Süleyman Saninin
Qarabağa dönüşü
Rafael HÜSEYNOV
Akademik
Onlar -
Süleyman Sani Axundovlar sayca az idilər. Amma çox olmağı bacarırdılar. Çünki bir-birlərinin qədir-qiymətini
bilirdilər, çünki bir-birləri ilə əl-ələ,
ruh-ruha, çiyin-çiyinə idilər - həyatda olanlar və
həyatda olmayanlar. Həyatda olanlar həyatdan
getmişləri də sıralarında təsəvvür
edirdilər, lazım gələndə onların müdafiəsində
idilər, qoymurdular ki, əbədi ayrıldıqları məsləkdaşlarının
yadigar irsi itib-batsın, yandırdıqları ocaqlar
sönsün. Çalışırdılar
ki, əqidə qardaşlarının hərarəti yeni
günü də isitsin, sabahlara da çatsın.
Süleyman Sani Axundovun çap olunan kitablarında hekayələr
sırasında "Sabir məşəli" adlı bir
yazı da gedir. Onu hekayə adlandırmaq olar da, olmaz da.
Bunu bir məqalə saymaq da mümkündür,
ya esse, düşüncə hesab etmək də. Ancaq mahiyyət bunda deyil. Mətləb
daha dərindədir. "Sabir məşəli"ndə
Süleyman Sani Axundov yazırdı ki, Sabir gecəsi münasibətilə
buraxılacaq bir dərgidən ötrü məndən də
şair haqqında təəssüratlarımı qələmə
almağımı xahiş eləmişdilər. Mən
də gəldim evə, bir az da yorğun
idim, başladım düşünməyə ki, nə
yazım. Ha fikirləşdim, Sabirə layiq söz
ağlıma gəlmədi. Ona görə qət
elədim ki, Sabirin "Hop-hopnamə"sini açım, əvvəldən-sona
bir də vərəqləyim, bəlkə həmin şeirlər
təkan nöqtəsi oldu ki, yazını başlaya bilim.
Vərəqləri çevirdikcə, mənə yaxşı
tanış olan şeirləri, bir
çoxunu əzbər bildiyim mənzumələri təzədən
bir də oxuduqca, yenidən ləzzət aldıqca
başladı məni mürgü döyməyə və bu əsnada
məni yuxu tutdu. Bir röya gördüm ki, bəs
Sabir bağındayam. Ancaq röyamdakı Sabir bağı
bizim gördüyümüz Sabir bağına bənzəmir
- dəfələrlə genişlənib, nəhəng bir
meydana çevrilib və ərazisi də müxtəlif
insanlarla dolu... Sabirin heykəli də
böyümüşdü, ucalmışdı, səmalara qədər
dikəlmişdi. Röyamda görürəm
ki, qəfildən ətrafdan cürbəcür sədalar
ucalmağa başladı. Bir tərəfdən
partapart qopdu, Bakı qoçularının sədaları
yetişdi qulağıma, o biri tərəfdən haray gəldi
ki, "qaç, oğlan, at basdı, millət gəlir".
Bu biri tərəfdən birisi dillənir ki,
"oğul mənimdir əgər, oxutmuram, əl çəkin.
Eyləməyin dəngəsər, oxutmuram, əl
çəkin". O biri tərəfdən
qulağıma bir ayrı səs yetişir ki, "Ay alan, məmləkət-i
Rey satıram". Bir də onu gördüm ki,
bu səsləri gələn adamların hamısı sanki birləşdilər
və başladılar yüyürüşməyə Sabirin
heykəli tərəfə. İçərimdə
bir təlaş, təşviş yarandı. Çünki qırımlarından belə duyulurdu
ki, onlar Sabir heykəlini aşırtmaq istəyirlər. Elə Sabir heykəlinə çathaçatda qəfildən
hamısı döndü, başladılar geri
qaçmağa. Başımı
qaldırıb heykəl sarı baxanda gördüm ki, oradan
bir işıq saçmaqdadır, Sabirin əlində məşəl
var. Bunlar həmin məşəlin işığından
qorxub qaçırlar. Elə bu yerdə yuxudan
ayıldım və hiss etdim ki, Sabirin əlindəki o məşəl
mənim dərgi üçün yazmaq istədiyim məqaləyə
bir ipucu ola bilər. Oturdum,
başladım düşüncələrimi kağıza
tökməyə. Sabirin əlindəki məşəl
yalnız bizim içində olduğumuz mühiti - Azərbaycanı
yox, bütün Yaxın Şərqi
işıqlandırır və bütün gələcək
içərisində də işıqlandıracaq. Ona görə də gələcək minnətdar
insanlar bu cür böyük millət fədailərini, bu
cür böyük millət balalarını gərək
yaxşı tanıyalar.
Süleyman Sani Mirzə Ələkbər Sabirə, onun
irsinə "məşəl" deyirdi və əslində
daha bir məşəl də elə onun özü idi. Elə bir gur
məşəl ki, işığı Azərbaycanın
dünənində olub, çox qaranlıqları
nurlandırıb, bu gün var və bütün gələcək
boyu da işığını saçmaqda davam edəcək.
