Tələbələr
üçün Prezident təqaüdü: inkişaf
üçün mühüm stimul
Bu
günlərdə Prezident İlham Əliyev 2023-2024-cü tədris
ilində tələbə qəbulu imtahanlarında ixtisas
qrupları üzrə ən yüksək nəticələr
göstərərək ali məktəblərə daxil
olmuş tələbələrə Prezident təqaüdü
verilməsi barədə Sərəncam imzalayıb. Sərəncama
əsasən, bu tədris ilində tələbə qəbulu
imtahanlarında ixtisas qrupları üzrə ən yüksək
nəticələr göstərmiş və ali məktəblərə
daxil olmuş 102 tələbə 275 AZN məbləğində
təqaüd alacaq.
Dövlət
İmtahan Mərkəzinin (DİM) Direktorlar
Şurasının sədri Məleykə Abbaszadə deyir ki,
hər il qəbul imtahanlarından sonra ən layiqli tələbələr
Prezident təqaüdünə layiq görülürlər:
"Təhsil sahəsində yüksək nailiyyətlər əldə
edən tələbələrə dövlət
qayğısını gücləndirmək, onların təhsil
alması üçün daha əlverişli şəraitin
yaradılmasını təmin etmək və təhsilə
olan həvəslərini artırmaq ənənəsi bu
gün də davam etdirilir. Biz bu gənclərin uğurlu gələcəyi
olacağına ümid edirik. 600 baldan yuxarı nəticə
göstərən abituriyentlərə hər il imtahanlardan
sonra anket paylanılaraq fikirləri öyrənilir. Bu anketlə
onların gələcək planları ilə əlaqədar
sosial sorğu keçiririk. Lakin ilk dəfədir ki, Prezident təqaüdü
verildikdən 20 il sonra real nəticələri gördük.
20 il əvvəl Prezident bəyan edəndə ki, qara
qızılı insan kapitalına çevirəcəyik, bu
bir şüar kimi qəbul olunurdu. Amma indi bu,
reallıqdır. 20 il əvvəl ali təhsil alan insanlar
karyeralarını qura biliblər. Onların hər biri
müxtəlif sosial təbəqələrdən olan
insanlardır".
M.Abbaszadənin
sözlərinə görə, ötən illərlə
müqayisədə abituriyentlərin təhsil, bilik səviyyəsini
müqayisə etsək, müsbət tendensiyalar müşahidə
edilir: " Yüksək bal toplayan tələbələr, demək
olar ki, ölkənin bütün şəhər və
rayonlarını təmsil edirlər. Onlar arasında 52 nəfər
regionlarda fəaliyyət göstərən məktəblərin,
o cümlədən 14 nəfər kənd məktəbinin məzunlarıdır.
İnanıram ki, ali təhsillərinə start nöqtəsi
olaraq Prezident təqaüdçüsü kimi
başlamağın özü uğurlu gələcəyin xəbərçisidir
və onlar öz məqsədlərinə doğru inamla
addımlaya biləcəklər".
Təhsil
eksperti Elçin Əfəndi qeyd edib ki, ölkə üzrə
Prezident təqaüdünün verilməsi mütərəqqi
addımdır. Prezident tərəfindən ölkədə
elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin
təhsilə, elmə, intellektual fəaliyyətə cəlb
edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin
maddi vəziyyətlərinin, sosial rifahının
yaxşılaşdırılması, gənc alimlərin elmi
fəaliyyətinin stimullaşdırılması istiqamətində
qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir və gənc nəsildə
elmə, tədqiqat işləri ilə məşğul
olmağa marağın yaranmasında əhəmiyyətli rol
oynayır: "Elə tələbələr var ki, onlar həm
Prezident təqaüdü, həm universitetin verdiyi təqaüdü,
həm də müəyyən şirkətlər tərəfindən
təqdim olunan təqaüdləri alırlar və bu da
üst-üstə müəyyən qədər ciddi məbləğ
edir. Düşünürəm ki, bu bir tələbə
üçün olduqca öz gəlir-çıxarını
tənzimləmək üçün yaxşı bir rəqəmdir.
