HƏSRƏT

 

Yaman sənsizliyə öyrətdin məni,

Dağlar qarsız qalıb, təpə dumansız.

Tutub əllərindən acı həsrətin

Bir ömürdü gedir, səssiz, gümansız.

 

Mən odu sovrulmuş ocağam indi,

Bir dəli sevgini döndərdin külə.

Bəlkə vicdanın danışdı, dindi,

"Əlvida" deməkçün gələrək dilə.

 

Özünə yolunda qıyan qəlbimi

Sən daşa döndərdin günün birində.

Bu yol hara gedir, görən bilirmi,

Nizami dəyişib göyün, yerin .

 

Getmək istəyirəm bu daş dünyadan

Bir soyuq aləmə, sənsiz aləmə.

Orda həsrət var, yandıran,

Son dəfə görüşək, "Hələlik" demə.

 

Uzat əllərini bir "Sağ ol" üçün,

Uzat ki, əllimdə izlərin qalsın.

 

Bir xoş kəlmə söylə, bu son yol üçün

Gözümdə əbədi gözlərin qalsın.

 

Bilmirəm, bəlkə darıxdım orda,

Səni çağırsam da, gəlmə, qıymaram.

Mənə bu dünyada yaşatdığını

Gəl orda yaşatma, vallah, qoymaram.

 

Qaçmaq istəyirəm səsdən, səmirdən,

Sakitcə yox olum, qaralım, sönüm.

Səni haylayıram, niyə dinmirsən,

Hardasan, ay ölüm, başına donüm.

 

HEYİF O SEVGİYƏ...

yaman incitdin dünyada məni

Birgə getdiyimiz yollara yazıq.

Qol-qola gəzərdik çölü, çəməni,

Sənə uzatdığım qollara yazıq.

 

Ürəyim sənsizdi, dumandı, çəndi,

Sanma ki, bu duman gəlib keçəndi.

Deyəsən, fərqi yox, mənsiz ya mənli

Bir ömür yaşanır, illərə yazıq.

 

Gözündə yuyulan kədərəm indi,

Həsrətdə sonlanan qədərəm indi,

Mən elə yanmışam, hədərəm indi,

Bu oda-alova, sellərə yazıq.

 

Ürəyim bumbuzdu, donubdu, mənim,

Saçıma kədər qonubdu mənim.

Bir ömür yaşadım, sənindi, mənim?

Heyif o sevgiyə, min kərə yazıq.

Abbas ƏLİYEV

525-ci qəzet 2023.- 27 oktyabr, №195.- S.15.