...Azərbaycan
hekayəçiliyində iki usta qələm var ki, ruhca
bir-birinə çox yaxın, çox doğmadırlar - Seyid
Hüseyn və Süleyman Sani Axundovun qələmləri. Hər ikisi son dərəcə doğruçu, hər
ikisinin yazdıqlarından, hekayələrindən onların səsi
eşidilməkdə, nəfəsi duyulmaqda. Onların yazdıqlarında təxəyyülün
harda başlayıb həqiqətin harda
qurtardığını müəyyən eləmək
çox çətindir. Adətən
öz talelərindən keçənlərdən, öz
başlarına gələnlərdən yazırlar. İllah da ki, Süleyman Sani Axundov. O, qələmə
aldıqlarının üstünə hekayə yox, xatirə
yazsaydı da, tam doğru olardı. Hər xatirəsinin
üstünə isə "hekayə" qeydi etsə idi, yenə
haqlı olacaqdı. Yazıçı təxəyyülü
ilə gerçək həyatın sərhədlərini dəqiq
müəyyənləşdirməyin çətin olduğu
Süleyman Sani əsərləri öz yerində, amma onun
sırf xatirə olduğu şəkk doğurmayan qəmli bir
hekayəti də var. O hüznlü xatirat, o kədərli
hekayət "Cəhalət qurbanı"dır. İlk dəfə 1923-cü ilin dekabrında
"Şərq qadını" jurnalında dərc edilib.
Amma bir nömrəyə sığmayıb,
1924-cü ilin yanvar ayındakı əvvəlinci sayında da
davam edib. Ümumən, 1920-ci illərdə Süleyman
Sani Axundovu bir müəllim, bir yazıçı, bir Azərbaycan
aydını kimi düşündürən əsas məsələlər
qadın azadlığı, cəmiyyətdə cəhalətin
kökünü kəsmək, insanların şüuruna
biliyin, maarifin işığını səpmək, əlifba,
dil uğrunda çalışmalar idi.
Süleyman Sani Axundov öz doğma Qarabağında,
uşaqlıq, yeniyetməlik illərində bilavasitə
canlı şahid olduğu əhvalatı nağıl edir. Hekayəsini -
xatiratını belə başlayır ki, günlərin birində,
həmişəki kimi, yenə yoldaşlarımla
oynayırdıq. Qəfilcə bizim doqqazda palanlı
atın üstündə qoca bir kişi
göründü. Atdan endi, yaxınlaşdı
bizim həyətə, əmioğlunu soruşdu. Dedi ki,
bala, mənim adım Budaq babadı, bir təvəqqe ilə gəlmişəm.
Deyir, mən də tez qaçdım, əmioğlunu
tapıb gətirdim. Nədənsə
danışdılar və Budaq baba elə gəldiyi kimi də
atını minib getdi. Üstündən
bir müddət keçəndən sonra iki qızla
qayıdıb gəldi. Biri nisbətən
böyük idi, elə təxminən mən yaşda, ikincisi
isə 6-7 yaşında olardı. Budaq baba
onların qəziyyəsini nağıl eləməyə
başlayanda anam da yaxınlaşdı. Budaq
baba söylədi ki, bunlar mənim nəvələrimdir, Allah
sizə kömək olsun ki, bizə sığınmaq
üçün yer verdiniz.
Əmioğlu onlara həyətdəki komanı göstərmişdi,
bundan sonra onlar bizimlə bir yerdə o komada
yaşayacaqdılar. Budaq baba müəyyən ev əşyalarını
da gətirmişdi. Açdı, qızlar
onları daşıdılar həmin komaya, tezliklə
komanı da səliqəyə saldılar. Anam
qızlardan soruşdu ki, sizin böyük bacınızı
tanıyıram, Şelli kəndində yaşayırdı.
Ananız necə, salamatdırmı?
Qızlar kədərlə cavab verdilər ki, yox, anamız bir
il bundan qabaq vəfat elədi.
Anam
canıyananlıqla onlara dedi ki, uşağın
atasını-anasını itirməsi, əlbəttə ki,
çox çətindir. Bizim də
uşaqların atası həyatdan tez getdi, çox korluq
çəkdik. Narahat olmayın, bir yerdə
olacağıq, bir ailə kimi yaşayacağıq. Qızlardan birinin adı Tamam idi, digərininki
Gülbənd. Amma adları deməmiş
mən qızlardan birinə üz tutmuşdum ki, sizin
adınız Göyərçindir? Qız
qayıtmışdı ki, yox, mən Tamamam, niyə elə
düşünürsən ki, adım Göyərçindir?
Dedim, çünki göyərçinə
oxşayırsan. Doğrudan da, uca boylu, ala
gözlü bu qız elə göyərçinə bənzəyirdi.
Dedi, yox, əslində göyərçinə mən yox, sən
oxşayırsan. Doğrudan da, mənim əynimdəki
mahud köynək, başımdakı çil papaq gendən baxanda
göyərçinin rəngini yada salırdı. Beləcə, həmin gündən etibarən
Gülbənd və Tamamla çox yaxın olduq. Tamam çoxlu nağıllar bilirdi. Biz də hər axşam onun başına
yığılardıq, nağıllardan söylərdi.
Bəziləri eşitdiyi nağıllardı, bəzilərini
isə özü qoşub düzərdi. Amma
qoşub düzdükləri də elə cəlbedici
olardı ki, biz onları da əsl nağıllar kimi qəbul
edərdik.
