HƏYAT QƏDƏR TƏBİİ
"Sani"
ikinci deməkdir. Bu kəlmə onun adından sonra,
soyadından əvvəl işlənir - Süleyman Sani Axundov.
Özü bu təxəllüsü niyə seçdiyini nə
deyib, nə də yazıb. Amma ondan sonra gələnlər bu
suala cavab verməyə çalışıblar və hərə
səbəbi öz bildiyi kimi yozub. Bəziləri deyiblər
ki, Süleyman Axundovun vaxtilə işlədiyi məktəbdə
Süleyman Əbdürrəhmanov adında bir başqa müəllim
də olub. Təvazö əlaməti olaraq Süleyman Axundov
öz adının yanına "sani" kəlməsini
artırıb, yəni "ikinci Süleyman".
Ancaq
başqa cür də izah edənlər tapılıb:
yazıblar ki, "sani" kəlməsi ada deyil, soyada da aid
ola bilər. Yəni ikinci Axundov. Ağlabatan
görünür, çünki həqiqətən də
Süleyman Sani Axundov Azərbaycan gerçəkçi nəsrinin
banisi Mirzə Fətəlinin davamçılarından
sayıla bilər. Ancaq Süleyman Sani Axundovun
yaşadığı ömür yolunu, bizə yadigar qoyub
getdiyi irsi indi - vaxtın hündürlüyündən seyr
edirkən gəlinən əsas qənaət ondan ibarətdir
ki, Süleyman Sani Axundova yaraşmayan bircə kəlmə
varsa, o da elə "sani" - "ikinci"
sözüdür. Çünki o, heç vaxt ikinci
olmadı. Ömrünün iri parçasını müəllimliyə
həsr etdi. Bu peşəni qəlbən sevdi və ikinci yox,
üçüncü yox, ən birinci müəllim oldu.
Allah
ona yazıçılıq istedadı vermişdi. İlk gənclik
illərindən başlayaraq ömrünün sonuna qədər
yazdı. Bir-bir oxuyursan, o əsərlərin arasında ikinci
dərəcəlisi gözə dəymir. Müəllim kimi də,
yazıçı kimi də birincilərdəndir.
Di gəl,
Süleyman Sani Axundovu fərqləndirən ümdə bir cəhət
də var. O, əsas iki peşənin sahibi idi: müəllim və
yazıçı. Onun varlığında və qələmində,
düşüncə və duyğularında müəllimliklə
yazıçılıq birləşmişdi. O, müəllim-ədib
idi. Və bu mənada o, Azərbaycan ədəbiyyatı, Azərbaycan
düşüncəsi tarixində yazıçı-müəllim,
müəllim-yazıçı olaraq ən ucada dayananlardan
biri, bəlkə də əvvəlincisidir.
Süleyman
Sani Axundovun ömrü boyu qələm əlindən
düşməyib. Hekayələr, povestlər, pyeslər, məqalələr
yazıb. Ancaq həm məzmun, həm şəkilcə fərqli
bu əsərlərin hamısını birləşdirən
seçkin cəhət var. Onların hər biri əslində
böyük bir dərsliyin hissələri kimidir. Süleyman Sani
Axundov bütün yaradıcılığı ilə
ömrü uzunu bütöv bir dərslik yaradıb.
Və
bu, mərifət, sağlam mənəviyyat, yaxşı azərbaycanlı
olmağın dərsliyidir. Nə qədər ki Azərbaycan
insanı var, o kitaba bizim ehtiyacımız qalacaq. Nə qədər
ki Azərbaycan insanı Süleyman Sani Axundovun o dərsliyini
oxumaqda davam edəcək, içəridən zənginləşmək,
daxilən saflaşmaqçün daha bir pəncərə
onunçün açıq olacaq. Gərək biz Süleyman
Sani Axundovun bütün yaradıcılığının
yekunu olan həmin bütöv kitaba, o mənəviyyat, o mərifət,
o azərbaycançılıq dərsliyinə dönə-dönə
və fəsil-fəsil qayıdaq. Hər dəfə o
böyük, o əziz kitaba qayıtdıqca Süleyman Sani
Axundovun ölməz ruhu və adı da bizimlə yaşayacaq,
o kitabdan saçan işıq içərimizi daha dolu,
yolumuzu daha aydın edəcək.
...Süleyman
Sani Axundovun qələmə aldığı sıra-sıra əsərlər
arasında "Uşaqlıq illərimdən xatirələr"
adlı bir yazısı da var ki, şirinliyi ilə onun digər
hekayələrindən heç geri qalmaz. Süleyman Sani
Axundov bu hekayətini belə başlayır ki, atam Rzaqulu
söyləyirmiş, onun üç oğlu, bir qızı
olacaq və onlara bu adları verəcək: Qəhrəman,
Rüstəm, Süleyman, Mahtaban. Və davam edir ki, həqiqətən,
atamın bu sözləri həyata keçir.
Bu,
Rzaqulu bəyin bir öncəgörümü idi, ya arzunun
gerçəkləşməsi? Hər halda necə söyləmişdisə,
o cür alınır. Qəhrəman adı verdiyi ilk
övladı dünyaya gəlir. O uşaq kiçikkən həyatdan
getsə də, ardınca adları qabaqcadan hazır olan
Rüstəm, Mahtaban doğulur və Süleyman dünyaya gəlir.
Ancaq Süleymanın dünyaya göz açmasından ikicə
ay sonra atası Rzaqulu vəfat edir.
