Çaparaq notlar  

 

 

Bir filmin qəribə taleyi

Rusiyada 1969-cu ildə lentə alınmış "Hər axşam saat onbirdə" ("Kajdıy veçer v odinnadüatğ") filmi Moskvada iki nazirliyi bir-biri ilə necə "düşmən etdi?

Xalq yazıçısı Anarın "Mən, sən, o və telefon" hekayəsinin motivləri əsasında iki film çəkilib (Rusiya və Türkiyədə), radiopyes hazırlanıb. Əsər bir çox dillərə tərcümə edilib.

İndiki halda Rusiyada 1969-cu ildə  lentə alınmış "Hər axşam saat onbirdə" ("Kajdıy veçer v odinnadüatğ") filmi ilə bağlı maraqlı bir hadisəni yada salmaq istəyirəm.

Əvvəla, onu deyim ki, həmin hekayəni məşhur rus dramaturqu və yazıçısı Edvard Radzinski ssenariləşdirmişdir. Filmin rejissoru Samson Samsonovdur. Baş rolun ifaçısı isə aktyor, RF-nın Xalq artisti, şair və nəğməkar Mixail Nojkindir. Orasını da qeyd edim ki, Radzinski nədənsə (zənnimcə, yazıçının razılığı olmadan)  filmdəki versiyada adları dəyişərək "ruslaşdırmışdır".

Mənim danışmaq istədiyim əhvalat, filmin bir çox iştirakçılarının, əsasən də "baş qəhrəman", daha doğrusu, bu rolun ifaçısı Nojkinin xatirələri əsasında qələmə alınıb.

Hekayədə olduğu kimi, filmdə də subay qəhrəman öz dostlarının zarafatına əməl edərək telefonun sayğacını fırladır. Dostların şərti isə belə idi: "Əgər telefonda qadın cavab versə, sən onunla evlənməlisən..." Bildiyiniz kimi, telefonda məlahətli qadın səsi eşidilir... Həmin rolu RF-nin Xalq artisti Marqarita Volodina (S.Samsonovun həyat yoldaşı) ifa edirdi. Məsələ burasındadır ki, tamaşaçıların maraqla qarşıladığı film tezliklə ekrandan həyata "addımlamağa" başladı. Belə ki, SSRİ-nin böyük şəhərlərində, xüsusən paytaxt Moskvada, demək olar ki, hər axşam saat onbirdə telefonlarda, ən çox da küçələrdəki telefon köşklərindən gələn zənglərin "tıxacı" yaranırdı. Bəs bunun səbəbi nə idi? Səbəb həm sadə, həm də mürəkkəb idi. Hər axşam saat onbirdə gənclər, təbii ki, ən çox da oğlanlar, ixtiyari nömrələrə zəng edir, dəstəkdə qadın və ya qız səsi eşidərkən haqqında danışdığımız filmin qəhrəmanı kimi hərəkət edir, "sarı simə" vuraraq gələcək tanışlıq üçün "nömrələr", "bəhanələr" irəli sürürdülər.

Kimsə deyə bilər ki, burada qəribə nə var? Onsuz da həyatda filmlərin qəhrəmanlarına bənzəmək istəyən adamlar az olmayıb. Bəli, doğrudur... Amma bu "hadisədə" məsələ bir az başqa istiqamət alıb. Gecə (və ya axşam) saat 11-dən sonra telefonların uzun müddət məşğul olması əhalinin, o vaxtkı ibarə ilə desək "zəhmətkeşlərin" narazılığına səbəb olub. Az sonra SSRİ Rabitə Nazirliyinin ünvanına saysız-hesabsız "şikayət məktubları" gəlməyə başlayıb. Sovet adamları öz müraciətlərində  bu maraqlı filmin axşamlar onların telefon danışıqlarına təsir göstərdiyini yazırdılar. Rabitə Nazirliyi yeganə xilas yolunu SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə şikayət məktubu göndərməkdə gördü...

Film isə bütün maneə və təzyiqlərə rəğmən, öz "qəhrəmanları" kimi uzun illər öz "ömrünü" yaşamaqda oldu...

Onu da qeyd edək ki, melodram janrında çəkilmiş bu filmə 24 milyondan çox seyrçi tamaşa edib.

Snayper, alim, aktrisa

Ziba Qəniyeva... İndiki nəslə bu ad bəlkə də heç nə demir. O, Azərbaycanın ilk snayper qadınıdır. 1923-cü ildə Şamaxıda doğulub. Atası Paşa əslən azərbaycanlı, anası özbək idi. Valideynləri repressiya qurbanı olub.