Süleyman Sani Axundov xatirə hekayəsində
bunları yazır və oxuduqca bir daha əmin olursan ki, onun
bütün hekayələrinin ən vacib qaynaqlarından
ilkini elə uşaqlıq illərində axarında olduğu
həyat və mühitdir. Hekayəsinin real qəhrəmanı
Tamam kimi, o da bir tərəfdən gördüklərini,
bildiklərini, eşitdiklərini, bilavasitə şahidi
olduqlarını qələmə alıb hekayələşdirirdi,
amma təsəvvürə güc verəndə də təbiətin
dilini insan dili kimi bildiyindən, həyatın hər
üzünə bələd olduğundan elə hekayətlər
yazırdı ki, onun bu lövhələri də sanki təxəyyül
məhsulu deyil, elə gerçək, öz başına gələnlər
kimi qavranılırdı.
Süleyman
Sani Axundov artıq bu iki qızın gəlişi ilə
böyümüş ailələrində o həyətdə
cərəyan edən söhbətləri yada salır və
aşkarca hiss edirsən ki, qələmə aldıqları
sadəcə hekayət deyil, həm də öz
ömür-gününün səhifələridir.
Süleymanın anası Gülbəndə, Tamama
söyləyir ki, bu uşağın böyük
qardaşı Qoridə -seminariyada oxuyur, dayısının
yanındadır. Dayısı istəyir ki, bunu da
aparsın ora, amma mən istəyirəm ki, burda olsun. Həqiqətən
də Səfərəli Vəlibəyov az
sonra Süleyman Sani Axundovun dalısınca gəlir. Dayısının gəlişini də elə bu
"Cəhalət qurbanı" hekayəsində Süleyman
təsvir edir. Deyir, gəlib anama dedi ki, aparıram
Süleymanı da. Ancaq anam etiraz elədi ki,
oxumaq oxumaqdır, elə bizim kənddə mollaxana var da, gedib
orda oxuyar. Dayım etiraz elədi ki, ay
bacı, sən mollaxana ilə o məktəbi bərabər
tutursan? Onda uşağın öhdəsinə
buraxaq, hansını istəsə onu seçsin. Süleyman Sani bunu da yazır ki, o məktəbdə
- Qori seminariyasında oxuyan uşaqların geyimlərini
görmüşdüm, onların libasından xoşum gəlirdi,
gendən baxdıqca həvəslənirdim, istəyirdim ki,
haçansa mən də o paltardan geyinim, o məktəbdə
oxuyum. Ona görə də dayım seçməyi mənim
öhdəmə buraxanda sevindim və dedim ki, dayımla gedəcəm,
o məktəbdə oxuyacam. Anam artıq vəd etmişdi ki,
uşaq nə desə, o olacaq, söz ağzından
çıxdığından könülsüz də olsa
razılıq verdi. Və mən
tezliklə öz kəndimizdən ayrıldım, dayımla
bir yerdə Qoriyə yola düşdük.
Süleyman Sani Axundov hekayəsini belə davam etdirir ki, kəndimizə
- Seyidliyə bir də doqquz aydan sonra, tətildə
qayıdıb gələ bildim. Anamdan birinci
soruşduğum Tamamla Gülbənd oldu. Söylədi
ki, burdan köçüb gediblər. Dedim,
hər halda mən onları görmək istəyirəm. Ancaq
anam nəsə şübhəli danışırdı, ona
görə də ürəyimdə bir nigaranlıq yarandı
ki, görən, qızların başına nə iş gəlib.
Tamamı çox görmək istəyirdim,
çünki Tamam mənim üçün həm də bir həyat
müəllimi idi. Ondan çox şey
öyrənmişdim. Yaşı çox
olmasa da, həyatın çox sirlərinə mənim
gözümü açan elə Tamam olmuşdu.
Üstündən bir az keçəndən
sonra anamgil hər halda gec-tez xəbər tutacağımı
düşünərək əhvalatı mənə
danışdılar. Eşidincə
sarsıldım. O gözəl qızı, o
ağıllı qızı, o göyərçinə bənzəyən
Tamamı Qarqar çayının
yaxınlığındakı bir kəndə zorla ərə
veriblərmiş. Orda zəngin bir adamın
oğlu havalanıbmış. Hətta elə
dəli olubmuş ki, onu zəncirdə saxlamağa məcburmuşlar.
O kəndin adamlarından kimsə bu varlıya məsləhət
bilir ki, sən oğlun üçün bir məsumə
qız alsan, uşaq sağalar. Həmin adam
neçəsinə müraciət edirsə, hər kəs o
oğlanı görüncə qızını bədbəxt
eləmək istəmir. Nə qədər pul,
mal təklif eləsələr də, razılıq vermirlər.
Yalnız Budaq babanı yola gətirə bilirlər
və Tamamın razılığı olmadan kəbinini həmin
dəli oğlanla kəsirlər. Ancaq o
gün ki onların toyları olur, ağıllı Tamam
böyük bir dəhşətlə üz-üzə
qaldığını görür. Anlayır
ki, onu ağlı başında olmayan, zəncirli bir dəliyə
qurban ediblər. İşin tərsliyindən
həmin gün kənddə tufan qopubmuş, bərk külək
əsirmiş, şiddətli yağış
yağırmış. Külək elə
bərk əsirmiş ki, alaçıqları yerindən
qoparıb uçururmuş. Tamam
görür fürsətdi, başlayır qaçmağa.
