Mənəviyyat ucalığı

AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ  QSC-nin FƏALİYYƏTİ BARƏDƏ DÜŞÜNCƏLƏR

 

Azərbaycanda televiziya məkanı genişlənib və ilk baxışda buna müsbət yanaşılır. Ancaq təəssüflər olsun ki, özəl televiziya kanallarında mənəvi-əxlaqi dəyərlərə ciddi zərbə vuran verilişlər çoxluq təşkil edir. İradlarımı bildirmək istəmirəm, çünki mən, eləcə də dəyərli ziyalılarımızın qüsurlar haqqında dəfələrlə mətbuatda çıxış etsək də, səmərəsi olmayıb. Necə deyərlər, "Dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır". Ailə ilə, uşaqlarla AzTV-yə və onun daxilindəki "Mədəniyyət", "İdman" kanallarına, İctimai televiziyaya rahatca baxmaq olur. O mənada ki, bu kanallarda ədəbdən kənar "söhbətlərə" rast gəlmirik. Xüsusilə AzTV-də, "Mədəniyyət" və "İdman" kanallarında mövzu dirəsi çox əlvan və genişdir, çəkilişlər məzmun və formaca cazibəlidir, xəbərlər dəqiq, onun tamaşaçıya çatdırılma prinsipləri peşəkarcasına reallaşdırılır. Bu telekanallar vasitəsilə nəinki Azərbaycanda, eləcə də dünyada baş verən ictimai-siyasi, müxtəlif sosia yeniliklərdən, problemlərdən, möhtəşəm mədəniyyət, incəsənət, idman hadisələrindən, təhsildən, elmi-texniki nailiyyətlərdn ətraflı məlumat alırıq.

lll

Vətən müharibəsinin möhtəşəm zəfərlə başa çatmasının 3 ilinin tamamına bir neçə gün qalır. Artıq dünya siyasətçiləri bu müharibədə Azərbaycanın şanlı qələbəsini tarixiləşdirən 44 günün hərbi sirlərini və bu döyüşlərin taktiki gedişlərini öyrənməyə ciddi-cəhdlə çalışırlar. Bu döyüş taktikası müxtəlif ölkələrin hərb təhsilində qiymətli təcrübə kimi öyrənilir. Xalqımız şanlı zəfər qələbəsinin növbəti ildönümünə böyük ruh yüksəkliyi, şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin rəşadətlərinə ehtiram və məhəbbətlə hazırlaşır.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) 44 günlük müharibənin möhtəşəm salnaməsini yaradıb. Bu salnamə illər, qərinələr, əsrlər keçdikcə tariximizin, azadlıq mübarizəmizin inci xəzinəsi kimi daha da möhtəşəm və əzəmətlə səslənəcək.

Ona da inanırıq ki, gələcəkdə 44 günlük müharibədən ssenari yazan qələm ustadlarımız, film çəkn rejissorlarımız və operatorlarımız üçün AzTV-nin salnamə-arxiv xəzinəsi əvəzsiz istinad mənbəyi olacaq.

Bir tamaşaçı kimi əvvəlcədən ürək dolu sevinc və iftixarla onu xüsusi qeyd edim ki, son beş ildə AzTV-nin proqram siyasətində yaxşılığa doğru ciddi dönüşlər yaranıb, perspektivli və müasir forma-məzmunlu dəyişikliklər aparılıb. Peşəkarlıq axtarışları inam və qətiyyətlə davam etdirilir. Proqramların mövzu əlvanlığı artıb, yeni geniş imkanlı çağdaş kameralarla çəkilişlərin rəng parlaqlığı güclənib, forma müxtəliflikləri cazibəlidir, əlvandır, gözəyatımlıdır. "Əsas məsələ" (aparıcılar Elnar Məmmədli, Rüfət Həmzəyev, Tofiq Abbasov, Ətayə Əlamdarqızı, Jalə Əsgərova), "Obyektiv" (aparıcı Cəsarət Qəmbərli) verilişlərində təhlilə çəkilən, müzakirə olunan mövzuların araşdırılıb təqdim edilməsində peşəkarlıq, məna və mahiyyət, aktuallıq və reallıq qat-qat güclənib. Elnar Məmmədli rus, fransız, ingilis, Rüfət Həmzəyev ingilis və rus dillərində birbaşa efirdə xarici ölkə politoloqlarından müsahibələr alırlar. Bu müsahibələr verilişlərin mahiyyətini, siyasi təsir gücünü çox və güclü şəkildə artırır.

