Azərbaycanda elm və təhsilə ayrılan vəsait ilbəil
artır
"DAVAMLI ARTIM
ÖLKƏDƏ BU SAHƏNİN PRİORİTET OLDUĞUNU
GÖSTƏRİR"
2024-cü
ildə
dövlət büdcəsindən təhsil sahəsinə ayrılması
nəzərdə tutulan vəsaitin məbləği açıqlanıb. Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin
ilkin göstəricilərinə
dair Açıqlama"
sənədində qeyd
edilib ki, 2024-cü il dövlət büdcəsindən dövlət
büdcəsindən təhsil
bölməsi üzrə
102 tədbiri əhatə
edən 10 proqramın
həyata keçirilməsi
üçün 4549,9 milyon
manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin
yönələcəyi proqnozlaşdırılıb.
Həmin məbləğdən
453 018 349,0 manat məktəbəqədər təhsilə,
2 371 983 758,0 manat ümumi
təhsilə, 77 135 017,0 manat
peşə təhsilinə,
101 114 397,0 manat orta ixtisas təhsilinə, 134
806 154,0 manat ali təhsilə, 20 727 009,0 manat
əlavə təhsilə,
7 586 356,0 manat təhsil
sahəsində tətbiqi
tədqiqatlara, 1 383 545 050,0 manat isə təhsil sahəsində digər müəssisə
və tədbirlərə
xərclənməsi proqnozlaşdırılıb.
Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində
təhsil xərcləri
4 407 164 329 manat proqnozlaşdırılıb. Beləliklə,
gələn il üçün təhsil
xərcləri 3,2 faiz artırılır.
Təhsil
eksperti Nadir İsrafilovun
dediyinə görə,
son illər təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi nəzərəçarpacaq dərəcədə
artıb: "Bu gün
ölkədə büdcədən
ən çox vəsait hərbi və müdafiə sahəsinə ayrılır,
daha sonra elm və təhsil sahəsi gəlir. Təhsilə ayrılan vəsait
də ilbəil artır. Bu, Prezidentin təhsilə olan böyük qayğısından xəbər
verir. Eyni zamanda elm və
təhsil sahəsinin prioritet olduğunu göstərir. Təbii ki,
hərbi və müdafiə sahəsinə
ayrılan vəsaitin daha çox olması başadüşüləndir.
Biz müharibə şəraitinin tam sovuşmadığını,
təxribatların davam
etdiyini görürük.
Buna görə də, müdafiə sənayesini gücləndirməliyik.
Bunun müqabilində yenə də təhsilə vəsait ayrılmasını
müsbət qiymətləndirirəm.
Digər
tərəfdən, 44 günlük
Vətən müharibəsindən
sonra Qarabağa "Böyük Qayıdış"ımızı
nəzərə almalıyıq.
Bizim Qarabağda görüləcək
işlərimiz, həyata
keçiriləcək layihələrimiz
var. Bu gün əsas diqqət Qarabağadır.
Bütün bunların fonunda
təhsilə ayrılan
vəsaiti o qədər
də az hesab etmək olmaz".
Ekspert deyib ki, son illər
təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə
mütərəqqi metod
və müasir texnologiyaların tətbiqi
sahəsində xeyli nəzərəçarpacaq işlər
görülüb: "Bu günədək
həm də ali təhsilin
daha açıq və daha əlçatanlığı
istiqamətində sistemli
addımlar atılıb.
Xeyli tələbə
dövlət vəsaiti
hesabına ali
təhsil almaq imkanları qazanıb, dövlət sifarişli
plan yerlərinin sayı
artırılıb. Eyni zamanda
təhsilin müxtəlif
pillələrində təqaüd
məbləğləri orta
hesabla 20 faiz artırıldı. Bundan başqa,
tələbələrə ayrılan xərclərin məbləği ilbəil
artırılır. Pandemiya dövründə
dövlət həssas
qrupdan oln tələbələri diqqətdən
kənarda qoymadı.
Bütün bunlar onu deməyə əsas verir ki, biz qarşıya
qoyulan hədəflərə
nail olmaq istiqamətində
əhəmiyyətli addımlar
atırıq. Bizim əsas
məqsədimiz təhsilin
hamı üçün
əlçatan olmasıdır".
Nadir İsrafilov hesab edir ki, təhsillə
bağlı problemlərin
həllini yalnız dövlətin üzərinə
yükləmək doğru
olmaz: "Burada bir məqam da var ki,
hər şeyi dövlətdən gözləməməliyik.
Bununla bağlı kifayət qədər dünya təcrübəsi var. Məsələn,
dünya ölkələrində
ayrı-ayrı universitetlər
həm də öz gəlirləri hesabına müəyyən
nailiyyətlər qazanırlar.
Bizdə
də 6 universitetə
publik hüquqi şəxs statusu verilib. Bu gün
pedaqoji kolleclərə,
hətta orta məktəblərə publik
hüquqi şəxs statusu verilməsindən söhbət gedir. Anlamaq lazımdır ki, təhsil tək dövlət işi deyil, təhsil həm də ümumxalq işdir, ümummilli məsələdir.
Ona görə də, təhsillə bağlı
problemlərin həllini
yalnız dövlətin
üzərinə atmaq
düzgün deyil.
Məncə, universitet və
digər təhsil müəssisələrimiz öz
imkanları hesabına
gəlir qazanmalıdırlar.
Eyni zamanda, beynəlxalq təcrübədə imkanlı
şəxslər, biznesmenlər
təhsil sahəsinə
dəstək olurlar.
