İnsanlığın və elmi yaradıcılığın Vasif Babazadə fenomeni  

 

Ömrünün təzəcə qeyd etdiyimiz 85 ilinin, nə az-nə çox, düz 65 ilini Bakı Dövlət Universitetinə həsr etmiş akademik Vasif Babazadə bu müqəddəs ali məkanda hamının hörmətlə, məhəbbətlə qarşıladığı tanınmış bir şəxsiyyətdir. Fenomenal bir şəxsiyyət olan Vasif Babazadə öz timsalında xalqımızın min illər bundan əvvəl formalaşmış "alim olmaq asandır, insan olmaq çətindir" kimi müdrik kəlamı qarşısında alnıaçıq, üzüağ bir insan obrazıdır. Və bu insan öz fəaliyyəti ilə sübut etdi ki, insanlığı və alimliyi birgə formalaşdırmaq, birgə yaşamaq çox vacibdir. Mən AMEA-nın həqiqi üzvü, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, geologiya - mineralogiya elmləri doktoru, professor, BDU Faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadə haqqında bu fikirləri ona görə cəsarətlə deyə bilirəm ki, bu böyük alimi çox yaxından tanımaq xoşbəxtliyini yaşamaqdayam. Biz Vasif müəllimlə Universitetin Metodşurasında xeyli müddət bir yerdə çalışmışıq. Metodşuranın sədri olduğu ötən illərdə Vasif Babazadə, istisnasız olaraq, bütün fakültələrdə müəllim kollektivinə öz dəyərli məsləhətlərini vermiş, dəyərli müəllimləri qiymətləndirmiş, gənclərə isə elmi və pedaqoji fəaliyyəti, tələbəni qiymətləndirməyi, bütün məqamlarda insanlıq ləyaqətini necə qorumağı öyrətməklə hər kəsin hörmətini qazanmışdır.

Mən Vasif Babazadəni ləyaqətli bir müəllim və ləyaqətli bir insan kimi hələ 1970-ci illərin əvvəllərindən tanıyıram: Onda Vasif müəllim Universitetdə Qəbul imtahanı komissiyasının məsul katibi idi və Jurnalistika fakültəsinə sənəd qəbulunu mənə tapşırmışdılar. Mən rəsmi olaraq sənəd qəbulunda çox məsuliyyətli olmağa çalışırdım və Naxçıvandan qəbul imtahanına gəlmiş abituriyenti sənədlərində çatışmayan bir arayışa görə onu Naxçıvana qaytarmaq istədim. Vasif müəllim təsadüfən bu söhbətin üstünə gəldi. Naxçıvandan səhər gəlmiş həmin o yorğun abituriyentin sənədlərini çatışmayan arayışsız qəbul etməyimə göstəriş verdi.

İlk baxışda bu, adi bir hadisə təsiri bağışlaya bilər, amma mən elə bu anda Vasif Babazadənin insanlıq fəlsəfəsinin şahidi oldum...

Metodşuradakı birgə fəaliyyətimizdə bir tərəfdən yaşlı olduğuna görə, digər tərəfdən hələ tam formalaşmamış cavan müəllimlərin təcrübəsizliyinə görə onların nöqsanlarını mədəniyyətlə, amma öyrədərək qarşılamağın yollarını kollektivə başa salırdı...

Vasif Babazadənin Vətən sevgisinin çox şahidi olmuşam. 44 günlük Vətən müharibəsinin lap ilk günlərində BDU Elmi Şurasında rektorumuz Elçin Babayev ordumuza maddi kömək təşəbbüsü ilə çıxış etdi. Universitet büdcəsindən ayrılan maliyyəyə Şuranın bütün üzvləri bir nəfər kimi səs verdi. Sonra rektor Elçin Babayev dedi ki, müəllimlər də tamamilə könüllü şəkildə öz maaşlarından ordumuza kömək edə bilərlər. Bu anda Vasif müəllim duyğulu bir ifadə ilə bir ayın maaşını ordumuza kömək üçün həmin hesaba keçirməyi xahiş etdi...