Yeddi gün ərzində ölkəmizin ictimai-siyasi həyatında, eləcə də dünyada baş verən son dərəcə vacib hadisələr "Həftə" (aparıcı Rövşən Məmmədov) analitik informasiya proqramı televiziyanın bədii-estetik təqdimatında yüksək texniki imkanların ifadə gücü ilə efirdə yayımlanır. Verilişin dinamik ritmi, mövzu seçimi və onun sıra düzümü, təqdimatın bədii cazibəsi və məntiqi aydınlığı dünyanın qabaqcıl telekanallarının eynitipli verilişləri ilə yüksək peşəkarlıq rəqabəti apara bilər. Rövşən Məmmədovun aydın diksiyası, coşqun ehtirası, analitik düşüncə tərzi, faktlara siyasi-publisist və sosial-ictimai mövqedən peşəkarcasına yanaşma bacarığı, tamaşaçılarla ünsiyyət səmimiliyi "Həftə"nin təsir və təlqin gücünü daha da artırır.

Sadaladığım tok-şoularda və  müxtəlif xarakterli siyasi-bədii verilişlərdə, AzTV-nin çəkdiyi bədii, bədii-sənədli, xronikal filmlərdə 44 günün şücaət və qəhrəmanlığı, xalqın qələbə və zəfər əzmi, döyüşçülərimizin inam yenilməzliyi teletəqdimatın şah damarını, ana xəttini təşkil edir. Çox mürəkkəb siyası mövzularda da aparıcılarımız dilimizin zərifliyini, lətafətini, incəliyini, gözəlliyini, cazibəsini həssaslıqla qoruya bilirlər. Verilişlərin bədii ruhu, aparıcıların davranışları televiziya etikasına, milli ədəb-ərkanımızın müqəddəsliyinə əsaslanır.

"Oxuyur Vətən" konsertləri işğaldan azad olunan ərazilərimizdə, məhz erməni faşistlərinin vəhşiliyini dünyaya göstərən xarabalıqların fonunda çəkilir. Artıq işğaldan azad edilmiş irili-xırdalı məkanlarda möhtəşəm quruculuq işləri aparılır. İnanırıq ki, tezliklə bu xarabalıqlar dünyanı heyran edən gülüstana çevriləcək. Bu istiqamətdə görülən möhtəşəm həm quruculuq, həm də abadlıq işləri göz qabağındadır və bunlar bizə inamla düşünməyə əsas verir. Konsertin proqram tərtibi, rejissor işi, kompozisiya qurumu, operatorların seçdikləri cazibəli rakurslur zəfər qələbəsinin möhtəşəmliyinə teleəzəmət gətirir. Çağdaş reallığı lentdə əbədiləşdirib gələcək nəsillərə ötürür. Yüksək zövqlü konsertlərin ruhunda qələbə əzmi, vətənə ülvi sevgi var, azadlığın füsunkar hüsnü, xalqın monolit birliyinin əzəməti, əsgər və zabitlərimizin rəşadətli hünəri vəsf olunur.

"Döyüşçü", "Vətənimiz Azərbaycan", "Azərbaycan deyəndə", "Tarixin izi ilə" və digər bu səpkili verilişlər müharibə mövzusuna son dərəcə müxtəlif və müxtəlif olduğu qədər də fərqli estetikada, orijinal formalarda çıraq tuturlar. Format və məzmunca fərqli olan "Telesəhər"də, "Günə davam"da, "Səhərçağı"nda, "İdman səhər"də qazi qonaqlarımız döyüşçülərimizin misilsiz rəşadətlərindən söz açırlar.

