"Hamı məni Təhminənin səsi ilə xatırlayır"

ƏMƏKDAR ARTİST NƏCİBƏ HÜSEYNOVA: "TEZ-TEZ EŞİDİRDİK Kİ, GƏRƏK AKTRİSANIN AİLƏSİ OLMASIN, CAVAN VAXTI HƏRDƏN FİKİRLƏŞİRDİM Kİ, ÜMUMİYYƏTLƏ, ƏRƏ GETMƏYİM"

 

Müsahibimiz Əməkdar artist Nəcibə Hüseynovadır.

- Nəcibə xanım, səhnədə görünməyi kadr arxasından eşidilməyə dəyişmisiniz. Səhnədə gözünüz qalmayıb ki?

- Bizə dublyaja gələnlərin bəziləri deyir ki, nə var teatrda? Bundan sonra ancaq dublyajda işləyəcəyəm. Mən özüm keçmişdə teatrda işləyib kinolara çəkilsəm də, sonradan bu işə bağlandım. Yəni vəziyyət belə gətirdi və mən qaldım kadr arxasında. Ona görə də belə düşünənlərə həmişə deyirəm ki, düz eləmirsiniz, aktyor teatrda olmalıdır, kinoya çəkilməlidir. Aktyor mütləq görünməlidir. Bəli, bu iddia kimdə varsa, yaxşı eləyir. Yəni bu, lazımlıdır. Bəziləri də sadəcə dublyajda işləməklə kifayətlənir. Bəlkə də, onların da qəlbinin dərinliyində o istək var ki, onu da görsünlər, tanısınlar.

- Siz bu istəyin öhdəsindən necə gəldiniz?

- O arzu məndə də olub, ancaq uzun müddət o hissi boğmağa çalışmışam. Sənət nümayəndələri ilə hardasa üz-üzə gələndə, yaxud da dublyajlar zamanı mənə deyirdilər ki, sən niyə burdasan? Sənin yerin səhnədir. Dublyaj yaxşıdır, əladır, amma sən səhnədə olmalısan. İnanırsınız, həmişə bu söhbətlərdən qaçırdım. Ümumiyyətlə, teatrı çox sevmişəm. Ancaq tale belə gətirdi.

- Əminəm ki, bu, təkcə taleyin işi deyil.

- Bir də o vaxt biz köçüb gələndə oğlum hələ balaca idi. Üç yaşı vardı, istər-istəməz fikirləşdim ki, məşqlərdə-falan olaram, uşaq diqqətimdən kənarda qalar. O vaxt Siyavuşgil (Aslan) ər-arvad ikisi də qastrollarda, orda-burda tamaşalarda olurdular, uşağa çox diqqət vermədilər. Bəlkə də, oğlunun o cür həyat yaşamasında bu məqamından da rolu olub. Bir sözlə, mən belə şeylərdən çox ehtiyat edirdim. Amma kinostudiyada iş elə idi ki, növbəli olurdu. Bir də görürsən ki, yarım gün işləyib qaçırdım evə, yaxud əksinə, səhər evdə olurdum, günortadan sonra işdə. Gecələr xörəyimi bişirirdim, paltarlarımı yuyurdum. Beləcə, çalışırdım hər şeyə vaxt çatdırım.

Cavan vaxtı hərdən fikirləşirdim ki, ümumiyyətlə, ərə getməyim. Çünki tez-tez eşidirdik ki, gərək aktrisanın ailəsi olmasın. Amma yaş artdıqca hər şey tamam başqa cür olur. Artıq nəvələrim var, indi fikirləşirəm ki, yox, ailə də lazımdır. Bu yaxınlarda bir verilişə çağırmışdılar. Aktyor yoldaşlarla söhbət zamanı bu mövzuya da toxundular. Aktyorlar hamısı bir ağızdan söylədi ki, yox, aktrisa gərək ərə getməsin. Təsəvvür edin, hətta bizim sənət yoldaşlarımız da bunu deyir.

