Sizə sevgi ilə!..

 

 

Mariya Borisovna Mulyaş (1922-2008) Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, "Ovation" mükafatı laureatı, "Rossiya" konsert zalının baş redaktoru olub.

Onun "Sizə sevgi ilə!" kitabından dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisi Müslüm Maqomayevlə bağlı xatirəsindən bir parçanı oxuculara təqdim edirik.

Rayon filarmoniyasında işləyəndə tez-tez raykom işçiləri üçün böyük qapalı konsertlər vermək imkanımız olurdu. Belə tədbirlər, bir qayda olaraq, Sütunlar salonunda keçirilirdi və "Qala axşamı" adlanırdı. Bu, əlbəttə ki, ən populyar sənətçilərin iştirak etdiyi bir görüş və konsert proqramını özündə ehtiva edirdi. Konsertin proqramı və ifaçıların tərkibi isə əvvəlcədən müxtəlif yüksək instansiyalar tərəfindən diqqətlə müzakirə edilərək təsdiqlənirdi. Onlar da öz növbələrində irad və arzularını bildirirdilər.

Bir gün Mədəniyyət İdarəsi hazırladığım konsertin tərkibini təsdiqləyərək Müslüm Maqomayevi ifaçılar sırasına daxil etmək istəyini bildirdi. Başım qarışıq idi: düşündüm ki, belə bir vaxtda Müslümü haradan tapa bilərəm? Sonra "rəislərdən" biri mənə dedi:

- Bilirsiniz, Dövlət Konsertindən təzəcə qayıtmışam, Müslümü orada gördüm... 

Daha sonra əlavə etdi ki, o, bu gün getməlidir... Mərkəzi ofisdə insan əlindən yer yox idi, elə bu səbəbdən də müsahibimin sözünün sonunu eşidə bilmədim. Tez qasırğa kimi küçəyə atıldım, maşın tutub iyirmi dəqiqədən sonra ozümü Dövlət Konsertinə çatdırdım. Otaqları bir-bir gəzib Müslümü axtarmağa başladım. Və nəhayət ki, tapdım! O, otaqların birində sviter köynəkdə oturmuşdu, olduqca yorğun görünürdü. Məlum oldu ki, Müslüm İtaliyadan təzəcə qayıdıb. Moskvaya tranzitlə gəlmişdi, Dövlət Konsertində bəzi sənədləri tərtib etməli idi. Yaxınlaşıb özümü təqdim etdim və ona olan uzun və zərif sevgi hissini izhar etdim. Bildirdim ki, onun Moskvadakı solo konsertlərinin heç birini qaçırmıram və onunla həmişə görüşməkdən şad olan paytaxt tamaşaçılarının heyranlığını və sevincini bölüşürəm. Əlavə edib dedim ki, onu hər görəndə çox sevinirəm və mənimlə indi maşına minib, Sütunlar salonundakı konsertdə iştirak edəcəyi təqdirdə daha da sevinərəm.

Müslüm mənim xahişimi zarafat kimi qəbul etdi.

- Qoy başqa vaxta qalsın, - deyə nəzakətlə cavab verdi. - Bu gün mümkün deyil: gördüyünüz kimi konsert kostyumunda deyiləm, müşayiətçisizəm, hələ üstəlik də, əhval-ruhiyəm yaxşı deyil.

-Yaxşı, - dedim, - mənimlə gedib oxumasanız, o zaman işdən qovularam. Siz bunu edə bilməzsiniz: işimi həqiqətən sevirəm və onu itirmək mənim üçün faciə olacaq. Bilirsiniz nə var, əgər həqiqətən oxumaq istəmirsinizsə, o zaman maşınla gedək və yüksək səlahiyyətlilərə başa salın ki, mən sizin konsertdə iştirak etməyiniz üçün hər şeyi etdim, amma kostyumunuz yoxdur və həm də çox yorğunsunuz. Sizə inanıb məni işdən qovmazlar. Sizi maşınla təmin edəcəyəm, elə onunla da hava limanına gedəcəksiniz.

Müslüm güldü, qalxıb əlini mənə verdi. Cəsarətlə maşına əyləşib Sütunlar salonuna gəldik.

Sizə demək istəyirəm ki, Maqomayev təbiətcə çox mehriban insandır, sadəcə olaraq kiməsə problem yarada biləcəyini düşünmək onun üçün dözülməzdir. Mən bunu ilk görüşdə anladım və dost olduğumuz bütün bu illər ərzində onun xeyirxahlığını çox yüksək qiymətləndirirəm. Və sonra... onun Sütunlar salonunda görünməsi səs-küy yaratdı... Obkom üzvləri hay-küy salmağa başladılar... Vaxtında gəldik, təntənəli hissə yenicə bitmişdi və hamı bayramın planlaşdırıldığı zala getdi. Müslüm də fəxri qonaq kimi orada müşayiət olundu və mən tələsik rus səhnəsinin ən yaxşı müşayiətçisi, gözəl musiqiçi və yaxın dostum David Aşkenazini çağırdım.

Müslüm Maqomayev,  Mariya Mulyaş (ortada) və Tamara Sinyavskaya

- Dodik, - telefona qışqırdım, - nə yaxşı ki, evdəsiniz! Dərhal Sütunlar salonuna gəlin.

- Kiminlə oxuyacağıq? - Dodik işgüzar tərzdə soruşdu.

- Dərhal bura gəlin, bilərsiniz.

- Bəs nə oxumaq lazımdır?

