Çaparaq notlar
Firuz MUSTAFA
(Əvvəli 24 oktyabr
sayımızda)
Qriboyedovla
Abbas Mirzənin söz "döyüşü"
Türkmənçay
müqaviləsinin imzalanması ərəfəsində
şahzadə Abbas Mirzə ilə rus diplomatı A.Qriboyedov
arasında sərt danışıqlar olub...
Rusiya-İran müharibələrinin başa
çatması ərəfəsində diplomatik
danışıqlar başlanır. 1827-ci il iyulun
21-də İranın Qaraziyaəddin kəndi
yaxınlığında Fətəli şahın oğlu
Abbas Mirzə ilə Paskeviçin nümayəndəsi
A.Qriboyedov görüşür.
Həmin
danışıqlardan fraqmentlər:
Qriboyedov:
- Biz
İrəvan və Naxçıvan əyalətlərini
keçərək Araza çatmışıq. Abbas-Abadı tutmuşuq, mən oradan göndərilmişəm.
Abbas Mirzə:
- Tutduq!
Aldıq! Abbas-Abadı sizə arvaddan betər qorxaq kürəkənim
təslim etdi!
Danışıqlar daha bir saat da bu ruhda davam edir və
Qriboyedov Rusiya hökumətinin şərtlərini
sadalayır.
A.Mirzə:
- Budur
sizin şərtləriniz! Siz İran şahına öz təbəəniz
kimi göstəriş verirsiniz! Naxçıvanı, İrəvan
əyalətini istəyirsiniz, pul, təzminat tələb
edirsiniz... Siz harda görübsünüz ki,
İran şahı başqa hökmdarın təbəəsi
olsun? O, özü başqalarına tac
paylayır. İran hələ ölməyib...
Qriboyedov:
-
İranın xoşbəxt və şərəfli günləri
olub... Mən sizə böyük hökmdar Napoleonun
adını çəkə bilərəm ki, Rusiya
hüdudlarında cəngə girişdi və bununla
taxt-tacını itirdi...
Abbas Mirzə:
- Amma əsl
qəhrəman oldu! Son nəfəsinə qədər
müdafiə olundu. Lakin siz ümumdünya
işğalçısı kimi hər yeri tutmaq istəyirsiniz,
bizim vilayətləri almaq istəyirsiniz, pul tələb edir,
heç bir qeyd-şərt qəbul etmirsiniz...
P.S.
Türkmənçay müqaviləsi bundan təxminən 7 ay
sonra imzalanacaqdı...
Qandi və
Ustinov
31 oktyabr
1984-cü il tarixdə Hindistanın Baş
naziri İndira Qandi öz iqamətgahında iki terrorist tərəfindən
güllələndi. Onu öz cangüdənləri
- sikxlər qətlə yetirmişdilər.
Mən bu hadisəni və bu tarixi nə
üçün xatırladım?
Məsələ burasındadır ki, həmin gün
xanım Baş nazir məşhur ingilis ser-cəngavər-bakalavrı
Piter Ustinova müsahibə verməyə
hazırlaşırdı. Piter Ustinov dünyaca məşhur adam idi. O, aktyor, rejissor, yazıçı,
dramaturq, ssenarist idi...
İndira Qandi həmin səhər çox gümrah
görünürdü. Müsahibinin yanına qırmızı
libasda gedirdi. Yaxşı bilirdi ki, bu geyim
ona xüsusilə yaraşır.
Piter Ustinovla çəkilişə gələn
operatorlar kameraları hazır vəziyyətə gətirmişdilər. Baş nazir gələn
kimi məşhur yazıçı ilə söhbətə
başlayacaqdı. Ustinov təcrübəli
aparıcı idi. İndiyəcən
dünyanın bir çox məşhur simaları ilə
görüşmüş, maraqlı verilişlər
aparmışdı.
