Fədakarlıq və
sədaqətin Mişkinaz Cavid
örnəyi
Musa RƏHİMOĞLU - QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Böyük şairimiz və
dramaturqumuz Hüseyn Cavidin 100 illiyi qeyd olunan vaxtlarda
Mişkinaz xanımın
Naxçıvan şəhərində
yaşayan yaxın qohumu milyonçu Mirzə Heydər Nəsirbəyovun qızı,
naxçıvanlıların çox ehtiram bəslədiyi Matan xanımdan (Fatma xanım) aldığım
bir müsahibə əsasında "Xatirələr
dilə gəlir" yazısı işıq üzü görmüşdü.
Fenomenal yaddaş sahibi olan Matan
xanım istər Hüseyn Cavidlə bağlı, istərsə
də, onun fədakar, sədaqətli
həyat yoldaşı
Mişkinaz xanım haqqında, xüsusən onun ata-anası ilə qohumluq ünsiyyətlərindən söhbət
açmışdı ("Sovet Naxçıvanı"
qəzeti. İyun, 1983).
Son illərdə böyük
düha Hüseyn Cavid və onun
ailə üzvləri
ilə bağlı xeyli maraqlı kitablar nəşr olunub. 1969-cu ilə qədər Hüseyn Cavid yaradıcılığı
elə-belə öyrədilirdisə,
sonralar Azərbaycan Respublikasına rəhbərlik
edən Ümummilli liderimiz Heydər Əliyevin birbaşa göstərişi ilə
şairin yaradıcılığına
münasibət müsbətə
doğru çox dəyişmişdi.
Biz də o illər
orta məktəbdə
oxuyurduq. O vaxtkı qaydaya görə şagirdlər həftədə
bir dəfə kinoya və teatr tamaşalarına hökmən baxmalı idilər. Təhsil aldığımız 7 ¹-li orta məktəbin
kino klubu yaxında yerləşsə
də, dram teatrına
gedən yol keçmiş Əlixan məhəlləsindən idi.
Həmin
illərdə yollar indiki kimi abad
və geniş deyildi. Hər dəfə bir çox qədim evin yanından keçəndə müəlliməmiz
deyirdi ki, Hüseyn Cavidin və qardaşı Şeyx Məhəmmədin
evidir... Bilmirəm, nədənsə o evi görəndə şairin "Xəyyam"
pyesini xatırlayırdım.
Sonralar necə olmuşdusa, bu haqda şairin qızı Turan xanıma da yazmışdım...
Turan xanım
isə mənə anası Mişkinaz xanımın 1976-cı ildə
nəşr edilən
"Cavidi xatırlarkən"
kitabını göndərmişdi. Sonralar Bakıda
görüşüb söhbət
etmişdik. O, Cavidin
oxucularına çox
ehtiramla yanaşırdı.
Böyük şairimiz Hüseyn
Cavidin sürgün edilməsindən sonra ağlasığmaz əzablara
sinə gərən Mişkinaz xanım ömrünün sonunadək
Cavidlər ocağına
sadiq qaldı. Və onun yaradıcılığının
itib-batmasına imkan vermədi. Bacardığı qədər gələcək
nəsillər üçün
qoruyub saxlamağa var qüvvəsi ilə çalışdı.
Nəşr olunan kitablarda Mişkinaz xanımın uşaqlıqdan böyüdüyü
mühit, onun babaları, ana qohumları haqqında yazılanlar olsa da, o ailənin bir azca nəsil-soy
ağacından söhbət
açmaq arzusunda olduq...
Mişkinaz xanım Molla Hüseynalı qızı
1902-ci ildə anadan olmuşdu. Yaxın qohumlarının sözlərinə görə,
o, Şahbuz rayonunun Yuxarı İremeşin (indiki Güney Qışlaq) kəndində
doğulub. Amma sənədlərdə
Naxçıvan şəhəri
yazılıb. Onun qohumlarından
Məmmədov Arif Məmmədhüseyn oğlunun
da dediyinə görə, Mişkinaz xanım anadan olanda Molla Hüseynalı
Yuxarı İremeşində
yaşayırmış. Molla Hüseynalı Təbrizdə
təhsil almış
savadlı bir ruhani idi. Onun atası Molla Novruzun da Təbrizdə
təhsil aldığını
təsdiqləyirlər.
