Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət   

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 1936-cı ildə Almaniya özü də Avstriyanın suverenliyini tanıdı. Lakin alman hökuməti heç vaxt ona müdaxilə etməmək barədə vəd vermədi. Avstriyanın özünün göstərdiyi güzəştlər isə Avstriyanın müstəqilliyinin sonunun başlanğıcı nişanəsi idi. Avstriya alman dövləti kimi hərəkət etməyi, antinasist təbliğatını kəsməyi, təqribən 17 minə qədər nasist siyasi dustağına amnistiya verəcəyini vəd etdi

12 mart 1938-ci ildə səhər tezdən Avstriyaya alman müdaxiləsi başlayanda, faktiki olaraq heç bir müqavimət göstərilmədi və bu, qələbə paradına çevrildi. Müdaxilə tələsik təşkil olunduğundan yeganə ciddi problem logistika oldu, alman tankları yanacaqsız hərəkət edə bilmirdi. Avstriyalılar nümayiş etdirilən vətənpərvərlik aktı kimi tezliklə tankları maye yanacaqla doldurdular. 12 mart axşamında Hitler artıq Lints şəhəri (bu, onun doğma şəhəri idi) hollunun balkonunda ona vurğunluq göstərən çoxluğun qarşısında natiqlik məharətini nümayiş etdirdi. Onun nitqi adətən pulemyot atəşini xatırladırdı, ağzından elə bil ki söz gilizləri tökülürdü. Sabahısı günü belə yaxşı qəbuldan həvəslənib, Hitler bütün Almaniya və Avstriya ittifaqı üçün qanunun layihəsini cızdı, sonra bu sənəd Vyanaya göndərildi ki, qüvvəyə mindirilsin. Baş nazir layihəni imzalamaqdan imtina edib, əvəzində istefa verdi, kabinet isə layihəni təsdiq etdi və Avstriya bir dövlət kimi öz mövcudluğunu qanuni olaraq dayandırdı. 11-13 mart günləri azacıq "alman qanının" axması ilə əlamətdar oldu. Avstriya yəhudilərindən başqa, digərlərinə ancaq kiçik şəkildə zorakılıq göstərilmişdi.

Avstriyalılar 1938-ci ilin martında küçələrdə elan edilən Anşlyusa ("Birləşmə" mənasını verir), əslində Almaniyanın tərkibinə daxil olmağa sevinc nümayiş etdirdikdə, yəhudilər özlərinin dünyada süqutlarının gəlib çıxdığını gördülər. 13 martdan sonra bu, əslində, həyat və ya ölüm şüarına çevrildi.

Hitler Almaniyada da kütləvi tamaşalardan, gur səslənən tədbirlərdən alman xalqının nasist rejiminin arxasında dayanmasına nail olmaq üçün geniş istifadə edirdi. Belə izdihamlı nümayişlər xalqda entuziazm meylini qızışdırırdı. O, məhsul bayramları keçirməyə xüsusən aludə idi. 1937-ci ildə bir şəhərdə keçirilən belə bayramda, demək olar ki, 1 milyon adam iştirak etmişdi. Onun baş iştirakçısı və canlı simvolu isə Adolf Hitlerin özü id

Özünə inam yarandıqdan sonra isə o, daha təhlükəli işlərə əl atdı. Əvvəllər Hitler deyirdi ki, onun məqsədi sülhdən başqa bir şey deyildir. Sonralar artıq özünü çox sərbəst hiss edirdi, çünki ona müqavimət göstərən yox idi. Ətrafındakılar canilərdən və qorxaqlardan ibarət olmaqla, ona qul kimi xidməti göstərmək yolunu tutmuşdular. Ona görə də istədiyi ağılsız hərəkəti həyata keçirməyə qadir idi. Hitler 1935-ci ildə nasistlərin Nürnberqdəki illik partiya yığıncağında yeni irqi qanunları qəbul etdi. Onlar "Nürnberq qanunları" adlanmaqla Almaniya yəhudilərini ölkə vətəndaşlığından çıxardı və yəhudilərlə alman vətəndaşları arasında nikahı və nikahdan kənar əlaqələri qadağan etdi. Nürnberq qanunları mahiyyətcə yəhudiləri alman siyasi, sosial mühitindən və qanunçuluğundan ayırdı və Hitlerin təmiz Arian irqini qoruyub saxlamaq cəhdlərini genişləndirməyə şərait yaratdı.