Sonralar
Piter Ustinov gündəliyində yazırdı ki, həmin
gün səhər saat 10-a 9 dəqiqə işləmiş atəş
səsi eşitdim... Biz həmin atəş səsini kamerada
qeydə aldıq... Az sonra məlum oldu ki,
Baş nazirə 30 güllə atılmışdı. Saat 10-30-da Qandini hospitala çatdırdılar.
Qandi həmin gün saat 14-20 keçindi.
Telekameranın yaddaşında yalnız atəş səsləri
qaldı. Ustinovun komandası baş varən hadisəni lentə
ala bilmədi.
Bu hadisəyə bəlkə də alın yazısı
demək olar.
Ustinov həmin
gün Qandi ilə çəkiliş vədəsi verməsəydi,
bəlkə də bu hadisə baş verməyəcəkdi və
yaxud sonralar baş verəcəkdi...
Dünyanın belə işləri də olur.
P.S. Ustinov
mənim də oxuyub bəyəndiyim yazıçıdır.
Amma dünya onu daha çox aktyor kimi
tanıyır.
Mən
dostum Hacı Hacılının Ustinovun bir kitabı ilə
bağlı qeydlərini oxuyarkən bu hadisəni
xatırladım...
Və həmin
hadisəni gündəliyimdə qeyd etdiyimi də
xatırladım...
Xatırladım ki, həmin gün EA-dakı alimlərin
bir neçəsi əməlli-başlı kövrəlmişdi. Onlar Qandinin
yaşıdları idi...
Otellonun əlcəyi
SSRİ Xalq artisti Ələsgər Ələkbərov
Şekspirin "Otello" faciəsində baş rolun mahir
ifaçılarından biri olub.
Moskvadakı qastrolda böyük aktyor həmin obrazı
məharətlə oynayır. Amma birinci pərdədən
sonra ona deyirlər ki, "sifətin qrimlənsə də, əlinin
qrimlənməsi unudulub". Axı Otello
zənci idi və təbii ki, zəncinin üzü kimi əlinin
üstü də qaraşın olmalıdır. Aktyor iradla razılaşır. Doğrudan
da, onun əlinə qara qrim çəkilməyibmiş.
Amma o, təzədən səhnəyə çıxanda
hamı görür ki, bu "rəng" məsələsi
yenə əvvəlki səhnədə olduğu kimi
qalmaqdadır: yəni Otellonun sifəti kömür kimi qapqara,
əlləri isə pambıq kimi dümağdır. Bu, rejissorun və bir çox
tamaşaçıların diqqətindən yayınmır.
Amma əsərin
finalına yaxın Otello, yəni Ələsgər Ələkbərov
nümayişkaranə şəkildə əlindəki ağ əlcəyi çıxarıb kənara
atır və əlcəyin içindən çıxan
qapqara zənci əlləri görünür. Bu,
hamını təəccübləndirir. Sən demə,
böyük aktyor fasilə zamanı əlinə qara qrim
çəkdirib üstündən də ağ
əlcək geyinibmiş ki, tamaşaçılar
çaşbaş düşməsin. Hər
şey daha təbii və inandırıcı alınır.
Və onun düşündüyünün əksinə
olaraq, tamaşaçılar daha çox çaş-baş
qalırlar...
Kerenskinin
paltosu
Bəzən adamları təkcə hansı firqəyə,
partiyaya, dünyagörüşünə mənsub
olduğuna görə deyil, hətta, geyiminə görə
"siyasiləşdiriblər". Məsələn,
ötən əsrin 20-ci illərində
inqilabçıların bir çoxu Lenin və Trotski kimi sadə
kostyum geyməyi xoşlayırdılar. 30-50-ci
illərində isə kommunistlərin əksəriyyəti
SSRİ rəhbəri, Baş katib Stalin kimi kitel, qalife
şalvar, uzunboğaz çəkmə geyirdilər.
Amma ondan bir müddət əvvəl Müvəqqəti
hökumətin Baş naziri Kerenski kimi geyməyə
çalışan adamlar, xüsusən, gənclər də
olub.