Molla Novruzun Hüseynalı, Müslüm, Xudabaxış,
Məhəmməd adlı
oğulları və Simuzər adlı qızı olub. Molla Hüseynalını Pəri
Çınqılı yaylağında
yolkəsən quldurlar
öldürüblər.
Ədəbiyyatşünas alim Əziz Şərif "Keçmiş günlərdən"
(Bakı, 1983) kitabında
yazır: "Biz yerimizə
(Gürcüaniyə - M.Q.) çatandan bir neçə gün sonra Naxçıvandan bizim qohumumuz atamın podrat işlərində etibarlı
köməkçisi Xudabaxış,
arvadı Şahsənəm
dayıqızı və
yeddi-səkkiz yaşlı
qızı Müşgünazla
gəlib çıxdı.
Onlar da bizimlə bir evdə yaşayacaq,
Xudabaxış atama, Şahsənəm dayıqızı
anama kömək edəcək, balaca Müşgünaz da körpə Cavada yoldaşlıq edəcəkdi"
(səh.119).
Əziz Şərifin bu qeydləri 1912-ci ildə yazılıb. Əziz Şəriflə Mişkinaz
xanımın ata və ana tərəfdən
qohumluğu ilə bir az sonra danışacağıq.
İndi isə bir incə
mətləbə toxunmaq
istərdik. Molla Hüseynalının
vəfatından sonra dul qalmış Şahsənəm həmin
illərin müsəlman
qayda-qanununa görə
Xudabaxışa nikahlanır.
Ona görə də sənədlərin çoxunda
Xudabaxış (Baxşı
da yazırlar) Mişkinaz xanımın atası kimi qeyd olunub. Elə Əziz Şərifin yazdığı gündəliklərdə
də belə qeyd edilib.
Xudabaxışın 1913-cü ildə
Gürcüanidən Tiflisə,
Əziz Şərifə
yazdığı bir məktub da diqqəti cəlb edir: "Hörmətli dayımın mehriban oğlu Əziz! Əvvəla,
sağ və salamat olasan. İkinci, mən də bu aprel ayının
üçündə gəldim
Gürcüaniyə. İndi burada
oluram və ürəyim səni istəyir. Xudabaxış".
Deməli, Xudabaxış anası tərəfdən Qurbanəli
Şərifzadənin qohumudur. Və Şahsənəm
xanım da Əziz Şərifin anası Nazlı xanımla qohum olduğundan, hamısı
ona "dayıqızı"
-deyə müraciət
edirdilər.
Qeyd edək
ki, Xudabaxışın
evi Əlixan məhəlləsində imiş. Deyilənə görə, indi də qalır. Təəssüf ki, Şahsənəm
xanımın atasının
adını unutduğumuzdan
onların Şükar
kəndindəki soy ağaclarını
təsvir edə bilmirik. Elə Xudabaxışın tikdiyi evin torpağı
da Əziz Şərifin böyük
bibisi Şahbəyimin
həyat yoldaşı
M.H.Nəsirbəyovun üzümlüyü
olub. Əziz Şərifin yazdığı
kitabda Mişkinaz xanımın Gürcüstanda
yaşadığı illər
haqqında da məlumatlar vardır.
Maraqlı faktlardan biri
Xudabaxışın həbsdən
azad edilməsi ilə bağlıdır.
Alim bu hadisəyə bir neçə səhifə yer ayırırb. Onun yazdığına
görə, bu hadisə balaca Mişkinaza da xeyli təsir edibmiş.
Alim yazır: "Haman yay Baxşı dediyimiz Xudabaxışın başına
bir qəza gəlmişdi ki, zavallı uzun müddət onun ağrısını çəkməli
olmuşdu. Biz hamımız da dərin həyacan keçirmişdik. Bu qəza
gündəliyimdə belə
təsvir edilmişdir:
"Tək günü,
14 avqust. Gündüz Baxşı, bir rus dülgərimizin ikonasını balta ilə iki parça
edib kənara tullayanda, bu parçalar gedib ayaqyoluna düşdü.
Bu barədə pristav
protokol bağladı..."
