"Mən
sözün qulu olmamışam"
FLORA
XƏLİLZADƏ: "HƏMİŞƏ
ÇALIŞMIŞAM Kİ, SÖZÜN AĞASI OLUM,
VERDİYİM SÖZƏ ƏMƏL EDİM"
Söz adamı...
Gözəl səslənir, deyilmi? Dərinliyinə varanda nələr,
nələr gizlənir arxasında. Ruh, ilahi məhəbbət,
məna, fikir, eşq, zövq, heyranlıq... Yetər ki, onu həm
söyləməyi, həm dinləməyi, həm də dəyər
verməyi bacarasan. Deyirlər
Tanrı hamını eyni yaradıb. Həmişə
razılaşmışam bu fikirlə. Lakin Tanrı bizləri
bərabər yaratdığı kimi, hərəyə fərqli
ömür, fərqli tale bəxş edib. Hərə öz
cığırını tapıb və izini qoya-qoya gedib. Kim
necə bacarıbsa... Amma Tanrının xəlq etdiyi insan
övladının içindən seçilmişlər
adlı bir yolun yolçuları da var ki, bu yola üz tutanlar
nisbətən fərqlənə biliblər. Bunların
içində söz adamlarının yeri də, çəkisi
də, hörməti də, sözünün kəsəri də
tam başqa bir dünyadır. Bu dünyanın içində
də çox məqamlar var ki, bu gün onlara heç toxunmaq
istəməzdim, çünki: "Sözün də su kimi
lətafəti var" deyibən, ona dəyər verənlərdən
danışsaq, daha yaxşı olar. Axı, bu gün şənbədir
və bu istirahət günündə oxucularımızın
ovqatına ovqat qatmaq bizə yaraşar.
Söz adamı
söhbətini sıradan olsun deyə, salmadım. Artıq
oxucu yəqin ki, bugünkü qonağımızın söz
əhli olduğunu anladı. Bizim dilimizdə onlar həmkar
adlanır. Və həmkarla üzbəsurət oturub söhbət
etməyin yeri tam başqadır. Bu dəfəki müsahibimin
həmkar olduğunu biləndə, indiyə qədər
yalnız mətbuatdan tanıdığım bir qələm
yoldaşı ilə görüşmək çox maraqlı
oldu. Çatdıq təqdimata. Bu günümüzün
qonağı "Şöhrət" ordenli, Prezident təqaüdçüsü,
yazıçı-publisist, Əməkdar jurnalist Flora Xəlilzadədir.
Amma bilmədim ki, əhvalının çox kövrək
çağında görüşürük...
- "Bir dünya istəyirəm,
tərəzi düz, mizan düz"... Amma nə edək ki o,
dünya hələ yoxdur...
- Yoxdur, elə ona görə də
narahatdır dünya. Biz də onun kimi narahatlıqla baş
alıb gedirik. Narahat dünyada kim rahat ola blər ki? Bir
gün yaxşıyam, bir gün pis. Bu ayda çox təzadlı
oluram, çox kövrək oluram, çünki payızın
bu ayında anamı itirmişəm, artıq bu narahat
dünyada olmayan bir çox əzizlərimin doğum
günü oktyabr ayındadır. Ona görə də bulud
kimi dolub-boşalıram və ancaq anadan danışmaq istəyirəm.
- Danışaq...
- Zəngəzur
mahalının Sisian rayonunun Urud kəndi bu dünyaya göz
açdığım məkandır. Anam həm ana, həm də
ata olub mənə. Qazandığım nə uğur varsa,
buna görə yalnız anama borcluyam. Yaşın istənilən
çağında o varlığa həmişə ehtiyac var.
Anamın adı Gözəl idi. Yadımdadır ki,
bağımızdakı gilas ağacının başına
çıxıb oxuyardım: "O evdə ki səntək
gözəl olmaya, o ev alışıb-yana gərək".
Anam da əlinə bir çubuq
ağacın altında dayanıb deyərdi ki,
düş aşağı səni döyəcəyəm. Kənddə
məni biabır elədin. Kaş o günlərim indi
olaydı.
- Amma ötən
günə gün çatmaz...
- Gözümü
açandan evimizdə iki mənəvi işıq yanıb.
