sətirləri Arif Məlikov şəxsiyyətini
həm bir ustad-pedaqoq, həm də mənəvi ata kimi
xarakterizə edən və ucaldan ifadələrlə zəngindir.
Kitabda
yer alan fotoqalereyanı səhifələdikcə burada A.Məlikovun
mühüm dövlət adamları, musiqiçi həmkarları,
dirijorlar, tələbələri, ailə üzvləri ilə
şəkilləri diqqət çəkir. Ən maraq
doğuran cəhətlərdən biri də müəllif tərəfindən
burada bəstəkarın öz rəsm əsərlərinə,
habelə rəssamlar T.Nərimanbəyov və A.Cəfərovun
tablolarına yer verilməsidir. Bu da bəstəkarın digər
bir yaradıcı tərəfini - rəssamlığını
oxucuya nümayiş etdirir.
Sonda
bəstəkarın bütün əsərlərinin
siyahısı janr qrupları üzrə illər yazılmaq
şərtilə təqdim olunur.
Yazımı
A.Məlikovun musiqişünas Aytən
Baxşıyeva-İbrahimovanın sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almaq üçün dissertasiya müdafiəsində
çıxışından bir parça ilə tamamlamaq istərdim:
"Aytən professional musiqiçidir və musiqiyə
düzgün münasibət bəsləyir". Zənnimcə,
elə bu gözəl nəşr də böyük bəstəkarın
sözlərinin bariz təsdiqidir.
Günay
MƏHYƏDDİNLİ
Musiqişünas
və pedaqoq
525-ci
qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.13.