Payız: itlər,
adamlar, küçələr...
Esse
Yenicə
başlayıb yağışlar. Axşamlar sahildə gəzərkən
əllərini cibində saxlayırsan ki, soyuq kəsməsin.
Səhərlər günəş özünü nə qədər
aydın göstərsə də, uzunqol köynəyin
üstünə gödəkcə keçirirsən.
Asfaltın ortası ilə yeriyən itlər indi özlərinə
beş-altı aylıq "kirayə evlər tutub". Həyət
evlərinin kandarında canlarındakı vəfanı bir tikə
çörəyə, sümüyə, bir də
yağış yağanda daldalanmaq üçün
seçdikləri yerə dəyişirlər. Bəzən bu
dəyiş-düyüş uğurlu olmur. Bacarmayanlar bələdiyyənin
sabit yerləşdirdiyi böyük zibil qutularının
altında yaşayırlar. İki ay bu fəsildən,
üç ay da o birindən - soyuq-sazağın ömrü
beş aydı. Mart gəlsin, onlar üçün bu balaca
şəhərdə bəs qədər yer var: gəzməyə
də, yatmağa da. İtlərin gözündə qəribə
bir həsrət olur. Yanında sahibi olsa da, balalarını
başına yığsa da, həmişə gözləri nəsə
axtarır. Belə havalarda həmin hüzün bir az da dərinləşir.
Elə bil hiss edirlər ki, yollarda adamların sayı azalacaq,
zibili gündə bir dəfə atacaqlar, ətlər donacaq,
su tapmaq müşkülə dönəcək.
Yaşadığım məhəllə yayda dincəlmək
üçün şəhərdən baş
götürüb qaçan adamların bağ evləri ilə,
villaları ilə dolu bir yerdir. Payız gələndə,
havalar bir az soyuyanda, dəniz sahilin sözünə baxmayanda
qayıdırlar meqapolisə. Sentyabrda da buralar tələbələrlə
dolub-daşır. İlin istənilən fəslində adam
qaynayır burda. İtlər yayda dənizə girən
qocaların, qışda universitetə tələsən gənclərin
yanıyla məhəllədə yol ölçürlər.
Bilirlər ki, heç birimiz onlar kimi vəfalı ola bilməyəcəyik:
həm onlara, həm bu məhəlləyə. İntizar
gözlərində gah kiçik dükanların, gah da
restoranların qabağında bir-birini qovurlar. Qulaqları,
quyruqları sallana-sallana payızın rutin boz-bulanıq
havasına rəng qatırlar. Pəncələrini asfaltdan
torpağa çəkirlər: hiss edirsən ki,
üşüyürlər. İtlərin bu havalarda qəribə
sinematoqrafik görünüşləri olur. Sanki sənət
filmlərinin içindən çıxıb gəliblər.
Yerişləri, səsləri, ağızlarını yeməyə
uzatmaqları, mürgü vurmaqları, baxışları o qədər
estetik olur ki, cibindən telefonu çıxarıb saatlarla
onları çəkmək istəyirsən.
Baxışlarındakı kədəri görə bilənlər
isə əsl ustadırlar. İtlərin intizarı payızda
başlayır...
Elə
adamların da. Təklik ac canavar kimi hücum edir adama bu
aylarda. İrigövdəli bir yalnızlıqla güləşirsən
oktyabrda. Noyabr dəhşətli qaranlıqların
simfoniyası kimi uzandıqca uzanır. Dekabra yaddaşı
yaralı girirsən. Açıb tökürsən xatirə
dediyin keçmişi küçələrə boydan-boya.