Əziz Şərifin atası Qurbanəli Şərifzadə
Xudabaxışın həbsdən
azad edilməsi üçün əlindən
gələni əsirgəmir
və bu "siyasi böhtana" çevrilmiş qəzanın
qabağını alır. Deməli, yazılan
bu gündəlikdəki
məlumatlar bir daha təsdiqləyir ki, Mişkinaz xanım həm ata, həm də
ana tərəfdən
ziyalı, mədəni
bir ailədə böyüyüb. Elə buna
görə də görkəmli dramaturq və şairimiz Hüseyn Cavidin romantik obrazlarının canlı təcəssümü
olub.
Onun anası
Şahsənəm xanım
isə həmişə
qorxmazlığı ilə
seçilib. Bəlkə bu onu dağ kəndlərində
Şükarda və Yuxarı İremeşində
yaşaması ilə
bağlı olub?!
Arif Məmmədhüseyn
oğlunun dediyinə görə, Şahsənəm
xanımın Yuxarı
İrəmeşində Zərif
adlı xalası, onun qızı Püstə, Püstənin
Məhəmməd adlı
oğlu Gülsüm
(Küsün) adlı
qızı varmış.
Əziz Şərif heç vaxt onlarla ünsiyyətini
kəsməyib. Hətta şairin sevimli
oğlu Ərtoğrulu
Tiflisdəki hərbi hospitaldan Naxçıvana,
nənəsi Şahsənəmin
evinə gətirib.
Və hər dəfə Cavid yaradıcılığı
ilə bağlı Turan xanımın narahatçılığı olanda hər şey Əziz müəllimin isə qarışması ilə
qaydaya düşürdü.
Bunun canlı şahidiyəm.
Mişkinaz xanımın anabir
qardaşı Abuzər
Xudabaxış oğlunu
Əlixan məhəlləsində
son illərədək yaxşı
xatırlayır və
onların hər ikisinə sevgi ilə ağı deyirdilər.
Matan xanımın şəxsi arxivində qəm-kədər yağan bir fotoşəkil var idi. Ərtoğrul Cavidin nakam ölümü ilə bağlı olan bu fotoda Şahsənəm xanım, Matan xanım, Qonça xanım və digər qohumları ağı deyirlər. Hamının üzü döndüyü vaxt Cavid ocağına sadıq qalan bu fədakar analara bu gün də eşq olsun! Şahsənəm xanımın evi həmişə dağ kəndləri olan Yuxarı İremeşindən və Nursdan bazarlığa gələn insanların sığındığı isti bir yuva idi. Bu haqda tarxiçi alim İbrahim Bağırovun "Xatirə də bir tarixdir" kövrək yazısı da çox mətləbləri üzə çıxarır (İbrahim Bağırov, Bakı, 2004, səh.99-102).
Babalarının, nənələrinin
və ata anasının ocağa,
elə-obaya sədaqəti, bağlılığı Mişkinaz xanımın qəlbinə o qədər dolmuşdu ki, həyatının son
anlarınadək Cavidlər ocağına sədaqətli
qaldı.
Əlixan məhəlləsinin bir
tərəfində Cavidlərin əbədi yuxuya
getdiyi bir məkan var. Bu məkanda onlar sevincli günlərini
yaşayıblar. Sevdikləri oğullarının burada ata-ana həsrəti
də olub. İnsanların
yaratdıqları ayrılıqlardan sonra
təbiət onları yenidən bu doğma ocaqda görüşdürdü. Bu
işdə Ümummilli liderimiz
Heydər Əliyevin xidmətləri əvəzsizdir. Hər dəfə
buradan keçəndə dağların
gözəlliyini, saflığını özündə cəmləşdirən
Mişkinaz xanımı və onun sevgili Cavidlərini düşünürük... Onun
özünün yazdığı damla-damla süzülür
yaddaşımızdan: "...Ümid edirdim ki, Cavidim
gələcək, yaralı ürəyimə təsəlli
verəcək. Göz yaşımı siləcək.
Keçirdiyim günlərimi qələmə
alacaq".
Tale onları ölümdən
sonra görüşdürdü.
525-ci qəzet 2023.- 26 oktyabr, ¹194.- S.10.