Güney Azərbaycan
folklorunda xalq həyatı və milli kimlik nişanələri
Esmira FUAD
Qədim
yunan tarixçisi Herodot e.ə. V əsrdə qələmə
aldığı "Tarix" əsərində Azərbaycanın
qədim dövləti Midiyanın süqutu və İran
dövləti tərəfindən işğalının səbəblərini
özündə yansıdan əfsanələri - xalq təfəkkürünün
məhsulları olan "Astiaq", "Tomris" kimi folklor
örnəklərini cazibədar bədii dillə yazıya
alaraq təsirli psixoloji səhnələr yaradıb və
"Tarix"də ayrı-ayrı adlarla təqdim edib.
"Tarix"
kitablarında da bəzilərinin adı keçən, o
taylı-bu taylı doğma vətənin, Güney və Quzey
Azərbaycanda dildən-dilə, ağızdan-ağıza
keçərək dövrümüzədək gəlib
çatan folklor inciləri məhz kollektiv
yaradıcılıq məhsuludur və müəllifləri məlum
olmayan ədəbi janrdır. Əski
çağlardan, tarixin dərin qatlarından xəbər verən
şifahi xalq yaradıcılığı
xalqımızın ruhundan süzülən özünəməxsus
bir mədəniyyət sahəsidir. Bütün
xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi
olan kollektiv yaradıcılıq-ağız ədəbiyyatı
Azərbaycan ədəbiyyatının inkişaf edərək
bugünkü səviyyəyə çatmasında da
özül rolunu oynayıb. Bu zəngin irsin toplanması,
yayını və tədris vasitəsinə çevrilməsi
işinə keçən əsrin ilk illərindən
başlayaraq diqqət verilib və Azərbaycan şifahi xalq ədəbiyyatı
nümunələrinin kütləvi şəkildə
toplanmasının əsas mərhələsi XX əsrin I
çəyrəyindən etibarən başlayıb...
Bu dövrdə Eynəli Sultanov və Mahmudbəy Mahmudbəyovun
ağız ədəbiyyatı nümunələrinin
toplanması, nəşri və tədqiqi sahəsindəki əvəzsiz
xidmətləri olub və bu işlər Azərbaycan
folklorşünaslığının ilk addımları hesab
edilir. Görkəmli alim Firudin bəy Köçərli
isə təkcə folklor toplayıcısı deyil, həm də
folklorşünaslıq elmimizin yaradıcısı idi. Hənəfi Zeynallı isə "Azərbaycan
atalar sözü və məsəlləri" (1926), "Azərbaycan
tapmacaları" (1928) kitablarında ilk dəfə
ağız ədəbiyyatının təsnifatını
aparıb. Əmin Abid folklor nəzəri fikrini
öyrənən, dövrünün ən qabaqcıl tədqiqat
metodlarını Azərbaycan
folklorşünaslığına gətirən və bu sahədə
ciddi işlər görən araşdırıcıdan
olub."Ə.Abid xalq mahnıları, bayatılar,
aşıq şeiri şəkilləri, heca vəzni, türk
xalqlarının yeddi hecalı şeirinin törəmə
tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı,
alliterasiyası, bölgü və digər poetik qəlibləri
barədə elmi mülahizələrin ilk müəlliflərindəndir..."
Vəli Xuluflu da 1920-30-cu illərdə
folklorumuzun toplanması və nəşri işləri ilə
ardıcıl uğraşan araşdırıcılardan idi.
O, 1927-ci ildə "El aşıqları" kitabını
və Azərbaycanda ilk dəfə olaraq "Koroğlu"
dastanını çap etdirib.
Salman
Mümtaz və Hümmət Əlizadə də Azərbaycan
ağız ədəbiyyatının toplanması işinə
məhz bu dövrdə başlayıblar... 1927-28-ci illərdə
iki cildlik "El şairləri" kitabını nəşr
etdirən S.Mümtaz bu nəşrlərdə Dirili Qurbani və
Sarı Aşığın şeirlərini, bayatı, atalar
sözü və məsəllərin ən mükəmməl
örnəklərini yazıya alıb. "1929-cu ildə iki
cilddə "Aşıqlar" adlı toplunu çap etdirən
H.Əlizadə isə ilk dəfə Azərbaycan
aşıqlarının repertuarından "Koroğlu"
dastanının 14 qolunu və 50-dən artıq müstəqil
qoşmasını çap etdirib..."
İkinci cahan savaşından dövrümüzədək
H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov,
V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyev
folklorşünaslığımızın inkişafında
misilsiz xidmət göstəriblər.
Azərbaycan ağız ədəbiyyatının
toplanması, öyrənilməsi, yayımlanması və təbliği
işi paralel olaraq Güney Azərbaycanda da həyata
keçirilib.