Avropadakı yəhudi xalqının bütünlüklə kökünün kəsilməsi cəhdi Nasist Yeni Qaydasının daha dəhşətli olan bir aspekti idi. İrqi mübarizə Hitler ideologiyasının mühüm tərkib hissəsini təşkil edirdi və bu arilərə müxalif olanlarla açıq münaqişə mənasını verirdi. Bu ideologiyaya görə, yəhudi parazitlər ariləri məhv etməyə çalışırdılar.  Hələ 1922-ci ildə Hitler burada heç bir kompromis olmayacağını, iki şeyin mümkün olacağını - ya arilərin qələbə çalması, yaxud da arilərin məhv edilməsi və yəhudilərin qələbəsi baş verəcəkdir. Xüsusi hücumçu qüvvələrin (Einsatzgruppen) yaradılması ilə bütün Polşa yəhudilərini qapalı məkanda saxlamaq üçün ölkənin şəhərlərinin çoxunda gettolar yaradıldı. Ölüm düşərgələrində həmin qüvvələr tərəfindən 1 milyondan artıq yəhudi öldürüldü. Avropanın yəhudi əhalisini topdan qaydada ardıcıl olaraq məhv etmək üçün xüsusi ölüm düşərgələri yaradıldı. Əslində isə tarixdə heç vaxt bioloji tərəfdən təmiz irq olmamışdır. Bəzi siyasətçilərin dediyi kimi, irq heç də həqiqət deyildir, sadəcə hissdir.

 Nasistlərin planı olduqca sadə idi. Almaniyanın işğal etdiyi ölkələrdən yəhudilər yığılır, mal-qara kimi yük vaqonlarında Polşaya, onları məhv etmək məqsədi ilə tikilmiş mərkəzlərə göndərilirdi. Onların içərisində Auşviq-Birkenau (Osventsim) ən böyük və daha iyrənc şöhrətlə tanınan düşərgə idi. Adamları sürətlə öldürmək üçün səmərəli qaz kimi hidrogen sianiddən istifadə olunurdu. Kameraya qaz buraxılıb, iş başa çatdıqdan sonra cəsədlər xüsusi tikilən krematoriyalarda yandırılırdı. Bu, yəhudi məsələsini həll etməyə imkan verirdi.

Paytaxt şəhərləri olan Vyanadan, Praqadan və çox sayda ölkələrdən yəhudilər tutulub, ölüm düşərgələrinə göndərilirdi. Auşviqə gələnlərin 30 faizi əmək düşərgələrinə yola salınırdı, qalanları isə qaz kameralarına göndərilirdi. Buradan çıxan meyitlər krematoriyada yandırılırdı. Qurbanların malları və hətta onların bədənləri iqtisadi gəlir götürmək üçün istifadə edilirdi. Qadın saçları qırxılıb, yığılır və yorğan-döşək və ya paltar qayırmağa gedirdi.

Almanlar 6 milyon yəhudini öldürmüşdülər, onlardan 3 milyondan çoxu ölüm düşərgələrində məhv edilmişdi. Polşanın, Baltik ölkələrinin yəhudi əhalisinin 90 faizi məhv edilmişdi. Bütövlükdə Holokost, Avropa yəhudilərinin hər üç nəfərindən təqribən ikisinin ölümü üçün məsuliyyət daşıyır.

