İlan
hekayə
Böyük
ustad Nasir Mənzuriyə
Abi
üç il qabaq Sabunçudakı quş bazarından
beş dənə quş aldı. İri bir qutudakı
quşları satan yaşlı bir kişi idi. Dedi ki,
quşların yemi yoxdur, yoxsa satmazdı bunları. Abi tələsirdi,
alver yeri deyildi. Quşlar da qağayı kimi tərtəmiz
idilər, bilinirdi ki, əsl quşbaz satır bunları. Qiyməti
də havayı kimi idi. Bir dənə də qırmızı
boynugüllü, qoca erkək vardı aralarında. Alayı
vaxt bu boynugüllü beş quşun qiymətinə dəyərdi.
Abi
pulunu verib quşları qutuyla götürüb gəldi
bağa. Üç gün sonra aldığı beş
quşun ikisini Zirədən gəlmiş qonağa
bağışladı. Qaldı üçü. Qoca
boynugüllü, onun ağ mayası, bir dənə də
qaldı tək ondördlük, cırıq quyruq,
ayağı çılpaq ağ maya.
Qoca
boynugüllü nə quruldayır, nə də mayası
yumurtlayırdı. Abinin fikri isə bu erkəkdən
qırmızı boynugüllü balalar almaq idi. Bir gün
gördü ki, ağ ondördlük maya beş tük erkəklə
cüt düşüb. Maya yaraşıqsız, anaş bir
quş idi, yaxşı uçmağına güman da yox idi.
Üzü
payıza bir gün Abi gördü ki, ağ ondördlük
maya bir cüt yumurtlayıb. Üç həftə sonra
yumurtalardan bir cüt bala çıxdı, tez də tükləndilər.
Bir gün Abi gördü ki, balaların hər ikisi
qırmızı boynugüllüdür! Bu, möcüzəyə
yaxın idi, çünki otuz ildə onun quşxanasında hələ
bir dənə qırmızı boynugüllü bala
çıxmamışdı. Hələ rus pulu vaxtı dəstə
qırmızı quyruq boynugüllülər iyirmi beş
manata idi.
Həmin
gündən bu ağ maya oldu Abinin gözünün
işığı. Boynugüllü balalar quşxanadan
çıxan kimi Abi qanadlarını kəsdi. Anaş maya təzədən
bir cüt yumurtladı, yenə bir cüt qırmızı
boynugüllü ağ balalar verdi. Abi bu səfər
balaların qanadını qayçılamadı.
Yengidə
yayda Abi gördü ki, ağ mayanın qırmızı
boynugüllü balaları qalmır. Hərəsi bir bəhanə
ilə yox olur. Balaların qanadlarını kəsmək də
kömək eləmirdi. Quşbazlar yaxşı deyir:
balanın üstündə əsdin əgər, ona mütləq
nə isə olacaq, qalmayacaq. Abinin özünün də zəif
yeri vardı: axşam tərəfi çox içəndə
quşxananı bağlamaq yaddan çıxırdı,
pişiklər quşlardan tutub aparırdı. O, bağ yerində
qalırdı, yiyəsiz pişiklər çox idi. Onların
dişiləri yerik vaxtı qanlı yemək üçün
heç nədən çəkinmirdilər. Bir iş
üçün hərdən evə girəndə
çıxıb görürdü ki, quşun biri yoxdur. Həmişə
də baş quşları aparırdı.
Yayın
ortalarında soğanı əbreşin bir cüt balası
çıxdı. Abi onlara baxanda ətcəbala idilər,
yumurtanın birinin yarısı da balaların yanında idi. Səhər
quşlara dən atanda dəmir torlu qapıdan əvvəlcə
balalara baxdı: amma quruyub qaldı yerində. Balalar gözdə
yox idi! Bu nə möcüzə idi? Axı dünən yerində
idilər.
Abini
fikir apardi, o, möcüzəyə-zada inanan deyildi.
Üç-dörd gün sonra başa düşdü:
balaları ilan udub. Televizorda ilanın ətcəbala quş
balalarını, iri quş yumurtalarını
udmağını görmüşdü. Həyət-baca da
dolu idi su ilanı ilə. Qızmar günlərdə ilanlar
istidən təntiyib evə də girirdilər. İlanın bədən
temperaturu sabit deyil, ona görə istidə canları
ölçüdən çox qızanda heç nəyə
baxmır, harda sərinlik tapdı, girir ora. Udanda da quş
balalarını iyindən tapır, diri udurlar. Ona görə
yox ki, diri xoşlayırlar, yox. İlan bədbəxt tərpənməyən
şeyi görmür, ona görə ancaq tərpənən kərtənkələ,
çəyirtkə, quş balalarını seçə
bilirlər və tutub udurlar. Abi eşitmişdi: Zirədəki
gürzə fabrikində zəhəri yığılan
ilanlara diri cücələr verirdilər yeməyə.
