Qələmsiz
yazılanlar
status-esselər
Əsgəran
qalası üzərində belə qürurla dayanmaq, belə
şəstlə gəzmək başqa kimə müyəssər
olub ki?!
Buna
başqa kimin haqqı və gücü çatıb?!
Yuxuları
beləcə gerçəyə çevirməyi başqa kim
bacarıb?!
Həmişə
təmkini ilə seçilən Müzəffər Ali Baş
Komandanın kövrəlməyinə iki dəfə şahid
olmuşuq: 2021-ci ilin mayında Şuşada -
Xarıbülbül festivalında və bu il oktyabrın 17-də
Füzuliyə qayıdan sakinlərlə söhbətində.
Bu, həm də qalibiyyət sevincindən doğan göz
yaşlarıydı.
Əsgəran
qalası üzərindəki məğrur duruş isə
dünyaya, erməni faşizminə, 200 illik
işğalçı siyasətə meydan oxumaq, xalqın tam
bərpa olunan özgüvənini, ləyaqət hissini parlaq təcəssümlə
nümayiş etdirmək idi...
Qarabağa
erməni köçü başlayandan onlar
ölçüb-biçib Əsgəranda məskunlaşmaqla
bu qalanı sipərə çeviriblər. Aran
Qarabağın əhalisi önündə möhkəm sədd
yaradıblar. Xocalını, Şuşanı mühasirədə,
girov kimi saxlamaq üçün bu qalanın ətrafında
yuva salıblar. Əsgəran qalası çətin sədd
olub.
Cümhuriyyət
dövründə Azərbaycan Ordusunun asi ermənilərə
qarşı Əsgəran döyüşü barədə
tarixi və bədii əsərlərimizdə bilgilər var.
1920-ci ilin aprelində Cümhuriyyət Ordusu general-mayor Həbib
bəy Səlimovun komandanlığı altında Əsgəranı
və Xocalını erməni quldurlardan çətinliklə
azad edərək Şuşaya yol aça bilmişdi.
1988-ci
ilin fevralında Qarabağ münaqişəsinin ilk şəhidləri
Əli və Bəxtiyar da Əsgəran
yaxınlığında qətlə yetirildilər. 90-cı
illərin əvvəllərində də "Əsgəranın
azad edilməsi Xocalının xilası olacaq"
düşüncəsi və arzusu geniş
yayılmışdı. Amma o zaman bu, mümkün olmadı və
sonrakı ağır faciələrimizə gətirib
çıxardı.
Britaniyalı
rejissor Karan Sinqhin "Oğul" filminin qəhrəmanı,
Birinci Qarabağ müharibəsinin əfsanəvi
döyüşçülərindən olan Natiq Qasımov
Əsgəran yaxınlığındakı məbəddə
düşmənlə 5 gün təkbaşına mübarizə
aparıb. Pirlər kəndi yaxınlığındakı o
Alban məbədinə "kilsə" demək də, əslində,
düzgün deyil. Qarabağın azərbaycanlı əhalisi,
yəqin ki, qədim və dərin inanca görə, Alban məbədlərinə
pir kimi baxıb. Laçındakı Ağoğlan məbədinə
azərbaycanlıların qurban aparmalarının, məbəddə
qurban kəsmələrinin şahidiyəm. Ermənilərin
Alban məbədlərini öz kilsələrinə
çevirmək istəyi, bu yöndəki çirkin və fəndgir
əməlləri kimsəyə sirr deyil. Pirlər adı da,
sözsüz ki, həmin kəndə məhz o məbədə
görə verilib. Düşünürəm ki, azad
Qarabağda tezliklə həyata keçirilməli işlərdən
biri də yenilməz ruhlu Natiq Qasımovun 1992-ci ilin
qışında günlərlə mühasirədə
qalıb düşmənlə vuruşduğu o məbədi
təmir edib muzeyə çevirmək olacaq. Ziyarətə gələnlər
məbəd-muzeyin içərisində "Oğul"
filminə baxa və divarlarda o məşum hadisəni əks
etdirən şəkilləri görə biləcəklər.
Qarabağ
hökmdarı İbrahim xanın məhz erməni fitvası və
hiyləsi nəticəsində ailəsi ilə birgə qətlə
yetirildiyi məkan da müəyyənləşdirilib oraya
yaddaş lövhəsi qoyulacaq. Bir vaxt Əsgəran
döyüşündə həlak olmuş Cümhuriyyət əsgərlərinin
də uyğun yerdə xatirə lövhəsi olacaq. Bu
ağrılı tarixçələri, təsirli hekayələri
unutmaq olmaz.