Biri Qulu Xəlilovun, o biri Məmməd Arazın
işığı. Ailənin sonbeşiyi olaraq uzun illərdən
sonra dünyaya gəlmişəm. Bacımla aramızda on
beş il yaş fərqi vardı. Bacım universitetdə
qiyabi oxuyurdu deyə, işləyirdi, kitabxana müdiri idi. Ona
görə də kiçik yaşlarımdan kitaba
bağlı olmuşam. Məktəbə gedəndə
artıq yaşıma uyğun bütün nağılları
oxumuşdum. Dördüncü sinifdə ilk oxuduğum S.Rəhimovun
"Mehman" povesti olub, ondan sonra isə Drayzeri mütaliə
etmişəm. Niyə ordan başlamışam sualı yəqin
ki maraqlandıracaq oxucunu. Bacım qiyabiçi olduğundan
semestr dövründə onun oxuduğu kitabları mən də
oxuyurdum. Yadımdadır, bir rəfiqəsi vardı, onunla
imtahanlara hazırlaşardılar. Hansısa bir obrazın
adı yadlarından çıxanda, məndən
soruşardılar. Daha çox Ordubadinin, İlyas Əfəndiyevin
və Əzizə Cəfərzadənin
yaradıcılığını
sevirdim. Sovet dövrü ədəbiyyatına həmişə
biganə idim. Yeri gəlmişkən onu vurğulayım ki,
müstəqilliyimizin bərpasından sonra İlyas Əfəndiyev
yeganə yazıçı idi ki, əsərlərinin redaktəsinə
ehtiyac olmadı, çünki həmişə tarixi
keçmişi və həqiqəti yazıb. Elə həmin
vaxtdan da jurnalist olmaq həvəsi məndə yaranıb. Bir
gündəlik tutmuşdum özümə, orada
yazmışdım ki, gələcəkdə ya jurnalist olacam,
ya da hüquqşünas. 1988-ci ildə ermənilər
anamı qarın içinə qovanda o, qoynunda iki şey gətirmişdi
- biri gündəliyim idi, o biri evimizin açarları.
- Sonunda qələmlə
yola çıxdız...
- Mən qələmi
tapanda hələ orta məktəbin aşağı sinif
şagirdi idim, respublika mətbuatında kiçik
yazılarım dərc olunurdu, qonorar alırdım və
sevinirdim ki, mən artıq pul qazanıram. Söz mənim
üçün bütün varidatın fövqündə
dayanıb həmişə. Sözün qulu olmamışam.
Çalışmışam ki, sözün ağası olum,
verdiyim sözə əməl edim. Sözün məlhəmi
də böyükdür, cəzası da. Sözün dəyəri,
mahiyyəti mənim üçün çox dəyərlidir,
çünki onunla pərvəriş tapmışam,
ucalmışam, məhz qələmimlə dünyanın
yarıdan çoxunu gəzmişəm. Qısası - mən
söz adamıyam.
- Qələmi tapan məktəbli
bir qızın ilk yazısı...
- Beş, ya
altıncı sinifdə oxuyurdum. İndiki kimi
yadımdadır, məktəbimizdə bir xalça
toxunmuşdu və ilk yazım o haqda oldu. Daha sonra
kitabxanaçı bacım, ədəbiyyat müəllimimiz
haqqında, məktəbimizin özfəaliyyət dərnəyindən
yazmışdım. Burda azacıq bir haşiyə
çıxmaq istərdim. Özfəaliyyət dərnəyinin
fəal üzvlərindən idim məktəbdə.
Tamaşalar hazırlananda olurdu ki, kişi rollarını
oynayardım. İndiyə qədər yadımdadır,
"Arşın mala alan"ı alman dilində
hazırlamışdıq. Fizika-riyaziyyat müəllimimiz
vardı, Qasım Hacıyev. Çox böyük istedad sahibi
idi, tar çalırdı, elə özfəaliyyət dərnəyini
də o yaratmışdı. II Dünya müharibəsində
Mehdi Hüseynzadə ilə döyüş yoldaşı
olmuşdu. Düşmənə əsir düşəndə
düşərgədə alman dilini elə mükəmməl
öyrənə bilmişdi ki, məktəbimizdə xarici dil
müəllimi olmadığına görə bizə alman
dili fənnini də tədris edirdi. Qasım Hacıyevin bizə
3 il ərzində öyrətdiyi alman dili sayəsində orta
məktəbi də bitirdim, ali məktəbdə xarici dil
imtahanı kimi verib qəbul da oldum. Hətta Almaniyada səfərdə
olduğum zamanda bu gün də ən əziz müəllimim
kimi xatırladığım o insanın öyrətdikləri sayəsində ünsiyyət
yaratmaqda çətinlik çəkmədim.
