Siyavuş Kərimi: Musiqi Forumunda dediyim fikirlər təhrif olunub

“MƏN HEÇ YERDƏ DEMƏMİŞƏM Kİ, AZƏRBAYCAN MUSİQİSİ DÜNYADA QƏBUL EDİLMİR”

Oktyabrın 29-da Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin Azərbaycan musiqisi və ölkəmizdəki səsyazma studiyaları ilə bağlı səsləndirdiyi fikirlər bəzi mətbuat orqanlarında təhrif olunub.

Bu barədə “525” ə açıqlama verən Xalq artisti əslində, tamam başqa fikir səsləndirdiyini bildirib:

Ölkəmizdə ilk dəfə olaraq belə genişmiqyaslı Musiqi Forumunun keçirilməsi təqdirəlayiq haldır. Həqiqətən musiqimizin indiki vəziyyətində bir sıra problemlər var biz o problemlərin həlli istiqamətində Forumun çox böyük köməyinin olacağına inanırıq. Belə tədbirlərin keçirilməsi lazımlı vacib məsələdir.

O ki qaldı mənim Forumda səsləndirdiyim fikirlərə, təəssüf edirəm ki, bəzi xəbər saytları sözlərimi kontekstdən çıxararaq, təhrif ediblər. Söhbət Azərbaycandakı səsyazma studiyalarının keyfiyyətindən gedirdi. Bəli, bu gün Azərbaycanda peşəkar, beynəlxalq standartlara cavab verən səsyazma studiyaları yoxdur. İndiki dövrdə Azərbaycan musiqisinə lazım olan vacib məsələlərdən biri məhz dünya standartlarına cavab verən səsyazma studiyalarıdır. Amma mən heç yerdə deməmişəm ki, Azərbaycan musiqisi dünyada qəbul edilmir ya Azərbaycan musiqisi dünyada heç kimə lazım deyil. Çox təəssüf ki, həmin saytların yazdığı yanlış informasiyanı bədxah qonşularımız da tərcümə edərək tirajlayırlar. Erməni mədəniyyəti Azərbaycan mədəniyyəti üzərində, onun hesabına yaranıb. Bizim mədəniyyətimizin, musiqimizin oğrularına belə bir fürsət vermək nəyə lazım idi axı?! Mən özüm uzun illərdir Azərbaycan musiqisinə xidmət edirəm, belə bir fikri necə deyə bilərəm?”

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .- 2023.- 31 oktyabr, ¹197.- S.9