- Həyat yoldaşınız həm də sənət yoldaşınız idi. O da belə deyirdi?

- Məşq zamanı gəlib kənardan məşqi izləyirdi (gülür). Yəni sənətin içində ola-ola belə edirdi. Ancaq yenə də onu başa düşə bilirdim. Əslində, Azərbaycan teatrında o qədər də açıq-saçıq səhnələr yoxdur.

- Dublyaj sahəsində isə açıq-aşkar görünən xeyli problemlər var.

- Biz öz doğma dilimizin təbliğatçısıyıq. Bu gün televiziya kanallarında bir-bir dublyaj şöbələri bağlandıqca, yarızarafat bu sualı verirəm ki, məgər Azərbaycan dili ləğv olunur? Lazım deyil, daha ehtiyac yoxdur bu dilə? Nə dərəcədə düzgündür bilmirəm, ancaq çoxdan söhbət gəzir ki, guya yeni dublyaj mərkəzi yaradılacaq. Uzun illərdir, bunu yalnız söz kimi eşidirik. Bağlamağa nə var? Amma yaratmaq üçün vaxt lazımdır.

- Hazırda bu sahənin tədrisi necə aparılır?

- Tez-tez deyirlər ki, yeni səslər olsun. Bəs yaxşı yeni səslər harda yetişməlidir, harda yetişəcək? Dublyajı evdə oturaraq, yaxud hansısa nəzəriyyə üzrə öyrənmək mümkün deyil. Bunu yalnız iş vaxtı təcrübə keçərək öyrənmək olur. Hər bir sahədə olduğu kimi, nəzəriyyədən başqa ən çox xeyir verən təcrübədir. Sən bilavasitə iş zamanı buna yiyələnirsən, bunu hiss edirsən, başa düşürsən neyləmək lazımdır. O qədər nəzəriyyəçi var ki, praktikada bacardığını, bildiklərini həyata keçirə bilmir. Vaxtikən gənc yaşında gələn oğlanlar, qızlar cavan rolları səsləndiriblər, amma artıq onlar yaşa dolur, səsdə də istər-istəməz bu, hiss olunur. Düzdür, maşallah olsun, bizim aktyorların əksəriyyəti uşaqdan tutmuş qocaya kimi səsini dəyişə bilir. Amma son zamanlar artıq tələbat başqadır. Sifarişçilər deyir ki, uşaqları uşaqlar səsləndirsin, çox gözəl. O uşaqlar evdə oturub necə öyrənsin? Onları axtarıb tapmaq lazımdır. Bunun üçün müəyyən məkan olmalıdır ki, uşaqları cəlb eləsinlər və onlarla işləsinlər. Yenə də deyirəm, praktika... Evdə bişməyib, qonşudan gəlməyib. O uşaqlar oturduqları yerdə dublyajı necə etsinlər? Elə olur ki, düzgün dublyajı bzim  diplomlu aktyorlarımız da bacarmır. Xalq artistlərimiz var idi ki, onlar dublyajı bacarmırdı. Niyə? Aktyorluq qabiliyyətindən əlavə olaraq bunun texniki tərəfi də var axı. Buna da yiyələnmək lazımdır və bu texniki tərəfi mütləq studiyanın içində öyrənməlisən.

Azərbaycanda dublyajın bugünkü səviyyəyə çatması üçün çalışıb-vuruşmuşuq. Bu sahədə çalışan aktyor və aktrisalarımız hərəmiz bir tərəfə səpələnib çevrəmizdə olanlarla bu işi aparmışıq. Bu sahədə bir tələbənin yetişdirmək üçün xeyli zaman lazımdır. Bəlkə də, kənardan asan görünür, amma asan deyil. Çox adam gəlib, kimi bu işə yaramayıb, kiminin hövsələsi çatmayıb, kimini də gördüyü işin müqabilində aldığı pul qane etməyib və uzaqlaşıb. Qalanlar haqqında həmişə deyirəm ki, onlar fədaidirlər. Çünki iş prosesi havasız, pəncərəsiz, qapalı bir şəraitdə olur. Elə studiyalar vardı ki, kondisioneri belə yoxdur. Təsəvvür edin, o şəraitdə işləmək necə çətindir. Üstəlik də qəpik-quruşa.