Nasistlər həm də adamları güllələməklə, aclıq törətməklə və ya ağır zəhmətə cəlb etməklə ən azı 9-dan 10 milyona qədər adamın öldürülməsinə cavabdehdir. Yəhudilər kimi, Avropa qaraçılarını da almanlar qırırdılar, guya onlar bir irq kimi yad qan daşıyıcıları olduqlarından, onlardan 1 milyon nəfərini və ya Avropa qaraçılarının 40 faizini ölüm düşərgələrində məhv etmişdilər. Slavyan xalqları da "aşağı adam" hesab olunurdu, onların ruhaniləri, ziyalıları, mülki liderləri və hakimləri aparıcı element hesab olunmaqla öldürülürdü. 4 milyona yaxın polyak, ukraynalı və belorusiyalı Nasist Almaniyasındakı qul əməyi hesabına həyatlarını itirmişdi. Ən azı 3-4 milyon sovet müharibə dustağı əsirlikdə öldürülmüşdü.

 Antiyəhudi fəallığının daha zorakı fazasına ilk dəfə xeyli dərəcədə 1938-39-cu illərdə başlanmışdı: 1938-ci ilin noyabrında "Sındırılan güzgü gecələri" keçirildi. Parisdəki alman səfirliyinin üçüncü katibinin Polşa yəhudisi tərəfindən öldürülməsi, nasistlərin yəhudilərə qarşı destruktiv kampaniyasına yol açdı, sinaqoq yandırıldı. 7 min yəhudi biznesi məhv edildi və ən azı yüz nəfər yəhudi öldürüldü. Kişi cinsindən olan 30 min yəhudi ölüm düşərgələrinə göndərildi. Nəticədə SS-in birbaşa başçılığı altında yəhudilər "Almaniyadan mühacirətə" getməyə həvəsləndirildilər. II Dünya müharibəsi başlananda isə mühacirət siyasəti daha dəhşətli tədbirlərlə əvəz edildi.

1937-ci ildə Adolf Hitler hərbi liderlərlə gizli konfransda öz gələcək məqsədlərini açıb danışmışdı. Almaniyanın axırıncı məqsədi, onun öz auditoriyasına inandırdığı kimi, Şərqdə yaşayış məkanını işğal etmək idi. Bu, Fransa və Böyük Britaniya ilə müharibə demək olduğuna baxmayaraq, həmin məsələdə alman xalqının üzləşməli olacağı əsas ehtiyacları nəzərə aldıqda, guya Almaniyanın başqa alternativi yox idi. Bu məqsədin izahı Hitler tərəfindən belə formula almışdı: Əvvəlcə, ancaq Avstriya və Çexoslovakiya ilə nəzərdə tutulan işini görməli idi ki, onların şərq və cənub cinahlarında Almaniya özünə qarşı yönələcək təhlükələrdən  qorunmağı təmin etsin. 1937-ci ilin sonundan Hitler inandırılmışdı ki, nə fransızlar, nə də britaniyalılar bu planlara zidd olan elə bir hərəkət etməyəcəklər. Böyük Britaniyanın 1937-ci ildən Baş naziri olan Nevil Çemberlen sülhsevərliyin möhkəm tərəfdarı idi və çox inanırdı ki, Almaniya ilə rahat münasibətlərdən asılı olaraq Britaniya imperiyasını qoruyub saxlamaq mümkün olacaqdır. Çemberlen Hitlerə də bunu bildirmişdi, məqsədi isə özünün sülhsevərliyini sadəlövhcəsinə ona bir daha sübut etmək idi.

