Müstəmləkəçiliyə qarşı Azərbaycan cəbhəsi  

 

Ölkəmizdə keçirilən tədbirlər, o cümlədən, onların sayının çoxluğu heyrət doğurur. Düzdür, bəzən tədbir xatirinə tədbirlərə rast gəlinir. Sosial şəbəkələrin sayəsində adi, sıradan yığıncaqlar da bəzən elə reklam edilir ki, sanki fövqəladə nə isə baş verib. Qaynar Azərbaycan mühiti, ard-arda eşitdiyimiz xəbərlər, informasiya axını bəzən ciddi, vacib və əhəmiyyətli toplantıların kölgədə qalma reallığını doğurur.

Bu günlərdə paytaxtımızda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" beynəlxalq konfransı televiziyalarımızda, xüsusən AzTV-də yetərincə işıqlandırılsa da, düşünürəm ki, tədbirin Azərbaycanın indiki mövqeyi baxımından daha dərindən təhlilinə və təbliğinə ehtiyac duyulur.

Əvvəla, Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti siyasətçilərimiz və diplomatlarımız tərəfindən diqqətdə saxlanılmalı, müraciətdə ifadə olunmuş tezislər diplomatiyamızın və xarici siyasətimizin ana xəttinə çevrilməlidir. Hesab edirəm ki, dövlətimizin başçısının fikirləri müdrik, ağıllı və kifayət qədər mahir düşünülmüş hücum strategiyasıdır. Müraciətdə əksini tapanlar, eyni zamanda, Azərbaycanın hədəflərinin nümayişi baxımından da müstəsna əhəmiyyətə malikdir.

Həqiqətən, müxtəlif qitələri təmsil edən 14 ölkənin, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıda belə bir mötəbər toplantıda bir araya gəlmələri adi məsələ sayıla bilməz. Əslində, konfransın mötəbərliyi və bu mötəbərlikdəki Azərbaycan böyüklüyünü düşünərkən yadıma Qoşulmama Hərəkatının Bakıda keçirilmiş mühüm tədbirləri düşdü. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından səsləndirdiyi "dünya beşdən böyükdür" fikrini əməli fəaliyyət müstəvisinə daşıdı.

Prezident İlham Əliyev "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda bu ilin iyulunda Bakıda keçirilmiş nazirlər görüşünün iştirakçılarını salamlayarkən bildirmişdi ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. Qurumda ciddi islahatların aparılmasının qaçılmazlığını vurğulayan dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasını keçmişin qalığı adlandırmış və onun hazırkı reallıqları əks etdirmədiyini vurğulamışdı: "Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır. Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar".

Qətiyyətlə demək olar ki, Azərbaycan BMT "beşliyinə" qarşı Qoşulmama Hərəkatını alternativ kimi meydana çıxarmağa müvəffəq oldu. Heç şübhəsiz, bu, ölkəmizin böyük uğurudur və əslində, "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans da əvvəlki uğurların davamı olaraq əlamətdardır və dünyaya ədalət çağırışımızdır. Əlbəttə, bu missiyada prinsipiallıq ön planda idi.

Mövcud anlamda Azərbaycan Prezidentinin toplantı iştirakçılarına müraciəti üzərində xüsusi dayanılmalı məqamdır: "Bugünkü konfrans kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə "kolonializmdən azad dünya" miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir".

Azərbaycanın Qoşulmama Hərəkatı müstəvisində qoyduğu liderlik təməli o qədər möhkəmdir ki, hərəkatı dünyada ədalətin bərpası platforması kimi də dəyərləndirmək mümkündür. Ədalət isə özlüyündə bəşəriyyətin müstəmləkəçilik siyasəti yürüdən dövlətlərinə, o cümlədən, Fransaya qarşı açılmış cəbhədir. Ancaq bu cəbhənin daha böyük mahiyyəti var. İnsanlığa qarşı cinayətlər, soyqırımları törətmiş dövlətlər üzr istəməli, günahlarına görə məsuliyyət daşımalıdırlar. Ölkəmizin istər Qoşulmama Hərəkatı, istərsə də digər müstəvilərdə sürətlə dəyişən dünyada öz mövqeyini və yerini müəyyənləşdirən cəsarətli addımlar atması mövcud istiqamətdəki etibarlı təminatdır. Fikrimcə, dövlətimizin başçısının müraciətindəki "kolonializmdən azad dünya" məntiqi də elə budur. Elə həm də buna görə Azərbaycan Prezidenti bildirir: "Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən nazirlər toplantısı zamanı, daha sonra 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir".

Əlbəttə, "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans barədə təəssüratlarım kifayət qədər zəngindir və onların hər birini diqqətə çatdırıb müxtəlif nəticələrə gələ bilərəm. Həm də o səbəbdən ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təbirincə desək, toplantıda müstəmləkəçiliklə mübarizə ilə bağlı çoxlu fikir eşidildi. Hikmət müəllim, eyni zamanda vurğuladı ki, Azərbaycan siyasi azadlıq sahəsində səylərini, mübarizəsini və ambisiyalarını davam etdirəcək, tədbirdə səslənmiş fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracaqdır. Çünki ölkəmiz də uzun illər müstəqillikdən məhrum vəziyyətdə yaşayıb, işğalla üzləşib.

Deməli, Azərbaycan, Fransa başda olmaqla, müasir dünyanın kolonialist sisteminə mübarizə ruhunu aşılayır. Bu, son dərəcə böyük hadisədir və bu hadisədə, heç şübhəsiz, başlıca motiv bir yandan dünyaya, belə demək mümkünsə, ədalət ixracıdır, digər yandan isə ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü əbədi görmək əzmi, qətiyyəti və iradəsi var. Düşünürəm ki, bu gün Prezident İlham Əliyev başda olmaqla, dövlətimizin həyata keçirdiyi çoxşaxəli, çoxxassəli siyasətin motivində dayanan başlıca vəzifə məhz budur.

Ölkəmizin belə yanaşması, ümumiyyətlə, fundamental mövqeyi yüksək qiymətləndirilir. Bunu "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciətindən də görmək mümkündür. Onlar ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini bildirərək, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımları, xüsusilə kolonializmə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayıblar: "Biz əminik ki, birgə apardığımız haqlı mübarizə və bu xüsusda dünya ictimaiyyətinin artan tələbləri dekolonializmlə bağlı zəruri addımların atılmasına və təbii haqqımız olan hüquq və azadlıqlarımızın təmin olunmasına kömək edəcək".

Bütün bunlara görə "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı konfransın, habelə bu kimi digər toplantıların cəmiyyətimizdə daha geniş təbliğinə son dərəcə böyük ehtiyac var. İnsanlarımız, ümumən mütərəqqi beynəlxalq ictimaiyyət Azərbaycanın həyata keçirdiyi işin nəinki böyüklüyünü görməli, eyni zamanda, o böyüklük antibəşəri meyllərə qarşı dirəniş, təbii immunitet formalaşdırmalıdır. Bu isə həm yaşadığımız Cənubi Qafqaz regionunda, həm də bütövlükdə dünyada əbədi sülhə mühüm töhfədir.

 

"Xalq qəzeti"

Rəşad Məcid

Mətbuat Şurasının sədri

525-ci qəzet.- 2023.- 24 oktyabr,¹192.- S.9.