Aleksandr Fyodoroviç Kerenski qısa bir müddət ərzində
Rusiyanın Baş naziri olmuşdu. O, geyim-keçiminə fikir verən
adamdı. Baş nazir o zamanın dəbinə
uyğun olaraq gen, uzunətəkli palto geyirdi.
Kerenski ölkəni tərk edib qaçandan sonra belə,
bolşeviklər keçmiş Baş nazirin paltosunu uzun
müddət unutmadılar. Ən faciəvisi isə
budur ki, 30-cu illərdə bir çox günahsız
insanları geyimləri "Kerenskinin paltosuna" bənzədiyinə
görə repressiya etdilər, güllələdilər,
sürgünə göndərdilər.
P.S. Kerenski
90 il ömür sürdü, 1970-ci ildə
Nyu-Yorkda vəfat etdi, Londonda dəfn olundu.
"Düşmənə"
qoyulmuş büst
Ern(e)st
Neizvestnıy ötən gün (92 yaşında) öldü.
İncəsənətlə maraqlananlara bu ad
yaxşı tanışdır. O, böyük rəssam və heykəltaraş
idi. 1976-cı ildən Avropada və Amerikada
yaşayırdı.
Bilirsiz mən
bu böyük sənətkarın ölümünü niyə
xatırlatdım?..
Ernst Neizvestnıy yenilikçi, modernist sənətkar
idi. 1962-ci ildə Moskva Manejində onun əsərlərinin
sərgisi açılmışdı. Sərgiyə gələn
o vaxtkı dövlət başçısı Nikita
Xruşşov elə oradaca o vaxtkı gənc sənətkarı
kəskin tənqid etmiş,
"yıxıb-sürümüşdü"...
Xruşşov öləndə onun qəbirüstü
abidəsini təmənnasız düzəltmək istəyən
bir heykəltaraş belə cəsarət edib irəli
çıxmadı. Və bu işi Xruşşovun
"düşməni" öz boynuna götürdü.
Qısası, Nikita Xruşşovun qəbrinin üstündəki
abidənin müəllifi Ernst Neizvestnıydır... Bəzən
belə də olur...
Bəyəm yazıçı prokurordur?
Mediada tez-tez 30-cu illər repressiyasının
qurbanları haqda məlumatlar gedir. Əlbəttə,
keçmişi unutmamaq lazım. Həmin məlumatlarda
qurbanlarla yanaşı, bir çox hallarda
"baiskarların" da adı çəkilir. Məsələn,
Cavidin, Müşfiqin, Cavadın, Seyid Hüseynin,
Sanılının, Talıblının, Çobanzadənin,
Ülvi Rəcəbin, Şərifzadənin, Çəmənzəminlinin,
Simurğun... ölümündə onların bir çox
müasirlərinin adları hallandırılır. Adətən, belə hallarda sübut kimi
"baiskarların" qələmə aldıqları kəskin
tənqidi yazılar nümunə gətirilir.
Hansısa bir kəskin, hətta qərəzli bir
yazısına görə hansısa bir ziyalının, qələm
adamının məhv edilməsi inandırıcı deyildir. Ona qalmış, bu gün də
öz həmkarlarını "ifşa" edən, eninə-uzununa
yıxıb sürüyən (və öz aləmində qəhrəmanlıq
edən) müəlliflər kifayət qədərdir və bu
"ifşaya" görə heç kəsi məhv etmirlər.
Və ən maraqlısı budur ki, məhz bu
cür korazehinlər özləri ağılda olan sələflərinin
yolunu davam etdirsələr də, onları daha çox tənqid
edirlər.
Deməli, günahı başqa yerdə axtarmaq
lazımdır. Cinayətkar qismində ayrı-ayrı
adamları deyil, bütöv sistemin özünü ittiham etmək
daha doğru olardı. Yəni dediyim odur
ki, siyasi sifarişlərlə ədəbi tənqidi
yazıları eyniləşdirmək olmaz. Tənqidçi və ya yazıçı baş
katib və ya baş prokuror deyil ki, hökm oxusun.