Rzaqulu
bəy olmağına bəy idi, ancaq kasıblamış bəylərdən
idi və ortabab güzəran keçirirdilər. Rzaqulunun
gedişi ilə ailənin digər bütün ehtiyacları və
üç uşağın yükü düşür Durnisənin
zərif çiyinlərinə. Yaxşı ki, qardaşı
Səfərəli Vəlibəyov ona kömək əlini
uzadır.
Səfərəli
Vəlibəyov Qori seminariyasında müəllim idi. Yasdan xəbər
tutunca Qarabağa gəlir, hüzrdən geri qayıdanda ailənin
böyük uşağı - bacısı oğlu Rüstəmi
özü ilə aparır ki, himayəsində saxlasın.
Aparır,
Rüstəmə əvvəlcə evdə özü dərs
verib hazırlayır, gimnaziyaya da qəbul elətdirir. İki
uşaq - Mahtabanla Süleyman anaları Durnisə ilə
Ağdamın Seyidli kəndində yaşamaqda davam edirlər.
Süleyman Sani Axundovun sonralar yazdığına görə,
onun uşaqlıq illəri, bütün
sıxıntılarına baxmayaraq, bir nağıl kimi
keçirmiş.
Süleyman
1875-ci il oktyabr ayının 21-də doğulmuşdu. Dünya
onu acı qarşılayıb atasını əlindən lap
erkən almışdısa da, öz xatırlamasınca,
uşaqlıq illərinin şirin dadı damağında həmişəlik
qalmışdı.
Sonralar
xatırlayırdı ki, gözünü açıb ətrafında
gül-çiçək, yaşıllıqlar, meşəliklər
görüb, bütün kəndi bir bağ kimi olub və elə
sıx bağ ki, buludları, göyün üzünü də
ağacların yaşıl budaqlarının arasından
görürmüş.
Uşaq
idi və sadə uşaq da deyildi. Elə kiçik
yaşlarından dünyanın gözəlliklərinə
sevinməyi bacarırdı. Onu bir çiçəyin
açılması riqqətə gətirirdi, bir kəpənəyin
qanadlarındakı xallar onda şövq oyadırdı və
anasının oxuduğu adicə bir layla, zümzümə elədiyi
bir el nəğməsi körpəcə ürəyini həyəcanla
daşdırırdı: "Mən gözlərimi
açdıqda özümü zəngin təbiət
içində gördüm. O məni mərhəmətli
qucağında yaşadarkən həyatın ağır, zəhərli
hallarını - yetimlik, yoxsulluq məşəqqətini
unutdururdu. Biz uşaqların bütün günləri
bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə
evlərimizə qayıtmazdıq. Qayıtdıqda da çox
vaxtı əllərimizə bir parça çörək
alaraq yenə də bağa qaçardıq. Cürbəcür
meyvələr orda; çiçəklər, göy otlar orda;
rəngin pərvanələr, oxuyan quşlar orda.
...Bahar
vaxtı ağaclar hər növ rəngin çiçəklər
açaraq bağları gülüstana döndərirdi. Bu
zaman quşlar yuva tikməyə məşğul olduqda biz də
onlarla bəhs edərək evcik tikib çiçəklərlə
bəzərdik".
Süleyman
böyüyüb Azərbaycanın məşhur
insanlarından birinə çevriləcək,
tanınmış yazıçı olacaq, həyatı boyu
da çox sınaqlardan keçəcək, ömür zərbələrini
də az dadmayacaq. Ancaq uşaqlığından ona xas olan
nikbinlik və gözəlliyə heyranlıq duyğusu sonacan
Süleymanla birgə qalacaq. Uşaqlığının hər
gününə taleyin nəsib etdiyi bir nağıl kimi baxan
Süleyman Sani Axundov Azərbaycanın ən şirin, ən
gözəl nağıllarını yaradacaq.
...Süleymanın
Səfərəli Vəlibəyov kimi dayısının
olmağı o demək idi ki, gec-tez yaxşı təhsil
alacaq. Amma tale elə gətirmişdi ki, hələ Qori
seminariyasına gedib çatacağı, Səfərəli Vəlibəyovun
onu təhsil yollarında irəlilədəcəyi zamanlardan
daha əvvəl o, bir başqa məktəbdə oxumağa
başlamışdı. Əmisinin Tağı adlı
oğlu Süleymandan xeyli böyük idi, Tağının
oğlu Məmmədağa elə Süleymanın
yaşıdı idi. Tağını Süleyman elə ata əvəzi
qəbul edirdi, ona əmi kimi baxırdı. Və Tağı
da Süleymanı çox sevirdi, balalarından
ayırmırdı, aydın zəkalı uşaq olduğundan
kiçikliyindən onun tərbiyəsinə də yaxından
diqqət edirdi. Tağı mahir ovçu idi və hərdən-hərdən
şikara çıxanda Süleymanı da özü ilə
aparırdı. Süleyman Sani Axundovdan bizə irs qalan əsərləri
oxuduqca buna da şahid olursan ki, Azərbaycan ədəbiyyatında
təbiəti, təbiətin dilini ondan yaxşı bilən
başqa ayrı yazıçı təsəvvür etmək
çətindir. Bu da elə uşaq yaşlarından ona əmisi
oğlu Tağının öyrətdiyi təbiət dili dərslərinin
nəticəsi idi. Balaca Süleymanın nəzərində
bütün quşlar təqribən eyni idi. Amma Tağı
ona anladırdı ki, bildirçinin alabaxtadan fərqi nədir,
sığırçının oxuduğu nəğmə ilə
qaratoyuğun oxuduğu şərqi arasında nə fərq
var. Süleyman Sani Axundov xatırlayırdı ki, Tağı əmioğlu
mənə göyün üzünü göstərirdi ki,
bax. Baxırdım, qara bir nöqtə. Deyirdi, o nöqtə
kimi gördüyün qaraquşdur, ova hazırlaşır.