"44 günün xronikası" gün ərzində dəfələrlə ekranda yer alır. Tamaşaçılar 44 günlük müharibə tariximizin telegüzgüsünü görürlər. Həmin gündə müharibə dövründə hansı vacib döyüşlər olduğu, hansı yaşayış məntəqələrinin rəşadətli ordumuz tərəfindən işğaldan azad edildiyi barədə rəsmi məlumatlar, kadrlar, tematik roliklər, bədii-sənədli çarxlar verilir. Eyni zamanda bu təqdimatı AzTV-nin müxbirlərinin məhz həmin hadisə yerlərindən qaynar xətlə hazırladıqları reportajlar informasiyanın təsir gücünü qat-qat artırır. Məsələn, Gəncəyə, Bərdəyə, Tərtərə raket zərbələrinin endirilməsi barədə AzTV-nin əməkdaşlarının hazırladıqları kadrlar müharibə salnaməsinin qanlı səhifələri kimi əbədiləşib və bu səhifələr xalqımızın qan yaddaşında əbədi yaşayacaq.

"Memorial" videoçarxda şəhidlərimizin şəkilləri, doğum və şəhidlik tarixləri tamaşaçılara çatdırılır. Bu videoçarxların tərtibatı, musiqi həlli yüksək zövqlə həll olunub.

lll

Azərbaycan Ordusunun gücü-qüdrəti qarşısında diz çökən düşmənlər müxtəlif vaxtlarda Ağdamı, Kəlbəcəri, Laçını döyüşsüz boşaltdılar. AzTV vaxtaşırı, hətta bəzən fasiləsiz olaraq həftənin bütün günlərində bu rayonlarda görülən möhtəşəm quruculuq işlərindən reportajlar, müxtəlif xarakterli verilişlər göstərir. "Nəyin nə vaxt ediləcəyini mən bilirəm" sözlərini qətiyyətilə, inamla söyləyən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir neçə gün əvvəl düşmənlərin qan çanağına, şeytan yuvasına çevirdikləri Xankəndində, Xocalıda, Əsgəranda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bununla da Qarabağ camaatının illərlə ağır yük kimi gəzdirdiyi "məcburi köçkün", "didərgin" kəlmələrinə birdəfəlik son qoyuldu. Xalqımızın qüruru, əzmi, qüdrəti, ləyaqəti beynəlxalq arenada özünə qaytarıldı. Hər bir vətəndaşımız hər bir yerdə, hər bir ölkədə şax gəzir, qürurla gəzirlər, onların dillərində Prezidentə ehtiram dolu ifadələr, qazilərimizə məhəbbət, şəhidlərimizə ehtiramla dolu sözlər çiçək açır.

Çox qısaca tarixi xatırlayaq...

1613-cü ildə Mixail Romanovun hakimiyyətə gəlməsi ilə bağlı 300 ildən çox hökm sürən Rusiya imperiyasının "Romanovlar" sülaləsi dövründə, eləcə də 1918-ci ildən günümüzədək ayrı-ayrı illərdə Azərbaycanın torpaqları, şəhərləri, bölgələri zorla, xəyanətlə, fitnəkarlıqla qoparıldı. Dərbəndi itirdik, İrəvan xanlığı, daha geniş miqyasda Dərələyəzdən tutmuş Basarkeçərədək, Göyçədən tutmuş Zəngəzuradək Qərbi Azərbaycanı itirdik. Ötən əsrin səksəninci illərinin sonunda Qarabağın bir hissəsi fitnəkarlıq məngənəsinə düşdü. 400 ildə Azərbaycanın dədə-baba torpaqlarını geri qaytarmaq qüdrətinə sərkərdə İlham Əliyev nail oldu. Xankəndinə dövlətimizin üçrəngli bayrağının sancılması ilə  Prezidenin "cəhənnəmə getdi status" sözlərinə üç nida qoyuldu. İlham Əliyev özünün ad günlərini Şuşada iş başında, yeni-yeni obyektlərin təməlqoyma mərasimlərində keçirib. Bu il oktyabrın 15-də prezident seçilməsinin 20 illiyi günündə Xankəndidə ölkəmizin bayrağını ucaltdı, Əsgəranı dolandı, Füzulidə yeni yaşayış binalarının bünövrəsinə start verdi. Bütün bunlar məhz AzTV-nin lent salnaməsində onun qızıl fonda daxil oldu, milli-mənəvi, ictimai-sosial, siyasi tarix yaddaşında əbədiləşdi.

