Şəhər Günün
mübarək, əziz Zəngilanım
Üstündən
üç il keçməsinə baxmayaraq, 2020-ci ilin 15-20
oktyabr aralığında Vətən müharibəsinin
gedişində yaşadığım hisslər mənim
üçün bu gün də eyni qədər canlı və
təsirlidir. Həmin günlərdə Azərbaycan Ordusu
Füzuli, Cəbrayıl rayonlarının ərazilərini
işğaldan azad edə-edə Zəngilana doğru irəliləyirdi.
Qanlı döyüşlərin nəticəsində şəhər
və kəndlərimiz ard-arda düşməndən təmizlənir,
bütün xalq səbirsizliklə növbəti
yaşayış məskənlərimizin azadlığına
qovuşacağı anı gözləyirdi. Qəhrəman əsgər
və zabitlərimizin canı, qanı bahasına
torpaqlarımızın doğma Vətənə
qaytarılması xəbərlərini bütün xalqın
görünməmiş coşqu ilə
qarşıladığını əks etdirən videoçəkilişləri
indi də emosiyasız, sakit izləmək mümkün deyil. O
yurdların daimi sakinlərinin keçirdiyi hissləri,
duyğuları isə sözlə ifadə etmək bəlkə
də mümkünsüzdür. Qürurla elan olunan bu
siyahılarda artıq Zəngilana aid kəndlərin adları
çəkilməkdə idi.
İnsanlar
sanki şokdaydılar. 27 ilin çəkilməz yurd həsrətinə,
ağrı-acısına son qoyulduğuna inanmaq asan deyildi.
Ancaq möcüzə həqiqətən baş vermişdi. Rəsmən
elan edilən bir neçə dəqiqəlik xəbərlər,
Müdafiə Nazirliyinin yaydığı video materiallar bunun
inkarolunmaz sübutları idi.
O
günlərdə doğma yurdsuz ömrünün son günlərini
yaşayan anam da həmin insanların arasındaydı.
Oktyabrın 15-də Cəbrayılın azad olunması xəbərinə
sevincini, həyəcanını son gözyaşları ilə
ifadə edib baxışlarını üzümüzə
dikmişdi. Yəqin Zəngilandan, ömrünün
böyük bir hissəsini yaşadığı
el-obasından xəbər tutmaq istəyirdi. Ancaq nəsə
deməyə heyi qalmamışdı. Onsuz da hansı xəbəri
eşitmək istədiyini bilirdik. Nə vaxtdan bəri azı
hər gün eşitdiklərini təkrarladıq: "Emin
deyir, yaxın günlərdə Zəngilanda olacaqlar, səninlə
oradan görüntülü danışacaq". Emin nəvəsi
idi, bir çoxları kimi müharibəyə
könüllü getmişdi. Görüntü söhbəti
də təsəlli üçündü, başqa cür
ovuda bilmirdik.
Görünür,
onun üçün dünyanın ən şad xəbəri
olan bu müjdəni eşitmək həmin tarixi günü
görməyə ömrü vəfa etməyən minlərcə
tanış-bilişi kimi, anamın da qisməti deyilmiş.
2020-ci
ilin 20 oktyabr günü reallığa çevriləndə 4
gün idi anamı torpağa tapşırmışdıq. Zəngilanın
azad edildiyi, indi Zəngilan şəhəri günü olan həmin
günün sonsuz həyəcanı içərisində
olduğumu sosial şəbəkə səhifəmdə necə
ifadə etdiyimi xatırlayıram: "Növbə doğma Zəngilana
çatdı. Azadlığın mübarək, Ata, Ana yurdum!
Azərbaycana bu Qələbə sevinclərini yaşadan,
başımızı uca edən şanlı ordumuza, qəhrəman
əsgər və zabitlərimizə bütün
ömrüboyu minnətdarlıq etsək də, azdır.
Tanrı Sizləri qorusun, şanlı
bayrağımızı Qubadlıda, Laçında,
Şuşada, Kəlbəcərdə, Ağdamda
ucaldasınız! Vətən onun
bütövlüyünü qaytaranlarla qürur duyur.
Ali
Baş Komandan Zəngilanın düşmən
işğalından azad olunduğunu elan edəndə
yadıma həmyerlim, el şairi Məhərrəm Mahinin iki
misrası düşdü:
"Mənə
öyünməyə Azərbaycanım,
Vəsf
etməyə Zəngilanım bəs edər".
Ondan
4 gün əvvəl isə eyni səhifədə
yazmışdım: "27 il Zəngilan həsrəti, ata
yurduna qayıdacağı günün arzusu ilə yaşayan
anam sentyabrın 27-dən sonra ordumuzun zəfər
yürüşündən, torpaqlarımızın erməni
işğalından azad edilməsindən yaman ümidlənmişdi.
İstəkli nəvəsi Emin "nənə, tezliklə Zəngilanı
alacağıq, səni o yerlərə özüm aparacam"
demişdi. Ömür vəfa etmədi, dünən
Tanrının rəhmətinə qovuşdu. İndi anam da
doğma ruhlarla birlikdə bizim qədim yurdlara
qayıdacağımız günü gözləyir. Minlərcə
ata-anaların narahat ruhlarını bu üzüntüdən
tezliklə qurtar, İlahi! Onlara qismət olmadı, təki
övladları doğma yerlərə qayıdıb qədim
ocaqlarına bir də çatsınlar!"
