Mənəvi
sərvətə çevrilmiş mahnılar: onları təhrifdən
qoruyaq!
Vaxtilə
televiziya verilişlərinin birində aparıcı
böyük müğənni, ustad sənətkar Rəşid
Behbudovdan soruşdu ki, bir mahnının üzərində
neçə gün işləyirsiniz? Rəşid müəllim
özünəməxsus bir ciddiyyətlə, həm də
qınayıcı tərzdə dedi: "Gün nədir, sən
aylardan danış. Mən bir mahnının üzərində
azı 5-6 ay işləyirəm. Ürəyimə yatan
mahnı olmasa, qətiyyən oxumaram. Oxumaq istədiyim
mahnını isə, loru dildə desəm, tam bişirib
hazır vəziyyətə gətirməmiş
ortalığa çıxarmaram".
Mən
o böyük sənətkarın həmin sözlərini yada
salanda fikirləşirəm ki, vaxtilə Rəşid Behbudova
verilən o sualı indiki bəzi ifaçılara versək, yəqin
ki, cavabları belə olar: "5-6 gün nədir, 5-6 saat da bəs
edər..."
Beləliklə,
təsəvvürümdə ani bir müqayisə aparıb təəssüflə
düşünürəm: 5-6 saata "yaranan", daha dəqiq
desək, qəlbin, ürəyin xəbəri olmayan, yalnız
boğazdan yuxarı "ərsəyə" gələn
dırnaqarası mahnılardan nə gözləmək olar?
Son
zamanlar bir çox ifaçının mahnıların mətnlərinə
yarıtmaz münasibəti də dərin təəssüf, hətta
hiddət doğuran məsələdir. Bu cəhətdən
"Nar ağacı, nar çiçəyi" ən
çox təhrif olunan mahnılardan biridir. Həmin şeiri
Xalq şairi Nəbi Xəzri 1959-cu ildə yazıb. Bir
müddət keçəndən sonra istedadlı aşıq
Hacalı Hacıyev ona gözəl bir mahnı qoşub və
öz bənzərsiz ifası ilə möhürləyib.
60-cı illərin əvvəllərində lentə
alınmış və o vaxtdan Azərbaycan radiosunun
"Qızıl fond"unda saxlanılan bu mahnı 60 ilə
yaxındır ki, ifa olunur. Mahnı lirik və ürəyəyatımlı,
düşündürücü və ritmik olduğuna görədir
ki, onun ifaçıları da, dinləyiciləri də
çoxdur. Elə bir toy məclisi, el şənliyi yoxdur ki, rəhmətlik
aşıq Hacalının bu mahnısı orada səslənməsin.
Amma
vaxtilə əsl ustalıqla ərsəyə gətirilmiş
bu mahnı indi dinləyicilərə, tamaşaçılara
necə təqdim olunur? Çox təəssüf ki, cavab məyusluq
doğurur. Çünki şairin yazdığı sözlər
qalır bir tərəfdə, bir çox ifaçı
mahnı mətnini, o cümlədən, ayrı-ayrı
misraları və sözləri təhrif edə-edə oxuyur,
düz və ya səhv oxuduqlarının fərqinə
varmırlar. Məsələn, "Nar
ağacı..."nın nəqarat yerlərində belə
yazılıb:
Nar
ağacı, nar çiçəyi,
Bir
ulduzdur hər çiçəyi.
lll
Nar
ağacı, nar çiçəyi,
Döyüb
tufan-qar çiçəyi.
lll
Nar
ağacı, nar çiçəyi,
Hələ
yenə var çiçəyi.
Əksər
ifaçı isə nəqəratın 2-ci misrasını səhv
oxuyur:
Nar
ağacı, nar çiçəyi,
Nə
gözəldir yar göyçəyi (?)
Hətta
ifa zamanı, necə deyərlər, ara qarışıb məzhəb
itəndə, ağız deyəni qulaq eşitməyəndə,
tünlük yarananda, "basırığa salıb" bəzən
"Nar ağacı" əvəzinə "yar
ağacı, yar çiçəyi", hətta "qar
ağacı, qar çiçəyi" deyənlər də
olur. Buna deyərlər, ağzına gələni oxumaq.
İfa
zamanı tək nəqərat deyil, şeirin ayrı-ayrı
sözləri də təhrif olunur. Diqqət vermisinizsə,
ulduza narın çiçəyi oxşayır, ləçəyi
oxşamır. Bəzi ifaçılar isə ulduza narın
çiçəyini yox, ləçəyini
oxşadırlar. Tək bu deyil, başqa məqamlar da var. Məsələn,
şeirdə belədir:
Yenə
qumlu sahil, yenə sərin bağ,
Yenə
yolum düşdü meynəliklərə.
