Müstəqillik dövrünün 10 ili:
Azərbaycana xaricdən baxış
ADU-nun YENİ NƏŞRİ ÖLKƏMİZİN 1993-2003-cü İLLƏRDƏKİ MƏNZƏRƏSİNƏ XARİCİ MÜƏLLİFLƏRİN BAXIŞLARINI ƏKS ETDİRİR
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı
(1993-2003)" kitabı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və universitet əməkdaşlarının zəhməti nəticəsində hazırlanaraq
çap edilib. Müdrik, uzaqgörən
dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın
Prezidenti olduğu dövrdə respublikada həyata keçirilən
siyasət və onun nəticələri həmişə beynəlxalq
ictimaiyyətin diqqət
mərkəzində olub,
obyektiv və subyektiv mövqedən qiymətləndirilib və
müxtəlif ölkələrin
mətbuatında işıq
üzü görən
yüzlərlə analitik
yazının mövzusu
və məzmununu təşkil edib. Oxucuların istifadəsinə
verilən kitab həmin yazıların bir hissəsi, ingilisdilli mətbuatda yer alan
məqalələr əsasında
tərtib olunub.
Xarici müəlliflərin Azərbaycan
haqqında yazdıqları
məqalələrlə tanış olmaqla,
1993-2003-cü illərdə respublikada hansı məsələlərin daha
çox aktuallıq kəsb etdiyini və beynəlxalq aləmdə maraq doğurduğunu müəyyənləşdirmək
mümkündür. Buna əsaslanaraq,
nəşrə daxil edilən məqalələri
üç qrupa bölmək olar: birinci qrup - Ermənistanın Azərbaycana
qarşı işğalçılıq
müharibəsi, ikinci
qrup - əsası Heydər Əliyev tərəfindən qoyulan
neft strategiyası, üçüncü qrup
isə - Azərbaycanın
ictimai-siyasi və sosial-iqtisadi həyatı,
tarixi və mədəniyyəti ilə
bağlı yazıları
əhatə edir.
Ümummilli lider Heydər Əliyevin prezidentlik illəri də daxil olmaqla, müstəqillik illərində
Azərbaycanın xarici
siyasətinin əsas prioriteti, dünyadakı havadarlarının siyasi, iqtisadi və hərbi yardımlarından
istifadə edən Ermənistanın işğalçılıq
siyasəti nəticəsində
respublikanın pozulmuş
ərazi bütövlüyü
və suverenliyinin bərpa edilməsi olub. Erməni separatizmi və
ona qarşı mübarizə həm də tərəflər arasında informasiya müharibəsinin tərkib
hissəsidir. Qeyd olunan
məsələ müxtəlif
ölkələrin ingilisdilli
mətbuatında da işıqlandırılıb. Xarici müəlliflərin əksəriyyəti
balanslı mövqe tutmağa çalışaraq,
işğalçı ilə
işğala məruz
qalan arasında fərq qoymamışdılar.
O müəlliflər arasında,
peşəkarlıq nümayiş
etdirərək, prosesləri
obyektiv işıqlandıranlarla
yanaşı, qərəzli
mövqe tutan, hadisələri təhrif edərək, Azərbaycana
qarşı şər-böhtan
yağdıran, Ermənistanın
işğalçı simasını
pərdələməyə çalışaraq, hərbi
əməliyyatların azərbaycanlılarla
Qarabağ erməniləri
arasında getdiyini
"sübut" edənlər
də var.
Azərbaycanın zəngin neft-qaz ehtiyatları və onların işlənməsinə
dünyanın iri neft şirkətlərinin
cəlb edilməsi də xarici mətbuatın diqqət mərkəzində saxladığı
məsələdir. Azərbaycanın
xarici neft şirkətləri ilə
apardığı danışıqlar,
"Əsrin müqaviləsi"
və digər neft müqavilələrinin
imzalanması və ixrac marşrutlarının
seçilməsi ətrafında
cərəyan edən
proseslər kitabda yer alan
müvafiq məqalələrdə
geniş şərh olunub.
Kitabla tanış olan oxucu Ulu
öndər Heydər
Əliyevin ABŞ və
Rusiyaya səfərləri
və bu zaman əldə etdiyi müsbət nəticələr, xarici ölkələrdən Azərbaycana
gələn yüksək
vəzifəli şəxslərlə
görüşləri barədə
də maraqlı məlumatlar əldə etmək imkanı qazanacaq.
1993-2003-cü illərdə xarici ölkələrin kütləvi-informasiya vasitələrində,
o cümlədən, ingilisdilli
mətbuatda Azərbaycan
haqqında olan və kitabda xronoloji ardıcıllıqla
yerləşdirilən materiallarla
tanışlıq zamanı,
oxucu qeyd olunan illərdə respublikaya münasibətdə
müsbət tendensiyanın
tədricən artmasının
şahidi olur. Bu, bir tərəfdən, daxili və xarici siyasətdə müstəqilliyini
qoruyub saxlamağa nail
olan Azərbaycanın
beynəlxalq hüquq norma və prinsipləri
çərçivəsində fəaliyyət göstərməsinin,
qlobal və regional səviyyədə sülhün
və sabitliyin təmin olunmasında aktiv iştirak etməsinin, xarici aləmlə münasibətlərində
ikitərəfli və
çoxtərəfli əməkdaşlığa
və inteqrasiya proseslərinin dərinləşməsinə
üstünlük verməsinin,
milli və universal dəyərlərin uzlaşdığı
multikultural cəmiyyətin
inkişafı üçün
hərtərəfli şərait
yaratmasının, digər
tərəfdən isə,
respublikaya qarşı
ədalətsiz informasiya
müharibəsi aparan,
fəaliyyətini saxta
və uydurma dəlillər əsasında
quran qüvvələrə
qarşı mübarizədə
konkret faktlara və arqumentlərə əsaslanan mövqe ortaya qoymasının, hər addımda Azərbaycanı əsassız
olaraq günahlandırmağa
və onun nüfuzuna ziyan vurmağa çalışan
rəsmi və qeyri-rəsmi dairələrə
münasibətdə uğurlu
hücum diplomatiyası
həyata keçirməsinin
nəticəsi idi.
Kitabda yer alan məqalələr respublikanın xaricdən necə göründüyünü müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir. Xarici müəlliflərin Azərbaycanla bağlı müxtəlif hadisə və proseslərə yanaşması və onların apardığı qiymətləndirmələr respublikanın informasiya siyasətinin təkmilləşdirilməsi və həyata keçirilməsi zamanı nəzərə alına bilər. Bundan başqa, haqqında bəhs edilən məqalələrdən müvafiq mövzular üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı ilkin mənbə kimi də istifadə etmək olar.
Ümumilikdə, "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dillər Universitetində görülən işlərdən biridir və ictimai-siyasi, elmi baxımdan ciddi əhəmiyyətə malikdir.
Aqil ŞAHMURADOV
ADU-nun Regionşünaslıq
kafedrasının dosenti,
Suğra ƏLƏKBƏRLİ
"Azərbaycanşünaslıq"
Elmi Mərkəzinin elmi
işçisi
525-ci qəzet .- 2023.- 27 oktyabr,
№195.- S.11.