...Əziz
Zəngilan, səninlə son görüşümüzdə
şəhər kimi ömrünün 25-ci ilini yaşayan,
yaşıllıqlar qoynundan boy verən gözəl bir məkan
idin. Bir tərəfində göz işlədikcə uzanan, əsrarəngsizliyi
ilə qonaq-qaranı heyran qoyan dağüstü parkın, mərkəzində
sıx, uca ağacları olan böyük bağın, abad
küçələrin, yaraşıqlı binaların, səliqəli
həyət evlərin vardı. Sən yaşıllıqlar
içində bərq vuran bir inci idin. Təbiətin kimi
insanların da saf, xoşniyyətli, vüqarlı idi. Göz
açandan uca dağları, dik qayaları, dərin dərələri
görən, qartal qıyına, şahin uçuşuna, qurd
baxışına şahidlik edən adamlar başqa cür ola
da bilməzdilər. Köçkünlük, yurdsuzluq dərdi
qədlərini əysə də, qürurlarını
sındıra, bir-birinə bağlılıqlarını dəyişdirmədi.
"Zəngilan şəhəri işğaldan azad edilib"
nidası onları yaman kövrəltdi, çəkdikləri
ağrı-acını belə az qala unutdurdu. Düşmənə
qan udduran igid oğullar, şəhid dərdinə
dözüb dayanan atalar belə sevinc göz
yaşlarını saxlaya bilmədilər. Eyni ovqat bir də
yurdun Ağalısına qayıdılan gün yaşandı.
Təqribən 30 ildən sonra doğma yerlərə üz
tutan maşın karvanı Ermənistanın
işğalından azad olunan yurdların ilk sakinlərini
öz od-ocağına qovuşdururdu. Həsrətin bitdiyi,
inamın qələbə çaldığı gün qəlblər
şadlığından kövrəlmiş, gözlər
sevincdən dolmuşdu.
...Bu
üç ildə xəyalımda min yol o yerlərə
getmişəm. Dağıdılmış yurdlarımızı,
viran qoyulmuş Zəngilan şəhərini, kəndlərimizi
gəzmişəm, uçurulmuş, təhqir edilmiş məzarlıqlarımızı
ürəkağrısı ilə dolaşmışam.
İşğalın başa çatdığı ilk
günlərə aid videoçəkilişlərdən birində
atamın da sındırılmış
başdaşını, dağıdılmış məzarını
görəndən sonra günlərcə özümə gələ
bilmirdim. Atamın ölümünün ikinci həftəsində
yuxumda dediyi "nə canım var, nə evim" sözlərinin
əsl mahiyyətini də onda anladım. Ötən
üç ildə yuxuda o dağılmış məzarı
neçə dəfə gördüyümü də
artıq unutmuşam. Həyət-bacamızı, ən
çox da atamın üstündə övladlarıtək əsdiyi
ağaclarımızı gözlərim önündə
canlandırmış, hündür tut ağaclarının
meyvəsini uşaqlıq dostum rəhmətlik Tofiqlə
birlikdə çırpdığımız günləri
xatırlamışam. O torpaqların işğalı ilə
bizi yurda bağlayan, doğmalaşdıran daha nələrimizi
itirmişdik. Uşaqlıq və gənclik xəyallarımız,
dədə-baba oylaqlarımız, suyu can dərmanı
bulaqlarımız, cığırlarında dolaşıb,
dumanında azdığımız dağlarımız,
göz oxşayan, gül-çiçəkli
yaylaqlarımız, yamyaşıl meşələrimiz, dumduru
çaylarımız zorla əlimizdən
alınmışdı. Qurşaqdan gül-çiçəyi
olan dağlarımızdan, yaşıl çəmənlərimizdən
quşların nəğməsi, çağlar
bulaqlarımızın zümzüməsi əksilmişdi.
Ancaq
heç vaxt azalmayan ümidimiz qalmışdı. Əzəli
torpaqlarımızda yenidən var olduğumuzu təsdiqləmək
üçün tək güvənc yerimiz olan ümid. O
ümidlə yaşadıq və onun yurda qayıdış
inamına çevriləcəyi gün naminə
dözdük. Nə xoşbəxtik ki, o müqəddəs
gün gəldi. Yurd yağıdan qurtarıldı. Qalib Azərbaycan
əsgərinin azad etdiyi torpaqlarda bu gün həyat yenidən
canlanır. Bərpa edilən, yenidən tikilən şəhərlərimizdə,
kəndlərimizdə o yerlərin əsl sahiblərinin səsi
eşidilir, doğma insanların isti nəfəsi
dağı-dərəni qızdırır, əlləri
dörd bir yanı gülüstana çevirir. Yurda
dönüş karvanlarının düzəni getdikcə
daha da sıxlaşır. Yəqin nə vaxtsa onlardan birində
mən də xəyalımda yaşatdığım doğma
yerlərə dönəcəyəm. Dönəcəyəm
ki, "uçuq divarlardakı izlərimiz"ə
sığal çəkim, dünənlə bu günün
qovuşağında olmağın həyacanını
yaşayam.
Şəhər
Günün, dirçəlişin mübarək, əziz Zəngilanım.
Lətif
BABAYEV
Tarix
üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.11.