Aytəki nənənin
xatirələri və duaları
Qarabağsız
illərdə neçə-neçə vətən
sevdalısı yurd həsrəti ilə dünyadan
köçdü, fəqət Allahdan ömür payı
alıb o əziz yurdun vüsalına yetişənlər də
az olmadı. Ötən günlərin birində Azərbaycan
Televiziyasının hazırladığı reportaj bu
baxımdan həm qürur hissi, həm də kövrək
duyğular yaşatdı.
95
yaşlı Aytəki nənə Xankəndinin ən
yaşlı sakinidir. Bir əsrə yaxın yaşı olan
Aytəki nənə ahıllıq mərtəbəsinə
çoxdan qədəm qoysa da, müsahibəsində şahid
olduq ki, çox səlis nitqə, iti yaddaşa malikdir.
Uşaqlıq, gənclik illərinin Xankəndisini həmin
şövqlə, eyni hərarətlə xatırlayır.
1925-ci
il təvəllüdlü Aytəki nənə müsahibədə
həyətlərindəki böyük qoz ağacını
yada salır. Deyir, görən, o qoz ağacı durur, ya yox?
Qoz ağacı barədə danışanda da,
görünür, xoş xatirələr onu ağuşuna
alır və nənəmiz gülümsəyir.
Bağlarındakı hər ağacın yeri yadındadır
Aytəki nənənin.
Görmüşük
ki, qoca nənələrimiz el-obasından danışanda
dodaqaltı oxşamalar, bayatılar deyib
yaylıqlarının ucunu gözlərinə sıxırlar.
Maraqlıdır, Aytəki nənə müsahibə boyu
kövrəlmir, ağlamır, sonacan dəyanətini, təmkinini
pozmur. Hiss olunur ki, illərdir, qaramat olub üstümüzə
çökən kədərli duman artıq onun da zehnindən,
könül dünyasından çəkilib. Dur ki, Aytəki
nənə işıqlı danışır, xoş
danışır.
Aytəki
nənənin minnətdarlıq hissi sonsuzdur. Dualarının
ilk ünvanı Ali Baş Komandandır. Deyir, o qədər
dua eləmişəm ki!.. Görünür, həm də Aytəki
nənə kimi ahıllarımızın duaları
açdı Zəfər yolumuzu. Allah da o duaları eşidib
haqq-ədalətin bərpasında yardımçımız
oldu. Xankəndiyə bayrağın sancılması Aytəki
nənənin xanım-xatın qürurunu, vətən-torpaq
eşqini göylərə yüksəltdi.
Aytəki
nənə acı xatirələri əsəbi tərzdə
yada salır, ermənilərin üç azərbaycanlını
diri-diri yandırması barədə acığından
yana-yana danışır. Deyir, birinin adı Zərif idi, bir
sinifdə oxumuşduq... Qələbəmizin sevinci içində
olsa da, Aytəki nənə erməni vəhşiliklərini
xatırladıqca hirsi, acığı bütün
çalarları ilə səsinə, simasına
köçür. İllər bir-birini əvəzləsə
də, erməni zülmünün Aytəki nənənin
ruhunda açdığı yaralar qaysaqlanmayıb.
Bəzi
bədxahlara, nadanlara görə, Xankəndidə əvvəldən
ermənilər çox olub, daha sıx məskunlaşıbmışlar.
Xankəndinin ən yaşlı sakini isə deyir ki, orada əvvəllər
erməni çox olmayıb, ta ki süni artıma qədər.
Fabriklərə, zavodlara işçi qüvvəsi kimi cəlb
olunan ermənilər oraya köçəndən sonra Xankəndidə
ermənilərin sayı artıb...
Yaradanın
lütfüdür ki, Aytəki nənə bu günləri
gördü. Allah bir az da möhlət versin, bu ağbirçək
xanım Kəndinə qayıtsın: Xan oğlanların
qanı bahasına azad edilmiş o doğma, böyük Kəndə!
Nadir
YALÇIN
525-ci qəzet.- 2023.- 20 oktyabr, ¹190.-S.8.