"Əziz dost" haqqında söz

 Telman Orucov

(Əvvəli ötən çərşənbə sayımızda)

 Hüqonun geniş oxucu kütləsi tərəfindən sevilən digər bir əsəri "Paris Notr-Dam kilsəsi" bir tərəfdən bu möhtəşəm memarlıq abidəsinə ikinci həyat vermişsə, axı onun qüllələri müəllifin soyadının baş hərfinə bənzəyir, digər tərəfdən füsunkar Esmeraldanın, zahirən eybəcər, daxilən onu əhatə edənlərin hamısından gözəl və təmiz olan Kvazimodonun tam aşkar olmayan, bir-biri tərəfindən başa düşülməyən ilahi münasibətlərinin təsvirinə həsr edilmişdir. Adından göründüyü kimi, Kvazimodo natamam, adama bənzəməyən bir fərddir. O, uşaqlıqdan bədbəxt olmuşdur, qozbeldir, zəng çalan olduğundan kilsə zəngləri onu kar və lal etmişdir. Lakin onun ürəyində bu gözəl qıza sönməz məhəbbət alovu yanmağa başlayır. Esmeralda isə bundan xəbərsizdir, bunu ağlına da gətirə bilməz. O, zahirən şux və yaraşıqlı, daxilən boş olan və rəngli balıqqulağına bənzəyən Febusa vurulur və öz səhvini anlayır. Lakin digər bir mənfur adam da, keşiş və əlkimyaçı Klod Frollo da Esmeraldaya vurulur, öz məhəbbətinə çatmadıqda, özünün bütün güclü hisslərini nifrətə çevirir və qızı məhv etməyə çalışır. İtaətkar qul kimi ona sadiq olan Kvazimodo bunu anladıqda, allah tərəfindən verilmiş onun barəsindəki cəza hökmünü yerinə yetirir, kilsənin uca eyvanından onu yerə çırpıb öldürür. Orta əsrlərdə Avropanı bürümüş və inkvizisiyanın, din xadimlərinin əlində iti silaha çevrilmiş bədnam cadugər qadınların təqib edilməsi burada günahsız, məsum və şən bir qızın həyatını zəhərləyir və nəhayət, onu məhv edir. Hüqo bu əsərində də dini cəhalətə qarşı üsyan edir. Onun dəhşətli eybəcərliklərini canlı obraz və hadisələrlə təsvir edir.

Hüqonun ən maraqlı romanlarından biri, əlbəttə ki, "93-cü il" əsəridir. Adından göründüyü kimi, əsərdəki hadisələr Böyük Fransa inqilabının ən qızğın dövrünə təsadüf edir. Royalistlər respublikaçıların qələbəsinə müqavimət göstərmək üçün hərbi xadimlər şəxsində İngiltərədən kömək alırlar. İnqilabın sərt qanadını təmsil edən Qoven və Simurden insanlıq işığının şüalarına biganə qala bilmirlər. Qoven düşmən Lantenakın ananın fəryadına dözə bilməyib, yanan binadan bir qız uşağını xilas etmək üçün özünün ələ keçməsinə məhəl qoymadığına görə bu alicənablığı cavabsız qoymur, edam olunmalı bu qorxulu rəqibə öz paltarını geyindirməklə onun gözətçiləri aldadıb dustaqxanadan qaçmasına nail olur və onun əvəzinə məhbəsdə qalan Qoven öz müəllimi və dostu tərəfindən ölüm hökmünə layiq görülür. Gilyotinanın bıçağı onun başını üzüb səbətə atdıqda, atəş səsi eşidilir. Ən əziz dostunun ölümünə qərar verən Simurden bu itkiyə dözə bilmədiyindən özünə verdiyi ölüm hökmünü də dostunun edamı ilə bir vaxtda icra edir. Deməli, heç bir inqilabi prinsip, heç bir ideya da insanlığı, xeyirxahlığı, alicənablığı, rəhmdilliyi və şəfqəti bütünlüklə məhv edib, aradan çıxara bilmir. əsərdə nə respublikaçılar, nə royalistlər, yalnız və yalnız ali insanlıq qalib gəlir və göstərilir ki, inqilabın tökdüyü qanlar digər lokal faciələrin də başlanğıcına təkan verən amillərə çevrilir.