Əsgəran
qalasının divarlarını isə Müzəffər Ali
Baş Komandanın məğrur duruşunu əks etdirən
fotolar bəzəməlidir.
Bir
müddət əvvəl bu dediklərim xəyal kimi
görünə bilərdi. Amma oktyabrın 15-də Ali Baş
Komandanın Xankəndidə bayrağımızı
ucaltmasından, Əsgəran qalasından qürurla
Şuşaya, Ağdama baxmasından sonra bu qəbildən olan
hansı xəyal reallaşmaya bilər ki?!
Şuşanın
işğaldan azad olunmasından, hətta Şuşadakı tədbirlərdə
iştirakdan sonra da uzun müddət bu reallıq adama yuxu kimi
gəlirdi. İndi də Xankəndidə
bayrağımızın ucalmasını, Müzəffər
Ali Baş Komandanın Əsgəran qalasındakı
qürurlu duruşunu, bəlkə, tam dərk edə bilmirik:
belə böyük xoşbəxtliyə bu tezliklə inanmaq
çətindir.
Amma
inanacağıq. Və yeni insanlar, qalib ölkənin vətəndaşları,
qalib xalqın nümayəndələri olduğumuzu getdikcə
daha aydın dərk edəcəyik. Azad Qarabağı xəyallarımızdakından
da ucada görəcəyik.
lll
Hər
gün yuxu kimi hadisələr baş verir. Xankəndi
küçələrinin səssiz hüzurunu əks etdirən
videoçarxları seyr etmək, ardınca Şuşada
İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin Nazirlər Şurasının 27-ci
iclasının keçirilməsi barədə xəbərləri
oxumaq yuxu kimi, inanılmaz gerçəkliklərdir.
lll
"14
oktyabr. 49 yaşım...
Görüşdük
onunla xəstəxanada.
Əyləşib
dərmanım, dərdim yanaşı
Təklikdən
qorxanda təklənir adam!"
- deyən
Xalq şairi Məmməd Arazı 90 illik yubileyində yada
saldıq, şeirlərini dedik, xatirələrimizi
bölüşdük. 14 oktyabrda vaxt edib baxın, şeirin
gücünə inamınız artsın, şairin ruhu
sevinsin.
lll
Hər
birinizi Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və
Ağdərədə bayrağımızın
qaldırılması münasibətilə ürəkdən
təbrik edirəm!
Tanrı
Vətənimizi və Prezidentimizi qorusun!
lll
Libraff
şəhərin mərkəzində, keçmiş
"Kitab passajı"nın yaxınlığında, Rəsul
Rza küçəsində yeni mağazasının
açılışını etdi. Bizim nəsil
üçün, onilliklər öncə tez-tez "Kitab
passajı"nı ziyarət edən, yeni kitablar alan insanlar
üçün bu, həm də bir nostalji oldu;
keçmişin yaxşı ənənələrini diriltmək,
yenidən yaratmaq gözəl duyğudur.
lll
Süni
pafos olan yerdə... tıncıxıram.
lll
Yazıb-oxumaq
sıradan çıxır.
Danışmaq,
dinləmək, baxmaq dövranıdır.
lll
Tərbiyə
məhdudluğu...
Nəsihətin
xeyri yoxdur.
lll
Həqiqət
çoxüzlüdür...
lll
Düşüklük
hər şəraitdə imkan tapıb boy göstərir...
lll
XXI əsrdə,
bol informasiya axınında unudulmağa 24 saat bəs edər...
lll
Qəddarlıq,
zorakılıq aşılayan başlıqlardan çəkinin.
Yalanı
bəzəyib həqiqət kimi sırımayın.
Oxucularınıza hörmət və rəhm edin. Ötəri
reytinqlərə uymayın.
Etibar
və nüfuz qazanmağın daha təkmil yollarına yiyələnin.
lll
"Eşqin
izi ilə" səfərnaməsi İradə Qədirovanın
oxuduğum ikinci kitabıdır. Bundan əvvəl müəllifin
"Əfşan: İran boyunca uzanan tək səyahətim"
kitabını oxuyub münasibətimi bildirəndə hələ
onu şəxsən tanımırdım. Sonra bir tədbirdə
tanış olduq və sosial şəbəkədə onu izləməyə
başladım: İradə xanım maraqlı səyyah həyatı
yaşayır, ekzotik ölkələrə səfərlər
edir, təəssüratlarını yazıya
köçürür.