Sağlamları yox, üçüncü gün yumurtadan
çıxanları, onlar xəstə və zəif
sayılır və bir neçə gündən sonra
ölürlər. Ona görə onları gürzələrə
verirdilər, onlar da birini udub iki həftə yatır və
bolluca zəhər verirdilər.
Əbreşin
balaları yox olandan sonra Abi fikirləşdi ki, bu ilanı
tapıb öldürmək lazımdı. Düzdü, balalar
tüklənəndən sonra yox olmurdu, güman ki, ilan
onları uda bilmirdi. Amma Abi ilandan qorxmasa da, iyrənirdi, hər
dəfə quşxanaya yaxın gedəndə özünü
yığışdırırdı, mütləq dörd
dövrəyə göz yetirirdi. Bir neçə gün belə
davam elədi, amma ilanın izi-tozu görünmədi. Lap
qızmar günlərin birində axşam Abi gəzişmək
üçün küçə qapısına
çıxdı. Xeyli gəzişəndən sonra həyətə
qayıtdı, quşxananın dəmir torlu qapısına
yanaşdı. Əlindəki gecə fənərini su
qabına tuşlayanda parıltı gördü. Bu, həştad
santılıq ilan idi. Quşxananın tametli yerliyində mil
kimi uzanıb sərinlənirdi. Lampanın
işığına da qımıldanmırdı, yəqin
hiss eləmirdi, ya da yatmış idi. İlanın nadir rəngi
vardı: belinin zolaqları tünd mavi, göy idi,
şüşə kimi parlayırdı lampanın
işığından. Abi bu rəng ilanı ömründə
ikinci dəfə görürdü.
Abi əvvəlcə
bilmədi neyləsin. Quşxananın qapısı içəri
açılırdı. İlanı bellə vurmaq
üçün qapını açmaq lazım idi, bu isə
ilanı hürküdə bilərdi. Üstəlik, bellə dəqiq
vurmaq üçün gərək gecə fənərini də
bellə yapışıq, qoşa tutmaq lazım idi, bunsuz zərbə
dəqiq olmazdı. Belə də elədi, tiyəsi
dördkünc beli sol əlində gecə lampası ilə
qoşa tutub ayağı ilə quşxananın
qapısını içəri itələyib lampanı ilana
tuşladı, qarasına zərbə vurmadı. İlan
artıq su qabını keçmişdi, gözlərin sol
küncünə girmişdi. Abinin zərbəsi ilanın
ancaq quyruğunu tutdu. İlan gözün arxasında yox oldu,
Abi işığı küncə tuşlayanda ilanın
bayırda qalmış dörd barmaq uzununda quyruğunu
gördü. Bir neçə saniyə sonra ilan quyruğunu da
çəkdi.
Abi
düşündü ki, ilanı yaralayıb, yəqin bir-iki həftəyə
gözlərin arxasında haradasa öləcək. On gün
sonra səhər quşxananı açanda dəhşətə
gəldi: qırmızı boyugüllü balalar verən
ağ maya yerdə ölmüşdü. Yaxşı baxanda
gördü ki, mayanın sol budunda qan ləkəsi var. Amma
mayanın üçüncü mərtəbə gözdəki
bir cüt yumurtasının biri yox idi. Abi anladı: gözə
girib mayanın üstündə oturduğu yumurtaları yemək
istəyəndə ana quş ilanla dirəşib,
yumurtalarını qorumağa çalışıb. İlan
isə mayanı budundan tutub dişləyib. Bəzən su
ilanlarının da dişində zəif zəhər olur.
İlan mayanı dişindən buraxanda ana quş gözdən
düşməli olub, sonra yerdə ölüb.
Abi
dilxor oldi, çünki indən belə onun heç vaxt bu
maya kimi quşu olmayacaqdı. Ona görə bu ilanı
güdüb öldurmək vacib oldu. Amma bu asan deyildi,
çünki ilan qızmar isti günlərdə, həm də
gecələr üzə çıxırdı. Qaranlıq da
bu işi çətinə salırdı. İlan çox cəld
heyvan idi, onu gündüzlər görüb izləmək və
öldürmək çətin idi. Gecə vaxtı isə
bu, qat-qat müşkül idi.
Abi hər
gecə yatmazdan əvvəl gecə lampasını
götürüb quşxanaya baxırdı. Bilirdi ki, ilan əl-ayaq
çəkiləndən sonra, gecənin sakitliyində ova
çıxır. Amma quşxana ov yeri deyildi, ilan sadəcə
orda asan yemək tapmağa dadanmışdı, dadananla quduran
bir olar, deyiblər. Növbəti qızmar günlərin
birində gecə lampasını quşların su qabına
tuşlayanda parıltı gördü. İlan sol tərəfdəki
aşağı gözdə qıvrılıb
uzanmışdı, lampanın işığında dərisi
parıldayıb bərq vururdu. Amma bu dəfə ayıq idi.