İlk baxışda çox ciddi, qaraqabaq, hətta iddialı görünən Vasif Babazadə daxilən sadə və təvazökar bir insandır. Amma bununla belə özünə dostu da nadir adamlar sırasından - təmiz və təmənnasız müəllimlərdən seçir. Bu mənada cavan yaşlarından xaraktercə ona çox yaraşan Şirməmməd Hüseynovu axıradək özünə dost bildi. Biri Jurnalistika fakültəsinin kumiri, digəri Geologiya-coğrafiya fakültəsinin kumiri - hər ikisi dekan, kafedra müdiri və s. vəzifələrdə olub da universitetin əsl patriotu kimi fəaliyyət göstərmişlər.

Vasif Babazadə çox məhsuldar elm adamıdır. Onun filiz yataqları və metallogeniyanın öyrənilməsi ilə bağlı elmi əsərləri bu sahədə praktik işlərin aparılmasına çox fayda verməkdədir. Alimin filiz yataqlarının müəyyən edilməsi ilə əlaqədar elmi əsərləri təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqaz regionunda öz praktik səmərəsi ilə qiymətlidir. Lap cavan çağlarından elmə xüsusi diqqət yetirən Vasif Babazadə geologiya-minerologiya sahəsində çox sayda əsərlər ortaya qoymuşdur. 1964-cü ildə - 26 yaşında elmlər namizədi, 1975-ci ildə elmlər doktoru adı almışdır. Keçmiş sovet məkanında məhsuldar bir alim kimi tanınan Vasif müəllim həm SSRİ-nin, həm də ayrı-ayrı respubilkaların elm sahəsilə bağlı mükafatlarına layiq görülmüşdür. Vasif Babazadə 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. V.Babazadənin elmi fəaliyyətinə xüsusi diqqət onun əsərlərinin birbaşa praktik əhəmiyyətinə bağlıdır. Alimin bir çox kitabları, o cümlədən, 2003-cü ildə nəşr olunmuş "Azərbaycan qızılı" monoqrafiyası praktik göstəriciləri ilə beynəlxalq səviyyədə maraq doğurub. Təsadüfi deyil ki, akademik Vasif Babazadə məşğul olduğu filizləşdirmə nəzəriyyəsi və metallogeniyanın çoxistiqamətli sahələrini inkişaf etdirən filiz geologiyası məktəbinin liderlərindən biri hesab edilir.

Vasif Babazadənin çoxsaylı və çoxsahəli əsərlərinə, araşdırmalarına diqqət etdikdə onun elmi fəaliyyətinin milli maraqlarımıza birbaşa xidmət etdiyinin şahidi oluruq. O, hələ 1975-ci ildə Rusiyanın Novosibirsk şəhərində Geologiya və Geofizika İnstitutunda müdafiə etdiyi doktorluq işində dünya təcrübəsində ofiolit qurşaqlarının metallogeniyası haqqında elmi və praktik əhəmiyyət kəsb edən iş ortaya qoymuşdur. Bu əsər həmin sahənin elmi ümumiləşdirilməsi əsasında Azərbaycanda da bir sıra filiz obyektlərinin xammal bazasının möhkəmlənməsinə xidmət etmişdir. Alimin bu mövzuda əsərləri Azərbaycanın təbii sərvətlərinin üzə çıxarılması və ölkəmizə ciddi səmərə verməsi ilə çox böyük əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, o, 1978-ci ildə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar Elm Xadimi adına və bir çox digər mükafatlara layiq görülmüşdür.

