Zəngilanın
azadlığının 3-cü ili
Bu
gün Zəngilan şəhərinin Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilməsinin
üçüncü ildönümüdür. 2020-ci il
oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri
və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli,
Həkəri, Şərifan, Muğanlının
işğaldan azad olunduğunu elan etdi. Həmin gün eyni
zamanda Füzuli rayonunun Dördçinar, Kürdlər,
Yuxarı Əbdürrəhmanlı, Qarğabazar,
Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri,
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı,
Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,
Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd,
Mülküdərə, Daşbaşı, Günəşli,
Çinarlı kəndləri erməni
işğalçılarından təmizlənib.
Zəngilan
şəhəri Vətən müharibəsinin 24-cü
günündə işğaldan azad edildi. Rayon 1993-cü il
oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmişdi. Zəngilan işğal edilərkən
1 şəhər, 5 qəsəbə və 79 kənddən
ibarət idi.
Zəngilan
şəhərinin azad olunması 44 günlük Vətən
müharibəsi tarixində ən iti sürətli əməliyyat
kimi yadda qaldı. Müzəffər ordumuz şəhəri 24
saat ərzində işğalçılardan təmizlədi.
Ermənistan tərəfi bir gün sonra - oktyabrın 21-də
Zəngilanı yenidən ələ keçirmək
üçün əks hücuma cəhd etdi. Lakin düşmənin
planı iflasa uğradı, hərbçilərimiz hücumun
qarşısını mərdliklə aldılar, Ermənistan
ordusu isə böyük itki verərək geri çəkildi.
Prezident
İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində
şanlı Azərbaycan Bayrağını ucaldıb. Ermənistan
30 ilə yaxın işğalda saxladığı digər ərazilərimiz
kimi Zəngilanı da vandalizmə məruz qoyub, sərvətlərini
tar-mar edib, infrastrukturu sıradan çıxarıb, rayon ərazisində
olan evləri, tarixi abidələr tamamilə
dağıdıb, ətraf mühitə ciddi ziyan vurub. Eyni
zamanda ərazini minalarla çirkləndirib.
Ancaq
Azərbaycan dövləti öz gücü hesabına bu
gün azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq
işləri həyata keçirir. Bunun nəticəsidir ki, Vətən
müharibəsinin qələbə ilə başa
çatmasından cəmi 1 il 8 ay sonra "Ağıllı kənd"
layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun
Ağalı kəndinə əhalinin köçürülməsinə
start verildi. Sakinlər yüksək keyfiyyətli, müasir
texnologiyalarla təchiz edilmiş evlərlə təmin
olunublar.
Eyni
zamanda Zəngilan Beynəlxalq Hava Limanı inşa edilərək
istismara verilib. Bu, azad olunmuş ərazilərdə qısa
müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan
Beynəlxalq Hava Limanının ilk ali qonağı qardaş
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.
Beynəlxalq hava limanının istifadəyə verilməsi
şübhəsiz ki, bölgənin inkişafında vacib rol
oynayacaq.
Prezident
İlham Əliyev ötən ay Zəngilanda 2-ci Azərbaycan
Milli Şəhərsalma Forumunun açılış mərasimindəki
çıxışında bildirib ki, Zəngilan azad olunmuş
ərazilərin ilk bölgəsidir ki, artıq burada
keçmiş məcburi köçkünlər evlərinə
qayıdıb: "Ağalı "ağıllı kəndi"nə,
- burada videoda da siz onu gördünüz, - ötən bahar
aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt
yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə
olmuşam - sakinlərin qayıdışından əvvəl
və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar
öz köklərinə nə dərəcədə
bağlıdırlar. Heç zaman öz vətənini
görməyən gənc nəsil qayıdıb. Bu, onu
nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə
necə dərindən bağlıdır. Bütün
keçmiş məcburi köçkünlər səbirsizliklə
gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar
qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində
Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq
üç il əvvəl biz bu işğala son qoyduq".
Zəngilan
həm də bir mühüm nəqliyyat qovşağı
hesab olunur, onun coğrafi mövqeyi bunu labüd edir. Hazırda
sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa
edilir, işğal dövründə həmin dəmir
yolları Ermənistan tərəfindən sökülüb.
Horadizdən Zəngilana çəkilən dəmir yolunun
inşası fəal fazadadır və tezliklə nəqliyyat
dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın
əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə
birləşdirəcək layihədir. Oradan isə həmin dəmir
yolu İran və Türkiyəyə keçəcək və
nəhayət Avropaya çatacaq.
Prezident
forumdakı çıxışında vurğulayıb ki,
tezliklə bu layihəni istifadəyə verəcəyik:
"Yəni Zəngilan çox vacib nəqliyyat mərkəzi
olacaq. Dəmir yolu xətləri, hava limanı - bu gün bu
istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar
inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə
2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni
bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər
bir rayon xüsusi Baş plana malikdir".
Hazırda
Zəngilanda təkcə pilot yaşayış layihəsi
deyil, pilot kənd təsərrüfatı layihəsi də həyata
keçirilir. "Dost Aqropark" adlanan bu layihə Azərbaycan
və Türkiyə şirkətlərinin birgə müəssisəsidir
və həmin aqropark artıq fəaliyyətdədir.
Görünən
odur ki, İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə
bu gün yeni həyat, yeni nəfəs qayıdır. Ermənistanın
30 ilə yaxın işğal dövründə
dağıtdığı, yerlə-yeksan etdiyi edilən hər
bir yaşayış məntəqəsində
abadlıq-quruculuq işləri sürətlə davam edir.
Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə
səfərlər edir, aparılan işlərin gedişi ilə
şəxsən özü tanış olur. Dövlət
başçısı ötən ay Zəngilan rayonuna
növbəti səfəri zamanı bir sıra yeni tikililərin
açılışını edib, görülən işlərlə
tanış olub, sıra yeni tikililərin təməlini qoyub.
Qeyd
edək ki, Azərbaycan Prezidentinin bu il iyulun 31-də
imzaladığı sərəncamla işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri
təsis edilib. Sərəncama əsasən, 20 oktyabr - Zəngilan
şəhəri günü elan edilib. Bu gün ilk dəfə
qeyd ediləcək bu bayram həm də onunla əlamətdardır
ki, artıq Azərbaycanın bütün ərazisində
üçrəngli bayrağımız dalğalanır.
Pərvanə
SULTANOVA
525-ci
qəzet.- 2023.- 20 oktyabr, №190.-S.5.