Bir
çox ifaçı isə "sərin bağ" əvəzinə
"sərin çöl", "meynəliklərə"
əvəzinə "meyvəliklərə" kimi oxumaqla
sözləri qarışıq salır. Axı, "meynəlik"
üzümlüklərə aid olan sözdür.
"İrəvanda
xal qalmadı" ən çox sevilən və ifa olunan xalq
mahnılarımızdan biridir. Bu gözəl mahnı ustad Xan
Şuşinskidən bizə yadigar qalıb. Xan özü
qoşduğu bu möhtəşəm mahnının
ifasına da möhürünü vurub. Əslində bu
mahnı duet şəklində də çox
maraqlıdır.
Oğlan
qıza deyir:
İrəvanda
xal qalmadı,
Daha
məndə hal qalmadı.
O xal
nə xaldı, qoşa düzdürmüsən?
Qız
cavab verir:
Xal mənim,
yar mənim, ixtiyar mənim,
Xalxa
nə borcdur qoşa düzdürmüşəm.
Yarım
deyibdir, qoşa düzdürmüşəm...
Maraqlı
duet beləcə davam edir.
Çox
təəssüf ki, bəzi xanəndə və müğənnilərin
ifasında həmin mahnının mətni və sözləri,
demək olar ki, əvvəldən axıra təhrif olunur. Necə
deyərlər, xalı düzdürənlə, xalı
düzən qalır bir qıraqda, bəzi ifaçılar isə
xalları öz istədikləri kimi, hara gəldi, necə gəldi
düzürlər. Məsələn, oxuyanların biri deyir,
"ora" düzdürmüşəm, biri deyir,
"bura" düzdürmüşəm. Beləliklə, səhv
oxuduqları mahnını beləcə hay-küylə
başa vururlar. Biz bunu toy məclislərində də,
çox təəssüf ki, hətta bəzən efirdə və
ekranda da görürük.
Uzun
illərdən bəri oxunan "Kimdən öyrəndin"
də çox ifa edilən ritmik mahnılardandır. Təəssüf
ki, bu mahnını da bəziləri təhrif edə-edə
oxuyurlar.
Mahnıda
belə bir bənd oxunur:
Mən
sevmişəm Zərnişanı,
Onda
var gülün nişanı.
Sağ
əlinlə bənövşəni
Üzməyi
kimdən öyrəndin?
Həmin
bənddəki 3-cü misra əslində belə
oxunmalıdır: "Kol dibindən bənövşəni..."
Burada məqsəd kövrək, zərif olan bənövşəni
kol dibindən dərməkdir. Əlin sağ və ya sol
olmasının mətləbə dəxli yoxdur.
Mərhum
şairimiz Famil Mehdinin "Min hava çalınır
könül tarında" misrası ilə başlanan
şeirini təxminən 40-45 il əvvəl ilk dəfə
ustad xanəndə - Xalq artisti, professor Arif Babayevin "Şur
təsnifi"nin əvvəlində oxuyarkən eşitmişəm
və böyük zövq almışam. O səsin, o
sözün gözəllikləri hələ də
qulağımdan getməyib. Arif müəllimin bənzərsiz
ifası şair sözünün möhtəşəmliyini
qat-qat artırıb. Yaxşı cəhət bir də odur ki,
Arif müəllim ifa zamanı həmin şeirin sözlərini
əvvəldən axıra, olduğu kimi, yəni necə
yazılıbsa, elə də oxuyub.
Təəssüf
ki, bəzi ifaçılar isə həmin şeirdə 1-ci bəndin
3-cü misrasındakı "Fəsillər
ötüşür" sözlərini "Fəsillər
görüşür", "Fəsillər
görünür" kimi oxumaqla yanlışlığa yol
verirlər.
Şeirin
sönuncu bəndi belədir:
Familəm,
həmişə yanmaqdır peşəm,
Can
deyən gözələ canan demişəm,
Bu
yolda sevinc də, qəm də yemişəm,
Heç
zaman demərəm tamarzıyam mən.
Təəssüf
ki, bəzi ifaçılar həmin bənddəki
"yanmaqdır" sözünü" "yazmaq",
"heç zaman" sözünü "bir daha"
sözləri ilə əvəz etməklə şeirin məzmununa
xələl gətirirlər.
Göründüyü
kimi, mahnıların sözlərində hər hansı dəyişikliyin
əleyhinəyəm. Ancaq məşhur "Sarı bülbül"
mahnısının mətnində zahirən kiçik, məna
baxımından isə mühüm bir dəyişiklik təklif
edərdim. O mahnını ilk gündən bu sözlərlə
eşitmişik:
Vətən
bağı al-əlvandır,
Yox
üstündə xarıbülbül.
