Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Hitler ağalığı dövrü

13 martda beləliklə, Avstriyanın mövcudluğu başa çatdı. Martda Hitler göstəriş verdi ki, yenidən Ostmark adlanan bu ölkə yeddi nasist əyalətinə bölünməklə, Alman Reyxinə bütünlüklə inteqrasiya olunsun. 1941-ci ildə isə Ostmark "Dunay və Alpendauya" çevrildi. "Avstriya" tarixi, beləliklə, rəsmi olaraq nasist idarəçiliyi altına düşdü. Avstriya nasist xəritəsindən silindi, avstriyalıların əksəriyyəti alman qoşunları ölkəyə daxil olanda və Hitler Anşlyus göstərişini verəndə, eyforiyada idi. Avstriyada da nasistlər az deyildi və onlar özlərini Hitlerin əsl ardıcılları kimi aparır, nasist Almaniyasını isə ölkələri üçün mayak, yol göstərən ulduz hesab edirdilər. Bədbəxtlikdən Avstriya əhalisinin böyük əksəriyyəti vətənlərindəki qaydanı qorumaq əvəzinə, alman təbliğat fantomlarının arxasınca getməyə üstünlük verirdilər.

15 martda Hitler Vyanadakı  çıxışında doğma vətəninin Alman Reyxinə daxil olduğunu Avstriya vətəndaşlarına elan edəndə, diz çökmə səhnələri olduqca çox idi. Bu səhnələr bütün avstriyalıların Anşlyusu dəstəklədiyini göstərirdi. Almaniyanın tərkibində olmağa görə sevinc hissi yalnız Avstriyanın alman millətçiləri arasında deyil, liberalların və sosialistlərin də arasında yayılmışdı. Onların çoxu səfehliklə Hitlerə nifrət etməklə, Anşlyusu faktiki salamlamaq arasında tam bir fərqin olduğunu güman edirdi. Minlərlə yəhudi öz iş yerlərini itirdi və mülkiyyətlərini olduqca aşağı qiymətə satmağa məcbur edildi.

Avstriyanı tərk edən incəsənət xadimləri arasında Ziqmund Freyd  var idi. Bir qrup Hind okeanındakı Mavriki adasında məskunlaşmışdı. Digər bir qrup Şanxayda sığınacaq tapmışdı. Yaxın ölkələrə - Çexoslovakiyaya, Niderlanda və ya Fransaya qaçanlar müharibə illəri ərzində nasistlər tərəfindən tutulurdular. Vyanada qalan yəhudilər nasist ağalığında işləməklə, təcrübə altında olan hüquqsuz heyvancıqlara çevrilirdilər. 1939-cu ildə hələ də Vyanada 66 min yəhudi yaşayırdı. Böyük yazıçı Stefan Tsveyq 1942-ci ildə müşahidə etdiyi müharibə dəhşətlərinə dözməyib ölmüşdü.

Stefan Tsveyq (1881-1942-ci illər), bu məşhur yazıçının əsl pərəstişkarı olan bir dostum daim onu almanların qaydasında "Tsvayq" adlandırır, Azərbaycan oxucuları arasında populyar hekayələr və roman ustalarından biri hesab olunur. Onun "Hisslərin sarsıntısı", "Balzak", "Ürəyin dözməməsi", "Bəşəriyyətin ulduz saatları" adlı əsərləri böyük maraqla oxunur. Axırıncı əsərdə lakonik qaydada bir sıra tarixi şəxsiyyətlərin qələbəyə ünvanlanan, bəzən onların həlak olması ilə də nəticələnən macəralarından danışılır.

Bir novellasında böyük türk sərkərdəsi, gənc Osmanlı sultanı Mehmet Fatehin Konstantinopolu işğal etməsi vaxtı, qeyri-adi əməliyyatlara əl atmasından söhbət açılır. O, ilk dəfə ağır mərmili toplardan şəhərin qalın divarlarını uçurmaq üçün istifadə edir. Onlar Avropadan alınmışdı, türk ixtiraçısı da bu silahın istehsalını təşkil etmişdi. Bəzi topların mərmisinin ağırlığı yarım tondan yuxarı idi və qala divarlarında böyük deşik açırdı. Lakin əsgərlərin hücumu üçün əlverişli yer tapmaq lazım idi, gəmilərin dayandığı yer buna imkan vermirdi. Ona görə də sultan gəmiləri Bosfor boğazının o hissəsindən çıxartdırıb, öküzlərə qoşdurub, quru yolla apartdırmaqla, başqa uyğun yerə saldırdı. Mehmet Fatehin başıpozuqlarının hücumu bir nəticə verməyəndə, əsas qüvvəsi olan yeniçəriləri son həmləyə göndərdi, onlar divardakı yarıqlardan keçib, şəhərə girdilər və onu tutdular. Mehmet Fateh şəhərin adını dəyişib, Konstantinopolu İslamın şərəfinə İstanbul adlandırdı. Qədim Roma imperatoru Konstatinin IV əsrin üçüncü dekadasında salmağa başladığı şəhər məhv olmuş Bizans imperiyasının paytaxtı olmasını dayandırıb, Osmanlı imperiyasının, bu güclü müsəlman dövlətinin paytaxtına çevrildi. 1923-cü ildə isə yeni Türkiyə respublikasının baş şəhəri hüququ Anatoliyadakı (Anadoludakı) Ankaraya verildi. Rusiya təcrübəsi kimi, bu məsələdə paytaxtın təhlükəsizliyi məqsədi əsas götürülmüşdü.

