Günay Əfəndiyeva ilə bağlı dost yazısı
Günay xanımla
tanışlığımızın tarixçəsini xatırlamağa
çalışıram. 2000-ci illərin lap başlanğıcında Xalq
yazıçısı Elçin
Əfəndiyevlə ikinci
görüşümüz zamanı övladları haqda qürurla danışırdı; bu,
onun övladları ilə qiyabı tanışlığın ilk
anı idi; sonra bir neçə
dəfə Çingiz
Əlioğlu danışıb
böyük ədib, dramaturq İlyas Əfəndiyev və onun nəvələri barədə; ilk təəssüratlarım belə
formalaşıb.
Daha sonra
iş elə gətirdi ki, 2006-cı ildə Türkiyədə
kitabım nəşr
olundu, üzü payıza doğru kitabın tərcüməçisi
Yasəmin Bayerin yaxından iştirakıyla
TÜYAP-a qatıldıq, kitabın
müxtəlif yerlərdə
təqdimatlarında Günel
Anarqızı ilə
bərabər iştirak
etdik. Həmin o artıq xeyli uzaq, unudulmaz günlərdə Günay
Əfəndiyeva ilə
tanış olduq, yəni üz-üzə. İstanbuldakı baş konsulluğumuzda mədəniyyət
attaşesi vəzifəsində
işləyirdi. Həm
TÜYAP-dakı, həm
Sant-Georq türk-fransız
liseyindəki görüşlərdə
Günay xanım mədəniyyətimizlə birbaşa
bağlı olan insan və diplomat
kimi bizi - uşaqlıq dostu, yazıçı Günel
Anarqızını və
məni tək qoymadı. Bütün bu tədbirlərdə ürəklə iştirak
etdi, bizi baş konsulluğumuza dəvət etdi.
Sonradan Günay
xanım Xarici İşlər Nazirliyində
müxtəlif vəzifələrdə
və nəhayət, Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti görəvində çalışdı.
Ötən 17 il ərzində bizim əlaqələrimiz iki həmyaşıd (mən
Günay xanımdan bir az böyüyəm),
lap düzü, nəsildaş və ədəbiyyata bağlı
insan kimi olduqca xoş, daha çox işgüzar məcrada davam elədi.
Günay xanımı
Azərbaycan mədəniyyəti,
bütövlükdə ümumtürk
mədəniyyəti üçün
fədakarlıqla çalışan
gördüm həmişə,
xeyli maraqlı, lazımlı layihələrin
müəllifi oldu, hətta bu gün
artıq geniş türk coğrafiyasında
nüfuz qazanmış
Türk Mədəniyyəti
və İrsi Fondunun yaradılmasının
xeyli görünməyən
əziyyəti eyni zamanda onun çiyinlərinə
düşdü, hər
halda mən belə bilirəm. Şadam ki, bu illər ərzində
onun gerçəkləşdirdiyi
bəzi layihələrdə
müəyyən qədər
iştirakım olub və indi mən
bütün baş verənləri məmnunluqla
xatırlaya bilirəm.
Babası ilə
bağlı yazdığı
bir xatirə yazısı da yadımdadır, irsi olaraq ona da
keçmiş yazıçılıq
bacarığı ilə
qələmə alınmış
bir xatirə idi: təfərrüatlı,
detallı, səlis, istedadlı və duyğulu bir dillə yazılmışdı.
Dəfələrlə, atası Elçin Əfəndiyevin əsərləri
ilə bağlı danışmışıq, xüsusən
hekayələri barədə,
xeyli üst-üstə
düşən fikirlərimiz
də olub.
Günay Əfəndiyeva
XX əsr mədəniyyətimiz,
xüsusən ədəbiyyatımız
üçün əvəzolunmaz
iki şəxsiyyətin
- İlyas Əfəndiyev
və Elçin Əfəndiyevin dəyərli
davamçısı, mənəvi
ardıcılı və
yadigarıdır. Və
çox yaxşı ki, fəaliyyəti boyu bunu unutmayıb,
daha doğrusu, həmişə nəzərə
alıb.
Aşağı-yuxarı həmyaşıdım olan
dostlarımla (onların
əksəriyyəti mədəniyyətlə
bağlı adamlardır)
bağlı, xüsusən
onlar hər mənada uğurluykən,
bir duyğum olub; sevinmişəm ki, nə yaxşı
onlarla nəsildaşam
və nə yaxşı ki, bu uğura nəsildaş
kimi məhz o, mənim tanıdığım,
dostluq etdiyim adam imza atıb;
nə qədər eqoistik olsa da,
sanki həmin işdə hansısa əməyim varmış
kimi hiss etmişəm özümü.
Günay xanımın
fəaliyyəti ilə
də bağlı oxşar hissi dəfələrlə yaşamışam.
Və tanışlığımızın
ilk günü onu necə həqiqi
Azərbaycan qadınına
xas cazibə və xarizmaya sahib, yüksək zövqlü, ağıllı
və bacarıqlı
görmüşəmsə, bu gün də
onu elə tanıyıram, elə görürəm.
Çox yaşasın!
Sağlam yaşasın!
Həmişə ən
azı indiyəqədərki
şövqlə çalışmaq
arzusu və imkanı olsun!
Həmişəki dost münasibəti ilə,
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2023.- 20 oktyabr, №190.-S.9.