Ömrə naxış salan illər

Tanınmış jurnalist Adil İrşadoğlunun 70 yaşına

Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Həyatda bir-birinə bənzəməyən yollar çoxdur. İlk insan ləpirindən başlamış, təkəmseyrək otlarla örtülən cığırlar, enişli-yoxuşlu, daşlı-kəsəkli dolanbaclar, sonsuzluğa uzanan yollar. Məmləkətləri birləşdirən, ayıran yollar... Bir də var hər kəsin özünün açdığı və yaşam boyu yürüdüyü yol - həyat yolu, ömür yolu. Əsas olan da budur ki, açdığın yolda ağıl-kamalla hərəkət edib, çiyninə aldığın yükü mərdanə daşıya biləsən...

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığım illərdə bizdən 1 kurs aşağıda Adil adlı bir oğlan oxuyurdu. O qədər utancaq, həyalı idi ki, heç vaxt sıyrılıb qabağa çıxmazdı. Yoldaşlarının arasında "gizlənib" gözə görünmək istəməzdi. Əksinə, ən çox dinləməyi, kitablarla ünsiyyəti sevərdi. Nə vaxt görsən, qoltuğunda, əlində kitab, mühazirə dəftəri olardı. Adil muğam sənətinin, ümumən musiqimizin beşiyi sayılan füsunkar Qarabağımızın cənnət məkanlarından olan Ağdamda ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbdə oxuduğu vaxtda əksər qarabağlılar kimi, o da musiqi təhsili almışdı. Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi məktəbində tar sinfini bitirmişdi. Amma sənət seçimində yollar ayrıcında qalmadı. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kimsəyə demədiyi, açmadığı istəyinin arxasınca Bakıya yol aldı. O zaman gözdə-üzdə olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almaq həyatda ilk ən böyük arzusu idi. Niyyətinə çatdı və bundan sonra bütün həyatını bu paytaxt şəhərə bağladı...

O zaman Bakı Dövlət Universitetdə Hərbi kafedra da fəaliyyət göstərirdi. Adil də Universitetdə təhsil aldığı müddətində hərbi kafedrada dərs alıb və imtahanları müvəffəqiyyətlə verərək motoatıcı vzvod (tağım) komandiri kimi leytenant rütbəsi alıb. Bəlkə həmin vaxt Adilin xəyalına da gəlməzdi ki, nə vaxtsa işğalçı, xəyanətkar ermənilər Qarabağda müharibəyə başlayanda hərbi kafedrada aldığı dərslər karına gələcək, o da cəbhədə qələmi ilə döyüşəcək...

Universiteti bitirəndən sonra hərə öz yoluna davam etdi. Adil təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərildi və bildiyimə görə, 25 il Ana Televiziyada fəaliyyət göstərdi. Bundan sonra Adil Əliyevin adını Azərbaycan Televiziyasında efirə gedən verilişlərin titrlərində gördük. O, televiziya jurnalistikasında mükəmməl təcrübə qazandı. Xatırladım ki, bu məkanda işlədiyi müddətdə Adilin 3 minə yaxın süjeti, verilişi efirə gedib. Bu verilişlərin hər biri həyatımızın müxtəlif sahələrindən bəhs etməklə yanaşı,vətənpərvərlik, işğalçı ermənilərin xalqımıza qarşı etdiyi cinayətlərin ifşası, cəbhədə vuruşan igidlərimizin, şücaəti, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən, şəhidlik məqamına ucalan oğullarımızın qəhrəmanlığı onun aparıcı mövzularından olub. Gördüyü işlərə məsuliyyətlə yanaşması, zəhmətlərə qatlaşması Adilin sənətinə bağlı olduğunu göstərirdi...

1988-ci ildə işğalçı ermənilər təxribatlar apararaq, İrəvanda soydaşlarımızı doğma yurdlarından zorla qovub çıxartdılar. Bundan sonra düşmənin təxribatları artdı. Dağlıq Qarabağda (indi Qarabağ) yaşayan ermənilər də ixtişaşlar yaradıb, fitilə od vurdular. Belə bir vaxtda, 1989-cu ildə Adil Azərbaycan Dövlət Televiziyasından könüllü olaraq Şuşaya ezam edildi. İndi onun səsi Şuşadan eşidilməyə başladı. Həmin vaxt Adil Şuşa şəhərinin teleötürücü stansiyanda çəkiliş qrupu ilə birgə yaratdığı kiçik studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdı. Daşnaklarla rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğatların aparılmasında xüsusi fəallıq göstəriridi.