- Uzun illərin mətbu
fəaliyyətini televiziyaya ötürdüz...
- Jurnalistika fakültəsinin
üçüncü kursunda ixtisas bölgüsü olur.
Əslində televiziyanı istəyirdim. Evdə gəlib məsləhətləşəndə
qardaşım etirazını bildirdi və mən də mətbuatı
seçdim. "Azərbaycan müəllimi" qəzetində,
"Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan"
qəzetində çalışdım, "Azərbaycan
qadını" jurnalında redaktor kimi fəaliyyət
göstərdim. Yenidən "Azərbaycan" qəzetinə
qayıtsam da, bir ziddiyyətli məqam olduğundan mətbuatdan
uzaqlaşıb televiziyaya gəldim. Əvvəi İctimai
televiziyada çalışdım, daha sonra dövlət
televiziyasına gəlməyimi məsləhət
gördülər. Etiraf edirəm ki, mətbuatdan getməyimə
heç də peşman deyiləm. Qəzetdə
yazdıqlarıma indi ekran həyatı verirəm. Bir fikrimi də
deyim. Mətbuatdan televiziyaya keçid olanda, bu halda televiziya
udur. Çünki mətbuatda sözün üstündə
düşünürsən, ədəbi redaktəyə fikir
verirsən və nəticədə televiziyada bunlara əməl
edirsən. Əksinə, keçid olanda isə bir qədər
çətin olur. Qəzetçilikdə çox şey
öyrənmək mümkündür.
- Jurnalistikada təhsil
alanlar adətən tələbəlik vaxtından
imzalarını tanıtmağa başlayır...
- Bu, bütün gələcək
jurnalistlərin cığırıdır deyərdim. O zaman
"Azərbaycan müəllimi" qəzetində "Matan
gəldi" adlı bir yazım çıxmışdı.
Orada belə bir fikir işlətmişdim: "Keçmişdə
analar uşaqlarını qorxuzmaq üçün deyərdi
ki, xortdan gəldi, şeytan gəldi. Qonşumuz Nvat deyirdi ki,
türk gəldi. Şahbuz rayonunda isə deyərdilər ki,
Matan gəldi. Həmin bu Matan bağça müdiri idi və
uşaqlara çox əzab verərdi. Bu yazımdan sonra mənə
felyetonçu jurnalist Mürşüd Dadaşov və gözəl
yazıçımız Seyfəddin Dağlı zəng vurdu.
Mürşüd Dadaşov felyetonu bəyəndiyini və təhsili
bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzetinə
gəlməyimi məsləhət gördü. Seyfəddin Dağlı isə dedi
ki, sən qəribə bir söz işlətmisən
yazında. Bəxtin gətirib
ki, nə redaktor, nə də senzura "Qonşumuz Nvat gəldi"
sözünü tuta bilməyib, ehtiyatlı ol. Bax, bu, tələbəliyimdən
yadımda qalan unudulmaz bir məqamdır ki, indi mənə
xoş gəlir.
- Flora Xəlilzadə
və yaradıcılığının ilham pərisi...
- Düzü, onu
bilmirəm. Bildiyimsə odur ki, mən ovqat adamıyam.
Ovqatımın diktəsi ilə yazıram və bu ovqat məni
20-dən artıq kitabın müəllifi edib.
- Qələm yorulub,
ona fasilə vermək vaxtıdır...
- Qələmsiz
ömrümü təsəvvür belə etmirəm.
Əlimdən alınarsa, əlac yalnız sonumu gözləməyə
qalar.
- Gənclik və
zaman...
