Ədəbiyyat tariximizdə parlaq və unudulmaz
imza
GÖRKƏMLİ
ŞAİR VƏ FƏDAKAR
TƏRCÜMƏÇİNİN 110 İLLİYİ TAMAM
OLUR
(Əvvəli
ötən sayımızda)
60 ilə
yazılmış "Faust"u Əhməd Cəmil 10 ilə
tərcümə etdi. Amma bu tərcümə
yarımçıq da qala bilərdi. Əhməd Cəmil
şeirlərinin birində yazırdı:
Vaxtında
gəlmişik bu dünyaya biz
Bu
dünya yenidən qurulmalıydı.
Doğrudanmı
şairi tale vaxtında dünyaya bəxş etmişdi? Həqiqətənmi
o, həyata vaxtında gəlmişdi? Yox, inanmaq olmur. Əgər
bu, həqiqət idisə, bəs şairin vaxtsız
keçirdiyi infarktlar nə idi? "Faust"un tərcüməsi
yarıdan keçsə də, başa
çatmamışdı. Görüləsi işlər
çox idi, ancaq tərcüməçinin səhhəti
yaxşı deyildi. Hamı əlini üzmüşdü:
dostları da, qohumları da, şairin özü də
günlərini sayırdı. Yalnız iki nəfər onun
sağalacağına inanırdı - həkimi professor Emin
Əfəndiyev və şairin vəfalı
ömür-gün yoldaşı Şərqiyyə xanım. Gələcək
göstərdi ki, onlar fikirlərində yanılmadılar. Bu
inam get-gedə ümidsiz şairin özündə də
yarandı. Əlbəttə, Şərqiyyə xanımın
ciddi səyləri nəticəsində.
Əhməd
Cəmil infarktlarla mübarizə apara-apara "Faust"u tərcümə
edirdi. Bu məqamda şairin bir şeiri yada düşür:
Gecələr
hamı yatır,
Mən
isə yol gedirəm.
Dənizlər,
qarlı dağlar
Meşələr
keçə-keçə.
Ay
göydə mürgü vurur,
Mən
ona əl edirəm
Ulduzlar
da göz yumur.
Bir mən
yatmıram gec?.
Şair
nə üçün yatmırdı? Çəkdiyi
ağrıdanmı, yoxsa "Faust"u tərcümə etmək
üçünmü? Bu sirri ən yaxşı şairin
özü bilirdi. Tale "Faust"u Azərbaycan xalqına bəxş
etmək üçün Əhməd Cəmilə
ömür verirdi. Ancaq şairi qarşıda hələ nə
qədər maneələr, əzab-əziyyətlər
gözləyirdi. Tərcümə ilə bağlı hadisələri
bilmək üçün şairin dili ilə desək
"kitabın çapa hazırlanmasında hamıdan
çox əmək çəkmiş" Şərqiyyə
xanımı dinləmək yerinə düşər:
"Oğlum
Eldar iki aylıq idi. Əhməd Cəmil birinci infarktı
keçirdi. On il sonra o, ikinci infarktı keçirdi. 1965-ci
ilin martında Azərbaycan Yazıçılar
İttifaqında gərgin keçən iclas zamanı Xalq
yazıçısı Mehdi Hüseyn onun qolunun üstünə
yıxılır. Əhməd ona dərman vermək istəyir.
Görür ki, artıq qurtarıb. Evə gələndə rəngi
ağappaq idi. Yuyunmağa getdi, baxdım çox uzandı.
Yaxınlaşanda gördüm ki, ağlayır. "Əhməd,
nə olub?" - deyə soruşduqda yalnız bir kəlmə:
"Mehdini də belə itirdik" - dedi. Bir neçə
gün sonra o, ikinci infarktı çox ağır vəziyyətdə
keçirdi. Həkimlər ona qəti tərpənməməyi
məsləhət gördülər. Yeddi ay arxası üstə
qaldı.
Bir
gün mənə dedi ki, "Faust"u gətir, görüm
işləyə bilərəm, ya yox. Dedim ki, sənə
yazmaq, oxumaq, tərpənmək, hətta televizora baxmaq belə
olmaz, həkim məsləhət görmür. O, inad etdi. Mən
"Faust"u gətirdim.
O, həmin
gün sevincək halda dedi: "Mən "Faust"dan bir
neçə sətir tərcümə etdim". Ona tərcümə
üçün lazımi şərait yaratdım. Həkimlərdən
biri (bunu mərdimazarlıq və ya qəsd də
adlandırmaq olar): "Sən nə edirsən, səndə
infarktdan başqa, qanaxma da var" deməsi, şairi bərk
sarsıtmış, ümidsizləşdirmişdi. O, sanki bu
gün və ya sabahı gözləyirdi, necə deyərlər,
günləri sayırdı.
