Hərb tariximizdə
Heydər Əliyev fenomeni
Mehri QASIMOVA
Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi
Qədim anadilli yazılı abidəmiz olan "Kitabi-Dədə
Qorqud"da da əks olunduğu kimi, ta VII əsrdən
üzü bəri yadelli istilaçıların
işğalçı müharibələrinə
qarşı qəhrəmancasına vuruşan igid
oğullarımızın şöhrəti hər bir
dövrdə dünyanı heyrətləndirib. Bu mənada Cavanşirin, Babəkin,
Cahan Pəhləvanın, Qızıl Arslanın, Əmir
Altunun, Şah İsmayılın, Koroğlunun, Fətəli
xanın, Cavad xanın, Səttarxanın adları tariximizə
azadlıq mücahidləri, yadelli işğalçılara
qarşı hər zaman mübarizənin başında qeyrətlə,
mətanətlə durub rəşadətlə vuruşan xalq
qəhrəmanları, igid sərkərdələr kimi həkk
olunub.
Hərb tariximizdə XIX-XX əsrlərdə Çar,
sonralar isə Sovet imperiyasının ordusunda xidmət etmək
məcburiyyətində qalmaqla özlərinin mərdliyi və
şücaətilə seçilən eloğlularımız
da xüsusi yer tutur. Bu igid sərkərdələr kimlərə
xidmət etmələrindən asılı olmayaraq mənsub
olduqları yurdun və millətin adını daim
ucaltmış, Vətəninə və xalqına şöhrət
gətirmişlər. Kəngərli nəslindən olan
Ehsan xan, İsmayıl xan, Kalbalı xan, Hüseyn xan,
Kalbalı xan-oğul, Cəmşid xan Naxçıvanskilər,
Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəfərqulu
ağa Bakıxanov, Həsən bəy Ağalarov, İbrahim
ağa Vəkilov, Qambay Vəzirov, Həzi Aslanov, Akim Abbasov
rus-sovet ordusunda general rütbəsinədək yüksəlmiş,
öz dövrlərinin ən ali mükafatlarına layiq
görülmüşlər. Lakin qeyd etmək
lazımdır ki, sovet dövründə, İkinci Dünya
müharibəsindən sonra, xüsusən 1950-60-cı illərdə
milli zabit kadrlarımız ilbəil azalmağa
başlamışdı, generallarımız barmaqla
sayılırdı, böyük sərkərdələrimiz
isə yox dərəcəsinə çatmışdı.
Nəhayət, 1969-cu ildə xalqımız
özünün yeni dahi sərkərdəsinə və rəhbərinə
qovuşdu, həmin ilin iyul ayında general Heydər Əliyev
respublikamızın rəhbəri seçildi. Hərtərəfli biliyə,
yüksək savada və intellektual səviyyəyə,
geniş dünyagörüşünə, dahiyanə
uzaqgörənliyə, müdrik təfəkkürə, zəngin
təcrübəyə, qeyri-adi yaddaşa, tükənməz
enerjiyə, nadir təşkilatçılıq və idarəetmə
qabiliyyətinə malik olan 46 yaşlı liderin gərgin əməyi,
ciddi-cəhdi, səyi, səmərəli təklifləri və
qiymətli təşəbbüsləri çox keçmədən
hər sahədə öz bəhrələrini verməyə
başladı.
1960-cı
illlərdə demək olar ki, iqtisadiyyatın əksər sahələri
üzrə SSRİ-də sonuncu yerlərdə bərqərar
olan Azərbaycan, artıq 1970-ci ilin payızında qabaqcıl
bir respublika kimi ölkənin ən ali
mükafatlarına layiq görüldü.
1970-ci illərin
əvvəllərindən respublika həyatının
bütün sahələrində bir oyanış, dirçəliş,
canlanma baş verdi. Sənaye,
kənd təsərrüfatı, tikinti, elm, təhsil, mədəniyyət
və səhiyyə yüksək templə inkişafa qədəm
qoydu. Respublikada başlayan bu quruculuq
işlərində unudulmuş bir sahə də yeni rəhbəri
ciddi narahat edirdi. Onun fikrincə, hərb sənətində
böyük, tarixi ənənələrə malik olan Azərbaycanda
müasir dövrün yüksək səviyyəli milli hərbi
kadrlarını yetişdirmək məqamı gəlmişdi.
Həmin ərəfədə Azərbaycan KP Mərkəzi
Komitəsinin Bürosu "Cəmşid Naxçıvanskinin
xatirəsini əbədiləşdirmək haqqında" qərar
qəbul edir.
Qərarın bir maddəsində qeyd olunurdu ki,
yeni yaradılacaq hərbi təyinatlı respublika orta internat məktəbinə
C.Naxçıvanskinin adı verilsin.
