Qəhrəmanlıq salnaməmizin
bir hissəsi - "Oğul" filmi
Oktyabrın
18-də rejissoru və ssenari müəllifi Karan Sinqh olan
"Oğul" filmi geniş ictimaiyyətə təqdim
edildi, film izləyicilər tərəfindən olduqca maraqla
qarşılandı. Film böyük zəhmət, detallı
araşdırma, çətinliklər bahasına ərsəyə
gəlib. Enriko Sarsinin nəql etdiyi hekayələrdən yola
çıxan rejissor üç il Azərbaycan, Ermənistan,
İtaliya, Böyük Britaniya, Rusiyada şahidlərlə
görüşüb, onların müsahibələri əsasında
ssenarini müəyyənləşdirərək lazımi məqamları
lentə köçürüb. Ermənistandakı şahidlərin
dindirilməsi və onların danışdıqları filmin ən
maraqlı hissələrindəndir.
"Oğul"
sadəcə sənədlər və faktlar üzərində
çəkilməyib, filmdə həm də ağrılı
bir tale, ömrün sonuna qədər dəhşətli
intizar içində gözləmək ağrısı,
çarəsizlik kimi hisslər real faktlara söykənilərək,
dəqiqliklə təsvir olunub. Film iki paralel xətt üzrə
inkişaf edir: hadisələrin canlı şahidlər tərəfindən
nəql edilməsi, nəql olunan hadisələrin oxşar
aktyorlar tərəfindən canlandırılması. Film
boyunca Natiqin ailə üzvlərinin danışdıqları
nə qədər kədərlidirsə, xarici müsahiblər
- Tomas de Vaal və Enriko Sarsininin nitqi tarixilik cəhətdən
xeyli əhəmiyyətli və maraqlıdır. Bir tərəfdə,
ortada çox üzücü sübut və dəlillərin
olmasına baxmayaraq, hələ də Natiq Qasımovun yolunu
gözləyən ailə, bir tərəfdə qəhrəmanın,
bəlkə də, son anlarına şahidlik edən məşhur
fotoqrafın xatirələri, digər tərəfdə isə
Qarabağ problemini yaxından tədqiq edən və bu məsələyə,
bir əsirin başına gətirilənlərə, onun naməlum
taleyinə üçüncü göz kimi yanaşan
ekspert... Filmin yaradıcılıarının əsas
uğurlarından biri bu üç ayrı baxışı
baxımlı tərzdə birləşdirmək olub.
Enriko
Sarsininin nitqi insanı heyrətləndirir və Natiq
Qasımovun necə ürəyə sahib olduğunu sübut
edir. Fotoqrafın filmdə verilən bu cümlələrini təsirlənmədən,
duyğulanmadan dinləmək mümkünsüzdür:
"Oğlanın halına yanırdım. Dili-dodağı
qurumuşdu, su vermirdilər. Mən gecənin yarısı
getməli oldum... Mən daha bacarmırdım". Bəli, məhz
"Mən daha bacarmırdım" cümləsinin
arxasında nələrin dayandığını sezmək
sarsıdır insanı. Bəlkə, fotoqrafın oradakı
işi ilə birgə Natiqin də həyat hekayəsi
sonlanacaqdı...
Filmdə
N.Qasımovun anası oğlunun əsirlikdə dindirilmə
anlarını əks etdirən şəkilləri ilk dəfə
görür, onlara baxa-baxa astadan dil deyib ağlayır: "Bu
nə zülmdür çəkirsən, ay bala?" İndiki
zamanda müraciət edir balasına. Ölməyini
ağlının ucundan belə keçirmir. "Neçə
gündü o paltar əynindədi?" Görünür, bir
ana, aradan illər keçsə də, oğlunun o halına məhz
belə yana bilərdi.
General
Balasanyan... Filmdə danışdıqlarında qətiyyən
səmimi deyildi. Bununla belə, onun kamera qarşısında
dilləndirilməyi filmin ən uğurlu cəhətlərindən
biridir. Ən maraqlı və qəzəb doğuran məqam
isə Balasanyanın o şəkillərdə öz cəllad
simasını görsə də, bunu etiraf etməkdən
boyun qaçırmasıdır. Rejissorun sənətkarlığı
bu situasiyada özünü daha çox büruzə verir.
Hadisənin şahidi olan digər ermənilərlə
müsahibə zamanı şəkildəki gənc zabitin məhz
general Balasanyan olması faktı təsdiqlənir. Balasanyan
özünü tanımazlığa vurur, amma film onu
tamaşaçıya tanıtmağı bacarır.
Filmin
bəzi hissələrinin Azərbaycan dilinə çevrilməsində
tərcüməçi Svetlana Turanın, uğurla səsləndirilməsində
isə aktyor Azər Aydəmirin xidməti çox dəyərlidir.
Natiq
Qasımov kino-texnik olub, daim kinolardan maraqla bəhs edib.
İndi onun haqqında maraqlı bir kino işi ərsəyə
gəlib. Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın
"Broken Pot Media" şirkətinin istehsalı olan
"Oğul" sənədli filmi müasir sənədli
kinonun ən parlaq nümunələri sırasındadır.
Təqdimatda
iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcid filmi izlədikdən sonra maraqlı bir
arzusunu dilə gətirib: "Britaniyalı rejissor Karan Sinqhin
"Oğul" filminin qəhrəmanı, Birinci Qarabağ
müharibəsinin əfsanəvi döyüşçülərindən
olan Natiq Qasımov Əsgəran
yaxınlığındakı məbəddə düşmənlə
5 gün təkbaşına mübarizə aparıb.
Düşünürəm ki, azad Qarabağda tezliklə həyata
keçirilməli işlərdən biri də yenilməz
ruhlu Natiq Qasımovun 1992-ci ilin qışında günlərlə
mühasirədə qalıb düşmənlə
vuruşduğu o məbədi təmir edib muzeyə
çevirmək olacaq. Ziyarətə gələnlər məbəd-muzeyin
içərisində "Oğul" filminə baxa və
divarlarda o məşum hadisəni əks etdirən şəkilləri
görə biləcəklər".
Nadir
YALÇIN
525-ci
qəzet.- 2023.- 21 oktyabr, ¹191.-S.6.