Deyirdim ki, ay Tağı əmioğlu, onun ovlayacağı
quş gözümə dəymir axı. Başa
salırdı ki, qaraquşun gözləri çox iti olur.
Deyirdi ki, fikir ver, qaraquş göydə o qədər
uzaqdadır ki, nöqtə kimi görünür. Amma adama
ucalarda nöqtə kimi gələn qaraquş yerdə balaca
siçanın da hərəkətini görür. Özü
də çox sürətli quşdur, indi
şığıyacaq, hardasa gizlənmiş bir quşu
caynağına alacaq.
Beləcə,
Tağı gün-gün, saat-saat balaca Süleymana
gülün-çiçəyin, ağacın-yarpağın,
quşların-heyvanların dilini öyrədirdi. O,
quşlardan, heyvanlardan, güllərdən
danışdıqca Süleymana onlarla bağlı hekayətləri,
rəvayətləri, əfsanələri də söyləyirdi.
Ona görə də kiçik yaşlarından
Süleymanın qulağı, ürəyi zahirdən
nağıla bənzəyən, amma içəridən həqiqət
olan hekayətlərlə dolurdu.
Böyüyəcək,
özü də bu hekayətlərin ən gözəllərini
qələmə alacaq.
Amma
asta-asta illər də keçirdi, Süleyman yaşa dolurdu,
çatmışdı doqquzuna, on yaşına qədəm
basmışdı və Səfərəli Vəlibəyov yenə
Qoridən gəlir Qarabağa. Budəfəki səfərində
niyyəti bubiri bacıoğlusunu da təhsildən
ötrü Gürcüstana aparmaqdı.
Süleyman,
bacısı və anası yayları Şuşada, qalan fəsilləri
Seyidli kəndində keçirərdilər. Dayısı onu
bu doğma mühitindən ayıraraq Qoriyə aparanda
Süleyman əvvəlcə bir xeyli müddət
darıxır. Özü sonralar uşaqlıq
çağlarıyla bağlı qələmə
aldığı xatirələrində etiraf edirdi ki, orda -
Qarabağda olduğum günlərdə azaddım, səhərdən-axşamacan
tay-tuşlarımla, uşaqlarla gəzib dolanardıq, müxtəlif
oyunlarla vaxtımızı keçirərdik. Ancaq burda bir
hücrənin içərisində - dörd divarın
arasındaydım, səhərdən-axşamacan oxumalı,
öyrənməli idim.
Amma
oxumaqda, öyrənməkdə də, digər
maraqlarındakı kimi, balaca Süleyman ardıcıl idi. 5 il
ərzində mükəmməl ibtidai təhsilaldıqdan
sonra 1890-cı ildə artıq Qori Müəllimlər
Seminariyasına qəbul edilir. Lakin bu yerdəcə onun həyatında
vacib yeri olan dayısı haqqında əlavə bir neçə
söz deməyə ehtiyac var. Səfərəli Vəlibəyov
Azərbaycanın maarif, ziyalılıq tarixində daim
sayğıyla anılmağa layiq insanlardan biridir. 16 il Qori
seminariyasında dərs dedi və seminariyada
çalışdığı həmin müddətdə Azərbaycandan
gələn uşaqların yetişməsinə böyük əməklər
sərf etdi.
Qori
seminariyasında aparıcı simalardan olan Aleksey Osipoviç
Çernyayevski "Vətən dili" dərsliyini yazmışdı.
Çox keçmədən həmin dərsliyin ikinci cildi də
ortaya çıxır. İkinci cildi isə Çernyayevski Səfərəli
Vəlibəyovla birgə qələmə almışdı.
Ancaq Səfərəli Vəlibəyovun bu "Vətən
dili" dərsliyindən savayı da Azərbaycan insanına
yadigar qoyduğu başqa əsərləri var. O, "Qüdrət-iXuda",
"Xəzine-yiəxbar", həmçinin mükəmməl
bir fars dili dərsliyini də hazırlayıb nəşr
etdirmişdi. Ancaq söz yox ki, Səfərəli Vəlibəyovun
Azərbaycana bağışladığı əsərlərin
ən mükəmməllərindən birincisi Süleyman Sani
Axundov oldu.
Azərbaycan
gəncliyi gərək bu əhvalatı yadında bir örnək
olaraq saxlaya. 1893-cü ildi, Süleyman Axundov Qori
seminariyasında təhsilini davam etdirirdi, ən nümunəvi
şagirdlərdən biri sayılırdı və yanvar
ayının 18-də o, növbətçi idi. Növbətçinin
öhdəsinə digər bütün vəzifələrlə
yanaşı, seminariyanın yeməkxanası
üçün həmin gün tələb olunan ərzaqdan
ötrü dükan-bazara yollanmaq düşürdü. Və
şagird Süleyman Axundov da seminariyadan bazarlıq
üçün nəzərdə tutulan müəyyən məbləği
götürərək yollanır qonşuluqdakı adətən
çörək aldıqları dükana.