Məqsədi o imiş ki, çatsın Qarqar
çayı səmtə, çayın o biri sahilinə
keçsin, meşədə gizlənsin. Ancaq
ayaqyalın, başaçıq qaçdıqca daşlar
ayağını yaralayır, soyuqdan başlayır titrəməyə
və baxır ki, sığınacaq bir yerə ehtiyac var. Amma
ətrafda köhnə bir qəbiristanlıqdan başqa
sığınası yer yoxmuş. Tamam da
ən çox qəbiristanlıqdan qorxurdu. Ancaq qorxu ona nə qədər güc gəlsə də,
ayaqlarının qan sızan yarası, soyuq, külək onu
vadar edir ki, qəbiristanlıqdakı köhnə sərdabalardan
birinə girsin. Həmin sərdabada dan yeri
qızaranacan gizlənir. Və səhərə
yaxın oradan keçən bir dilənçi təsadüfən
qapını açır, sərdabanın içərisində
qızı görəndə diksinir. Qızsa
bu tənha məkanda, onsuz da çox qorxduğu qəbiristanlıqda
qəfildən bu surəti görüncə vahiməyə
düşür və qəhqəhə çəkərək
qaçmağa başlayır. Anam söyləyirdi
ki, o toy gecəsi, o küləkli, o yağışlı, o
tufanlı gecədə bütün kənd səhərə qədər
Tamamı axtarır. Və nəhayət,
tapırlar da - Qarqar çayının o tayında. Görürlər ki, hər halda çayı
keçməyinə keçib, ancaq gizlənmək
üçün meşəyə çata bilməyib.
Elə çayı keçəndən az
sonra yıxılaraq daşlar üzərində canını
tapşırıb.
Süleyman
Sani Axundovun həyatdan erkən yaşında uçub
getmiş göyərçin qız haqqındakı "Cəhalət
qurbanı" hekayəsi onun öz ömrünün qüssəli
bir lövhəsidir və ömrü içərisində bir
deyil, sıra-sıra bu cür təsirli səhnələr cərəyan
etmiş insan, söz yox ki, aşırı dərəcədə
duyğulu, həssas olmalı idi. Bir insan ki göz
yaddaşına, ürək yaddaşına bu cür
sarsıdıcı mənzərələr birdəfəlik
hopmuş ola və özü də ədəbiyyata
bağlana, şəksiz ki, həmin həyat səhnələri
gec-tez öz əks-sədasını qələmdə
tapmalı idi.
...Onun hər
günü iş-güclə, yorulmaz fəaliyyətlə
dolu idi. Məktəbdə dərs deyirdi, həm
də sadəcə dərs demirdi, yenilikçi bir müəllim
idi. Uşaqların hansında istedad
işığı görürdüsə, həmin
işığın gizlidə qalmayıb parlamasından
ötrü nə imkanı var, sərf etməyə
hazırdı. O qafilədən olan şagirdləri kimlərdi?
Cəfər Cabbarlıdan Süleyman Rüstəmədək
bütün Azərbaycanın tanıdığı qüdrətli
bir dəstə. Süleyman Rüstəm
söyləyirdi ki, yaz gəlincə, havalar istiləşməyə
başlayınca daha Süleyman Sani dərslərini sinif
otaqlarında keçmirdi. Deyirdi,
oturacaqları aparın həyətə. Bizə
dərsləri təbiətin qoynunda keçərdi və
çalışardı ki, çoxlu şeirlər, hekayələr
əzbər bilək. Süleyman Rüstəm
etiraf edirdi ki, mənim şeirə gəlməyimin, ədəbiyyata
vurğunluğumun da səbəbkarı Süleyman Sani Axundov
olub. Süleyman Rüstəm
danışırdı ki, müəllimim mənə
bütöv pyesləri, hekayələri əzbərlətdirirdi
və uşaqların qarşısında söylətdirirdi və
mən də bundan xüsusi zövq alırdım.
...Süleyman Sani Axundov gah səhnədədir, gah qəzetlərdə-jurnallarda
bir-birinin ardınca məqalələr yazır, yeni bədii əsərlərini
doğurur - 1922-ci ildir. Azərbaycan şairlərinin və ədiblərinin
yeni birliyi - Yazıçılar İttifaqı yaranır və
Süleyman Sanini ittifaqın birinci sədri seçirlər.
Camaat və qələm əhli arasında
yüksək nüfuzu, fəallığı, ziyalı səsi
eşidilməli hər nöqtədə görünməsi
göz önündə olmasaydı, onu bu vəzifəyə
çəkərdilərmi?
Amma bundan
daha əvvəl - 1920-ci ildir, Süleyman Sani Axundov Bakıdan
aralanıb bölgələrə səfərə də
çıxmışdı, Qarabağda, Zəngəzurda gecəsini
gündüzünə qatıb
çalışmışdı, orada məktəblər,
qiraətxanalar, klublar, mədəniyyət evləri
açmışdı, maarif işığının
ucqarlarımıza yayılması üçün də əlindən
gələni etmişdi.
...Süleyman
Sani Axundov 62 illik bir ömür yaşayıb. 62
illik bu həyatın tən yarısını - 36 ilini maarifə,
mədəniyyətə, Azərbaycan xalqının
düşüncə işığının artmasına sərf
edib.
1932-ci ildə
Azərbaycan dövləti ona "Əmək qəhrəmanı"
adı verdi. O zaman üçün nadir
hadisə idi və ilk adam, həm də
birinci ədib idi ki, Süleyman Sani Axundov belə yüksək
bir təltifə layiq görülmüşdü. Ancaq Süleyman Sani Axundov üçün bu qiymətləndirmə
azdır. Duyan, anlayan Azərbaycan insanının nəzərində
dünən və bugün, yəqin, elə sabahlar içərisində
də Süleyman Sani Axundovun dəyərləndirilməsi
də, təltifi də gərək başqa cür ola -
yalnız əmək qəhrəmanı kimi deyil, həm də
zəka qəhrəmanı, ruh qəhrəmanı kimi.