Akademik Vasif Babazadənin taleyində Ümummilli liderimiz Heydər Əliyevin ayrıca yeri var. Heydər Əliyev hələ 1970-ci ildə Universitetə gəlişi zamanı bu gənc alimin elmi yaradıcılığını qiymətləndirmiş və onun elmi fəaliyyəti ətrafında xeyli söhbət  etmişdir. 1978-ci ildə məhz Ulu öndərin imzası ilə alim Dövlət mükafatına layiq görülmüşdür. Heydər Əliyevin bu diqqəti alimi daha da ruhlandırmış və o, Almaniya, Niderland, İngiltərə, İspaniya, Çin, Rusiya, Serbiya, Türkiyə kimi ölkələrdə nəşr olunan əsərləri ilə Ulu öndərin diqqətini doğrultmuşdur.

Mən bir daha Vasif Babazadənin Universitet - BDU sevgisinə qayıtmaq istərdim. Vasif müəllim BDU-da Geologiya fakültəsinin yaradılmasında və bu fakültənin beynəlxalq arenada tanınmasında yüksək təşkilatçılıq fəaliyyəti göstərmişdir. Fakültədə bir sıra elmi laboratoriya və müasir səviyyəli kafedraların formalaşmasında Vasif müəllimin birbaşa əməyi var. V.Babazadə bir sıra beynəlxalq elmi təşkilatlarda Bakı Dövlət Universitetini ləyaqətlə təmsil edən və universitetimizin elmi varlığının, elmi potensialının tanınmasında xüsusi rolu olan alimlərimizdəndir.

Akademik Vasif Babazadənin tam formalaşmış elmi məktəbi var. Bu məktəb ölkəmizə çox böyük maddi səmərə verən, yeraltı sərvətlərimizi üzə çıxaran yüzlərlə mütəxəssis yetişdirmişdir. Vasif müəllim bu elmi və praktik yöndə yetişdirdiyi kadrları fakültənin lap birinci kurslarından diqqətdə saxlayır və onların elmi potensialını inkişaf etdirir. Onun şəxsi rəhbərliyi altında müdafiə etmiş onlarca elmlər namizədi, elmlər doktoru bu gün geologiya - minerologiya elmi sahəsində çalışmaqdadır.

Vasif Babazadənin hər bir dərsliyi, monoqrafiyası nəşr olunduğu gündən elmi hadisə kimi qiymətləndirilmişdir. Onun bütövlükdə yaradıcılığı və kitabları haqqında bir sıra görkəmli alim və mütəxəssislər mətbuat səhifələrində çox maraqlı məqalələrlə çıxışlar etmişlər.

Belə bir fikir heç şübhə doğurmur ki, elmi-ictimai fikir arenasında qəbul olunmuş hər bir alim öz sahəsindəki uğurları və problemləri mətbuatda geniş oxucu kütləsinə çatdırmaqla ciddi maarifçilik işi görür. İctimai mühitdə yüksək hörmət qazanmış elm adamları həm də mətbu fəaliyyətləri ilə xalqa, millətə yaxın olmuşlar. Akademik Vasif  Babazadənin bir alim kimi çox maraqlı elmi üslubu var. Biz onun bu üslubunu müxtəlif mətbuat oraqanlarında dərc etdirdiyi çoxsaylı publisistik məqalələrində görməkdəyik.

Mən bu yazımı Vasif müəllimin yaradıcılıq dünyası barədə bir neçə fundamental məqalənin müəllifi akademik Akif Əlizadənin aşağıdakı sözləri ilə bitirmək istərdim: "Akademik Vasif Babazadə çoxuna nümunə olacaq insandır. Zəngin elmi bazası, aydın nitqi, ağayana davranışı və xeyirxahlığı ilə...

İnsanın yaşı illər yox, onun əməlləri ilə hesablanır. Vasif Babazadə ömrünün müdrik çağındadır. Bu mənalı və şərəfli, hamıya gərəkli ömrün uzun olmasını arzulayıram. O, elm aləmində gərəkli şəxsiyyətlərdəndir". Mən akademik Akif Əlizadənin bu müdrik fikirlərinə bircə cümlə əlavə edirəm: Vasif Babazadə həm də insanlıq aləmində nadir şəxsiyyətlərdəndir.

 

Cahangir MƏMMƏDLİ

BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 21 oktyabr, ¹191.-S.19.