Birinci Qarabağ müharibəsi başlandı. Adil Əliyev müharibənin şiddət aldığı, alovlandığı illərdə Qarabağın digər ərazilərində çəkiliş qrupu və həmkarları ilə birlikdə gecə-gündüz bilmədən cəbhənin bir çox bölgələrində əsgər paltarında səngərlərdə döyüşçülərlə görüşüb, onlardan müsahibə götürürdü. Necə deyərlər, odun, alovun içində vaxt itirmədən gördüklərini operativ şəkildə qələmə alırdı. Əsgər və zabitlərin mübarizlik ruhundan duyğulanaraq, yazdığı xəbər, müsahibə, reportaj xarakterli mətnləri unikal kadrların fonunda xalqa çatdırırdı. Adil Əliyev Az.TV-nin Birinci Qarabağ müharibəsi arxivinin yaradılmasında da yaxından iştirak edir. Televiziyada hərbi vətənpərvərlik verilişləri baş redaksiyasınn təşkil olunmasında, fəaliyyət göstərməsində də Adilin  zəhməti danılmazdır...

Adilin feysbuk səhifəsində özünə ünvanladığı belə bir ritorik sualı yer alıb: Sən kimsən, Adil İrşadoğlu? Cavabında, doğum tarixindən başlamaqla, keçdiyi həyat yolu haqqında məlumatları açıqlayıb. Bəlkə də onun səhifəsində yazdığı bu xronikal məlumatlar kimlərəsə adi görünər, çünki bu təqdimat, bilgi tərcümeyi-hal xarakterlidir. Amma fərqli detallar, böyük bir nəslin yaşam tarixində nəzərə çarpan xüsusiyyətlər, həyat amallarını ifadə edən xarakterikcizgilər məndə böyük maraq doğurdu. Adil doğulduğu Ağdamda köklü, qollu-budaqlı şəcərəsinin Azərbaycanda yerini və rolunu, mövqeyini səmimiyyətlə açıqlayıb. Atası, uzun zaman dövlət orqanlarında məsul vəzifələrdə işləmiş İrşad Əliyev Qarabağ xanı Pənahəli xanın əqrabası olan görkəmli yazıçı Süleyman Sani Axundovun nəslindəndir. Bu kökdən rişələnmiş kübar, ziyalı şəcərənin hər bir nümayəndəsi, dövlət qulluğunda yüksək vəzifələrdə çalışan insanlar öz borclarını ləyaqətlə yerinə yetirmişdilər. Onlar çalışdıqları sahələrdə xalqa, dövlətçiliyə sədaqətlə xidmətləri iləVətənə öz töhfələrini vermişlər. Bütün bunları məhəbbətlə qələmə alan Adil belə bir nəslin övladı olduğundan qürur duyur.

Yeri gəlmişkən, indi ictimaiyyətin böyük əksəriyyəti sosial şəbəkədə öz səhifəsini yaradıb, necə deyərlər, tribunalarını qurublar. Cəmiyyətdə baş verən siyasi-ictimai hadisələr, ədəbi, mətbu yaradıcılıqları, şəxsi həyatları ilə bağlı paylaşımlar edirlər. Əslində hər kəsə açıq olan sosial şəbəkə şəffaf bir aynadır. Hamı bu aynada aydın görünür. Müxtəlif təbəqədən fərqli düşüncəli insanların olduğu bu auditoriyanın sərhədi böyükdür. Bəziləri bu meydanda olmağı bir hobbi, boş vaxtlarını yol verdikləri məşğuliyyət kimi qəbul edir, yaxud, "mən də varam" prinsipilə gərəksiz mövzular, bəsit düşüncələrlə paylaşım edirlər. Mənim nəzərimdə sosial şəbəkə geniş diapazonda sosial cəmiyyətdir. Sosial şəbəkədə yer alırsansa, olduğun kimi görün. Burda paylaşım edənlər, məlumat, xəbər lentlərini izləyən və oxuyanlar minlərlədir.