Digər maraqlı "Güləyən adam" romanında Hüqo üzü eybəcərləşdirilmiş Quinplenlə kor gözəl qız Ursulanın məhəbbətini təsvir edir. Bir sözlə, Hüqonun əsərlərindən çox şey öyrənmək olar, bu böyük yazıçı insan dünyasının ən qaranlıq guşələrinə nüfuz etməklə, ən incə hisslərinin tellərini səsləndirməklə bizi təyinatımıza uyğun insan həyatı sürməyə çağırır, xeyirə, ləyaqətə səsləyir. O, bir qayda olaraq, həyatın dibində əzab çəkən insanları öz qəhrəmanlarına çevirib, ləyaqət və mənəviyyat zirvəsinə qaldırır. Bunları nəzərə alaraq, əsərləri vasitəsilə Viktor Hüqo kimi yüksək və çoxcəhətli şəxsiyyətlə ünsiyyətdə olmaq imkanından yan keçməyin, hər bir fürsətdən onun qonağı olmaq üçün istifadə edin.

Hüqo ilə eyni dövrdə yaşamış Onore de Balzak "İnsan komediyası" adlı bir epopeya yaratmışdır, bu dastanın səhifələrinin 3 min obrazdan ibarət məskunu var. Rostinyakı və ya Qorio atanı oxucular yaxşı tanımır. Pulun, var-dövlətin hakim kəsildiyi cəmiyyətin eybəcərlikləri böyük istedadla təsvir edilir. Balzak bu romanını, Hüqonun sözləri ilə desək, "İnsan tarixi" adlandırsa, səhv etməzdi. Stendalın "Qırmızı və qara", "Parm sığınacağı", Napoleonun mədhinə həsr olunmuş əsəri maraqla oxunur. Flober özünün "Madam Bovari" romanı ilə şöhrət tapmışdır.

Yəqin ki, çoxları Jorj Sandın "Konsuelo", "Qrafinya Rudolştatskaya" adlı mistik epizodlarla dolu olan əsərlərini oxumuşdur. Madam de Stalın "Korinna" əsəri isə italyan intibah mədəniyyəti, rəngkarlığı, heykəltaraşlığı ilə tanış olmaq üçün dəyərli vəsait rolunu oynaya bilər. "Azadlığın qəbir qazanı" adlandırdığı Napoleona axıradək nifrət edən bu qadın, özünün çox qiymətli tədqiqat əsərində italyan sənətinə vurğun olduğunu və onu dərindən mənimsədiyini göstərmişdir. Prosper Merime isə özünü "Karmen"lə məşhurlaşdırmışdır. Ejen Syunun "Aqasfer" əsəri xristian dininin problemlərini öyrənməyə kömək edir.

Bizim oxucuya Mopassan daha yaxından tanışdır. Onun "Həyat", "Əziz dost" romanları və əsrarəngiz hekayələri böyük maraqla oxunur. Tarixi və maraqlı əhvalatların təsvirçisi olan Aleksandr Düma -atanın "Üç muşketyor", "Vikont de Brajelon", "Qraf Monte-Kristo" romanları, gənclər tərəfindən aludə obyekti olan D'Artanyanı, onun dostlarını və digər cəngavərləri həyata gətirmişdir. Oxucu həm də bu əsərlər vasitəsilə kardinal Rişelyenin - bu böyük dövlət xadiminin və məkrli siyasətçinin obrazı ilə tanış olur. Oğul Aleksandr Düma isə librettosu əsasında yazılmış "Traviata" operası ilə daha çox məşhurlaşmış "Kameliyalı qadın" pyesinin müəllifidir.