- Əvvəllər
deyirdim ki, gənclər oxumur, az mütaliə edir. Lakin bu gəncliyin
gücünə işğal altında qalan
torpaqlarımız azad oldusa, dəmir yumruğun sayəsində
onlar anlayışlı şəkildə ölümə
getdilərsə, bu gənclikdən narazı qalmağa
haqqımız yoxdur. Hansısa bir əsərdən, ya kitabdan
məlumatsızdılarsa, bu, fəlakət deyil. Onu oxumaq həmişə
olar, gec deyə bir şey yoxdur. Biz həm 44 gündə, həm
24 saatlıq antiterror tədbirlərində zamanın gəncliyini
gördük. Onların qədrini bilməyə borcluyuq.
- Zəngəzur
mahalının Qarakilsə rayonunun Urud kəndi və son
görüş...
- Bu görüş
1986-cı ildə oldu, kəndimizin işğalından 2 il əvvəl.
Müəyyən səbəblərdən arada belə bir
fasilə oldu. Həmin günü xatırlayanda indi də heyrətə
gəlirəm ki, o, nə hisslər idi mən yaşadım. Kənddən
çıxanda ilk dəfə olaraq qapımızdakı
bulaqdan böyük bir qabda su götürdüm. Maşın
qonşu kənddəki təpənin üstünə qalxanda
sükan arxasındakı xalamın oğluna dedim ki,
maşını saxlasın. Maşından çıxıb
kəndimizə baxdım. Orada Babək adlı bir qalamız
vardı. O qalaya baxıb ağlamağa başladım.
M.Arazın: "Bəlkə bu yerlərə bir də gəlmədim,
duman, salamat, qal, dağ, salamat qal" misralarını
pıçıldadım. Xalam oğlu dedi ki, niyə
ağlıyırsan? İstəyirsən qayıdaq kəndə?
Dedim ki, bilmirəm niyə ağlayıram. Heç demə,
bu, mənim kəndimlə son görüşüm imiş. Mən
hər il kəndimizə gedərdim, tətillərdə də,
məzuniyyətdə də. Bunu tibb elmi də təsdiq edib
ki, insan ildə bir dəfə doğulduğu yerə mütləq
getməlidir. 1988-ci ildə düşmən kəndimizin əhalisini
Naxçıvan ətrafına qovdu. Qarın, şaxtanın
içində insanları pərən-pərən saldı.
Anam evdə işığı da söndürməmişdi
ki, qayıdacaq ocağına. Lakin Gözəl anam bu ümidlə
mənəvi şəhidlərdən oldu. Dünyasını
dəyişəndə bircə kəlmə onu dedi ki, yollar
açılarsa, gedib qapımızdan bir ovuc torpaq
götürüb qəbrimin üstünə səpərsən.
Əgər bu, mümkün olmasa, Şuşaya gedərsən
- o zaman Şuşa hələ işğal
olmamışdı - Natəvanın qapısından bir ovuc
torpaq gətirərsən. Anamın o vəsiyyətini yerinə
yetirdim, lakin öz kəndimizə getmək hələ ki,
qalıb. Ölkə başçımız Qərbi azərbaycanlılarla
görüşəndə vəd etdi ki, bizi o yerlərə
mütləq qaytaracaq. Mən buna inanıram və həsrətlə,
böyük ümidlə həmin zamanı gözləyirəm.
- Söz
adamının söz adamlarına sözü...
- Sözün qədrini
bilsinlər. Sözü sevsinlər. Sözü hər
şeydən uca tutsunlar və qeyri-sabitlikdən bacardıqca
uzaq olsunlar.
SÖZARDI: Müsahibə
boyu nə kövrəkliyi bitdi, nə səsindəki titrəyiş
dəyişdi, nə də gözlərindəki nəm qurudu.
Çöhrəsində isə Vətən
ağrısı, torpaq nisgili, ana həsrəti aydın
sezilirdi. Söhbət boyu tez-tez üzünü pencərəyə
çevirib uzaqlara baxırdı. Və hər dəfə də
mənə elə gəlirdi ki, o baxışlar Urud
yollarına boylanan bir həsrətin yanğısıdır.
Flora xanım, tezliklə doğma el-obanıza qayıtmaq arzusu
ilə söhbətimizin nöqtəsini qoyaq.
Tamilla M-zadə
525-ci qəzet.- 2023.-
21 oktyabr, ¹191.-S.18; 19.