- Oğlunuz da dublyajla məşğuldur.

- Hə, əslində, oğlum əvvələr başqa sahədə çalışırdı, aktyor olmaq fikri yox idi. Ancaq canında bu istedad vardı, elə oldu ki, təsadüfən o da bu sahəyə gəldi, sonra gördük ki, dublyaj onda alınır. Amma bir ana olaraq mən razı deyildim.

- Niyə?

- İlləri boş keçdi. Yəni eləcə mikrofon arxasında keçdi, başqa işlə məşğul olmadı. Düzdür, ilk vaxtlarda ona çox dedim ki, bura gəlib-gedirsən öz yerində, amma özünə başqa bir iş də tap. Hiss edirdim ki, bağlanıb bu sənətə.

- Sənət həm də xəstəlikdir axı.

- Mən 10-cu sinifdə oxuyanda dram dərnəyinə gedirdim. O bir ildə mənim taleyim həll oldu. Ondan qabaq müxtəlif variantlar var idi. Nə isə uzatmıram söhbəti. Hə, orda dərnəyin rəhbəri anama demişdi ki, ay bacı, ona dəyməyin, o, artıq zəhərlənib, müalicə eləyə bilməyəcəksiniz.

- Ananız sizi niyə müalicə etmək istəyirdi ki? Aktrisa olmağınıza qarşı idi?

- Məktəbdə yaxşı oxuyurdum, anam elə bilirdi ki, fizik olacağam. Mən də dedim ki, ömrümü rəqəmlərlə keçirmək istəmirəm. İndi məktəb proqramıdır deyə oxuyuram. Ümumiyyətlə, bütün fənləri yaxşı oxuyurdum. Alman dilini də yaxşı qavrayırdım, yavaş-yavaş balaca tərcümələr eləyirdim. Bu dil üzrə oxumaq istədiyimi deyəndə anam dedi ki, Allah eləməmiş birdən yenə müharibə olar, səni də apararlar. İlk baxışdan gülməli görünsə də, onu qınamırdım, müharibə dəhşətini görmüşdü, gözü qorxmuşdu.

- Bəs atanız aktrisa olmaq niyyətinizi necə qarşıladı?

- Atam bilmirdi ki, mən incəsənətə hazırlaşıram... Bibim bilirdi, bibim də bir az narazılıq eləyirdi. Bircə əmim dedi ki, uşaqdır, həvəsi var, yəqin ki, keçib gedər, hələ bilmək olmaz sənətin dalınca gedəcək, ya yox. Bir sözlə, bütün bunlara baxmayaraq, mən İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olundum. Təsəvvür eləyin, atamın mənim aktrisalıq oxumağımdan xəbəri yox idi.

- Necə yəni? Soruşmurdu ki, ay bala, sən nə oxuyursan?

- Atam bilirdi ki, mən qəbul olunmuşam, oxuyuram, vəssalam. Həm də mən hələ tələbə ikən atam qəzada dünyasını dəyişdi (fikrə gedir). Bəlkə də, bilirdi, amma üzə vurmurdu, o da ola bilər. Sadəcə heç vaxt bizim aramızda bu mövzuda söhbət olmayıb. Yadımdadır, bir neçə dəfə baleti sevdiyimi demişdim. Baletə getmək istəyirdim. Atam eşidəndə dedi ki, bir baletimiz çatmırdı. Qələtini elə, nə balet? Elə şey yoxdur, bir dənə yumruq vurdu stola. Onunla da söhbət bağlandı.

- Sizin bioqrafiyanızda xeyli film adı var. Di gəl, səsinizi eşidəndə ilk yada düşən Təhminə olur. Bu, sizi qıcıqlandırmır ki?