Oxudun,
əqlim apardın,
Səsin
gəlsin, sarı bülbül.
Yaxşı
olar ki, qədim və gözəl Qarabağın rəmzi
sayılan Xarıbülbül yaddaşımızda daha da
möhkəmlənsin və əbədiləşsin deyə,
bu mahnıda onu bir qədər də qabarıq şəkildə
əks etdirək. Ona görə də mən təklif edərdim
ki, "Sarı bülbül" mahnısının ilk bəndindəki
sözlər belə oxunsun:
Vətən
bağı al-əlvandır,
Nə
gözəldir Xarıbülbül!
Yəni
"Yox üstündə (bəzən səhv olaraq "yox
içində" kimi də oxuyurlar)
xarıbülbül" əvəzinə "Nə gözəldir
Xarıbülbül" kimi oxunsa, məncə, mahnı indi
daha tutarlı, mənalı səslənər.
İfaçı
hər zaman məsuliyyət hiss etməlidir. İstər
musiqinin bəstəsi, quruluşu, ahəngi olsun, istərsə
də sözləri. Hər birinə diqqətlə
yanaşılmalıdır.
Unudulmaz
bəstəkar, onlarla gözəl mahnının müəllifi
Səid Rüstəmov ötən əsrin 30-cu illərində
və ondan sonrakı dövrdə də Azərbaycan xalq
mahnılarının notlu və notsuz variantlarını
işləyib hazırlayaraq iki kitabda nəşr etdirmişdi.
İfaçılarımızın o kitabları alıb
müntəzəm oxumaları lazımdır.
...Musiqi
meydanı əsl sınaq yeridir. Bu sınaq meydanında
yalnız öz istedadına, peşəkarlığına, səsinə
və nümunəvi davranışlarına güvənənlər,
səhnə mədəniyyətinə əməl edənlər
uğur qazana bilərlər. Biz toy məclislərində, el şənliklərində,
ekran və efirlərdə əsl sənəti və sənətkarlığı
nümayiş etdirən xanəndə və müğənnilərlə
yanaşı, çox təəssüf ki, zəif
ifaçıları da görürük. Onların
arasında təsadüfü "ifaçılara" da rast
gəlmək olur. Amma nə yaxşı ki, elin gözü tərəzidir.
Yaxşını pisdən seçməyi bacarır. Çox
istərdik ki, ekran və efirlərimiz, toy məclislərimiz,
el şənliklərimiz dırnaqarası
ifaçıları, dinləyicidə, tamaşaçıda əsəb
yaradan, zövqləri korlayan, şit, mənasız, məzmunsuz
söz yığını ilə yüklənmiş
mahnıları yaxına buraxmasın. Onu da deyək ki,
yalnız mikrofonla, fonoqramla "nəfəs alan",
bunları özü üçün, necə deyərlər,
"oksigen aparatı" hesab eləyən ifaçılardan
sənətkar olmaz. Kimin kim olduğu ən çox canlı
ifalarda görünür. Tələbkar
tamaşaçının, dinləyicinin kinayə ilə
dediyi: "Mikrofonla, fonoqramla elə nənəm də
oxuyar" sözləri təsadüfü yaranmayıb. Odur
ki, özünə "sənətkar" deyib, mikrofondan,
fonoqramdan ikiəlli yapışanlar bu eyhamdan, bu kinayəli
sözdən nəticə çıxarsalar, yaxşı olar.
Onu
da deyim ki, toylarda, məclislərdə, ekran və efirlərdə
canlı ifa nümunələrimiz çoxdur. Amma
könlümüz istərdi ki, hamısı belə olsun... Bu
məqamda maraqlı bir ifadə yadıma düşdü:
Mikrofonun təzə çıxan vaxtlarıymış. Bir
gün cavan sənət yoldaşlarından biri sevinə-sevinə
aşıq Şakir Hacıyevə yaxınlaşıb deyir:
"Ustad, sənə bir şad xəbər verim!
Eşitmişəm, lap təzəlikcən yaxşı bir
aparat çıxıb, bir balaca ağzına
yaxınlaşdıranda səsi xeyli artırır, gücləndirir".
Şakir
acı-acı gülümsəyir, başını yelləyib
deyir: "Bunun harası şad xəbər oldu? Day deynən
ki, əsl sənətin evi yıxıldı də..."
Aşıq
Şakirin nigarançılığı əbəs deyildi.
Necə ki, bir vaxtlar Koroğlu demişdi: "Tüfəng
çıxdı, mərdlik getdi, ay-haray!.."
Tofiq
ABDULLAYEV
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci
qəzet.- 2023.- 21 oktyabr, ¹191.- S.23.