Ziba əvvəlcə Daşkəndə, sonra Moskvaya gedir. O, aktrisa olmaq istəyirdi. Lunaçarski adına teatr institutunun aktyorluq fakültəsinə qəbul olunmuşdu.

O, 1941-ci ildə könüllü olaraq cəbhəyə gedir. 1942-ci ildə böyük şücaət göstərir. Bu sərrast atıcı qız 129 faşisti məhv edir. Amma ağır yara alır. Onu döyüş meydanından hərbi təyyarədə Moskva hospitalına gətirirlər.

Ziba Qəniyevanı xəstəxanada Mariya Federovna Şvernik müalicə edir. Bu xanım SSRİ Ali Sovetinin sədri Nikolay Mixayloviç Şvernikin arvadı idi. Şvernik Kalinindən sonra Stalin dövründə bu posta seçilmişdi. Tutduğu vəzifəyə görə ölkənin ikinci adamı hesab olunurdu.

Ziba tezliklə sağalır.

Bütün bunlar bəlkə də adi bir sovet adamının bioqrafiyasıdır.

Amma ən maraqlısı budur ki, Ziba Qəniyeva xəstəxanadan (hospitaldan) çıxandan sonra Mariya Federovnanın təkidi ilə onlara gedir və onlara yaşayır. Nikolay Mixayloviç Şvernik Zibanı rəsmi övladlığa qəbul edir.

Sonralar Ziba xanım uzun illər Türkiyədə çalışmış məşhur diplomat Tofiq Qədirovla ailə qurur. Ziba xanım Şərqşünas alim  kimi tanınır. Çoxlu elmi araşdırmaların müəllifidir.

Ziba Qəniyeva 2010-cu ildə rəhmətə gedib.

Onun övladı Marat Qədirov tarixçidir.

Bunları nəyə görə yazdım? Yazdım ki, bu da tariximizin bir hissəsidir.

P.S. Dediyim kimi, Ziba Qəniyeva gəncliyində aktrisa olmaq arzusu ilə yaşayırdı. Amma müharibə onun arzusunu gözündə qoydu.

Ziba xanım çox iradəli insan olub.

O, müharibə başa çatdıqdan sonra öz arzusunun qismən reallaşmasına nail olub: "Tahir və Zöhrə" filmində baş rollardan birinə - fars şahının xanımı rolunda çəkilib. Axı o özü də şahanə, gözəl bir xanım idi.

Şair qızı Ayselin adının necə yaranması haqda danışarkən dedi ki...

Görkəmli şairlə aramızda xoş ünsiyyət vardı. Oğlu Orxan Fikrətoğlunun da xətrini istəyirəm.

Fikrət müəllim söz üzərində işləməyi çox sevərdi. Onun bir çox qafiyələri, cinasları dillər əzbəridir. Məsələn bu tipli: "Yoxdur mədəniyyəti, vardır mədə niyyəti", "Soyuz pisateley, soyuz pisatelye", "Əgər varsa yubiley, onda onu yu biləy" və sair.

Bir dəfə Fikrət Sadıq mənə belə bir əhvalat danışdı: "Ötən əsrin söhbətidir. Ukraynaya getmişdim - şairə Lesya Ukrainkanın yubileyində iştirak edirdim. Böyük iclas zalında rəyasət heyətinin arxasında "yubilyarkanın", yəni Lesyanın iri portreti vurulmuşdu. Şəklin altında isə iri hərflərlə onun adı yazılmışdı. Mən "Lesya" sözünü ürəyimdə əvvəlcə olduğu kimi, sonra tərsinə oxumağa başladım. Məəttəl qaldım, tərsinə oxuyanda "Lesya" çevrilib olurdu "Aysel".

Elə iclasın ortasında qəfildən məni Ukrayna Yazıçılar Birliyi katibinin otağına dəvət etdilər. Soruşdum ki, nə olub, nə məsələdir? Dedilər ki, Bakıdan zəng vurub səni axtarırlar. Həyəcanlandım, fikirləşdim ki, görəsən, nə olub? Tez-tələsik qaçıb dəstəyi götürdüm. Evdən zəng etmişdilər. Xəbər verdilər ki, qızım olub. Sevindim. Tapşırdılar ki, indi qızına elə bir ad tap ki, hamının xoşuna gəlsin. Mən təzədən iclas zalına qayıdıb portretə baxa-baxa bayaqkı kimi "Lesya"nın adını tərsinə oxumağa başladım. Bu sözün əksi heç də pis səslənmirdi: "Aysel".