Çörəyi
alır, gəlir, növbətçi kimi digər işlərini
də vicdanla yerinə yetirir. Sanki hər şey qaydasında
gedirdi. Lakin ertəsi gün müəyyən
araşdırmalar aparılır və bəzi uyğunsuzluqlar
ortaya çıxır. Seminariyanın Azərbaycan şöbəsinin
müfəttişi Aleksey Çernyayevski idi. Yoxlayıb
görür ki, adətən çörəyi 1 manata
alırlar, amma Süleyman Axundov çörəyi 1 manat 20 qəpiyə
alıb. Demək, seminariyanın xəzinəsindən 20 qəpik
artıq götürüb. Çağırır
Süleymanı, haqq-hesab tələb edir. Süleyman da deyir
ki, nə pul götürmüşəmsə, dükanda
hamısını vermişəm, ödədiyim pulun
müqabilində nə qədər çörək veriblərsə,
onu da gətirmişəm. Çernyayevski də qayıdır
ki, çörək 1 manata alınırdı, 1 manatdan
hesablayanda da filan kiloqram çörək olmalıdır
burda, amma çörəyin ümumi çəkisi adətən
olduğundan azdır. Demək, qiymət 20 qəpik daha baha
çıxır. Süleyman and-aman edir ki, orda hansı məbləği
istəyiblər, onu vermişəm. Şagirdin sözünə
inanmırlar və onun bu hərəkətini dələduzluq
kimi qiymətləndirirlər. Çernyayevski Süleymanın
dayısı Səfərəli Vəlibəyovla həmkar
olmaqdan əlavə dost idi. Səfərəli Vəlibəyovun
yanında şikayətlənir. Bununla ürəyi soyumur,
yollanır direktorun otağına, ona da əhvalatı
danışır. İş böyüyür. Qərara
alırlar ki, bu məsələni seminariyanın pedaqoji
şurasında müzakirə eləsinlər və belə
yaramaz hərəkətə yol vermiş şagirdi cəzalandırsınlar.
Süleyman həyəcan içərisində nə qədər
izahat verməyə, özünü doğrultmağa
çalışsa da, inanan olmur.
Naçar
qalıb gəlir dayısının yanına, deyir, vallah, mən
hər şeyi düz eləmişəm, heç kəsi
aldatmamışam, heç kəsə kələk gəlməmişəm,
amma dayısı da qayıdır ki, yox, sən get
Çernyayevskidən də, seminariyanın direktorundan da
üzr istə.
Məsələni
pedaqoji şurada müzakirə edirlər, əlaçı
şagird Süleyman Axundovun "Əxlaq"dan qiymətini
"əla"dan "kafi"yə endirirlər. Və bu
hadisə gənc Süleyman Axundova sarsıdıcı təsir
göstərir. Yeniyetmə idi, ömür, yol yeni
başlanırdı və belə bir ağır ittihamla o,
dayısının da, müəllimlərinin də, şagird
yoldaşlarının da gözündən
düşürdü. Bütün dəhşəti ilə
anlayırdı ki, hadisənin təfərrüatları
seminariyanın divarları arasında danışılmaqla
bitməyəcək, kənara da yayılacaq, vətənə
qayıdıb müxtəlifyerlərdə dərs deyən
sabiq seminariya yoldaşları qəziyyəni, olsun ki,
üstünə də qoyaraq orda-burda söyləyəcək,
bu minvalla həmin töhmət adının, nəslinin
üstündə yuyulmaz bir ləkə kimi həmişəlik
qalacaq. Ona görə bu çıxılmaz durumdan
çıxış yolu arayır, çox
düşünür və nəhayət, məsələnin
həllinin ən qısa yolunu tapır. Gedir seminariyanın
feldşerinin yanına. Aralarında yaxşı münasibət
varmış. Rica edir ki, mənə buqədər borc pul
verin, sabah, ya biri gün məbləğ sizə mütləq
qaytarılacaq. Pulu götürüb gedir və bir tapança
alır. Tapançanı götürəndə də satanla
şərt bağlayır ki, aparıb yoxlayacam. Əgər bəyənməsəm,
onda ya mən, ya bir digəri gətirib qaytaracaq, pulu geri verərsiniz.
Və
1893-cü il yanvar ayının 22-də şagird Süleyman
Axundov qəbul etdiyi o qəti qərarı həyata
keçirməyə hazırlaşır. Əvvəlcə
dörd məktub yazır. Məktublardan birini Aleksey
Osipoviç Çernyayevskiyə ünvanlayır, ikincisini
dayısı Səfərəli Vəlibəyova,
üçüncüsünü dostu Musa Quliyevə və
sonuncusunu da tapançanı almaq üçün borc pul
götürdüyü Qori seminariyasının feldşeri
Patapova yazır.
Çernyayevskiyə
ünvanladığı məktubu belə
başlayırdı ki, "Hörmətli Aleksey Osipoviç!
Mən 8 ildir ki, Qori seminariyasındayam. Burada - Qori
seminariyasında bir adam tapmazsınız ki, məndən
narazı olsun. Mən çalışmışam ki, həmişə
namuslu, vicdanlı olum. Ancaq siz məni kələkbazlıqda -
dələduzluqda ittiham etdiniz. Dediyim sözlərə də
inanmadınız. Ona görə tək çıxış
yolum qalır - intihar etmək".
İkinci
məktubunu dayısına ünvanlamışdı:
"Əziz dayı! Bilirəm ki, bu hərəkətimlə
sizə böyük bir dərd gətirirəm. Arxada qalan illər
ərzində mən sizə həmişə yük
olmuşam, həmişə mənim qayğımı çəkmisiniz.