Bu, tələbələrə stimul verir və hər bir
abituriyent fikirləşir ki, onlar yüksək bal toplayıb
Prezident tərəfindən təqaüdə layiq
görülsünlər. Müəyyən universitetlər Prezident
təqaüdü alan tələbələrin sayını
çıxarırlar, hesabatını paylaşırlar, bu da
bir qədər universitetlərin də rəqabət
aparmasına gətirib çıxarır ki, abituriyentlər
ixtisaslaşma dövründə məhz həmin universitetlərə
üstünlük verməsini istəyirlər. Prezident təqaüdünün
verilməsi 2001-ci ildən Heydər Əliyev tərəfindən
təyin olunub. Yəni, məhz Heydər Əliyevin Sərəncamı
əsasında bu proses başlanıb və 2001-ci ildən, 20
ildən artıq bir vaxt ərzində yüzlərlə gənc
bu prosesdən yararlanıb. Düşünürəm, bu da tələbəliyə,
təhsilə, gəncliyə yatırılmış
uğurlu bir sərmayədir. Tələbələr bu prosesdən
yararlana bilirlər. Hal-hazırda ölkədə Prezident təqaüdünün
məbləği 275 manat üzərindədir və
düşünürəm ki, hər bir abituriyent məhz
Prezident təqaüdünü almaq üçün
hazırlıq dövründə ciddi
hazırlaşmalıdır".
Təhsil
eksperti Nadir İsrafilov da bildirib ki, ali məktəblərə
daxil olan tələbələrə Prezident təqaüdünün
verilməsi ənənəsinin əsası Ulu öndər
Heydər Əliyevin zamanında qoyulub. Heydər Əliyev hər
zaman təhsilə, biliyə, elimə yüksək qiymət
verib, gənclərin bilikli, savadlı olması
üçün hər cür dəstək göstərib.
Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam
o ənənənin davamıdır: "Tələbələr
sosial həssas əhali qrupuna daxildir, çünki onların
gəlir əldə etmək imkanları yoxdur. Bu baxımdan,
yaxşı oxuyan tələbələri motivasiya etmək,
daha yaxşı oxumağa həvəsləndirmək
üçün hər il Prezident tərəfindən belə
mühüm sərəncam imzalanır. Düşünürəm
ki, bu həm də tələbələr üçün
böyük bir məsuliyyətdir. Tələbə
adını qazanan, eyni zamanda yüksək nəticələr
əldə edən tələblər bu məsuliyyəti dərk
edirlər. Onlarda daha yaxşı nəticələr əldə
etməyə böyük stimul, həvəs yaranır. Burada əsas
məqsəd odur ki, bizim gənclərimiz, tələbələrimiz
yaxşı oxusunlar, bilikli olsunlar, gələcəkdə
dövlətə, xalqa ləyaqətlə xidmət etsinlər".
Təhsil
eksperti Kamran Əsədovun dediyinə görə, Azərbaycanda
yüksək nəticələr əldə etmiş tələbələrə
bu təqaüdün verilməsi onların gələcək həyatında
olduqca böyük rol oynayacaq və onların daha savadlı,
bilikli olmaları istiqamətində yeni stimul verəcək:
"Prezident təqaüdü tələbə
üçün yaxşı məbləğdir. Eyni zamanda, məbləğdən
əlavə, bunun bir dəyəri dəə var ki, ölkə
başçısı məhz ölkəmizdə savadlı gənclərin
təhsillərini stimullaşdırmaq, onlara əlavə
motivasiya vermək, onların daha yaxşı oxumaq, daha bilikli
olmaq uğrunda mübarizəsini şərtləndirir. Əlbəttə
ki, 102 nəfər tələbəyə Prezident təqaüdünün
verilməsi gələcəkdə də bu istiqamətdə
yüksək nəticələr uğrunda bizim gənclərimizin
daha da üzərlərində çox
çalışmaları, bilikli olmaları istiqamətində
rəqabət mövqeyi artıracaq. Çünki
bugünün şagirdi gələcəyin məzunudur, daha
sonra tələbədir. Əlbəttə ki, Azərbaycanda
siyasi rəhbərliyin həyata keçirdiyi siyasətin
kökündə o durur ki, savadlı, dünyanın əmək
bazarı ilə ayaqlaşa biləcək gənclər
yetişsin və onların potensialından gələcəkdə
Azərbaycan dövləti, Azərbaycan dövlətinin
inkişafı naminə hərtərəfli istifadə olunsun.