Süleyman Sani Axundovun yazdıqları vaxtın
gedişi ilə köhnələn əsərlər deyillər. Hətta onun
vaxtı nəzərə alaraq içərisində olduğu
zamanın hökmü ilə yazdığı əsərlər
də üstündən onillər keçəndən sonra əskiləşmir,
bugünlə də səsləşir. Saninin
əsərləri çoxdur, hamısı da bir-birindən
qiymətli. Ancaq mənim qəlbimə o
solmaz miras əsərlər içərisində "Qaraca
qız" daha yaxındır. Bəlkə
də ona görə ki, Süleyman Sani Axundovla, onun
yaradıcılığı ilə ilk
tanışlığım və təmasım bu qəmli və
ibrətli hekayətdən başlayıb. Ancaq tək mən
deyiləm ki! Abdulla Şaiq özü də
böyük müəllim və görkəmli ədib idi.
Ancaq "Qaraca qız" onu necə
tutmuşdusa, götürüb "Qaraca qız"ı səhnələşdirmişdi.
"Qaraca qız" 1913-cü ildə yazılıb. İlk dəfə
də "Məktəb" jurnalının bir neçə
sayında dərc edilib. Bu əsər Tutu
adlı bir qızın taleyindən bəhs edir. Görünüşcə o qədər də
yaraşıqlı olmayan, qarayanız, həyatın da elə
dünyaya gəldiyi vaxtdan ona boz üz göstərdiyi köməksiz
qızcığaz. Ancaq Allah bu
düyünlü taleli, körpəliyindən yetim
qalmış, zahirən də çox gözəl olmayan
qızcığaza incə duyğu və gözəl ürək
veribmiş. Bu
hekayət o ürək haqqındadır. Həyatın,
insanlığın, cəmiyyətin məhz bu cür ürək
daşıyıcılarının üstündə bərqərar
olması barədə hekayət. Bu hekayənin
ilk qiymətini 1913-cü ildə həmin "Məktəb"
jurnalı vermişdi. Xəsis bir cümlə
ilə, amma yetərincə dəqiq və sərrast.
"Məktəb" jurnalı "Qaraca qız"
haqqında belə yazırdı: "Bax, milli hekayə belə
olar".
...Süleyman Sani Axundovun öz əli ilə müxtəlif
illərdə qələmə aldığı iki tərcüme-yihalı
var. Birini Azərbaycan dilində yazıb, digərini rusca. Rusca olanı
daha genişdir və arxivdə qalır. Azərbaycan
dilindəki isə "Seçilmiş əsərləri"ndə
müxtəlif vaxtlarda çap olunub. Sözüm
həmin tərcüme-yihalların hansının qısa,
hansının uzun, hansının təfərrüatlarının
daha təsiredici olmasında deyil, məqsədim o tərcüme-yihalların
ikisində də əksini tapan vacib bir məqama diqqət
ayırmaqdır. Süleyman Sani Axundov həyatının
mühüm bir hadisəsi sayaraq yazır ki, 1921-ci ildə
Bakıda Tənqid-Təbliğ Teatrı yarandı və mən
də həmin o teatr üçün ilk dəfə
nümayiş etdirilməkdən ötrü "Çərx-ifələk"
pyesini qələmə aldım.
Yəni dünyaya gəlmək, təhsil almaq, haralardasa
işləmək, müəyyən təltiflərə layiq
görülmək, ailə qurmaq və ömür yolunun digər
mütləq xatırlanmalı vacib təfərrüatları
sırasında Sani teatrı qabardır. Teatr onun da, o
çağın bir çox aydınlarının da həyatında
gerçəkdən də taleyüklü hadisələr
zümrəsindən idi. Buna bilavasitə təmasda
olduğum insanların - Əfrasiyab Bədəlbəylinin,
Şəmsi Bədəlbəylinin söhbətlərindən
şahidəm. Əfrasiyabında, Şəmsinin
də gəncliklərinin coşqun cağlarının bir
çox illəri həm Tənqid-Təbliğ Teatrı ilə,
həm də oteatrın davamı olan İşçi
Teatrı ilə birbaşa bağlı idi. Əfrasiyab tamaşalara musiqi bəstələmişdi,
dirijorluq etmişdi, Şəmsi isə İşçi
Teatrında silsilə tamaşalar hazırlamışdı və
o tamaşaların arasında Süleyman Sani Axundovun da əsərləri
ayrıca yer tuturdu. Azərbaycan səhnəsinə
gələn ilk qadınlardan olan unudulmaz Sona xanım
Hacıyeva "Satiragit" dediyi həmin Tənqid-Təbliğ
Teatrındakı tamaşalarda iştirakından, o illərin
tamaşalarının necə hərarətlə
qarşılanmasından şövqlə, vəcdlə bəhs
edirdi.
Süleyman Sani bir-birinin ardınca Tənqid-Təbliğ,
ardınca İşçi teatrları üçün pyeslər
yazırmış. Hamısı qısa - birpərdəli,
ikipərdəli əsərlər. Hamısının
da əsas məqsədi həm duyğulara təsir etmək, həm
də gözləri açmaq. Böyük
Cəfər Cabbarlının adını daşıyan Teatr
Muzeyinin arxivində köhnə illərin afişaları,
proqramları, fotoşəkillər qayğı ilə qorunur.