P.S. Amma
bununla belə,
"işverən baiskarlara", satqınlara,
donosbazlara da bəraət vermək doğru deyil.
SSRİ-nin
dağılmasında... "Məsi"nin
rolu
Hərdən
SSRİ-nin can verdiyi son günləri
yadıma düşür. Bəs siz necə, həmin
çağları xatırlayırsınızmı?
Parlamentlərdəki əsəbi çıxışlar, o
vaxtkı nəhəng ölkəni bürüyən
"serial" mitinqlər və filmlər, Alma-Ata, Tbilisi,
Sumqayıt hadisələri... Əlbəttə, bütün
bunları yalnız həmin dövrü görmək
üçün yaşı imkan verənlər yada sala bilər...
Həmin
vaxt, Moskvada Kaşpirovski adlı bir şarlatan Mərkəzi
TV ilə az qala hər gün
çıxış edib milyonlarla insanı "gipnoz"
edirdi. Adamların bütün diqqəti
"mavi" ekranda olduğundan öz şəxsi problemlərini
qısa müddətə də olsa unudurdu. Amma sonra yenə
dəniz kimi dalğalanan mitinqlər... Yeri gəlmişkən,
Kaşpirovski yenə sağdır, 80-ni ötsə də,
gümrahdır, saçına manıslar kimi qara yaxır...
Bu əsnada
bizdə də bir çox əcaib-qəraib hadisələr
baş verməkdə idi...
Əvvəlcə
şəhərin "Sovetski" adlanan hissəsində - Təzəpir
məscidi tərəfdə, gecələr köhnə bir
binanın divarında "sirli insan kölgəsi" zühur etməyə
başladı. Şəhər əhli oraya axın edir, amma
heç kəs bu kölgənin "mənbəyini"
müəyyən edə bilmirdi... Sıravi adamlar deyirdilər
ki, hansısa imam zühur etmədədir...
Sonra kiminsə evində "Məsi" adlı
"ağıllı" bir pişiyin sorağı aləmə
yayıldı, sən demə, həmin pişik
"danışırmış". Gözünə
döndüyüm o vaxtki media, habelə TV fürsəti əldən
verməyib həmin pişiyi, onun sahibini və ondan yazan
jurnalistləri uzun müddət reklam edib
"danışdırdı". Az
qala əfkar-ümum bu "danışan" pişiyi
"dahi" elan etmişdi. Əslində isə,
bu bəxti gətirmiş, qucaqlarda gəzən pişik sadəcə
olaraq mıyoldamağı bacarırdı. Nəsə mən
onun nə "danışdığını" ayırd
edə bilmirdim...
Əlbəttə, zənnimcə, bütün bunlar təkcə
TV-nin öz təşəbbüsü deyildi. Adamların
başını qatmaq üçün
düşünülmüş bir "oyun" idi. Yəni sifariş "yuxarıdan" gəlirdi.
Bir növ bizim bu qoçaq Məsi pişik
Moskvadakı Kaşpirovskinin analoqu və ya
davamçısı idi. Axı nəsə
düşünüb tapmaq lazım idi. Çünki
mağazalarda çörək, ət, pal-paltar, mer-meyvə qəhətə
çıxmışdı. Mitinqlər
bütün ölkənin - SSRİ-nin hakimiyyət
sütunlarını tərpətməkdə idi. Tragikomik faciələr bir-birini əvəz edirdi.
Bir azdan həmin sütunlar sınacaq, ölkə
dağılacaq, komizm arxa plana çəkiləcək,
tragediya isə ön plana çxacaqdı.
Yadınızdadırmı?
Çox güman ki, bu işlərdə Məsinin də
bir balaca rolu oldu.
(Ardı var)
525-ci qəzet .- 2023.- 31 oktyabr,
№197.- S.13.