Mən
deyirdim ki, professor Emin Əfəndiyev sənin tezliklə
sağalacağını söyləyir. Doğrudan da professor
deyirdi: "Əgər o, içki içib, papiros çəkmirsə,
sağalacaqdır". İnamı artırmaq
üçün bir yun çəkmə alıb gətirdim.
Dedi ki, sən nə edirsən, mən artıq son günlərimi
yaşayıram. Ona E.Əfəndiyevin ümidverici sözlərini
söylədim. "Faust"un tərcüməsi gedirdi. O, tərcümə
etdikcə mən makinadan çıxarırdım. Bir gün ən
yaxın qohumlarımdan biri gəlib mənə dedi ki,
MK-nın ideologiya üzrə katibi "Faust"un tərcüməsinin
ləğv olunduğunu bildirib, guya başqa adam sətri tərcümə
edib. Əhməd Cəmilə demək lazımdır ki, tərcüməni
dayandırsın. Cavab verdim ki, bu sözü ona necə deyim? Bunu
demək olmaz. Qohumlarım: "Məsələnin nə yerdə
olduğunu bəlkə özləri tərcüməçiyə
açsınlar" dedikdə, mən qəti etiraz etdim. Bu,
onun məhvinə səbəb ola bilərdi. Çünki tərcümə
onu yaşadırdı. Bu xəbər mənə pis təsir
etdi.
"Faust"un
tərcüməsi başa çatdı. Əhməd Cəmil
ayağa qalxdı. Tərcüməni nəşriyyata apararkən
onunla getmək istədiyimi bildirdim. Çünki məsələnin
nə yerdə olması mənə aydın idi. Etiraz etdi.
Cürbəcür bəhanələr gətirsəm də,
razı olmadı. Bir azdan nəşriyyatdan çox pərt, əsəbi
halda qayıtdı və içəri daxil olan kimi tərcüməni
döşəmənin üstünə tulladı.
Dağılmış vərəqləri tez divanın
altına itələdim ki, onlar itib-bata bilər və ya əsəbdən
vərəqləri cırar. Sonra onları səliqə ilə
bir qovluğa qoyub saxladım. Əhməd heç
çür özünü ələ ala bilmirdi. Həmin gün
o, yenidən xəstəxanaya düşdü. Əsəbdən
qanaxmalar başladı, sanatoriyaya getdi. Aradan xeyli keçdi.
Bir gün ona dedim ki, ideologiya üzrə katibdən başqa
elə bir adam varsa, onun yanına get.
O,
MK-da şöbə müdiri işləyən Teymur
Əliyevin yanına getdi. Əhməd içəri daxil olan
kimi, o, ayağa qalxıb hal-əhval tutub, boynunu
qucaqlamışdı. "Faust"un tərcüməsi
bildiriləndə, o demişdi ki, bəs biz onu gözləyirik,
niyə gətirmirsənə Götürüb nəşriyyata,
A.Əfəndiyevə zəng etmişdi.
Əhməd
evə qayıdıb görüşün təfsilatını
danışdı."Faust"u istədiklərini bildirdi.
Dedi ki, ancaq tərcümənin bəzi səhifələri
itib-batıb, naqislik yaranıb, cavab verdim ki, mən onların
hamısını bir yerə yığıb
saxlamışam. Heç bir vərəq də yoxa
çıxmayıb. Çox sevindi. Tərcüməni
aparıb nəşriyyata verdi. Əsər ora veriləndən
sonra yarım il yenə gecikdi. Əhməd bir dəfə də
ora ayaq basmadı.
Bundan
xeyli əvvəl deyirdi ki, Şərqiyyə, toyumuzun 20 illiyi
yaxınlaşır, bu münasibətlə "Faust"un tərcüməsindən
veriləcək qonorardan sənə yaxşı bir hədiyyə
alacağam.
Toyumuzun
20 illiyi yaxınlaşırdı. Bir gün
yazıçı Hüseyn Abbaszadə zəng edib dedi ki,
"Faust" çıxıbdı, mən bir nüsxə
"Nizami" Muzeyinin altındakı mağazadan
almışam, istəyirsən, oğlumla göndərim.
Əhməd razı olmadı. Nəşriyyat kitabın
çıxmasını ona xəbər verməmişdi.
Əhməd
səhər saat 10-da getdi... Bir azdan "Faust"un bir
neçə nüsxəsi ilə qayıtdı. Onda dedim ki,
Əhməd, mən (üzük) hədiyyə istəmirəm.
Bu, mənim üçün ən böyük hədiyyədir.