Hara baxsan, kimisə görürsən. Harda dayansan, kimisə
gözləyirsən. Hansı nömrədən zəng gəlsə,
ürəyinə isti bir görüşün ümidi
yayılır. Dost məclislərindəki
gülüşün, qəhqəhənin yerini boşluğa
zillənmiş baxışlar alır. Əbədiyyətin
ağırlığı çökür üstünə,
çıxa bilirsən, çıx altından. Zarafatlar
solur, mahnılar ritmini azaldır, filmlərin dəqiqələri
artır, şeirlərin fəsli başlayır. Yeni heç
nə öyrənmək istəmirsən. Bilirsən ki, tozlu vərəqlərin
arasında onlar da çoxdan köhnəlib. Taksi səni evə
gətirənə qədər min dənə olub-keçən
hadisənin içindən keçirir. Payız bütün fəsillərin
melanxolik təkrarıdır. Vaxt dayanır, gecə uzanır,
oyanırsan, gündüz qısa, günorta yenə axşama
tələsir. İçində nəsə
qırılır hava qaralanda. Təzə adamlar tanımaq
yorur, təzə söhbətlərə səbrin
çatmır. Oturub taleyin növbəti nəhs təsadüfünü
gözləyirsən. Əlin-ayağın hər şeydən
soyuyur. Unudulmaq keçir içindən, bacarmırsan. Fikirləşirsən,
kaş yaddaşın ovuclarının içində
olaydı, yaya qədər quma basdırardın. Yayda yenə
yadına düşərdin dostların. Kipriklərindən məyusluq
sallanır. Barmaqlarının ucuna qədər hiss edirsən
meyxoş kimsəsizliyi. Adamların hamısı təkdir
payızda. Heç kimin yanında heç kim qalmır. Hər
kəs çəkilir öz içinə. Öz içindən
baxır hər yerə, hamıya. Qalın paltarların
içində gizlədirlər özlərini. Özlərindən
içəri bir özləri girir. Necə demiş o
böyük Zat: Fihi ma fih...
Payız
o tənha adamların gözlərindən başlayır.
Siqaret dumanının içində ora-bura qaçan xəyallar
yorulub havadan asılı qalır. Hamısı sərgidəymiş
kimi sallanır qarşında. Ümidlərin rəngi
saralır. Üstünə qar yağacaq qışda. Yaza
cansız, qupquru çıxacaq o ümidlər də.
Payız adamların saçlarından ayaqlarına axır...
Axıb tökülürlər küçələrə.
Küçələrin mənzərəsi dəyişir. Mərmərədən
baxanda buralar yuxusunu almamış yorğun dəmirçinin
qalın üz cizgiləri kimi hərəkətsizdir. Burdan Mərmərəyə
baxanda isə uzaqlarda haradasa göy üzü ilə birləşən
sonsuz bir bozluq görürsən. Payızda Bakının
küçələri üçün darıxıram.
"İslam Səfərli"də avara-avara gəzmək
istəyirəm. Akademiya parkından İçərişəhərə
piyada düşmək keçir içimdən. Sahil
bağından bulvara addımlayıb, yeraltı keçidlərdə
qarmon çalan bəxtikəm cavana qulaq asmağı
arzulayıram. Bakı mənim üçün həmişə
payızın şəhəri olacaq. Harda oluramsa olum, məncə,
Bakını doqquz ay unudub, payızda yenə xatırlayacam. Hər
küçəsində bir xatirəni özbaşına,
yetim qoyub çıxdım "küləklər şəhəri"ndən.
Söz yerinə çəkər, bir il oldu özümü həmin
sentimental xatırladığım küçələrdən
çıxarmağım. Ağrılı, axarlı günlərin
ümidinə sığınıb yeddi-səkkiz ili yola verdim
Bakıda. İndi azca uzaqdan baxandan dünyanın ən
gözəl şəhəri kimi görünür Bakı. Nəmli
səhərləri, yapışqan günortalarına
calanıb üzü kədər gecələrində bitirirdi
günləri. Günləri saymırdım. Saymırdım
ki, bu qədər mənalı günlər azalmasın.
Azaldıqca məni də yordu. Yorulduqca qaçmağa
başladım. Hər şeyin artığı yük
imiş, ən çox da sevginin. Bir gün yaddaşımda
ağır bir yükə çevriləcək qədər
sevmişdim, sevirəm, sevəcəyəm Bakını.
Küçələrinin adını itlərə,
adamlarının adını şeirlərə qoymuşdum
ki, qəribçilikdə unuda bilməyim, yadımdan
çıxmasın. İndi payızın bu ağır rəngli
günlərində masa arxasına keçib nəsə yazmaq
istəyəndə, xatirələrdən birinci Bakı
gündəliyi gəlib dayanır yanımda. Deməli,
buralarda hələ az yaşamışam. Təbin lal su kimi
axdığı fəsildi payız. Küçələrin
səssiz, adamların kimsəsiz, itlərin nagüman gəzdiyi
ayların içindən yenə sıyrılıb
çıxacağıq qışın qəlb yoran bəyazlığına.
Yarpaqlardan yığdığımız xatirələri indi
də qar altından çəkib çıxaracağıq.
İnsanın təbiəti budur: kədər, ümid, kədər,
son bahar...
Rəvan
CAVİD
525-ci
qəzet.- 2023.- 21 oktyabr, №191.- S.16.