20-ci yüzilliyin ilk illərindən başlayaraq Pərviz Pərvizi,
Həsən Əzari, Sultan Tulu, Məhəmmədəli Fərzanə,
Əli Kəmali, Əli Rza Sərrafi, Cahangir Karini, Əsgər
Ülyayi Kəlyan (Yaşıl), Behruz Həqqi, Bəhruz
İmani, Əkbər Rəhimzadə, Fatimə Mustafapur,
Hüseyn Məmmədxani Güneyli, Aqşin Ağkəmərli
və b. Güney folklorunun bugünkü səviyyədə
tanıdılması, öyrənilməsi və yayımı
sahəsində çox böyük işlər görüblər.
Tarix boyu Azərbaycan türklərinin yaratdıqları
zəngin ağız ədəbiyyatı xəzinəsi XIX əsrdən
başlayaraq həm də folklor ad-landırılıb. İngilis
dilindən gələn bu termin - folk -xalq, lore isə bilik, hikmət
(xalq müdrikliyi) anlamındadır. Tanınmış
folklorşünas alim Azad Nəbiyev yazırdı ki,
"Folklor nümunələri xalq zəkasının qüdrətini,
bədii təfəkkürünün gücünü parlaq əks
etdirən, məzmun cəhətdən maraqlı, ideya
baxımından zəngin, əsrlərin sınağından
çıxmış əsərlərdir. Bu sənət
inciləri janr əlvanlığı, dil-üslub
aydınlığı, poetik tutumu və xəlqiliyi ilə
seçilir..."
Bu əksetmənin Azərbaycan dünyanın ən zəngin
folklor sərvətlərinə sahib olan ölkələrindən
biridir. Nizami,
Füzuli, Xətai, Nəsimi, Sabir, Şəhriyar kimi korifey sənətkarların
yaratdığı Azərbaycan ədəbiyyatının
qaynağında, söz sənətinin mayasında məhz zəngin
və dərin məzmun qatlarına malik Azərbaycan folkloru
durur.
Araşdırmaçı
yazar Aqşin Ağkəmərlinin yazdığına görə,
Güney mahalında ədəbiyyat, əsasən iki yöndə
inkişaf edib: şifahi xalq ədəbiyyatı və divan ədəbiyyatı.
O, Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatını
Dədə Qorqud dövrü, Nəsimi dövrü, Şah
İsmayıl Xətai dövrü, Füzuli, Vaqif, Mirzə Fətəli
Axundzadə dövrünə bölməsini haqlı sayır
və hər bir dövrün özünəməxsus
inkişaf mərhələsi keçdiyini vurğulayır.
Ancaq bu
faktı qeyd etməliyik ki, mərsiyə ədəbiyyatı
bütün dövrləri əhatə edib və izləri,
aşıq ədəbiyyatı kimi, lap əski
çağlara gedib çıxır. Çünki
sevgi ilə kədər qoşa yaranıb. Mərsiyə şeirinə tarixi şəbeh və
meydan tamaşalarımızın izləri də demək olar
və ilk nümunələrinə Mahmud
Kaşğarlının "Divani lüğət-i
türk" kitabında rast gəlirik. Bu əsərdə
ağı Alp Ər Tonqanın (Əfrasiyab) ölümü
ilə bağlı söylənib. Həmin
parçadan məlum olur ki, Əfrasiyabın - Alp Ər
Tonqanın ölümünə həsr olunmuş bu misralar mərsiyə
şeirinin bizdəki ilk örnəyidir. Bu
yönlü şeirlər, həm də ağı adı ilə
də tanınıb. Ağılar
ölümlə, fəlakətlə bağlı oxunur və
məzmununda qəm, kədər, qüssə, iztirab,
ayrılıq əhval-ruhiyyəsi çox güclü hiss
olunur. Çox əski çağlarda həzin
bir musiqi ilə, yaxud qopuzla əzizlərinin ölümü -
oğul, qız, qadın, at, ya bir el qəhrəmanı və
ya el ağsaqqalı haqqında yas mərasim nəğmələrini
özəlliklə qadınlar qopuz çalıb-oxuyarmışlar.
Mətnlərinin misradaxili bölgüləri yeddi hecadan ibarət
olan, yəni hər misrası 3+4-4+3-5+2 bölgüsündən
oluşan ağılara el arasında "edilər",
"edilmək" də deyilib. Bəzən
dünyasını dəyişən insanın kimliyi, özəllikləri,
xeyirxahlığı, yaxşı əməlləri dilə gətirilir.
Bu nəğmələrdə, qeyd etdiyimiz kimi,
yaxın, doğma adamların ölümündən doğan
dərin kədər, qəm, ayrılıq, hətta şikayət,
nifrət, qarğış notları da ifadə olunur.