Bu istiqamətdə dövlətin bu kimi humanist və nəcib
fəaliyyətini hər zaman görmüşük. Prezidentin
gənclərə qayğısını biz hər zaman
görmüşük, düşünürəm ki, məhz
bu sərəncam da 2023-2024-cü təhsil ilində ən
yüksək nəticələrlə ali təhsil müəssisələrinə
qəbul olmuş gənclərə Prezidentin himayəsinin,
qayğısının göstəricisidir".
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin şöbə müdiri Orxan Dəmirli qeyd edib ki,
Prezident Təqaüdçülərinin İctimai Birliyi
yaradılacaq: "Bu il mayın 5-də Ulu öndər Heydər
Əliyevin anadan olmasının 100-cü ildönümünə
həsr olunan konfransda Dövlət İmtahan Mərkəzində
ilk Prezident təqaüdçüləri toplandı.
İyirmi ildən sonra ilk dəfə kompakt formada
yığılmışdıq. Orada bir daha anladıq ki, Ulu
öndər tərəfindən qarşımıza qoyulan
öhdəlikləri hələ də dərk edirik, məsuliyyətin
təsiri altındayıq. Hər kəs fərdi qaydada müəyyən
işlər görməyə çalışır. Həmin
konfransda belə bir təşəbbüs irəli
sürüldü ki, Prezident təqaüdçülərinin
birliyini formalaşdırıb, səylərimizi birləşdirək.
Cəmiyyətin yaradılmasının məqsədi
Prezidentin sərəncamları əsasında Prezident təqaüdünə
layiq görülən bütün gənclərin səylərinin
birləşdirilməsi, Ulu öndərin irsinin və
ideyalarının cəmiyyətimizdə təbliği,
ölkəmizdə, xüsusilə regionlarda yaşayan
istedadlı, təhsildə fərqlənən gənclərin
təlim-tədrisi və sonrakı inkişafında dövlətimiz
tərəfindən görülən tədbirlərə əlavə
dəstək tədbirlərinin görülməsi istiqamətində
bütün səylərin birləşdirilməsidir.
Ümidvaram ki, birliyimiz qeydə alınacaq. Hər birinizi
üzv olmağa dəvət edirəm. Prezident təqaüdçüləri
olaraq ictimai birlik adı altında bütün səylərimizi
səfərbər edəcəyik".
Qeyd
edək ki, Prezident təqaüdünə layiq görülənlər
arasında Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) də tələbələri var. UNEC-in 10 tələbəsi
(Banuçiçək Şəkizadə, Zəhra
Sadıxlı, Hüseyn İsayev, Anar Hüseynov, Nəzrin Səfərova,
Şövqi İsayev, Aminə Maksimova, Vaqif Rəhimli, Əli
Niftəliyev, Nihad Həsənzadə) Prezident təqaüdünü
qazanıb. Prezident təqaüdünü qazanan tələbələrin
9 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE)
maliyyə, 1 nəfər isə beynəlxalq ticarət və
logistika ixtisasında təhsil alır.
Təqaüdə
layiq görülən 102 nəfər arasında Bakı
Dövlət Universitetinin (BDU) də tələbləri var.Belə
ki, Prezident təqaüdünə layiq görülən gənclərdən
10-u bu ali təhsil müəssisəsinin tələbəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının da (DİA)6 tələbəsi
Prezident təqaüdü alacaq.
SOCAR-ın
Bakı Ali Neft Məktəbi (BANM) 2023-2024-cü tədris ili
üzrə ölkənin ali məktəblərinə daxil
olmuş Prezident təqaüdçülərinin sayına
görə yenə ölkə birincisidir.Belə ki, müvafiq
sərəncama əsasən, Prezident təqaüdünə
layiq görülən102 tələbənin 29-u BANM-də təhsil
alır. BANM Prezident təqaüdçülərinin
sayına görə ölkə ali təhsil müəssisələri
arasında bu il də liderliyini qoruyur.BANM-in Prezident təqaüdçülərindən
13 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri
biznesin idarəedilməsi, 4 nəfəri kimya mühəndisliyi,
2 nəfəri isə kompüter mühəndisliyi
ixtisasının tələbəsidir.
Sevinc
QARAYEVA
525-ci
qəzet.- 2023.- 24 oktyabr , ¹192- S.14.