O, həmin nüsxələrdən birini götürüb
ön səhifəsinə bu sözləri yazdı:
"Dünyanın ən saf ürəkli, qayğıkeş,
fədakar qadını - Sevilimin, Eldarımın anası -
şirin və acı günlərimin yaxın sirdaşı,
həyat yoldaşım Şərqiyyə İsa qızı Cəmilzadəyə.
Əzizim:
Tərcümənin
çapa hazırlanmasında Sən hamıdan çox əmək
çəkdiyindən, toyumuzun iyirminci ildönümü
günündə çapdan çıxan bu kitabın ilk
nüsxəsini Sənə hədiyyə edirəm. Əhməd
Cəmil. 17 fevral, 1971".
Əhməd
Cəmil deyirmiş ki, kitabın nəşri mənim
ömrümü uzatdı.
Doğrudan
da "Faust" üç dəfə infarkt keçirmiş
Əhməd Cəmilin ömrünü 7 il uzatdı. O,
"Faust"la yanaşı, "Seçilmiş əsərləri"ni
də 1975-ci ildə nəşr etdirdi.
Şair
1950-ci ildə bir şeir yazmışdı: "Niyə rast gəlmədik
biz on il qabaq". Bəlkə o, Şərqiyyə xanıma
rast gəlib, ondakı vəfalılığı, cəfakeşliyi
duyaraq, bir vaxt gecikdiyinə təəssüfləndiyi
üçün bu sözləri demişdi:
Gərək
rast gələydik biz on il qabaq.
Niyə
rast gəlmədik, bilmirəm, o vaxt?
Əhməd
Cəmil yaradıcılığının mühüm bir
qolu da jurnalistik fəaliyyətidir. O, uzun illər
respublikanın nüfuzlu qəzet və jurnallarının, Azərbaycan
Yazıçılar İttifaqının orqanları
"Ədəbiyyat və incəsənət" qəzetinin,
"Azərbaycan" və "Ulduz" jurnallarının
baş redaktoru olmuşdu. Xidmətlərinə görə iki
dəfə "Qırmızı əmək
bayrağı" ordeni ilə təltif edilmişdi.
Əhməd
Cəmil 1977-ci il sentyabrın 24-də vəfat edib. 1980-ci ildə
oğlu Eldarın toplayıb tərtib etdiyi "Vaxtında gəlmişik
bu dünyaya biz" kitabına görə şair
(ölümündən sonra) Respublika Dövlət
mükafatına layiq görülüb.
Əhməd
Cəmil həyat yoldaşına həsr etdiyi bir şeirində
yazırdı:
Bir
iş gəlsə başıma...
Demirəm
ki, ağlama
Amma
qara geyinib
Günlərlə
yas saxlama.
Şərqiyyə
xanım söyləyir ki, Əhməd uşaqları alim
görmək istəyirdi. Onun arzusu yerinə yetirdiyim
üçün özümü xoşbəxt sayıram.
Şairin
qızı Sevil Xarici Dillər İnstitutunu bitirib, pedaqoji elmləri
namizədi, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin
dosentidir.
Oğlu
Eldar Cəmilzadə filologiya elmləri namizədi, əlyazmalar
İnstitutunda şöbə müdiri idi, çox vaxtsız
vəfat etməsi hamını təəssüfləndirdi.
Neçə
illərdi ki, şair dünyasını dəyişib. Ancaq
özünün yazdığı kimi, yenə də ruhən
ailəsilə, xalqıyla, yəni bizimlədir. Onun
ocağında olarkən bu xüsusən aydın hiss olunur.
İllər keçir, şairin şeirləri yenə də
xalqının dilindədir. Onun özü də buna
inanırdı:
İki
mininci ildə,
Gəzəcəkmi
sözlərim
yenə
ağızda, dildə?
İnanıram,
bilirəm
Onda
mən olmasam da,
qəlblərdə
qalacağam.
Əhməd
Cəmil, doğrudan da, həmişə qəlblərdə
qalacaq - "Şaxta babanın nəğməsi", "Can
nənə bir nağıl de" kimi şeirləri,
"Faust"un tərcüməsi və başqa əsərləri
ilə.
Vaxtilə
Əhməd Cəmilin haqqında materialların
toplanmasında yaxından köməklik etmiş insanların
- şairin həyat yoldaşı Şərqiyyə
xanımın, oğlu Eldar Cəmilzadənin, şairin bibisi
qızı Tərlan xanımın, professor F.Fərhadovun
ruhuna minnətdaram, onların hamısına Tanrıdan rəhmət
diləyirəm.
Əsgər
ZEYNALOV
Filologiya
elmləri doktoru, professor
525-ci
qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.12.