"Kainatın
qanunları mənim düşüncələrimə
bağlıdır" deyən müəllif səyyah həmkarlarını
çılğın macəraçılar, keçmişin
sirli dünyasına meyl göstərənlər
adlandırır.
Hava
limanlarını meditasiya edən aşramlara, uçuş
müddətini "Ana bətnindən Sevgiliyə
qovuşmağa qədərki həyat yoluna" bənzədən,
təyyarə salonuna daxil olarkən 100 cüt gözün
baxışını dəqiqliklə təsvir edən müəllifin
obrazları, bədii detalları həm də onun peşəkar
yazıçılıq istedadından xəbər verir.
Bu
günlərdə Libraff-ın yeni mağazasının
açılışında müəllifin imzasıyla əldə
etdiyim "Eşqin izi ilə" kitabında Türkiyə,
İran, Pakistan, Özbəkistan, Malayziya, İordaniya və Səudiyyə
Ərəbistanına səfərlərdən bəhs olunur.
Əsası
eramızdan əvvəl IV əsrdə qoyulan, gəlmiş-keçmiş
bütün dövlətlərin, var olan bütün dinlərin
izlərini qoruyub saxlayan Antakyanın tarixini, mədəniyyətini,
eklektik üslubda tikilən, indi əksəriyyəti otel,
kafe-restoran kimi fəaliyyət göstərən qədim daş
evlərini, kanalizasiya rolunu oynayan, küçələr boyu
davam edib Asi nehrinə kimi uzanan arxların izlərini,
şirniyyatlarını - künəfə və
haytalını, zeytun yağı və dəfnə
yarpağından hazırlanmış sabununu... elə dəqiqliklə,
şövq və coşquyla anladır ki, kitabı oxuyanda
sanki bütün bunları öz gözünlə
görürsən. Səfərnamə bütövlükdə
belə təsvirlərlə, maraqlı təəssüratlarla,
tarixi məkanların, sadə insanların
tanıtımıyla zəngindir. "Antepdə sizi heç
kim aldatmaz, bura övliyalar yurdudur" deyən taksi
sürücüsü kimi səfər müddətində
rastlaşdığı onlarla adi insanın portretini,
xarakterini bir-iki cümləylə açan müəllif insan
talelərinin yaşadığı məkanlarla vəhdətinin,
bənzərliyinin sirrini çözməyə
çalışır.
Təsadüfi
deyil ki, kitabı nəşr edən MİMTA YAYIMLARI müəllifin
zəngin dünyagörüşünü önə çəkir.
Mən buraya müəllifin dopdolu, aşıb-daşan,
işıq saçan ruhunu, çağlayan sevgisini, tükənməz
şövqünü, əzmini də əlavə edərdim:
"Bir yerdə dayanmadan, kəşflər uğrunda şəhərdən
şəhərə keçib birində səhər, digərində
günorta, o birində isə axşam yeməyi yemək,
sonunda tarixi bir evin həyətində oturub ayağını
uzatmaq, ulduzlu səmaya baxaraq həyatın nə qədər
valehedici və maraqlı olduğunu düşünmək -
ömrüm boyu mənə qəlb rahatlığı gətirən
bu hiss duyğuların ən möhtəşəmi idi".
Fikrimcə,
İradə xanım öz səyahətləri və
yaradıcılığıyla müdrik və məqsədyönlü
insan azadlığının, sərbəstliyinin mücəssiməsidir.
Bir qadının belə keyfiyyətə malik olması həm
də cəsarət və cəsurluq tələb edir. "Yol
tapmadıqda gərginləşməyən, əksinə, yeni
adrenalin qazanıb özünü səfərbər edən,
sonunda yüksək enerji ilə mənzilə çatan"
macəraçı - səyyahların həyat tərzi qibtə
doğurur. Bu duyğuların təsirindən idi yəqin,
kitabı imzalayarkən müəllifin özünə elə
beləcə də dedim: "Sizə paxıllığım
tutur!"
lll
Cek
London düz deyir, dünyada yaradıcılıq ləzzətindən
üstün zövq yoxdur.
Rəşad
MƏCİD
"525-ci
qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci
qəzet.- 2023.- 21 oktyabr, №191.-S.9.