"Topxanadakı sükut"la deyilənlər
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
Təranə Turan Rəhimli bədii düşüncəsinin
özünəməxsusluğu, yaradıcılıq aləminin
zənginliyi, yüksək
erudisiyası, fəhmi
ilə ədəbi prosesdə fərqlənən
qələm sahiblərindəndir. Həm poeziya,
nəsr, publisistika və tərcüməçilik
sahəsində uğurları,
həm də ədəbiyyatşünaslıq üzrə araşdırmaları,
tənqidçi icmalları,
fundamental monoqrafiyaları onu
ədəbi-elmi mühitdə
kifayət qədər
geniş tanıdıb.
Onun
"Böyük nəslin
layiqli yadigarı"
(2002), "Ədəbiyyat və
tənqidin yaradıcılıq
problemləri" (2009), "Dərdin pıçıltısı"
(2007), "Sevgimden tanıyacaklar"
(Türkiyə, İzmir,
2013), "Sana yazmadığım şiir" (Türkiyə,
Ankara, 2013) və digər
kitabları işıq
üzü görüb.
Şeir və hekayələri 35 dilə tərcümə olunub və 47 ölkədə çap edilib. Elmi məqalələri isə Türkiyə, İran, İtaliya, Belçika, Latın Amerikası (Çili, Meksika), İspaniya, Albaniya, İngiltərə,
Yunanıstan, Hindistan,
Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan və
digər ölkələrdə
nəşr olunub.
Müəllifin bədii yaradıcılığında
Birinci Qarabağ müharibəsinin qəlblərə
vurduğu yaralardan, yurd yerlərimizin itirilməsindən dolayı
ruhumuzu saran göynərtidən,
öz Vətənində
qaçqına, məcburi
köçkünə çevrilmiş
toplumun əndişəli
həyatından da bəhs olunur.
T.T.Rəhimlinin poeziyası haqqında
alban şairi və tədqiqatçısı
Mehmet Rremanın araşdırma yazısında
oxuyuruq: "Təranə
xanımın gözəl,
poetik biçimli, məcazlarla, metaforalarla bədii təsiri daha da qüvvətləndirən
misralarının sıralandığı
bir şeirindən Azərbaycan xalqının
tarixi haqqında çox mətləbləri
öyrəndim. Bu şeirin ruhu mənə mənsub olduğum alban xalqının ağrı-acılı
və eyni zamanda şərəfli tarixini xatırlatdı".
T.T.Rəhimlinin həm də maraqlı nəsr nümunələri var. O, "Şuşanın
dağları", "Tüstü",
"Topxanadakı sükut"
hekayələrini Qarabağ
savaşı mövzusunda
qələmə alıb.
Qarabağ ağrımızın dərinliklərinə vara
bilib, uzun illər davam edən münaqişənin
doğru-dürüst dərkinə
zəmin hazırlayib,
adı çəkilən
hekayələrdə 90-cı illərin gerçək mənzərəsini yaradıb.
Bütün məşəqqəti, acısı, hüznü,
kədəriylə. Bu
hekayələrin qəhrəmanları
uzun illər işğal altında qalmış yurd yerlərimizin xiffəti ürəyindən daş
kimi asılmış,
elini-obasını, ailəsini
sevən insanların bitkin ədəbi obrazlarıdır.
Müəllifin "Topxanadakı sükut"
hekayəsi həzin, kövrək təhkiyə,
maraqlı üslub, anlaşıqlı, rəvan
dil ilə diqqəti çəkir. Hekayənin qəhrəmanı
gənc ana Qarabağ savaşının
qurbanlarındandır. Qanlı müharibə onun da taleyindən yan keçməyib. Ermənilər dinc sakinləri
qəfil haqlayanda bu qadının həyat yoldaşı gülləyə tuş gəlib əsir düşmüşdü. O isə körpəsini bağrına basıb gizləndiyi yerdən qaçaraq ümidlə baxdığı Topxanaya üz tutmuş, neçə-neçə müsibətin,
qan-qadanın şahidi
olan meşəyə pənah gətirmişdi.