Adları teatr tariximizə əbədilik həkk
olunmuş neçə böyük aktyor, neçə
böyük sənətçi həmin tamaşalarda
çıxışlar ediblər. Vaxtilə
Süleyman Saninin əsərləri Milli Dram
Teatrımızın səhnəsində oynanırdı, Gənc
Tamaşaçılar Teatrının repertuarından
çıxmırdı. Bəs vəziyyət
indi necədir? Sanki teatrlarımız bir
çox klassiklərimiz kimi, Süleyman Sani Axundovu da unudub.
Ancaq gərək belə olmasın. Ən əvvəl ona görə ki, Saninin əsərləri
bədii baxımdan sevilməyə və yaşamağa layiq sənət
inciləridir. Ancaq həm də ona görə
ki, o millət ağrıları, o cəmiyyət göynəkləri
ki 1920-30-cu illərdə vardı, onların heç də
hamısı tamam sağalmayıb. Bəziləri
bugün də var, bəlkə sabah da
olacaq. Bir az qiyafəsini dəyişib, bir
az yöndəmi özgədir.
...1915-ci il mart ayının 30-da Bakıdakı 4-cü
Rus-Azərbaycan, yaxud o dövrdə deyildiyi kimi, Rus-tatar məktəbinin
müdiri Süleyman Sani Axundov Bakı müəllimlər
komissiyasının sədrinə ərizə ilə müraciət
edir. Yazır ki, "Bu il mart ayının 13-də
Ağdamdan teleqram aldım. Yazırdılar
ki, anamın vəziyyəti pisdir. Anamın
halından əvvəlcədən agah olduğumdan ləngimədən
elə gecə ilə yola düşdüm. Xoşbəxtlikdən
gedib anamı sağ gördüm, onunla vidalaşmağa macal
tapdım, o, mənim qollarım üstə keçindi. Bilirsiniz ki, müsəlman adətlərinə
görə belə hallarda çoxlu məsrəflər olur.
Mənim də xeyli xərcim çıxdı.
Ancaq Bakıdan təcili yola
düşdüyümə görə sizə müraciət
edərək maaşımı öncədən almaq
xahişini edə bilmədim. Ayrı-ayrı
dostlardan borc alaraq oradakı xərclərimi yola verdim. İllər boyu təhsil sahəsində işləsəm
də, heç vaxt kömək üçün müraciət
eləməmişəm. Bu, birinci dəfədir.
Ona görə xahiş edirəm ki, çəkdiyim
xərcləri ödəməyim, borclarımı
qarşılamağım üçün mənə şəhər
idarəsi tərəfindən maddi yardım göstərilməsi
ilə bağlı vəsatət qaldırasınız".
Üstündən bir müddət keçir, 4-cü məktəbin
müdiri Süleyman Sani Axundovun Bakı müəllimlər
komissiyasına göndərdiyi məktub şəhər idarəsinə
yönləndirilir. Lakin ordan gələn cavab təəssüfləndirici
olur. 1915-ci il may ayının 13-də
şəhər idarəsindən gələn məktubda
göstərilirdi ki, müəllim Süleyman Sani Axundovun
yardım barədə məktubuna mənfi cavab verilir. Bunu elə yeri gəlmişkən, Süleyman Sani
Axundovun həyatındakı kədərli bir məqam kimi yada
saldım. Ancaq bunu yada salaraq
çatdırmaq istədiyim tamam başqa bir hadisədir.
1939-cu ildə ölüm yatağında olarkən
onun unudulmaz müəllimim Abbas Zamanova söylədiyi əhvalat.
Saninin bu məktubu ilə Abbas Zamanovun söylədiyi əhvalatın
arasında bağlantı var. Süleyman Sani Axundov şagirdi
Abbasa anasının son nəfəsində ona
danışdığı əhvalatı söyləyibmiş
və ardınca da deyibmiş ki, bax, yazmağa macal
tapmadığım hekayələrdən biri də budur.
Süleyman Sani Axundovun uşaqlığının, gəncliyinin
keçdiyi bağlı-bağatlı Seyidli kəndi iki
dağın arasında yerləşirmiş. Süleyman
Sani Axundov bunu yazılarında da qələmə alıb,
Abbas Zamanovla söhbətində də dilə gətiribmiş
ki, Seyidlinin - kəndimizin səkkiz verstliyində, Əsgəran
qalasının yaxınlığında Bozdağ deyilən
bir otlaq vardı. Yaz aylarında kəndimizin
camaatı, maldarlar sürüləri ilə birgə gedərdilər
Bozdağa, alaçıqlarını qurardılar, ta yaylaq
vaxtınacan orda yaşayardılar. Yay gəlincə
köçərdilər yaylağa. Süleyman
Sani Axundovun da qələmə almağa macal
tapmadığı hekayə həmin Bozdağla bağlı
imiş. Anası danışırmış ki, günlərin
birində kəndimizə iki atlı gəldi.
Mənim yeniyetmə vaxtlarım idi. O vaxt kəndimizdə
Səməndər adında igid bir oğlan vardı. Atlılar dedilər ki, bu yazdan daha siz Bozdağa getməyin,
bizi bəy göndərib, o yerlər oldu bizimki. Səməndər
çıxır qabağa ki, necə yanı o yerlər oldu
sizinki, ora bizim dədə-baba yurdumuzdur, hər yaz biz ora
daşınırıq, neçə ayımız oralarda
ötür, orda bizim qəbiristanlığımız da var,
atam, anam həmin məzarlıqdadır, neçə
ulularımız orda torpağa tapşırılıb, ora
elimizin, vətənimizin bir parçasıdır, o
torpağı bizim əlimizdən necə ala bilərsiniz?