- Hamısını! - deyib telefonu qapadım.

Bu zaman Müslüm yeməkxanadan çıxdı, yanına gedib dedim:

- Müşayiətçi indi burada olacaq.

- Kimdir ki? - deyə soruşdu.

- David Aşkenazi!

- Əla, amma sviterdəyəm, nədənsə narahatam... belə yüksək məclisdə sviterdə çıxış etmək nalayiq hərəkətdir...

- Siz nə danışırsınız? Bütün məclis sizin bu geyiminizə sevinəcək. İnanın mənə, publika sizin frakda olmamağınıza tamamilə biganədir. Yaxşısı budur, nə oxuyacağınızı dəqiqləşdirin.

- Fiqaronun Kavatinasını.

- Lap əla! - cavab verdim. - Budur, Dodik də gəlir.

Mən onları bir-birinə təqdim etdim. Dodikə dedim ki, Müslüm oxuyacaq. Həyəcandan Dodikin əllərinin necə titrədiyini gördüm...

- Nota musiqim yoxdur axı! Ton necə olacaq? - deyə Dodik soruşdu.

Səhnədə isə artıq hamı onların gəlişini gözləyirdi... Yarıyolda Müslüm Aşkenaziyə mahnının tonallığını başa saldı. Onların performansı sürəkli alqışlarla  qarşılandı!

Bax, Müslüm Maqomayevlə ilk şəxsi tanışlığım belə başlayıb.

O zaman Müslüm Moskvaya tez-tez gəlirdi. "Rossiya" mehmanxanasında yaşayırdı və mən həmişə onun səfərlərinin cədvəlini yaxşı bilirdim. Özü məni konsertlərində iştirak etməyə dəvət edirdi. Tamara Sinyavskaya ilə evlənəndə də onlar oteldə yaşamağa davam edirdilər.

Sonra o vaxtkı Qorki küçəsində,  düz evimin yanında mənzil aldılar. Mən buna çox sevindim, çünki biz bütün bu illər ərzində daha da möhkəmlənən və mənim çox dəyər verdiyim yaxşı dostluq münasibətləri qurmuşduq. Müslüm də, Tamara da mənə çox diqqətli idilər. Nə vaxt xəstə olsaydım, onların qayğısına və dəstəyinə arxalanacağımı bilirdim. Mən də öz növbəmdə çalışırdım ki, onlara qarşı diqqət göstərim, ehtiyac yarananda yanlarında olum.

Tez-tez bir-birimizə baş çəkirik. Biz müntəzəm olaraq konsert məkanlarında görüşürük. Müslüm "Rusiya" Dövlət Mərkəzi Konsert Salonunun səhnəsini sevir. O, həmişə konsertlərimizdə məmnuniyyətlə iştirak edir, ad günlərini burada qeyd edir, indi də onun 60 illik yubileyini bizimlə keçirməyə hazırlaşırıq.

Maqomayev və Sinyavskaya təəccüblü dərəcədə gözəl, xeyirxah, istedadlı, hərtərəfli təhsilli insanlardır. Onlar son dərəcə maraqlıdırlar. Az adam bilir ki, Müslüm təkcə görkəmli musiqiçi və müğənni deyil, həm də istedadlı rəssam və heykəltaraşdır. Onun işlərini çox görmüşəm və bilirəm ki, onlar mütəxəssislər tərəfindən necə yüksək qiymətləndiriliblər.

Mən Müslümün 60 illik yubileyi münasibətilə əsərlərindən ibarət sərgi keçirmək istərdim, amma bu, ondan asılıdır. Bir dəfə məşhur Aleksandr Şilov ona sifarişli əsərlər gətirdi: Müslüm və Tamaranın portretlərini. Müslüm onların hər ikisini başqa cür "gördü" və buna görə də öz baxışlarını kətanlarda əks etdirdi... Beləliklə, evdə Müslüm Maqomayevin çəkdiyi Tamara və Müslümün iki portreti asıldı. Bu insanlar öz davranışları, həyat tərzi, yaradıcılıqları ilə ətraflarında xüsusi ekoloji təmiz dünya yaradıblar, elə bir dünya yaradıblar ki, ona hər kəsin daxil olması mümkün deyil. Onların seçilmiş sosial dairəsi, maraqlı və ağıllı insanlar dairəsi var. Mən fəxr edirəm ki, onların yaxın dostları arasında olmaq şərəfinə nail olmuşam: birlikdə ailə bayramlarını, Yeni ili, 8 Martı qeyd edirik...

Arada Müslümdən telefonuma zəng gəldi:

- Mariya Borisovna, zəng etmisiniz. Nə baş verib? Səfərdən təzəcə qayıtmışıq və çox həyəcanlıyıq. De görüm, necəsən?

- Heç nə baş verməyib, Müslüm, hər şey qaydasındadır. Zəng vurdum ki, sizi Dövlət Mərkəzi Konsert Sarayındakı konsertə dəvət edim.

- Mütləq gələcəyəm. Çox sağ olun. Bəlkə maşın göndərim?

- Yox, qoy Ruslanınız dincəlsin. Mənə qayğı göstərdiyiniz üçün təşəkkür edirəm.

Mən bu insanları çox sevirəm və istəyirəm ki, sevgim  uzun müddətə bəs eləsin...

 

Tərcümə edəni:

Ağaddin BABAYEV

Lənkəran

Mariya MULYAŞ

525-ci qəzet.- 2023.- 24 oktyabr , ¹192- S.12.