Adil İrşadoğluna gəlincə, onun bu geniş miqyaslı auditoriyada məramı, mövqeyi aydın, özünəməxsus, məzmunlu və birmənalıdır. Adil gündəmə gələn hadisələrə özünün prinsipial mövqeyini bildirir, eyni zamanda cəmiyyətdə gedən prosesləri, siyasi-ictimai motivli çıxışları düzgün şərh edən mətnləri də səhifəsində paylaşır. Yaşadığımız cəmiyyətdə Vətən, Torpaq, İnsan amili onun sosial baxışında, ictimai şüurunda, mənəviyyatında başlıca yer tutur. Bunlar onu deməyə imkan verir ki, Adil İrşadoğlu vətəndaş olaraq, hər zaman ictimai-siyasi hadisələrin içərisindədir, təbəddülatlı fikirləri baxış süzgəcindən keçirir və onları doğru mövqedən şərh edir. Dövlətin, xalqın təəssübünü çəkməyi bir vətəndaş olaraq mənəvi borcu, vicdan işi hesab edir...

Qarabağın işğaldan azad olunması, ondan sonrakı hadisələr, dağıdılmış kənd və şəhərlərimizdə aparılan quruculuq işləri, infrastrukturun yaradılması, rahat yolların çəkilməsi o yerlərdə həyatın yenidən dirçəldiyini göstərir. Qarabağlılar evlərinə qayıdıb həyatlarına davam edirlər. Bütün bunlar xalqın ruhunu dirçəldir. Hər kəs bu qayıdışı, bu dirçəlişi sevinclə qarşılayır. Bu illər ərzində, həm də 44 günlük Vətən savaşının gedişində yaşadığı ağrı, həyəcanlar, qələbə sevinci, qürur hissi Birinci Qarabağ müharibəsinin qazisi Adili bir başqa cür duyğulandırır.

Adil İrşadoğlu Əliyevin əmək fəaliyyətinə nəzər salanda işində diqqətli, operativ, işgüzar və məhsuldar bir insanın, peşəkar jurnalistin keçdiyi həyat yolu göz önünə gəlir. Hələ Azərbaycan Televiziyasında işlədiyi zamandan dövri mətbuatda çıxş edən Adil müxtəlif vaxtlarda "Yeni dünya", "De fakto", "Çempion", "Sara - Ekspres", "Olaylar", "Şans", "Novıy mir", "Əlillər", "Azad Qarabağ" kimi qəzetlərdə məsul vəzifələrdə işləyib. Teleşirkətdə işlədiyi 25 il müddətində hazırladığı verilişlərə görə bir çox təşkilatların hərbi hissə komandirləri tərəfindən təqdim olunan medallar, Fəxri Fərmanlarla mükafatlandırılıb. 2018-ci ildə əsgər və zabitlərimizin igidliyindən bəhs edən silsilə verilişlər hazırladığına, daim qazilərə mənəvi dəstək olduğuna görə "Qarabağ qaziləri", "Vətən Müharibəsi Əlilləri" kimi ictimai birliklər tərəfindən fəxri diplomla təltif olunub.

Adil İrşadoğlu ictimai əsaslarla vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın - "İrşad" Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavini vəzifəsində çalışır. O, qüdrətli Azərbaycan, böyük Türk dünyası və Turançılığa gedən yolda fədakarlıq nümayiş etdirir.

Adil keçmişinə bağlı olan, nəsli, nəcabəti, şəcərəsi ilə qürur duyan insandır. Vətən sevdalısı Qarabağı, doğulduğu Ağdamı, Bütöv Azərbaycanı canı qədər sevir. O, Vətəninə, xalqına sədaqəti, xidməti böyüklərindən əxz etdiyi nizamla, məhəbbətlə davam etdirir. Demək, öz yaşam tarixlərində Vətənə, millətinə xidmət edən soykökü ilə qürur duymaq onun halal haqqıdır...

Bu gün Adil İrşadoğlu şərəflə yaşadığı illərini yola salaraq 70-in zirvəsində qərar tutub. Kimlər üçünsə bu, artıq qocalığa gedən yolun başlanğıcıdır, ahıllıq çağıdır. Mənsə, bu yaşın timsalında uzun yollar yolçusunun yaşadığı ağrıları, çətinlikləri, torpaqlarımızın işğaldan azad olacağı intizarı ilə yaşadığı günlərin acısını dadan, qələbənin sevinci, zəfərimizlə ruhlanan, gəncləşən bir vətəndaşın, bu şanlı tariximizə sözü, qələmi ilə öz töhfəsini verən qürurli Adamın işıqlı obrazını görürəm. Yubiley yaşın mübarək olsun, Adil İrşadoğlu...

525-ci qəzet .- 2023.- 31 oktyabr, №197.- S.14.