Bu gərgin anlarda meşədə qarşılaşdığı
həmkəndlilərinə sığınarkən ona
ünvanlanan nəsihətə
əməl etməli olmuşdu: "Körpən
ağlasa, hamımızı
qıracaqlar". Ciyərparasını elə kiritməliydi ki, ermənilər səs-küydən duyuq düşməsin. Hər dəfə
qımıldananda bələyini
çağanın üstünə
örtüb onu yuxuya vermək istəyirdi. Dərin yuxuda
olduğunu görəndə
sevinirdi.
Meşənin qurtaracağına çatanda
elə bil onlara dünyanı bəxş etmişdilər. Çarəsiz insanların vurnuxduğu düzün ortasında helikopteri və onları ana dilimizdə səsləyən
əsgəri görüncə
xilas yolunun tapıldığını düşünürdülər.
Gənc ana helikopterdə yerini rahatlayıb, körpəsinin üzünə
baxanda onun avazımış bənizini
görmüş və
bir an içində çaşıb qalmışdı.
Hekayədə oxuyuruq:
"Heç bir əzası tərpənmirdi.
Körpə keçinmişdi. Ana düşməndən qorumaq üçün sinəsinə sıxdığı,
səsi çıxmasın
deyə ağzını
bərk-bərk qapadığı
körpəsini bilmədən,
öz əliylə qətl etmiş, o, havasızlıqdan boğulmuşdu.
Helikopterdən tükürpədici qışqırıq səsi
gəldi. Bu səsdən Topxana meşəsinin sükutu diksindi".
Müəllif doğma yurd yerini, ömür-gün yoldaşını və körpəsini itirmiş ananın yaşantılarını, başına gələnləri nəql etdiyi həyat həqiqətlərinin timsalında ön plana çəkib. Körpənin artıq nəfəs almadığını, keçindiyini bilən ananın iztirabları, sarsıntıları hekayədə olduqca sirayətedici, təsirli əks etdirilib.
Yazıçı baş qəhrəmanının həyatının sonrakı dönəmindən söz açarkən hadisələrə münasibətini fərqli prizmadan, baxış bucağından təqdim edib, üzüntülərin ibədii lövhələrlə çatdırmağa nail olub. "Aradan xeyli vaxt ötsə də, Qarabağ savaşı hələ bitməsə də, cəbhə bölgəsində atəşkəs tez-tez pozulsa da, şəhidlər versək də, Bakıda sakitlikdir. Şəhərin küçələrində bir qadın hər səhər harasa tələsir. Sağ əli biləkdən kəsilmiş (əli çörək zavodunda dəzgahın altında qalıbmış), qara saçları erkən ağarmış dərdli bir qadın sübh çağı pay-piyada yola çıxır, amma axtardığı ünvana çata bilmir ki bilmir".
Əsər bu fikirlərlə bitir: "Ağlını itirmiş, hamının halına acıdığı bu qadın bəlkə də ömrünün sonunadək müharibənin əlindən aldığı sevgisi, doğmaları, yeganə ümidi və son pənahı olan körpəsi, gəncliyi, gözəlliyi, bəxtəvərliyi üçün hər gün beləcə yola çıxacaqdı... Amma itirdiyi səadət geri dönməyəcəkdi. Çox uzaqlarda qalan Topxana meşəsinin dərin sükutu bəlkə əsrlərlə bu qadının ölən dünyasına yas saxlayacaqdı".
Bəllidir ki, Qarabağ savaşı ədəbiyyatımızda
qələm adamlarının ürək ağrısı ilə
yazdığı mövzulardandır. Bu əsərlərdə
müəlliflərin həm də böyük
Qələbəmizə olan ümidləri
də öz əksini tapıb. Adı çəkilən hekayədə Təranə
Turan Rəhimlinin Qarabağ
dərdimizlə bağlı naləsi,
çağırışıydı. Şükürlər olsun ki, intizarla
gözlədiyimiz böyük Zəfər
günümüzə qovuşduq! İndi ədəbi cameəmizi təmsil edən
yazarlarımız oxucularını böyük
Zəfərimizdən bəhs edən qələm
nümunələri ilə sevindirirlər.
525-ci qəzet .- 2023.- 27 oktyabr,
№195.- S.13.