Göründüyü kimi, folklor inciləri xalqın bədii
təfəkkürünün, ağıl və zəkasının
gücünü parlaq şəkildə özündə əks
etdirən, maraqlı, diqqətçəkən məzmuna, zəngin
ideyaya malik olan və əsrlərin sınağından
çıxmış kollektiv yaradıcılıq məhsullarıdır. Bu sənət
inciləri janr əlvanlığı, dil-üslub
aydınlığı, poetik tutumu və xəlqiliyi ilə
seçilir. Şifahi ədəbiyyatda
xalqımızın insan taleyi ilə bağlı
düşüncələri, vətənpərvərliyi,
humanizmi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə
üzləşdiyi mühüm ictimai-siyasi olaylara münasibəti,
gələcəklə bağlı arzu və istəkləri
geniş bədii əksini tapır. Təsadüfi
deyil ki, əmək nəğmələri xalqın bu hisslərini
parlaq şəkildə əks etdirən ilk nümunələrdir.
Çünki əcdadlarımız yaşamaq,
ayaqda qalmaq üçün böyük əmək sərf
edib, təsərrüfatlarında tər tökərək
çalışıb, yaxud ov ovlamaq, quş quşlamaq
üçün səfərə çıxaraq xeyli zəhmət
çəkiblər. Əmək nəğmələri
də məhz bu proseslər zamanı yaranıb, insanları
işə, əməyə daha da həvəsləndirib.
Əmək nəğmələrinin ən geniş
yayılmış növləri ağız ədəbiyyatının
ən qədim örnəkləri-holavarlar və
sayaçı sözlərdir. İstər Güney,
istərsə də Quzey Azərbaycanda əkinçilik və
cütçülüklə bağlı yaranmış
holavarlarda etnoqrafik elementlər, istehsal alətlərinin
adı, öküzün, kəlin vəsfi böyük maraq
doğurur. Heç şübhəsiz, əkinçi-cütçü
öz ağır əməyini yüngülləşdirmək,
qəlbində ruh yüksəkliyi yaratmaq, işini daha əzmkarlıqla
və vaxtından tez görüb bitirmək üçün
müəyyən ritmli, xoş ahəngli nəğmələr
deyib. Cütçü söylədiyi
holavarda öküzə müraciətlə ona güvəndiyini,
işi tez bir zamanda görəcəyini söyləyir.
Öküzlə bağlı holavarlarda kəndli Tanrıdan
onu bədnəzərdən, yaman gözdən qorumağı,
isti havalarda "bağrı pişməsin" deyə
yağış yağdırmasını, göyün
üzünə bulud gəlib yerə nəm düşürməsini
təmənni edir, xışladığı torpaqdan bol məhsul
götürəndə özü ilə bərabər
öküzlərin də murada çatdığını
qeyd edir:
Bizim
öküz, buz öküz,
Qoparıbdı toz öküz.
Alıb
yerin canını,
Çıxsın yaman göz, öküz.
Öküzüm
gedər işə,
Qorxuram bağrı pişə.
Nola bir
bulut gələ,
Göydən yerə nəm düşə.
Qoyunçuluqla bağlı yaranmış nəğmələrdə-sayaçı
sözlərdə kəndlinin həyatında
qoyunçuluğun nə qədər böyük əhəmiyyət
daşıdığı vəsf edilir. Qoyuna
müraciətlə oxunan sayaçı sözlərdə kəndlinin
güzəranını yaxşılaşdırdığına
görə, bu heyvana sevgi və diqqət özünü
göstərir. Özəlliklə
nazını çəkdiyi, hətta aclıq gələndə
başına dolandığı heyvandan zəhmət
adamının xeyir-bərəkət, dolanışıq təminatı
gözləntisi və diləyi əks olunur. Məsələn:
Saya, saya,
sayadan,
Damazlığı mayadan.
Bu saya
kimdən qalıb,
Adəm
atadan qalıb...
Nənəm,
qoyunun ağı,
Gedib
dolanar dağı...
Qarılar
tutar yağı,
Gəlin
yeyər quymağı...
Qızlara
cehiz ağı,
Çobana
çarıq bağı,
Uşağa
bələk bağı...
Hətta sayaçı sözlərin içərisində
heyvanların deyişməsindən ibarət mükəmməl
poetik parçalar, alleqorik nümunələr də vardır. Bu deyişmə nümunələrdə
qoyun, keçi, öküz, inək, camış, dəvə,
at və eşşəyin obrazları olduqca canlı və təbii
yaradılıb:
İnək
deyər, mən doğanda mələrəm,
Mələdikcə dağı-daşı dələrəm.
Qurutumu
gündən-günə sərərəm,
Çalxam-çalxam
kərələrim var mənim,
Ceyran-ceyran danalarım var mənim.
At deyər,
yel təkin göydə uçaram,
Yollar
ötüb dağdan-dağa aşaram,
İgidlərlə
bir arada yaşaram,
Pəhləvanlar
kimi yiyəm var mənim,
Saraylara oxşar pəyəm var mənim.
(Ardı var)
525-ci qəzet 2023.- 26 oktyabr, №194.- S.14.