Ancaq indi elə bir məqam yetişdi ki, mən namusumu
qorumalı idim. Mən getməliyəm, mənim başqa
çıxış yolum yox idi".
Seminariya
yoldaşları içərisində ona ən yaxın, ən
məhrəm olan Musa Quliyevə yazdığı
üçüncü məktubda sirdaşına ürəyini
açırdı: "Əziz Musa! Mən bir səfərə
hazırlaşıram. Elə bir səfərə ki, o səfərdən
indiyədək heç kim geri qayıtmayıb. Mənim
üstümə böyük bir böhtan atıldı. Mən
bu ləkə ilə yaşaya bilmərəm".
Yazdığı
dördüncü məktub verilmiş sözə, göstərilmiş
etibara sədaqətlə bağlı idi. Bu zərfin
üstündə məktubun Qori seminariyasının
feldşeri Patapova təqdim olunması istənilirdi:
"Əziz Saşa, mən sizi aldatmamışam. Siz bu məktubu
alanda mən həyatda olmasam da, sizə olan borcumu sabah, ya biri
gün mütləq gətirib qaytaracaqlar. Çünki mən
tapançanı şüşəçidən
almışam. Onunla da şərt bağlamışam ki, əgər
tapançanı gətirib sizə qaytarsalar, pulu geri verərsiniz".
Bu
dörd məktubu yazıb tamamlayandan, ayrı-ayrı zərflərə
qoyandan sonra Süleyman tapançanı götürür və
ürəyini nişan alır. Dalbadal iki atəş
açır. Bir yox, iki atəş açması onun təsdiqi
idi ki, o, özünə qəsd etməyi yüzfaizli qət
etmişdi. Ancaq Əlahəzrət Təsadüf girir araya.
Güllə ürəyə dəymir, lap azacıq yan
keçir.
Bu
tapançanın, bu atəşlərin əks-sədası
seminariyadan qıraqlara sıçrayacaq. İşə polis
qarışacaq. Başlayacaqlar məsələni
araşdırmağa. Tezliklə o da məlum olacaq ki, sən
demə, bu günlərdə un bahalanıbmış, ona
görə də çörəyin qiyməti
qalxıbmış. Seminariya üçün
götürülmüş çörəyin ümumi qiyməti
gerçəkdən də 1 manat yox, 1 manat 20 qəpik
edirmiş.
İntihar
hadisəsi baş vermişdi, seminariyanın həyatında
indiyəcən rast gəlinməyən qeyri-adi vəziyyət
yaranmışdı. Polis araşdırmaya başlayanda ittiham
edilənlərin cərgəsində ilk növbədə
Çernyayevski yada düşür. Çünki onu bu
yeniyetməni intihara təhrik edən şübhəli şəxs
qismində nəzərdə tuturlar. Lakin Süleyman heç kəsi
ələ vermir, bütün günahı öz üzərinə
götürür.
Seminariya
üçün ərzaq alış-verişində
saxtakarlığa yol verilməsi ilə bağlı şübhələr
cikinə-bikinə qədər öyrənilir.
Süleymanın tam günahsızlığı hər kəsə
aşkar olur. Amma Qori seminariyasında baş vermiş bu hadisənin
dərsi də hafizələrdə həmişəlik
qalır. Gənc bir insanın həyatının
başlanğıcında təmiz adı qaralanmasın deyə
ölümə belə hazır olması, öz ləyaqətini,
dayısının, şəcərəsinin şərəfini
əbədi qaxıncdan qorumaq yolundakı mərdanə hərəkəti
bir ibrət olaraq yaddaşlara biryolluq həkk olunur.
Süleyman
Sani Axundovdan qalan bir qol saatı var. Dəfələrlə əlimdə
tutmuşam o saatı. Çünki 2000-ci illərin əvvəllərində
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinə rəhbərliyə başlarkən ekspozisiyanı əvvəldən-sona
büsbütün yeni bir tərzdə qurmaqçün
çalışırdım və həmin gedişatda
ayrı-ayrı məşhur ədiblərimizin
saatlarını da topladım. Əvvəldən muzeyin fonduna
toplanmışlar vardı, o vaxt həyatda olan bir
çoxlarından da özüm istədim, bəzi klassiklərin
ailələrinə müraciət etdim - gətirdilər.
Yaratdıqlarıyla Azərbaycanın düşüncə,
duyğu saatını qurmuş unudulmazların saatlarından
ibarət cazibəli bir kolleksiya əmələ gəldi. Divar
saatları, masaüstü saatlar, qol saatları... Qələmlərinin
bəhrələri ilə həyatda gözlərimizi çox
həqiqətlərə açmış, unudulmazların
gözləri ötmüş illərdə bu saatlara zillənmişdi,
bu saatların çıqqıltıları, zəngləri
onların qulaqlarında səslənmişdi, ömrün
hansı günlərindəsə bu saatların əqrəbləri
onlarçün bəzən həddən ziyadə ləng, hərdənsə
çox iti hərəkət etmişdi. Süleyman Saninin
qızıl qol saatı onunla ən çox birgə olmuş
yadigarlardandır. Qələmlərini dəyişib,
libasları köhnəlib, təzəsi alınıb,
ayaqqabının bir cütü gedib, yenisi gəlib, qol
saatısa hər gün onunla idi, sol bilənginə
bağlanmışdı - saatın altında nəbz vururdu, nəbzin
üstündə saatın "ürəy"i
döyünürdü, əqrəblər irəliləyirdi...