Gələnlər deyirlər ki, bizlik deyil, bəylə
danışmaq lazımdır. Səməndər susmur:
"Yaxşı, bəylə danışmaq lazımdır, mən
hazır danışmağa. Neçə nəfər adam deyirsizsə, bizim ağsaqqal-qarasaqqal
yığışsın, gedək danışaq". Deyirlər ki, yox, ağsaqqala, qarasaqqala ehtiyac yoxdur.
Əgər sən danışmaq istəyirsənsə,
günortadan sonra bəy özü Bozdağda olacaq, gələrsən
ora, söhbət edər səninlə.
Günortadan sonra Səməndər atlanır,
yollanır Bozdağ tərəfə. Ora çatınca
görür ki, bayaqkı atlılar da burdadır, bəyin
yanında oğlu da dayanıb. Başlayırlar
höcətləşməyə, kənddə dediklərini Səməndər
burda da təkrarlayır. Saatlar
ötdükcə kənddə camaatın təşvişi
artır. Havanın
qaraldığını görüncə bir neçə nəfər
gənc atlanır, yollanır Bozdağ sarı. Bozdağa çatanda şahid olduqları mənzərə
onların ürəklərini sıyırır.
Baxırlar ki, bayaq kəndə gələn iki atlı,
bəy, oğlu, bir də Səməndər qan içində
torpağa səriliblər. Sən demə,
onların arasındakı Bozdağ mübahisəsi, torpaq
höcətləşməsi gəlib xəncərləşməyə
çatır. Və əsilliklə-nəsilliklə
bu camaatınkı olan Bozdağ uğrundakı
qarşıdurmada Səməndər cəngavər kimi
döyüşübmüş, torpağı, otlağı
bu camaatın əlindən almaq istəyənlərlə
axıracan çarpışıbmış. Canını fəda etsə də, rəqiblərinin
də öhdəsindən gəlməyi bacarıb, onları həlak
edib.
Və anası ölüm ayağında Süleymana bunu
da söyləyibmiş ki, o vaxt hələ sənin atana rast gəlməmişdim,
Səməndərlə biz deyikli idik.
Vətən uğrunda, torpaq naminəşəhid
düşən Səməndəri Bozdağdakı bir
çeşmənin yanında torpağa tapşırırlar,
o qaynamanın da adını qoyurlar "Səməndər
bulağı".
Və Süleyman Sani Axundovun 1939-cu ildə, həyatının
axır günlərini yaşadığı əyyamlarda
anasının həyata vida edərkən ona söylədiyi əhvalatı
şagirdi Abbas Zamanova danışaraq köks ötürməsi
bu gün insanı çox qəmləndirir.
Ağır-ağır
nəfəs alan Süleyman Sani ah çəkərək
əlini qoyubmuş köksünə, deyibmiş ki, hələ
bu sinədə yazılmamış, deyilməmiş nə qədər
sözlər var.
Hələ yazmadığı, bizə yalnız əks-sədasını,
sorağını çatdıra bildiyi bu hekayət
Süleyman Sani Axundovun ürəyində və
düşüncəsində olan, ömür vəfa edərsə
qələmə alacağı sıra-sıra hekayələrdən
yalnız bircəsidir. Nə qədər inciləri özü ilə qayıdışsız
aparıb...
...Böyük
Süleyman Sani Axundovun bu millətə yadigar qoyduğu daha bir
hikmətli və gerçəkci nağıl da var:
"Kövkəbi-hürriyyət".
Yazıçının
usta qələmi oxucunu füsunkar bir məmləkətə
aparır. Təbiət bu diyara bütün
gözəllik və nemətləri bəxş edib. Ancaq bu diyarda yaşayanların böyük dərdi
var. 18-19 yaşına çatınca o insanlar qəfilcə
sürətlə qocalmağa başlayırlar. 5-6 il ərzində 80-90 yaşlı ixtiyara
çevrilir, ömürlərini başa vururlar. O şəhərin
qəbiristanlığında yaşı 20-25-dən yuxarı
olan bircə mərhum da tapılmaz. Bir tərəfdən
sanki Allah onların diyarına bütün naz-nemətləri əta
edib, amma digər tərəfdən də bu bədbəxtlik
onları qarabaqara izləyir. Çox məşvərət
edəndən sonra həmin kəndin əhalisi
yığışıb gedir müdrik bir alimin yanına ki,
ondan məsləhət alsınlar. Qoca alim
xeyli düşünəndən sonra cavab verir ki, sizin dərdinizin
əlacı var. Mübtəla olduğunuz bu dərdin çarəsi
o dağın arxasındadır. O dağ Allahın
yaratdığıdağ deyil. O dağ divlərin
hördüyü bir dağdır. O dağın arxasında
bir kövkəb-ihürriyyət var. Yəni azadlıq ulduzu,
istiqlal səyyarəsi. Bu dağı
yıxmalısınız ki, o azadlıq ulduzunun, kövkəb-ihürriyyətin
işığı sizin məmləkətə
düşsün. Həmin işıqdan məhrum
olduğunuzdan sizin insanlar belə tez qocalır, tələf
olub gedirlər. Çıxış
yolunuz o dağı aşırtmaqdadır.
Və bu yurdun dəliqanlıları, mərd
oğulları yığışıb o yapma dağı
uçurdurlar, kövkəb-ihürriyyətin nuru məmləkətə
yayılır və insanlar tamam yeni bir həyata
başlayırlar, xoşbəxt, azad, firavanlıq qoynunda uzun
ömür sürürlər.