1938-ci ildə
günahsız olaraq repressiya qurbanı olmuş bir Azərbaycan
oğlunun, görkəmli sərkərdə, şöhrətli
general, həm də xan nəslinə mənsub Cəmşid
Naxçıvanskinin xatirəsini əbədiləşdirməklə
dahi Heydər Əliyev Vətənin, millətin ləyaqətli
övladına əsl bəraət qazandırıb onu tək
respublikada deyil, bütün Sovet İttifaqında tarixi şəxsiyyət,
hərbi xadim kimi geniş tanıtdı. O dövr
üçün bu çox cəsarətli və riskli bir
addım idi.
Bir il ötdü və böyük liderin təşəbbüsü,
təşkilatçılığı ilə 1971-ci ilin iyun
ayında respublika rəhbərliyi "C.Naxçıvanski
adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin
yaradılması haqqında" xüsusi qərar qəbul
etdi. Həmin ilin noyabr ayında yeni yaradılmış məktəbi
ilk dəfə ziyarət edən Heydər Əliyev buradakı
yığıncaqda geniş nitq söyləyərək
vurğulamışdı: "Orduda azərbaycanlı zabitlərin
sayı kifayət qədər deyildir. Biz bütün millətlərə
sübut etməliyik ki, azərbaycanlılar Xəzərin
dibindən "qara qızıl"
çıxardıqları kimi, tarlalarda bol məhsul
yetişdirdikləri kimi, elmin, texnikanın ən mühum
nailiyyətlərinə yiyələndikləri kimi, həm də
hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri,
yeniyetmələri hərbi məktəblərə daxil olmaq və
Silahlı Qüvvələrin zabit korpusunda xidmət etmək
üçün hazırlamaq ən ümdə vəzifəmizdir".
Moskva isə Heydər Əliyevin Azərbaycanda milli hərbi
kadrların xüsusi məktəbdə yetişdirilməsi təşəbbüsünü
və respublika rəhbərliyinin qərarını
böyük narazılıqla qarşılayır. Bir neçə
dəfə məktəbə SSRİ Maarif Nazirliyindən
yoxlama komissiyaları göndərilir. Məktəbin
fəaliyyətinin qeyri-qanuniliyi vurğulanaraq hətta onun
bağlanılması təşəbbüsü də irəli
sürülür. Lakin Heydər
Əliyevin inadı, qətiyyəti və məntiqi manevrləri
məktəbi hifz edir, onu qaragüruh qüvvələrdən
qoruyur və bir neçə ildən sonra məktəbin
şan-şöhrəti bütün Sovetlər
İttifaqına yayılır.
SSRİ-nin müxtəlif yerlərindən gəlmiş
qonaqlar, yüksək vəzifəli şəxslər məktəblə
tanışlıqdan sonra "Rəy və təkliflər"
kitabına aşağıdakı sözlərini yazmaq məcburiyyətində
qalırlar.
Onlardan bir neçəsinə nəzər yetirək: Sov.
İKP MK-nın məsul işçisi V.Sidorov yazırdı:
"Azərbaycandakı Hərbi Təyinatlı Orta
İnternat Məktəbində böyük və vacib işlər
görülür... Azərbaycan KP MK-nın rəhbərliyi,
şəxsən Heydər Əliyev hər cür şərait
yaradır. Arzu edirəm ki, bu gün burada təhsil alan gənclər, yeniyetmələr gələcəkdə
general olsunlar".
SSRİ-nin
maarif naziri S.Şerbakov: "Qayda-qanun, nizam-intizam, gənc nəslin
tərbiyəsinə diqqət və qayğı məndə
məktəbin kollektivinə böyük hörmət hissi
oyatdı... Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış bu məktəb SSRİ məktəbləri
üçün nümunəvi bir tədris
ocağıdır".
Stavropol
Ali Hərbi Rabitə Mühəndisliyi Məktəbinin rəisi,
SSRİ-nin fəxri rabitəçisi, general-mayor E.İvanov:
"Ölkədə şöhrət qazanmış,
tanınmış ixtisaslaşdırılmış hərbi
məktəbdə oldum. Gördüyüm hər şey
sübut edir ki, Azərbaycanın rəhbərliyi və
hökuməti buraya böyük diqqət və qayğı
göstərir... Arzu edirəm ki, daha çox
naxçıvanskilər bizim ali hərbi məktəblərə
daxil olsunlar".
Heydər
Əliyev 1972-82-ci illər ərzində hər 9 May Qələbə
bayramında C.Naxçıvanski adına Məktəbi
ziyarət edərək, müəllim-zabit heyətilə və
kursantlarla görüşür, problemlərlə
maraqlanır, hər hansı bir
çatışmazlığın dərhal aradan
qaldırılması qayğısına qalırdı.
1982-ci
ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü,
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Moskvada
işə başlayan və doğma Azərbaycanını bir
an da unutmayan H.Əliyev özünün parlaq əsəri olan
bu məktəbi də daim diqqət mərkəzində
saxlamışdı.