Qori
seminariyasında oxuduğu vaxtlarda hələ bu saatı
yoxmuş. Müəllim işlədiyi vaxtlarda, Bakıda
alıb, saat axıracan da onunla olub. Ancaq Süleyman Sani
Axundovun ömür saatı 1893-cü ilin yanvar ayının
22-də dayana da bilərdi. Ömür yolu o gün, o saatda
bitsəydi də, bu gəncin kişiyana hərəkəti, o qeyrət
hekayəti yaddaşlara həmişəlik hopacaqdı. Ancaq
güllə yan keçdi, Süleyman Axundov salamat qurtardı,
yaralansa da, tezliklə sağaldı, ayağa qalxdı, Qori
seminariyasını da uğurla başa vurdu. Ömür
saatı işlədikcə Süleyman Sani Axundov sonsuzadək
bu xalqla qalacaq ölməz əsərlər yaratdı. Nə
qədər ki o əsərlər var, nə qədər ki Azərbaycan
insanı Süleyman Sani Axundovun kitablarını
açır, Süleyman Sani Axundovun saatının səsi o
kitabların içərisindən, o səhifələrin
arasından gələcək. O saatın əqrəbləri
işlədikcə, o saat var olduqca Süleyman Sani Axundov da diri
olacaq, Azərbaycan insanı ilə həmdərd, həmnəfəs
qalacaq.
...1894-cü
ildə Süleyman Axundov Qori seminariyasını bitirir,
Stavropol quberniyasının Acikulak ibtidai məktəbinə təyinat
alır. Lakin dünyada ona anasından əziz bir varlıq yox
idi. Durnisə xanımın səhhəti isə elə narahat
idi və həkimlərin də tövsiyəsi bu idi ki, əgər
oğlu ilə Stavropol quberniyasına yaşamağa getsə,
onsuz da laxlamış sağlamlığına ciddi ziyan dəyər.
Ona görə də Süleyman Axundov bu səbəbləri əsas
gətirərək xahiş ərizəsi yazır, nəzərə
alırlar, onu Bakıya, 3-cü rus-tatar məktəbinə
müəllim göndərirlər (Sözə, deyilişə
baxın - "rus-tatar". Azərbaycan kəlməsi yoxdur
burda. İmperiyanın milləti, yurdu
aşağılamağının elə bir əlaməti də
burda üzə çıxır). Süleyman Axundov gəlir məktəbə,
onunla Qoridə təhsil almış neçə müdavim
artıq Bakının müxtəlif məktəblərində
dərs deyirdilər. Böyük şövqlə, həvəslə
işə başlasa da, onda tezliklə xəyal
qırıqlığı yaranır. Görür ki,
uşaqları məktəbə cəlb eləmək nə qədər
çətindir. İllər sonra ötənləri
acı-acı xatırlayaraq yazırdı ki, ayrı-ayrı
zirzəmilərdə, küncdə-bucaqda cürbəcür
ruhani təhsili verən mollaxanalar, mədrəsələr
vardı. Valideynlər ora uşaqlarını həvəslə
aparırdılar. Ancaq rus-tatar məktəbi deyilən yer ki orada
dünyəvi təhsil verilirdi, uşaqlar müasir savad
alacaqdılar, valideynlər buradan yan qaçırdılar. Ona
görə məcbur idik ki, ev-ev gəzək, valideynlərdən
rica edək ki, uşaqlarını məktəbə
buraxsınlar.
Və
həmin diltökmə əhvalatlarından birini Süleyman
Sani yerli-yataqlı nağıl edirdi ki, günlərin birində
yoldaşlarımdan biri ilə getdim gözaltı elədiyim
bir uşağı məktəbə dəvət eləmək
üçün atası ilə danışmağa. Atası
ilə xeyli söhbət edəndən sonra, deyəsən,
güc-bəla onu razı salmışdıq. Bu arada çox
zarafatcıl olan dostum qəsdən bir səbir gətirdi. O
asqırınca artıq yola gəlmiş bu kişi hövlnak
qalxdı ayağa, qəti səslə dedi: "Yox, mən
uşağımı heç bir məktəbə-filana verən
deyiləm". Soruşduq ki, axı niyə, bəs
razılıq vermişdiniz. Dedi: "Görmədin
yoldaşın səbir gətirdi? Tək səbir gəlirsə,
demək, bu iş avand olmayacaq. Deməli, Allah istəmir ki,
bizim uşağımız o şeytan yuvasına getsin".
Yüz
ildən bir az əvvəlin söhbətləridir bunlar, qədim
tarix deyil, indimizlə tutuşdurun, görün hardan-hara gəlib
yetişmişik və ordan bura çatmaqçün bizə
qanad taxanlara rəhmətlərinizi əskik etməyin.
...1906-cı
ildə Bakıda Müəllimlərin Birinci Qurultayı
keçirilir. O qurultayda iştirak edən və ən fəallardan
biri Süleyman Axundov idi. 1907-ci ildə Azərbaycan Müəllimlərinin
İkinci Qurultayı baş tutur. Yenə Süleyman Axundov
öndə olanlardan idi. Həm də sadəcə qurultaylarda
iştirak edərək dinləyənlərdən biri deyildi,
ali müəllimlər məclisinə yenilikçi təkliflərlə,
cəsarətli ideyalarla, yeni tədris üsulları ortaya
qoyan layihələrlə gəlmişdi.
...Süleyman
Sani Axundov bir çox başqa azərbaycanlılar kimi, mənim
də ömrümə uşaq yaşlarımda gəlib.
İlk oxuduğum onun "Qorxulu nağıllar"ı olub.