Süleyman
Sani Axundovun bu gerçəkçi nağılının bir
ucu onun özünün də gördüyü və ali sərvətimiz, istiqlalımıza
bağlı idi. Amma məgər Süleyman Sani
Axundov kimi vətən yavruları elə özləri də
kövkəb-ihürriyyət deyilmilər? Sani kimi
ulduzlarımızın nuru bizimlə olduqca, o ulduzların qədir-qiyməti
gərəyincə bilindikcə, onlara doğru can
atıldıqca millət olaraq ömrümüz də uzanacaq,
hürriyyətimiz də indikindən qat-qat artıq parlayacaq,
içərimizdəki işıq da çoxalacaq, sabah
keçəcəyimiz bütün yollar da daha aydın olacaq.
...Nə
acı ki, milləti və yurdu üçün ağ gün arzulayanların, bu yolda fədakarlıqlar
edənlərin taleyi heç də həmişə rəvan
olmayıb. Tarixin ən müxtəlif dövrlərində
və elə dünyanın hər yerində. Süleyman Sani Axundovun da həyatının son illəri
bir kədər zolağını xatırladır. Məruz
qaldığı ağrı-acılar, məşəqqətlər,
üzücü qara fikirlər olmasaydı, bəlkə də
62 il əvəzinə daha çox
yaşayardı, daha çox yazardı.
1930-cu illərin mətbuatının qart sifətini
gördükcə, "ifşa edilən" və onunla amal
qardaşı, bir-birindən üstün sənətkarların
müdhiş aqibətinə şahid kəsildikcə o, daxilən
sarsılırdı. Ona əzab verən insan mənəviyyatının
bu hala düşməsi, insanın içərisindəki
çirkabın üzə çıxması və
bütün bu lehmənin onun müqəddəs
saydığı mətbuatın, kitabların səhifələrinə
axması idi. Sovet siyasi irticaları
başlanırdı. Şura hökumətinin
işə saldığı siyasi qırğın
maşınının ilk qurbanlarından biri Süleyman Sani
Axundovun qardaşı Rüstəm olur. Onu
məhv eləməklə dayanmırlar. Dul
qalmış zövcəsi Soltanxanımı da təqib edirlər,
təzyiq göstərirlər, dönə-dönə evlərində
axtarışlar aparırlar, əmlakını müsadirə
edirlər. Bütün bu mənəvi
işgəncələrə dözə bilməyən
qadın havalanır, tezliklə solub gedir. Növbə
çatır Süleyman Saninin əmisi uşaqlarına.
Onları da bir-bir həbs edirlər, zindana atırlar, Sibir
buzlaqlarına göndərirlər.
Və bütün bu gördükləri Süleyman Sani
Axundovu döndərib edir yataq xəstəsi.
Unudulmaz müəllimim Abbas Zamanov universitet illərində bizə Süleyman Sani Axundovun son günlərindən, onunla son görüşlərindən bəhs edirdi. Deyir, getmişdim Süleyman ustadı ziyarət eləməyə. Xeyli sınıxmışdı, zəifləmişdi, üzgün idi, zorla danışırdı. Köks ötürərək dedi ki, vaxt çatıb. Ardınca da əlavə elədi ki, ölümdən qorxmuram. Onsuz da hər gələn bir gün getməlidir. Məni hələ yazmağa fürsət tapa bilmədiklərimdən daha artıq yandıran və hürküdən odur ki, artıq yazılmış olanları da yox edirlər. Yaza biləcəyim nə qədər əsərmənimlə bir yerdə gedəcək, bu, bir dərd, bəs qalanların nəsibi nə təhər olacaq, bu nigaranlıq ondan da betər dərd...
1939-cu il mart ayının 29-da böyük ədib Süleyman Sani Axundovun son saatı yetişir. Unudulmaz Şəmsi Bədəlbəyli ohüznlü vida gününü, əmi qədər əziz tutduğu Süleyman Saninin tabutunun həmin gün çiyinlərində duyduğu ağırlığını mənə elə xiffətlə nağıl edib ki, indi bu məhzun xatirələri xəyalımdan keçirəndə o ağırlığı öz çiyinlərimdə, daha artıqsa böyük yazıçının ömrün bitər-bitməzindəki nigaranlığının ağrısını ürəyimdə hiss edirəm. Gərək qoymayaq ki, bu qiymətli irs yaddaşın alt qatına çəkilə...
Və mənim bir arzum da var. Süleyman Sani bütün
Azərbaycanı qəlbinin var məhəbbəti ilə
sevirdi. Amma
ata yurdu Qarabağ,
Qarabağın içərisindəki
Ağdam, Ağdamın
qoynundakı Seyidli onunçün xüsusən əziz idi və
bu məhəbbəti ömrü boyu qəlbində və
dilində daşıyırdı. Zamanında
Ağdamda Süleyman Sani Axundovun yaxşı bir abidəsi
olub. Fotosu qalır. Çox
arzulayıram ki, Qarabağa böyük
qayıdışın könlü riqqətə gətirən
bir hadisəsi də Süleyman Sani Axundovun əvvəlkindən
də gözəl abidəyə çevrilərək yenidən
doğma Qarabağına - Ağdama dönüşü olsun!
21 oktyabr 2023
525-ci qəzet .- 2023.- 25 oktyabr,
¹193.- S.10-11.