Bizdə də iş adamları təhsil sahəsinə dəstək ola
bilərlər. Tutaq ki, təhsil kreditləri və tələbələrə ayrılan
vəsaitlərə iş
adamları da dəstək olmalıdır.
Bu təcrübə vaxtilə bizdə də olub. 20-ci əsrin əvvəllərində
xeyriyyəçilərimiz olub ki, onlar
öz vəsaitləri
hesabında təhsilə
töhfə verməyə
çalışıblar. Məsələn, Hacı Zeynalabdin
Tağıyev qızlar
məktəbi açmışdı.
Bəzi gənclər məhz onun köməyi ilə xaricdə təhsil almışdı.
Bundan başqa, Musa Nağıyev
və digər milyonçular da belə təşəbbüslərə
qoşulub. Mən
təəssüf edirəm
ki, bugünkü iş adamlarımız təhsilə töhfə
vermirlər, öz dəstəklərini göstərmirlər.
Onlar da gərək töhfə versinlər.
İş adamları bəzi
tələbələrin təhsil
haqqını ödəməklə
imksansız şəxslərə
dəstək olmalıdırlar.
Bununla ölkəmiz, cəmiyyətimiz üçün
daha faydalı ola bilələr".
Təhsil
eksperti Elçin Əfəndi bildirib ki, bu gün
dövlətin qarşıya
qoyduğu prioritet istiqamətlər var:
"Əslində dövlət
büdcəsindən bu
sahəyə ayrılan
vəsait elə də çox deyil. Çünki dövlətin qarşıya
qoyduğu prioritet istiqamətlər var. Bunlar
bütün vətəndaşlar
üçün təhsilin
əlçatanlığının təmin olunması, eyni zamanda işğaldan
azad olunan ərazilərdə yeni məktəb tikintilərinin
həyata keçirilməsi,
həm də təmir-bərpa işlərinin
də artırılmasıdır".
Millət
vəkili Ceyhun Məmmədov hesab edir ki, təhsilə
ayrılan xərclər
onun əlçatan olmasına və keyfiyyətinə ciddi təsirini göstərəcək:
"2024-cü ilin dövlət
büdcəsində diqqət
çəkən əsas
məqamlardan biri də təhsilə ayrılan maliyyə vəsaitinin artırılmasıdır.
Bu onu
göstərir ki, Prezident İlham Əliyev ölkədə
təhsilin inkişafını
hər zaman xüsusi diqqətdə saxlayır. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il artırılması
bu fikri bir daha təsdiq
edir. Bu həm
də onu göstərir ki, dövlət təhsilin inkişafı ilə bağlı üzərinə
düşəni edir.
Biz isə çalışmalıyıq
ki, bu vəsaitlərdən
səmərəli istifadə
edərək, təhsilimizin
inkişafına, dünya
reytinqlərində irəliləməsinə
öz töhfəmizi
verək. Gələcək təhsili güclü olanlarındır. Ölkə
Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində
son illər təhsil tariximizdə yüksək
inkişaf, bütün
sahələrdə islahatların
daha da dərinləşməsi
dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət
siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır".
Millət vəkilinin dediyinə görə, müasir dövrün çağırışlarına
uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni
intellekt həyatımızın
və məişətimizin
bütün sahələrinə
nüfuz etməkdədir.
Cəmiyyət yeni sənaye
və texnoloji inqilab ərəfəsindədir
və təhsil sistemi bu reallığa
hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək
gələcək dövrə
hazırlamaq üçün
onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və
bütün cəmiyyət
səylərini bu məqsəd ətrafında
cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və
fəaliyyətlər nəticəsində
keyfiyyətli və rəqabətqabiliyyətli insan
kapitalı formalaşdırmaqla
ölkəmizin tərəqqisinə
nail olmaq olar.
C.Məmmədov deyir ki, Prezident İlham Əliyevin dövlətçilik siyasətində müəllim əməyinin stimullaşdırılması xüsusi önəm daşıyır. Prezidentin imzaladığı müvafiq sərəncamlar əsasında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, eləcə də direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Son illərdə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində məktəblərə qəbul olunmuş müəllimlərin hər biri sertifikasiyadan uğurla keçib, onların 70-80 faizi 51 və daha çox bal toplayıb, əməkhaqları isə 35 faiz artıb: "40 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəticəsində mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq və beləliklə də, əməyin diferensasiyasını tətbiq etmək mümkün olub ki, hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir. Proses davamlı xarakter daşıyır və həm də cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsi ilə bərabər, bu peşəyə marağın artmasına gətirib çıxarıb. Müəllim əməyinə həssas münasibəti və qayğını onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verilən qərarlarla bərabər, həm də hər il Prezidentin sərəncamları ilə təhsil işçilərinin mükafatlandırılması və təltif olunması da göstərir".
Millət vəkili vurğulayıb ki, təhsilin qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində 20 il ərzində böyük işlər görülüb: "2023-2024-cü tədris ilində "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil müəssisələrinin tikinti və təmir işləri davam etdiriləcək. Növbəti mərhələdə Şuşada, Zabux kəndində, Ağdamda, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda, Füzulidə müasir təhsil müəssisələrinin inşa olunaraq istifadəyə verilməsi günü də uzaqda deyil. Bu gün, görkəmi dəyişən Şuşamızda 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlama işləri aparılır və təhsil ocağının növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulub. Beləliklə, son 20 ildə ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2023.- 27 oktyabr, ¹195.- S.14.