Könüllərə xitab edən
gözəllik
"Ölüm
var, dostum, ölüm. Bu köşkün sahibi də öləcək,
bu xoruz da" deyir Kazançakis "Zorba" romanında.
Yalın, amma dərin məna daşıyan bu söz tarixi yerləri
ziyarət edərkən daha da çox yada düşür.
Fikirləşirsən ki, bu saraylarda, qəsrlərdə bir
vaxtlar gör kimlər yaşayıb, kimlər gəzib-dolanıb,
kimlər yazıb-yaradıb, ölüm fərmanları
imzalanıb, edamlar edilib, doğumlar olub, şənliklər
qurulub, imperatorlar qonaq gəlib, ən müxtəlif ilklərə
və sonlara imza atılıb. Bəlkə, bu an oturub incəbelli
cam bardaqda çay içdiyim bu masanın olduğu yerdə
Sultan III Əhmədin oğlanları sünnət edilirdi, bəlkə
də, qarğaları, qağayıları yemlədiyim yerdə
Sultan Fateh Bizansa hücum planı hazırlayırdı. Bu
gün onların heç biri yoxdur! Nə həmin şəxslərin
və şəxsiyyətlərin dövrlərində
yaşayan quşlar, çiçəklər, nə də digər
canlılar var artıq. Sadəcə ağaclar yaşayır,
bir də iz qoymağı bacaranların hekayələri.
Yaxşı,
onda niyə dünyanı tutub gedəcəkmiş kimi
davranırıq? Niyə təkəbbürümüzü,
eqomuzu, kinimizi, nifrətimizi, hirsimizi yerə qoymuruq? Niyə
hesab edirik ki, hər zaman indi hiss etdiyimiz və
göründüyümüz kimi qalacağıq? Axı,
ölüm-itim var! Zamanın sürəti var, axı! Kim
dünyanı tutub gedib ki?! Doğrudur, insan ölümü
düşünərək yaşaya bilməz, ancaq bəzən
xatırlamaqda da fayda var. Dünyadakı pisliklərin, vəhşiliklərin,
qəddarlıqların böyük əksəriyyətini
törədənlər ölümsüz olduğunu
düşünənlərdir. Halbuki hər kəs
ölür, "bu köşkün sahibi də, bu xoruz da".
Qasım
Paşadan Qasımpaşaya...
Əsrlər
əvvəl Qasımpaşa İstanbulun ən lüks yerlərindən
biri idi. Padşahların oylağı, imperatorların
qonaqladığı, sülh sazişlərinin
imzalandığı yerlərdən biri sayılırdı. Hətta
Bizans dönəmində buralar Konstantinopolun göz bəbəyi
idi. Hər yer yaşıllıq, gül bağçaları,
bostan sahələri, meyvə bağları ilə əhatələnmişdi.
İnsanlar buralara gəzinti məqsədi ilə gələrdilər.
Həmin vaxtlar adı Peqai idi.
Bölgənin
adı Sultan Suleyman Qanuninin dövründə dəyişdirildi.
Qanuni ən səriştəli komandirlərindən olan
Gözəlcə Qasım Paşanın Vyana döyüşlərində
göstərdiyi şücaətindən sonra Haliçin
şimal hissəsinə Qasım Paşanın adını
verdi.
Təkcə
Bizans üçün deyil, Qasımpaşa Osmanlı
imperatorluğu üçün də əhəmiyyətli və
strateji önəmi böyük olan bir yer idi. Fateh Sultan Mehmet
İstanbulu fəth etmək üçün gəmiləri dənizə
bu ərazidən endirmişdi. Qasımpaşada ilk tərsanə
tikintisi Sultan Məhmetin göstərişi əsasında həyata
keçirilmişdi. Fəthdən əvvəl italiyanların
ulu babaları olan cenevizlilər buralarda
yaşayırmışlar. İstanbulun qədim səmtlərindən
olan Qasımpaşa o zamanlar lüks yer
sayılırmış. İndi isə addım atıb
çıxana qədər dizəcən palçığa
batdığın yerdir. Bölgənin gözlər
önündə olan və adı dilllərdə gəzən
gözəlliyi padşahların da nəzərindən
yayınmamışdı. O vaxtlar buralarda ucaldılan
köşklər və saraylar əsl sənət əsəri
imiş. Ərazidə inşa edilən abidələr
hamısı birlikdə "Tərsanə sarayı"
adlanırmış. Ancaq təəssüf ki,
günümüzə abidələrdən sadəcə biri -
Aynalıkavak qəsri gəlib çıxıb.