Lampanın işığını hiss eləyən kimi tələsmədən
gözün arxasına sivişib gözdən itdi.
On
gün sonra Abi ilanı bir də gördü. Lap
quşxananın kandarında qıvrılıb
yatmışdı. Yenə lampa ilə belin dəstəsini sol
əlində rahatlayıb ayağı ilə qapını
içəri açdı və ilana zərbə endirdi. Zərbədən
sonra su qabının ətrafını
işıqlandırıb baxdı: ilan həm də su
qabının qabağındakı rütubətin sərininə
dadanmışdı, isti günlərdə onlar evlərin ətrafına
gələndə belə sərinlik axtarırlar. İlanın
izi də yox idi. Abi özü də bilmədi ki, ilanı
vurub, ya yox, bəlkə də ilan zərbədən əvvəl
sivişib qaçmışdı, Abinin zərbəsi isə
boş yerə dəymişdi. Həmin gün avqustun iyirmisindən
sonra idi. Hava gecələr sərin olurdu, ilan da yəqin sərin
yer axtarmağa ehtiyac görmürdü. Amma ilan çalan ala
çatıdan qorxar, deyirlər. Abi də qışda belə
quşxananın qapısını açanda sol küncdəki
gözə baxırdı əvvəl. Elə bilirdi ilanı
yenə həmin gözdə parıldayan görəcək.
Amma düşünürdü ki, bəlkə də ilanı
öldürüb.
Yengidə
havalar qızanda Abi quşxanada hər şeyə göz
qoyurdu: ilanın izlərini axtarırdı. Bir gün səhər
boynugüllü qara çəpin dünən yumurtadan
çıxmış balalarını yerində görmədi.
Deməli, ilan yenə gəlmişdi. Amma bu, başqa ilan da ola
bilərdi. İlanlar yaz başı qış yuxusundan oyananda
aqressiv, qorxusuz və ac olurlar. Ancaq birinci ovdan sonra sakitləşib
yatmağa gedirlər. Bir gün yayın birinci bərk istisində
Abi gecə ilanı quşxanadakı su qabının qapı tərəfində
qıvrılıb yatmış gördü. Bu dəfə
daha lampasız hərəkət eləmək qərarına gəldi.
Tiyəsi dördkünc beli əlində rahatlayıb
qarasına, işıqdan istifadə etmədən
gördüyü yerə bərk zərbə endirmək qərarına
gəldi. Ayağı ilə qapını içəri itələyib
zərbə endirdi.
Hiss
elədi ki, tiyə tametə yox, yumşaq nəyəsə dəydi
və heç səs də çıxartmadı. Sonra gecə
lampası ilə su qabının ətrafını
işıqlatdı. İlan əvvəlki yerindən bir dirsək
irəlidə, sol küncdəki gözün qabağında
qıvrılıb qalmışdı. Amma bu dəfə onun
qarın altının sarılığı
görünürdü. Zərbə tutmuşdu onu,
çünki zərbədən sonra ilanlar qıvrılanda
bel tərəflərini altlarına yığır,
çevrilirlər. Abi ilanı tanıdı, həmən
tünd göy zolaqlı ilan idi. Bir hovur sonra ilan
özünü toplayıb aşağı sol gözün
arxasına süründü. Amma onun quyruğunun iki
qarışı bayırda idi. İlanda quyruğunu çəkməyə
hey yox idi. Abi var gücünü toplayıb bellə ilanın
quyruğuna ikinci zərbə endirdi. Amma quyruq üzülmədi
bədəndən. Bir hovur sonra ilan hardansa güc tapıb
quyruğunu da ardınca çəkib gözdən itdi.
Həmin
gündən sonra Abi ilanı axtarırdı. Hər dəfə
quşxananın qapısını açanda ilanı gördüyü
yerə, qıraq sol gözə baxırdı. İlan yox idi.
Hətta quşlardan biri o gözdə yumurta da qoydu, balalar
çıxardı. Amma Abi hər dəfə həmin gözə
nigaranlıqla baxırdı. İlan yox olmuşdu. Amma Abinin
nigaranlığı yox olmadı, ilanı vurduğu yerə
narahat-narahat baxmaq başında şakər kimi qaldı. Bəlkə
də ilan heç ölməmişdi.
2020-2023
Rəhim
ƏLİYEV
525-ci
qəzet.- 2023.- 21 oktyabr, ¹191.- S.21.