Poeziya həvəskarları isə Bodlerə, Verlenə, Apollipnerə, Elyuara üstünlük verirlər. XX əsrdə Fransa ədəbiyyatı özündən əvvəlki əsrin ətaləti altında bu ənənəni davam etdirmişdir. İki əsrin keçidində yazıb-yaratmış Emil Zolya özünün "Ruqon-Makkarlar"ı seriyasından olan, xüsusən "Jerminal", "Tələ" romanlarında həyatın ağır, müdhiş səhnələrini təsvir etmiş, istismar olunan bədbəxt adamları öz əsərlərinin səhifələrinə gətirmişdir. "Abbat Muryenin xətası" əsərində keşişin bir qıza olan hərarətli məhəbbəti və ehtirası qarşısında dini yasaqlara məhəl qoymaması təsvir edilir. Oxucu Sartrın, Kamyunun fəlsəfi əsərləri ilə yanaşı, bədii əsərlərini də maraqla oxuyur. 70-ci illərdə keçmiş SSRİ-də fransız qadın yazıçısı Fransuaza Saqanın sehrli qələminin məhsulu olan "Soyuq suda bir qədər günəş" və "Siz Bramsı sevirsinizmi?" əsərləri geniş oxunmağa başlandı. Bu qeyri-adi, olduqca səmimi və intim dildə yazılmış əsərlərdə məhəbbətin dərk olunmayan çalarları təsvir edilir.

Oxucular Moris Dryuonun burjuaziya dünyasının var-dövlətə hərisliklə çuğlanmış həyatını əks etdirən romanlarını maraqla mütaliə edirlər. Fransa rəngkarlığına həvəs göstərənlər Lui Araqonun "Anri-Matiss-Roman" əsərinə, Perruşonun silsilə kitablarına müraciət edirlər.

Mən fransız yazıçısı, olduqca maraqlı tərcümeyi-hal romanlarının müəllifi, görkəmli ədəbiyyat tədqiqatçısı Andre Moruanın yaradıcılığı üzərində ayrıca dayanmaq istəyirəm. Andre Morua "Olimpio və ya Viktor Hüqonun həyatı", "Leliya və ya Jorj Sandın həyatı", "Üç Düma", "Prometey və ya Balzakın həyatı" kitablarının, həmçinin Bayron və başqa görkəmli şəxsiyyətlər barədə olduqca maraqlı əsərlərin müəllifidir. Onun Hüqoya həsr olunmuş əsərindən biz gənc Viktorun Adelə vurulmasını, sonra onunla evlənməsini, Adelin Sent-Byövlə eşq macərasını öyrənir, Hüqonun erkən poeziyası və nəsri ilə, gənc aktrisa Jülyetta Drue ilə sevişməsi və böyük zəfərləri ilə, həmçinin şimaldakı Britaniyaya məxsus olan Gernsi adasına sürgünə yollanması və həyatının acılı-şirinli çoxlu hadisələri ilə tanış oluruq. Əsərin baş qəhrəmanından başqa, ikinci əsas iştirakçısı kimi onun məşuqəsi və qəlb sirdaşı Jülyetta Druenin qabarıq və cazibədar portretini xüsusi qeyd etmək istəyirəm. Bu qadın Adeldən fərqli olaraq, Hüqonu bütün varlığı ilə sevir. Dahi isə intim münasibətlərdə mifik Favn kimi ehtirasdan doymayan olduğu üçün, çoxlu qadını, gənc qızları, o cümlədən, məşhur aktrisa Sara Bernarı eşq toruna salır və ona uşaq doğuzdurur, yazıçı dostu Teofil Qotyenin gənc qızını da ələ keçirə bilir. Jülyetta onun ani dönüklüyünə və sədaqətsizliyinə daha da alovlanan məhəbbəti ilə cavab verdiyindən, Hüqo bir az əvvəl tərk etdiyi bu sakit və fırtınasız məhəbbət limanına qayıdır, hara yollansa da, nəticə etibarı ilə onu məmnun edən sığınacağı burada tapır. Ona görə də bu iki qeyri-adi adamın tale gəmisi məhəbbət dənizində yarım əsr ərzində üzməkdə davam edir və bu qadın öz məhəbbəti ilə böyük dühanı həyatın sarsıntılarına üstün gəlməkdə, onun sağlamlığının qorunub saxlanmasında öz əvəzsiz xidmətini göstərir. Üsyankar və şıltaq təbiətli Hüqo öz istedadının miqyasına görə necə sınaqlara məruz qalırsa qalsın, bu sınaqların şaxtasında bu kiçik və sadə qadının bütünlüklə, məhz ona həsr edilmiş məhəbbəti, özünün hərarəti ilə onu isitməklə, dahiyə xilasedici bir köməklik göstərir. Düzdür, gənclik dövründə bu, o qədər də istedadlı olmayan aktrisanın həyatında rus mühaciri knyaz Demidov olmuşdur, lakin Viktor Hüqo ilə ilk tanışlıqdan mənfur xərçəng xəstəliyinin onu həyatla vidalaşmaya məcbur edənə qədər bu zahirən zəif qadın güclü bir ehtiras və ürəklə, dözüm və sədaqətlə öz məhəbbətini yalnız bir nəfərə bağışlamış, öz həyatını hər şeydən məhrum edərək, bircə nəfərə həsr etmişdi. Mənim tanıdığım gözəl və ziyalı bir qadın həyatda və məhəbbətdə özünə Cülyetta Drueni ideal seçdiyini və Parisdəki qəbiristanlıqda onun qəbrinin üstündəki mərmərdə Viktor Hüqonun şeirindən bir hissəni və xüsusən son kəlməsini: "O, məni sevirdi" sözlərini oxuduqda, göz yaşları axıtdığını böyük səmimiyyətlə söyləyirdi. Andre Morua bu məhəbbəti geniş təsvir etməklə bu nəsr əsərini, əslində, bir məhəbbət dastanına, yüksək hisslər haqqında məhz Hüqoya layiq olan bir poemaya çevirmişdir. Əsərdə Hüqo yaradıcılığının geniş və dərin təhlili verilmişdir. Müəllifin yazı dili heç də Hüqonun poetik və nəsr dilindən, yüksək ifadə üslubundan geri qalmır.