1983-cü
ilin 9 Mayında yenə də ənənəvi və simvolik
olaraq Heydər Əliyevin yolunu gözləyən
C.Naxçıvanski adına Məktəbin kollektivi axşam
televiziyadan bütün ölkəyə yayılan xoş bir xəbərin
sevincini bölüşür: "SSRİ Ali Soveti Rəyasət
Heyətinin Fərmanı ilə böyük xidmətlərinə
görə və anadan olmasının 60 illiyi münasibətilə
Heydər Əlirza oğlu Əliyev Sovet İttifaqının ən
yüksək mükafatına - Lenin ordeni və ikinci "Oraq
və Çəkic" qızıl medalına layiq
görülmüş və iki dəfə Sosialist Əməyi
Qəhrəmanı kimi, doğulduğu diyarda onun tunc
büstünün qoyulması qərara
alınmışdır".
Bəli, həmin axşam Heydər Əliyev öz nurlu,
təbəssümlü siması ilə məktəb
kollektivinin ənənəvi görüşünə gəldi. Bir il sonra, 1984-cü ildə
yenə də Bakıda olan SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini Heydər Əliyev Naxçıvanski adına
məktəbi ziyarət edərək, müəllim-zabit heyəti
və kursantlarla səmimi görüş keçirmiş, məktəbin
15 illiyinin yüksək səviyyədə, layiqincə qeyd
olunması barədə respublika rəhbərliyinə
müvafiq tövsiyə və tapşırıqlar
vermişdi.
1986-cı ildə 15 illiyi təntənə ilə qeyd
olunan məktəbin həyətində Cəmşid
Naxçıvanskinin üç metrlik mərmər postament
üzərində tunc büstünün
açılışı olur, "Mənim unudulmaz məktəbim"
(müəllifi R.Məlikov) adlı kitab nəşr edilir, məktəb
muzeyi yenidən qurularaq yeni eksponatlar - sənədlər, məktublar,
fotoşəkillərlə zənginləşdirilir.
1988-ci ildən respublikada başlayan siyasi böhran, gərgin
kriminogen vəziyyət bu məktəbdən də yan
keçmir.
Artıq C.Naxçıvanski adına Hərbi
Məktəb respublikanın səbatsız və səriştəsiz
rəhbərliyi tərəfindən tənqid atəşinə
tutulur. Məktəb bağlanma təhlükəsilə
qarşılaşır. Bu dövrdə məktəbin
rəisi işləyən və Heydər Əliyevin sədaqətli
hərbi kadrlarından olan Valeh Bərşadlı böyük
cəsarət və zəhmət bahasına məktəbi
1993-cü ilədək siyasi fırtınalardan və xaos
burulğanından qoruya bilir. Qeyd edək
ki, məktəbi ağır sınaqlardan çıxaran
general-leytenant V.Bərşadlı ömrünün sonuna -
1999-cu ilə qədər məktəbin rəisi vəzifəsində
ləyaqətlə çalışmışdı.
1987-ci
ilin sonlarında SSRİ rəhbərliyindən istefa vermiş
H.Əliyev 1988-1990-cı illərdə ölkə və
respublikanın başabəla başçılarının
siyasi təqiblərinə, əsassız tənqidlərə,
təzyiqlərə məruz qalırdı. 1990-cı
ilin 21 yanvarında Moskvadakı Azərbaycan SSR Nümayəndəliyində
Bakıdakı 20 Yanvar qırğınına etiraz
çıxışından sonra H.Əliyevə qarşı
təzyiqlər daha da güclənir.
Bütün bunlara baxmayaraq, Vətənin
ağır günlərində öz xalqı ilə birlikdə
olmağı üstün tutan böyük lider 1990-cı ilin
yayında Azərbaycana gəlməyə qərar verir.
İyul ayının 20-də Vətəninə qayıdan
milli lideri rəsmi Bakı qəbul etmir və ondan paytaxtı
təcili tərk etməsi tələb olunur. İyulun
22-də Heydər Əliyev doğma diyarı Naxçıvana
gəlir. Həmin gün axşamüstü şəhərin
"Azadlıq" meydanına toplaşan 80 min nəfərlik
izdihamın timsalında xalq onu hərarətlə
bağrına basır.
Beləliklə, ömrünün sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan Ulu öndər, Naxçıvanda qərar tutur. 1990-cı ilin sentyabrında ümumxalq səsverməsi ilə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatı seçilir. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qayıdışının birinci mərhələsi başlayır.
Həmin il noyabrın 17-də XII çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyilə öz işinə başlayaraq çox mühüm, xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul edir. Bunlardan biri və çox vacibi də "Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında" qərar oldu. Bu o zaman Sovetlər İttifaqı miqyasında ilk milli hərbi qurum idi. Həmin təşkilat eyni zamanda o vaxt SSRİ-də ilk və yeganə olan milli ordunu formalaşdıran bir orqan idi. Çünki 1991-ci ilin sonunadək mövcud olan sovet imperiyasının heç bir respublikasında və ya regionunda milli ordu anlayışı və strukturu yox idi.
(Ardı var)
525-ci qəzet 2023.- 31 oktyabr, №197.- S.12.