Yazıb-oxumağı da hələ təzə öyrənirdim.
Və məni o kitaba yönəldən də adındakı
nağıl sözü olmuşdu. O kitabı bir nağıl
toplusu zənn edərək həvəslə
götürmüşdüm. İlk səhifələrini
oxuduqca bunun adət elədiyim ənənəvi
nağıllardan olmadığını görüb müəyyən
qədər pəjmürdə də olmuşdum. Ancaq o
gün, ondan sonrakı illərdə həmin kitabı - o
"Nağıllar"ı təkrar-təkrar oxuyub dərinlərinə
nüfuz elədikcə Süleyman Sani Axundov dönüb
olmuşdu mənim həyatdakı əsas müəllimlərimdən
biri. O kitablardan - Süleyman Saninin "Qorxulu
nağıllar"ından mən ilk həyat dərsləri
almışdım.
İllər
ötdükcə, hər yeni əsərini oxuduqca da mən
Süleyman Sani Axundovun bir yazıçıdan daha əvvəl
məhz müəllim olduğunu dərk eləmişdim.
Çünki müəllim kimi elə nəql edir, elə
öyrədir, elə çatdırır ki, bunlar hafizənə
biryolluq həkk olunur. Və oxuduqca görürsən ki, onun
yazdıqları sadəcə oxuyub keçiləsi əsərlər
deyil. Yaddaşda saxlanmalı, qulaqlarda sırğa edilməli,
daim insanla daşınmalı olan sınaqdan
çıxmış öyüdlərdir.
Və
bir müəllim, yazıçı olaraq Süleyman Sani
Axundovu sonrakı illərdə, artıqilk gəncliyimdə mənə
daha da yaxınlaşdırıb doğmalaşdıran
unudulmaz rejissorumuz Şəmsi Bədəlbəyli oldu. Şəmsi
Bədəlbəyli Süleyman Sani Axundovu uşaq
yaşlarından öz evlərində görmüşdü.
Süleymanla onun atası Bədəl bəy Qori
seminariyasında bir yerdə oxumuşdular, həm qohum, həm
dost idilər. Sonra da müəllimlik fəaliyyətlərini
Bakıda yanaşı davam etdirirdilər. Süleyman Sani
Axundov evlənmişdi, bir oğlu da olmuşdu. Ancaq həyat
atasını ondan erkən aldığı kimi, həyat
yoldaşı ilə uşağını da çox tez
itirmişdi. Şəmsi müəllimin söyləməsincə,
elə bu səbəbdən də Süleyman mehrini
salmışdı Bədəl bəyin ailəsinə, onun
uşaqlarına xüsusi bir nəvazişlə, öz
balaları kimi yanaşırdı. Şəmsi müəllim
danışırdı ki, bizim - qardaşlarımızın hər
birinin adını bir əsərinə salmışdı və
başqalarının qəzetdə, jurnalda, kitabda oxuduğu
Süleyman Sani Axundov hekayələrini biz öz evimizin
içərisində, onun dilindən eşitmişdik.
Göz
önünə gətirin XX əsrin
başlanğıcını. Əvvəlcə
Bakıdakı 3-cü rus-Azərbaycan (ya elə o dövrdə
söyləndiyi kimi,"rus-tatar" deyək) məktəbində
işləyir, çoxlu qabil şagirdlər yetişdirir.
İllər ötür, 7-ci rus-tatar - rus-Azərbaycan məktəbində
dərs deməyə başlayır. Asta-asta bir müəllim
olaraq şöhrəti artır. Lakin Süleyman Axundov istedadla,
həm də çoxcəhətli qabiliyyətlərlə
çağlayan insan idi və məktəb çərçivəsinə,
tədris qəlibinə sığan deyildi. Tezliklə onu teatr
- səhnə cəlb edir. "Nicat", "Səfa",
"Nəşr-imaarif" kimi cəmiyyətlərlə əlaqələri
yaranır. Gələcəkdə bir-birindən gözəl,
bir-birindən təsirli silsilə pyeslər yazacaq Süleyman
Sani Axundovun özü bir aktyor kimi səhnədə
görünür.
Dövr
elə dövr idi, onlar da daxilən elə səfərbər
idilər ki, bu qəbil cavanlara, insanlara əlavə
tapşırıq verməyə, dəvət eləməyə
ehtiyac yox idi. Özləri hiss edəndə ki hardasa onlara
ehtiyac var, birbaşa o səmtə can atırdılar.
Süleyman Sani Axundov müəllim idi, yaxşı müəllim
idi, müəllimlər arasında hörməti olanşəxsiyyət
idi. Ancaq bununla ürəyi soyumurdu. Teatra üz tuturdu, mətbuata
yönəlirdi, ona harda ehtiyac vardısa, imzası, adı, səsi
orda olurdu.
1896-cı
ildə Süleyman Saninin 21 yaşı vardı və o
dövr idi ki, Azərbaycanda teatr həyatı asta-asta irəliləməyə
başlayırdı. 1896-cı ilin yayında o, Şuşaya
yay tətilinə gəlmişdi və Zülfüqar bəy
Hacıbəylinin o günlərlə bağlı xatirəsi
var ki, "Dağılan tifaq"ı tamaşaya
qoymuşdular, Süleyman Sani Axundov da Süleyman bəy rolunda
səhnəyə çıxmışdı. Və deyir, mənim
o axşam gördüyüm belə bir qənaət
yaratdı ki, Süleyman Sani artıq bişmiş, püxtə
bir aktyor kimidir. Zülfüqar bəy bunu da söyləyirmiş
ki, Süleyman bəy rolunda oynayan Süleyman Sani Axundov qəfilcə
çətin vəziyyətə düşür. Birdən
necə olursa belindəki kəmər açılır, xəncərlə
birlikdə düşür yerə. Və Süleyman Sani
Axundov özünü itirmir. Dərhal tövrünü
pozmadan fikirli-fikirli deyir: "Həə, bu, çox pis oldu.