İllər, qərinələr, əsrlər keçəcək, ancaq mütləq xalqımız hər il Şuşanın, Xankəndinin, eləcə də digər rayon və şəhərlərimizin azad edilən günlərini təntənə ilə bayram edəcəklər. 2020-2023-cü illərdəki siyasi qələbələrlə dövlət liderləri ilə cəsarətlə döş-döşə gələn, ötkəm təqdimli haqq sözü keçən, dünyanın aparıcı qəzetlərinə, telekanallarına, informasiya qurumlarına ingilis, rus dillərində fövqəladə möhtəşəmliklə müsahibələr verən, siyasi liderlərin toplantılarında inamla, coşqun ehtirasla, dəmir məntiqlə çıxışlar edən İlham Əliyevin adı məhəbbətlə, sevgiylə, ehtiramla çəkiləcək. Son günlərdə Xankəndinin küçələrində qürurla, əzəmətlə, gülər üzlə, cəsarətlə addımlayan İlham Əliyevin bu sevinci bütün xalqımızın bayramına çevrilib. Hətta düşmənlərimiz də sosial mediada deyirlər ki, əsl prezident İlham Əliyev kimi olar: söz verir də, verdiyi sözü reallaşdırır da.

Bütün bunlar milliyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər kəsə, eləcə də dünya Azərbaycanlılarına qürur gətirir, fəxarət doğurur, ictimai şüurlara nur saçır. Vətən sevgisinin yeni-yeni siyasi simfoniyalarını yaradır. "Dəmir yumruq" abidə kimi meydanlarımızı, stolüstü formatda iş otaqlarımızı, evlərimizi bəzəyir. Xarici qonaqlarımız müxtəlif çeşidli milli suvenirlərimizlə yanaşı, tuncdan tökülən "Dəmir yumruğ"u da həvəslə, qiymətli xatirə kimi alırlar.

lll

Tamaşaçılarımıza bəllidir ki, AzTV-də neçə illərdir "Mədəniyyət" və "İdman" kanalları da fəaliyyət göstərir. Müharibə mövzusu bu kanallarda da hər qurumun bədii-estetik qayəsinə uyğun şəkildə tamaşaçılara təqdim olunur. Bütövlükdə bu verilişlərdə qürur, şərəf, ləyaqət, vətənsevərlik kimi estetik kateqoriyalar bədii ecazkarlıqla yaddaşlara həkk olunur. Həmin kanallarda daim ciddi yaradıcılıq axtarışları aparılır, yeni istedadlı gənclərə yaradıcılıq üfiqləri açılır, uğurlu layihələr proqram şəbəkəsinə daxil olur. Sentyabr ayından kanallar yeni mövsümə təzə yaradıcılıq töhfələri ilə gəliblər. Artıq ilk nümunələrin təqdimi sevinc və maraqla qarşılanıb. AzTV-də "Kinoman", "Mədəniyyət" kanalında "Akustik" (musiqi ilə bağlı), "Özümüzdən danışaq" (dil ülviyyəti, nitq mədəniyyəti, etik davranışlar), "Kino evimizdə" (sənət söhbətləri), "Min maska" (teatr mövzusu), "Monoloq" (ədəbi-bədii söhbətlər), "Bizim xəbərlər" (uşaqlar üçün), "32-dən biri" (Bakı kəndləri) verilişləri təqdim olunub. Bir neçə illik fasilədən sonra AzTV-də "Görüş yeri", eləcə də "Sözün düzü", proqramı "İdman" kanalında "Kord" verilişləri yeni formatda ekrana çıxır. Mətbuatdan oxumuşam ki, "İdman" kanalı məşhur futbol və digər yarışların, çempionatların translyasiya etmək barədə müxtəlif qurumlarla müqavilələr bağlamaqda davam edir.

Haqqında söz açdığım və imkan darlığından danışmadığım verilişlər yüksək zövqlə, cazibəli formayla tamaşaçılara çatdırılır. Hər birində güclü maarifçilik ruhu var. "Telesəhər", "Səhərçağı", "İdman səhər", "Nəcib söhbətlər", "Yadigarlar" verilişləri fəaliyyətlərini yeni yaradıcılıq formatında davam etdirir. Mən yalnız baxa bildiyim təzə verilişlər barədə danışıram. Arzu edərdim ki, peşəkar jurnalistlərimiz, səriştəli tamaşaçılarımız, ziyalılarımız adı çəkilən verilişlər barədə dəyərli fikirlərini, həmçinin təklif və arzularını söyləyəcəklər.

 

İ.ƏZİZOĞLU

525-ci qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.10.