- Neçə illərdir ki, dublyajla məşğulam. Bir müddət Lənkəran teatrında çalışmışam. Beş il veriliş aparmışam. Ancaq hamı məni məhz Təhminənin səsi ilə xatırlayır. Artıq buna öyrəşmişəm.

- Necə oldu bu rolun səsləndirməsi üçün məhz sizi seçdilər?

- O vaxt mənə dedilər ki, Rasim Ocaqov səni axtarır. Deyib ya zəng eləsin, ya da gəlsin. Əlbəttə ki, mən zəng eləmədim, birbaşa yanına getdim. Rasim müəllim özü dedi ki, bəs istəyirəm Təhminəni sən səsləndirəsən. Bundan əvvəl də onun filmlərində rollar səsləndirmişdim. "Təhminə" filminin özü kult bir filmə döndü. Bilmirəm, Anar müəllim, Rasim müəllim bunu gözləyirdi, ya yox, mənim üçün həqiqətən də gözlənilməz bir şey oldu.

- "Ölsəm, bağışla"da Gülya obrazını sizin səsləndirdiyinizi eşidəndə xeyli təəccüblənmışdim.

- O film haqqında mənə deyəndə soruşdum ki, aktrisa azərbaycanlıdır, niyə özü səsləndirmir? Rasim müəllim dedi ki, aktrisa çox cavandır, istəyirəm bir az yaşını artırım.

- Həm Gülyanın, həm də Təhminənin səsi xeyli fərqlənir.

- İnanın ki, o vaxtlar öz səsimdən acığım gəlirdi. Nə vaxt səsimi eşidirdimsə, qıcıqlanırdım. Ümumiyyətlə, ağlıma gətirməzdim ki, həyatımın böyük bir hissəsi mikrofona bağlı olacaq. Səsin fərqinə gəldikdə isə illər keçib, bu, öz yerində, bir də o rolu səsləndirərkən keçirdiyim hiss-həyəcan tamam başqa idi. Lirika istər-istəməz insanın səs tonuna da təsir edir. Teatrda belə bir ifadə var: öz içindən, öz süzgəcindən keçirmək. Yəni quru-quru mətni əzbərləyib oxumursan, hissləri yaşayaraq danışırsan.

- Təhminənin söyüşləri, yataq səhnəsindəki səsləri... Bunları  səsləndirərkən etirazınız olmadı ki?

- O vaxt Rasim müəllim yavaşca dedi ki, burada belə bir yer var. Mən bilirəm, bizdə belə adət yoxdur, amma biz bunu deməliyik. Dedim, mən bu sözü necə deyim? Hamı biləcək ki, mənim səsimdir, mən danışıram. Hər nəysə. Sonda həmin yerləri oxudum. Ancaq inanın, o söhbət zamanı xeyli utandım.

- Təhminəni qınayanlardansınız, yoxsa anlayanlardan?

- Mən Təhminəni qadın olaraq başa düşürəm, onun da qisməti belə oldu. Neyləsin, deyirlər, gözəl qadınların bəxti çox nadir hallarda gətirir, çünki həmişə o qadında gözlər qalır. Pişiyin ağzı ətə çatmayanda deyir iylənib. Yəni gözəl qadınlar haqqında yalan-doğru çox şey danışırlar. Heç kim dəqiq bilmir ki, onun həyatında baş verən hadisələrin neçəsi doğrudur, neçəsi yalandır.

- Ancaq Təhminə də süddən çıxmış ağ qaşıq deyildi.

- Yox, yenə də deyirəm, onun taleyi belə gətirib. Təhminənin övladı olmurdu. Hamı ona əyləncə kimi baxırdı, amma o, Zauru həqiqətən sevirdi. Ona görə də dedi ki, mən uşaq dünyaya gətirə bilməyəcəm, get özünə ailə qur. Təhminə pis insan deyildi.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 21 oktyabr, ¹191.-S.17.