Sultanların
oylağı
Qəsrin
bu cür əsrarəngiz yerdə ucaldılmağına
göstəriş verən Sultan Əhməd olub. İnşa
işləri 1613-cü ildə başlayır və taxtadan bir
saray ərsəyə gətirilib. Çox yaxşı
oxçu olan və Hasköyün təpəsində ox
meydanında bu bacarığını təkmilləşdirən
Sultan, o vaxtdan sonra zamanının çoxunu burada keçirərmiş.
Hətta Sultan İbrahim həmin dönəm üçün
saray, indi qəsr statusu daşıyan bu memarlıq abidəsində
dünyaya gəlibmiş. Sultan Əhməd zamanında saray ərazisinin
dənizə baxan hissəsində bir köşk də
inşa olunubmuş. Sarayın yerləşdiyi bağ
ümumilikdə 150 hektarlıq ərazini əhatə edib.
Lalə
dövrü
Buralar
III Əhmədin dönəmində ərazisi daha da genişlədirilərək
padşahların lalə festivalı keçirdikləri məşhur
yerlərdən birinə çevrilmişdi. Xəttat və
şair olan III Əhmədin hakimiyyəti dövründə
saray təmir etdirilib və sultan ailəsi ilə buraya
köçüb. əsərlərini buradakı musiqi
otağında bəstələyib. adını da dəyişib
Aynalıkavak qoyub. Bu adın seçilməsi isə 1718-ci ildə
Pasarofça müqaviləsindən sonra Venesiyanın ona hədiyyə
olaraq göndərdiyi aynaların sarayın divarlarına yerləşdirilməsinə
görə idi. Haliçi hər tərəfdən seyr etmək
üçün dörd tərəfi pəncərələrlə
əhatə edilən bir qəsrdir bura. Hətta həmin
dönəm sırf bu saraya görə Haliçdə
qayıqla gəzmək qadağan edilibmiş.
Yeri
gəlmişkən, baharın ilk ayları qəsrin ərazisi
lalələrlə dolu olur. Payızda, yəni hazırda al-əlvan
çiçəklərin, yaşıl otların, rəngli
yarpaqların, yerlərə səpələnən
şabalıdların, ağacdan boylanan almaların,
yarpaqların arasından göz qırpan xırda armudların
dönəmidir. Əsrlik ağacların, sonsuzluq qədər
uzanıb getdiyini düşündüyün
yaşıllığın ortasında yerləşən, hər
tərəfi pəncərədən ibarət bu zərif
memarlıq abidəsi Tərsanə saraylarından
günümüzə gəlib çatan tək Osmanlı
mirasıdır. Eyni zamanda Lalə dövrünə məxsus
tavan işləmələrinin son örnəyidir. Lalə
dövründə Tərsanə sarayı bütün dönəmlərin
ən görkəmli və möhtəşəm günlərini
yaşayıb.