 

Bakıya dönəndən sonra doğum şəhadətnaməsi almağa getdim. Soruşdular ki, uşağın adını nə qoymaq istəyirsiz? Dedim ki, "Aysel". Gözlərini döyüb dedilər ki, belə də ad olar? Dedim bəs onda  hansı ad yaxşıdır? İdarənin bir işçisi bildirdi ki, müasir ad olsa yaxşıdır. Mən əlüstü dedim ki, onda qoy uşağın adı olsun "Betonə". Soruşdular ki. bu adın mənası nədir? Dedim ki, bu,"beton" sözündən əmələ gəlib. Mən beton evdə yaşadığım üçün bu adı təklif edirəm. Elə bildilər ki, ciddi deyirəm, yenə razı olmadılar.

Xülasə, bir xeyli götür-qoydan sonra razılığa gələ bildik. Beləliklə, qızımın adı oldu "Aysel". Deyəsən, bu əhvalatı ilk dəfə sənə danışıram".

Allah, sənə rəhmət eləsin, Fikrət Sadıq.

"Leninlə yatmaq..."

Stalin öz əsərlərində Lenini az qala bütləşdirsə də, dahi rəhbərin xanımı Nadejda Krupskayanı qətiyyən sevmirdi. Bu nifrət qarşılıqlı idi. Hələ 20-ci illərin əvvəllərində Stalinin belə bir frazası öz yaxın əhatəsindəki adamlara yaxşı tanış idi:

"Spatğ s Leninım ehe ne znaçit razbiratğsə v leninizme!"

"Leninlə yatmaq hələ leninizmdən baş çıxarmaq demək deyildir".

P.S. Bəzi tarixçilərin yazdığına görə, N.Krupskayanın 70 illiyi münasibəti ilə göndərilmiş tortu yeyəndən sonra Leninin arvadı zəhərlənib ölmüşdü. Tortu Stalin göndərmişdi. Amma rəsmi nekroloqda Nadejda Konstantinovnanın "ürək çatışmazlığından" vəfat etdiyi göstərilirdi.

"Xudaya, türk balasını sən özün qoru..."

M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami" adlı qimətli kitabında dahi şairin (İlyas Yusif oğlu Nizaminin) hansı millətə mənsub olduğunu sübut etmək üçün çox da "uzaq" mənbəyə yox, məhz elə onun öz yaradıcılığına müraciət edir.

Müəllif Nizamidən belə bir beyt misal çəkir:

Torkiyəm-ra dər in həbəş nə xərənd,

Lacərəm, duğba-ye xoş nə xorənd.

 

Türkcəsi:       

 

Türkcəmi bu həbəşlikdə alan yox,

Dovğamı bir yemək deyə sayan yox.

Məhəmməd Əmin başqa bir misal da çəkir:

Əgər şod torkəm əz xərgəh nəhani,

Xodayə, torkzadəmva to dani.

Türkcəsi:

Əgər türküm çadırdan

gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru.

Elə təkcə bu nümunələr, bu misralar bir şairin hansı milli hisslərlə yaşadığını sübut edir. Şair öz türk xanımına - dünyadan köçən Afaqa (Appağa) "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası" adlandırır.

Cuna kim idi?

Çoxunuzun hələ də yaxşı xatırladığınız baxıcı, şairə, həkim, astroloq Cunanın (1949-2015) rəsmi ad-soyadı Yevgeniya Davitaşvilidir. Əslində bu məşhur xanım əslən İran türküdür. Əsl soyadı isə Sardisdir. Düzdür, o, Rusiyada, Krasnodar vilayətinin Urmiya kəndində doğulub. Onun atası Yuvaş Sardis isə İran əhli olub, ailəsi ilə birgə Kubana köçüb. Yuvaş Sardis Kubanda kazak qızı Anna ilə ailə qurub. Cunanın nənəsi də "vergili" olub, baxıcılıqla məşğul olub.

Maraqlı olan budur ki, əslən İrandakı Urmiyadan olan Cuna Krasnodar vilayətinin Kurqan rayonundakı Urmiya kəndində doğulub. Yəni o, iki Urmiyanın övladıdır.

Belə-belə işlər...  

 

Firuz MUSTAFA

525-ci qəzet.- 2023.- 24 oktyabr , ¹192- S.13.