Görünür, mənə bir sədəmə dəyəcək,
başıma nəsə qəza gələcək". Və
Zülfüqar bəy davam edirdi: "Süleyman Sani bunu o qədər
təbii şəkildə dedi ki, tamaşa edənlər elə
zənn etdilər tamaşada hər şeyin məhz bu cür
olması nəzərdə tutulubmuş".
1906-cı
il. Cavan olmasına baxmayaraq, artıq Bakının da, Azərbaycanın
da maarif həyatında kifayət qədər
tanınmış, şöhrətlənmiş Süleyman
Sani Axundov Bakıdakı 3-cü rus-tatar məktəbinin
müdiri vəzifəsində işləyir. Və müəllim
yoldaşları ilə bu fikrə gəlirlər ki, Nəriman
Nərimanovun "Nadir şah" faciəsini məktəbdə
tamaşaya qoysunlar. Nərimanla Süleyman köhnədən
yaxın idilər, Qori seminariyasında birgə oxumuşdular.
Ancaq onları birləşdirən əsas amil məslək
birliyi, əqidə ortaqlığı, millətin dirçəlişi
naminə hər sıxıntıya sinə gərməyə
hazır olmaq təpəri idi. 1906-cı ildə Nəriman Nərimanov
da, Süleyman Sani Axundov da cavan idilərsə də, artıq
onların ikisinin də camaat arasında xətir-hörmətləri,
nüfuzları yüksək idi. Bununla belə, özlərinə
man bilmir, əskiklik saymırdılar ki, bu tamaşada rol
oynayacaqlar, şagirdlərin, müəllimlərin
qabağına artist kimi çıxacaqlar. Tamaşa
başlanır. İkisi də əsas rolda. Nadir şah surətini
Nəriman Nərimanov, Nadir şahın oğlu Rzaqulunu isə
Süleyman Sani Axundov icra edir. Qənaətləri,
inandıqları həqiqət, onları daxildən idarə
edən güc bu idi ki, millət adına görülən hər
iş borcdur, savabdır, qarşıdan nə qədər məlamət
və məzəmmət daşları yağsa belə,
düz yoldan bir addım da sapmaq olmaz. Azərbaycan teatrı
inkişaf yolunda idi, XX yüzil başlanırdı, bir az
keçəcək, milli operamız da doğulacaq. Hələ
əyər-əskiklər çox idi, ancaq o mübariz, o fədakar
insanlar özlərini oda-közə vururdular, qarşıya
çıxan müşküllərin öhdəsindən gəlməyi
bacarırdılar. Fəqət elə çətinliklər də
vardı ki, onlara əncam çəkmək iradədən kənardı.
Tamaşalarda qadın surətləri vardı, səhnəyə
çıxacaq qadınlarsa yoxdu. Ona görə bu maarif, mədəniyyət
fədailəri məcbur olurdular ki, ara-sıra qadın
paltarı geyinsinlər, tamaşalardakı qadın surətlərini
özləri yaratsınlar. Və Süleyman Sani Axundovun teatr
ömründə bu səhifələr də var ki, gərək
olan anda qadın əlbisəsi geyinərək qadın
rolları ifa etmək kişiliyini də boynuna
götürüb. Həm də bir kərə yox, dəfələrlə.
Bunu görkəmli sənətkarımız, böyük
aktyor Mirzağa Əliyevin xatirələri də təsdiqləyir.
O, yada salır ki, 1906-1907-ci illərdə "Müsibət-i
Fəxrəddin" oynananda Hürü nənə rolunda səhnəyə
Süleyman Sani Axundov çıxırdı və bu surəti
də yetərincə inandırıcı bir şəkildə
canlandırırdı.
Süleyman
Sani Axundov 1910-20-30-cu illərdə bir-birinin ardınca
sıra-sıra pyeslər yazacaq, "Tamahkar"ı
"Türk birliyi" təqib edəcək, sonra"Dibdat bəy"
olacaq, ardınca "Laçın yuvası", "Eşq
və intiqam" gələcək və neçə-neçə
başqaları. Həmin əsərləri tamaşaya qoymaq
istəyən istər peşəkarlar olsun, istər həvəskarlar,
- heç bir çətinlik çəkməyəcəklər.
Şahid
olacaqlar ki, bu əsərlərdəki dialoqlar, hadisələr,
hərəkətlər, mizanlar elə təbii şəkildə
yazılıb ki, onların canlandırılması son dərəcə
münasibdir, səhifələrdən səhnəyə
köçməsi çox rahatdır. Səbəb Süleyman
Sani Axundovun özünün böyük ədəbiyyata
teatrdan keçib gəlməsi, səhnəyə bələdliyi,
özünün həm də aktyor olması idi. Teatrın
havasına aşina olduğundan, səhnənin dilini bildiyindən
onun yazdığı pyeslər sadəcə tamaşa təsiri
oyatmırdı, elə gerçək həyatın
inandırıcı səhnələri kimi
qavranılırdı.
17
oktyabr 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci
qəzet.- 2023.- 21 oktyabr, ¹191.-S.14-15.