Hitler qərara aldı ki, ilk dəfə Avstriyaya hücum etmək lazımdır. Avstriyanı müdaxilə ilə qorxudub, Hitler Avstriya kansleri Kurt fon Şuşniki məcbur etdi ki, hökumətdə Avstriya nasistlərinə vəzifə versin. Alman qoşunları heç bir müqavimət görmədən 12 mart 1938-ci ildə Avstriyaya daxil olanda, onlar belə "leqal əsasa" malik olmaqla, yeni Avstriya kanslerindən tələb etsinlər ki, alman qoşunlarına bilavasitə yeni qanunun qəbul edilməsində və ölkədə qayda yaradılmasında səlahiyyət verilsin ki, onlara zəruri köməklik göstərilməsini həyata keçirsinlər. Bir gün sonra, 13 martda Hitler özünün doğma torpağına zəfər qaydasında daxil olduqdan sonra rəsmi qaydada Avstriyanı Almaniyaya anneksiya etdi. Böyük Britaniyaya Hitlerin hərəkətini anlamağa hazır idi, Fransa isə öz ölkəsindəki ciddi siyasi böhrana görə cavab verməyə də qadir deyildi. Bunlar yalnız alman diktatorunun Qərbin zəifliyinə olan nifrətini daha da böyütdü.

Təcavüz nəticəsində Avstriyanın anneksiyası Mərkəzi Avropada Almaniyanın strateji mövqeyini yaxşılaşdırdı və Hitler üçün sonrakı məsələni də həll etməsinə, yəni Çexoslovakiyanı parçalamaq işinə şərait yaratdı. 30 may 1938-ci ildə Hitler öz generalına demişdi ki, bu, onun dəyişilməz qərarıdır ki, yaxın gələcəkdə Çexoslovakiyanı hərbi hərəkətlə "sındırsın". 1938-ci ilin sentyabrında Böyük Britaniya və Fransa rəhbərliyi Münhen sazişi ilə Hitlerin Çexoslovakiya dövlətinin ərazisi olan Sudetləri tutmasına razılıq verdi. Lakin Böyük Britaniya Baş naziri Nevil Çemberlren və Fransa Baş naziri Eduard Deladye  anlamırdılar ki, belə güzəştlə Hitlerin iştahı kifayətləməyəcəkdir, əslində bununla onun iri miqyaslı müharibəni başlamasına onlar yol açmış oldılar. 1939-cu ilin avqustunda bağlanan Molotov- Ribbentrop paktı da II Dünya müharibəsinin startında özünəməxsus rol oynadı. Güzəştlər Hitlerdə Avropa ağalığına sahib olmaq hissini daha da gücləndirdi.

 Burada məşhur Roçester yepiskopu və ilahiyyat alimi Fişerin xəbərdarlığı yerinə düşür. İngiltərə kralı VIII Henri hələ Roma papası ilə münaqişəsindən əvvəl yepiskoplardan bir monastırın ona verilməsini istəmişdi. Onlar buna razılıq verdikdə, Fişer etirazını bildirib, bir pritça söylədi: O, dedi ki, balta özünə sap düzəltməkdən ötəri meşədən kiçik bir odun parçası istədi. Meşə, özündə onların izafi zənginliyinə malik olduğuna görə razılıq verdi. Balta saplanandan sonra meşəyə hücum çəkib, ağacları bir ucdan qırmağa başladı, odun daşqını əmələ gəldi. Kral da belə hərəkət edəcəkdir. Keşişin öncəgörməsi düz çıxdı, Roma baş kilsəsindən aralandıqdan sonra VIII Henri ölkədəki böyük mülkiyyətə sahib olan bütün monastırları müsadirə etdi.

Fişerə gəldikdə, o, yenilməz katolik keşişi idi, kralın Anna Boleynlə nikahını tanımaqdan imtina etmişdi. Roma papasının ona kardinal titulunu vermək istədiyini eşidən kral VIII Henri demişdi: "Yaxşı, o, hələ sağdır? Qoy, papa istədiyi vaxt ona kardinal şlyapasını geyindirsin. Bu şlyapanı o, çiyinlərinə geyinəcəkdir, çünki mən onun başını boynunun üstündə qoymayacağam ki, o, nə vaxtsa bu başa həmin şlyapanı geyinsin". Kral dediyini etdi, yepiskopun boynunu vurdurdu.

 

 (Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 21 oktyabr, ¹191.- S.22.