Sultanların
can sıxıntısı və tapdıqları çarələr
Qəsrin
ən parlaq vaxtı III Səlim dönəmi olub. Hakimiyyətdə
olduğu illərdə Topqapı sarayında ürəyi
sıxılanda, ruhu darıxanda, dincəlmək və
yaradıcılıqla məşğul olmaq istəyəndə
qaçıb bura gəlirmiş. Sultan bu qəsri çox
sevdiyi üçün restavrasiya etdirir. Eyni zamanda şair və
bəstəkar olan padşah burada öz əsərlərindən
ibarət konsertlər təşkil edir. Nəhəng
bağın ərazisində sadə bir qəsr var. Bu, III Səlimin
1791-ci ildə inşa etdirdiyi Hasbağça adlı
binadır. İki mərtəbədən ibarət bu qəsr
dövrün memarlıq nümunələrindəki fərqliliyi
ən xırda ayrıntısına qədər göz
önünə sərir. Məsələn, burada naxış
sənətinin müxtəlif incəliklərini görmək
mümkündür. Enderun ağalarının istifadə
etdiyi otaqlar, hökmdarların divanxanası və has otaqlar
var. Sahilə doğru bir məscid və köşkü,
böyük hovuzu və balıq evi vardı. Fəqət saray
bütün dönəmlərdə elə də diqqət cəlb
etməyib. Hətta bəzən tərk edilib, bəzən
unudulub, bəzən də xarabaya çevrilib.
Tənburdan
rəbaba qədər...
Qəsr
bu gün musiqi alətləri muzeyinə də ev sahibliyi edir. İçəridə
cürbəcür udlar, şeirlərdə adına çox
rast gəldiyim, ancaq ilk dəfə bu qədər yaxından
gördüyüm tənburlar, qanun, ney və digər nəfəs
alətləri, kamança, rəbab kimi musiqi alətləri,
bir küncdə isə bütün ağırlığı
və gözəlliyi ilə özünə heyran edən
piano sərgilənir. Bəstə otağından başqa ərz
otağı, divanxana və inci işləməli mebellə
döşənmiş otaqları da gəzmək
mümkündür.
Osmanlının
məşhur miniatür ustası Levninin "Surnamə" əsərində
Sultan III Əhmədin oğullarının 1720-ci ildə təsvir
edildiyi sünnət toyuna dair əsəri görmək də
maraqlıdır. Miniatürdə Sultan təşkil edilən
şənlikləri Aynalıkavak Qəsrindən izləyir.
Ziyarətçilər qəsrin girişində bu əsərə
də rast gələ bilərlər. Yeri gəlmişkən,
1784-cü ildə Rusiya və Osmanlı İmperatorluğu
arasında Rusiyanın Kırımı işğalını
qəbul edən "Aynalıkavak müqaviləsi" burada
imzalanıb.
Qasımpaşa
canavarı, yoxsa könüllərə xitab edən gözəllik?
Aynalıkavak
qəsri qarmaqarışıq, dağınıq,
uçuq-sökük, kələ-kötür yer olan
Qasımpaşanın bağrında ləl-cəvahir kimi
parıldayır. Qasımpaşa zamana məğlub olan,
Haliçin kirlənməsi ilə birlikdə
populyarlığını itirən yerlərdəndir.
Ağıllarda Övliya Çələbinin bəhs etdiyi
"gözlərə, könüllərə xitab edən
gözəllik" kimi deyil, "kasımpaşa
canavarı" və digər cinayətlərin törədildiyi,
daha çox viran qalmış şəhərləri
xatırladan yer olaraq qalır.
Təəssüf
ki, bu qəsr bir çox insan tərəfindən bilinməyən,
bilənlər tərəfindən unudulan, ətrafda
yaşayanların belə çox da bələd
olmadığı, tanıyanların isə hər fürsətdə
özünü yetirdiyi yerdir. İçəri girən kimi
qağayıların, qarğaların bir parça simit
üçün qarşında
qışqırdığı, yeridiyi,
qaçdığı, uçduğu, gah
yaxınlaşdığı, gah uzaqlaşdığı
yerdir bura. Quşların cəh-cəh vurduğu,
ağacların arasından göyüzünün zorla
göründüyü yerdir. Həftənin beş
günü fəaliyyət göstərən qəsrin
nağıllar aləmini yada salan bağını, fövqəladə
memarlığını görmək istəyənlər
yolunu buradan salsınlar. Sanki İstanbul kimi
qarmaqarışıq, səsli-küylü yerə aid
deyilmiş kimi sakit, hüzurlu bu abidə sizi
dayandığınız nöqtədən alıb
bambaşqa diyarlara aparacaq.
Türkan
TURAN
525-ci
qəzet.- 2023.- 21 oktyabr, ¹191.- S.20.