"Üç Düma" romanında general babanın, böyük yazıçı Düma-atanın və yazıçı-dramaturq Düma-oğulun portretləri yaradılmışdır. Müəllif qeyd edir ki, ata Dümaya əsərləri haqqında sual verdikdə, ən mükəmməl əsərinin onun oğlu olduğunu söyləmişdir.

Balzakın həyatını təsvir edərkən onu qeyri-adi dühası ilə yanaşı, bayağı geyimi, həmişə sarı jilet geyinməsi, gəncliyindən özündən yaşlı qadınlara vurulması və buradan "Balzak yaşı" termininin yaranması göstərilir. Əsərdə onun ukraynalı varlı qadın, polyak mənşəli Evelina Qanskaya ilə olan və axıradək, əslində, baş tutmayan izdivac niyyətləri əks olunur. Balzak öz əsərində Paris həyatının geniş panoramasını böyük ustalıqla, bir rəssam məharəti ilə təsvir edə bilmişdir. O, təkrar olunmaz obrazlar qalereyası yaratmışdır. Qorio atanın ölüm ərəfəsində dediyi "evlənməyin, doğub törəməyin. Biz uşaqlara həyat bəxş edirik, onlar isə bizə ölüm" sözləri övladlarından narazı olan çoxlarının həyatını ən kəskin və acı sözlərlə ifadə edir.

Moruanın Jorj Sandın həyatına həsr etdiyi romanında biz böyük istedadlarla - dahi polyak bəstəkarı Frederik Şopenlə, macar bəstəkarı və virtuoz pianoçu Ferents Listlə, onun məşuqəsi, yazıçı Mari D`Aqu ilə tanış oluruq. Şopenlə Jorj Sandın qısa sürən sevgi ömrünün səhifələrini vərəqləyirik. Qeyri-adi istedada malik olan bu qadının şıltaq təbiəti isə onu başqaları ilə münasibətində, xüsusən Andre Myusse ilə yaxınlığının baş tutmamasından sonra məşuqu tərəfindən lağa qoyulmasında öz əksini tapır.

Bayron haqqında əsərində uşaqlıqdan şikəst olan bu gözəl oğlanın və nadir istedad sahibinin natamamlıq kompleksinin təsiri altında həyatdan qisas almaq istəməsi və çoxlu qadınlarla eşq macəralarının qəhrəmanına çevrilməsi ilə tanış oluruq. Onun ögey bacısı Avqusta ilə məhəbbəti dəlicəsinə alovlanaraq intim yaxınlığa çevrilir və onun məhsulu kimi bir qız uşağı dünyaya gəlir. Bayronun yunan milli-azadlıq hərəkatına kömək göstərməsi və həyatının digər yadda qalan səhnələri ilə yanaşı, onun poeziyası, xüsusən "Çayld-Harold" poeması bir bilici qələmi ilə təhlil olunur.

 

(Ardı var)  

525-ci qəzet .- 2023.- 25 oktyabr, ¹193.- S.14.