Digər bir hekayədə Tsveyq ingilis səyyahı, Cənub qütbünün mərkəzini tədqiq etmək istəyən ingilis Robert Filip Skottun faciəsini nəql edir. Skott Antarktidanın mərkəzini kəşf etməyə ehtiyatlı bir qaydada hazırlıq görməmişdi. Səfərə yük heyvanlarını düzgün seçməmişdi, ona görə də qütb mərkəzinə çatmamış həlak oldu, Mərkəzi isə Norveç qütb səyyahı Raul Amundsen kəşf etdi.

"Ürəyin dözməməsi" romanında isə kübar macar ailəsinin bədbəxtliyindən söhbət açılır, varlı ata iflic olmuş qızını böyütmüşdür. Qız bir zabitə vurulur, eşqinə cavab tapmayanda, balkondan özünü atıb öldürür, ailəsi də bədbəxtliyin qarşısını ala bilmir.

Avstriyalıları Hitler hələ 1938-ci ildən də çox-çox əvvəl alman vətəndaşlarına çevirmişdi. Anşlyusun ilk ayları içərisində Avstriyada işsizlik problemi faktiki olaraq yoxa çıxdı və Avstriya iqtisadiyyatı modern bünövrə üzərində quruldu. Nasistlərin hakimiyyəti altında Almaniya iqtisadiyyatının özü də sürətlə inkişaf edirdi. 1936-cı ildə iqtisadi böhrana son qoyulmuşdu. Prezident Franklin Delano Ruzveltin məşhur inqilabi "Yeni kursu"nu həyata keçirən ABŞ-da isə böhranla yalnız 1940-cı ildə vidalaşmaq mümkün olmuşdu. İqtisadi dəyişikliklər Almaniyada başlıca sosial dəyişikliklərə də yol açdı. Katolik kilsəsinin hakimiyyəti kiçildildi, boşanmış katoliklər indi yenidən evlənə bilərdilər.

Avstriya əhalisi hər şeydən əvvəl nasistlərin müharibə məqsədi ilə artan investisiyasından iri həcmdə iqtisadi fayda götürdü. İşsizlik yoxa çıxdı, onun yerini işləyən adamların defisiti tutdu.

Hitleri isə Avropa ağalığı düşündürürdü, o, lap əvvəldən öz iyrənc niyyətlərini heç də gizlətmək qayğısına qalmırdı. Baş nazir təyin ediləndən üç ay sonra, 1933-cü ilin aprelində demişdi: "Biz yatmamışıq, onlar bilməlidirlər ki, tufan gəlir". O, Mussolinidən fərqli olaraq, hakimiyyəti demokratik yolla almışdı. Sonra isə öz həqiqi diktatorluq mahiyyətini daha açıq göstərdi. Bir neçə həftə ərzində siyasi müxalifətin heç bir xırda axınına da imkan vermədi, tam avtoritar rejim qurdu.

Hitler Almaniyası Natsional Sosializmin ölkəni əvvəlki müharibədən sonrakı bədbəxtlikdən uzaqlaşdırmağı sübut edəcəyini planlaşdırırdı. Eyni vaxtda nasistlər zorakı ideologiyanı işə salır və sülhə təhlükə olduqlarını göstərirdilər. İrqi ideologiya xüsusən eybəcərliyi ilə seçilirdi. 1936-cı ildə Almaniyada keçirilən Olimpiya oyunları da bu məqsədə xidmət etməli idi. Almaniya komandası hamıdan çox qızıl medal qazanmışdı. Lakin Hitlerin arilərin üstünlüyü barədəki canfəşanlığı alt-üst oldu. Qaradərili amerikalı Cessi Ouens 4 qızıl medal qazanmağa nail oldu... Hitlerin əsl məqsədi isə Olimpiadadan Nasist Almaniyasını dünya xalqları arasında təbliğ etmək idi və buna xeyli dərəcədə nail ola bilmişdi. Olimpiya oyunlarının iştirakçıları bu ölkənin daxilindəki vəziyyətdən hali deyildilər, zahiri cazibədar görünüşə aldanıb, vətənlərinə qayıtdıqdan sonra Hitler Almaniyasını tərifləyirdilər.

Hitler öz məqsədləri üçün müharibəni vacib vasitə hesab edirdi. O, 1937-ci ildə demişdi: "Almaniyanın problemi yalnız güc hesabına həll oluna bilər". Hitler ordusu Polşa ərazisinə müdaxilə edib, qısa müddətdə Polşanı darmadağın etdi. Alman "blitskriqi" Daninarkada, Norveçdə, Niderlandlarda, Belçikada və Fransada dayandırıla bilməyən kimi görünürdü. Britaniya Hitler müharibə maşının hədəfinə çevrildikdə, İtaliya-Almaniya müttəfiqliyi Şimali Afrikada və Aralıq dənizində yeni müharibə teatrları açmaq üçün fürsəti əldən vermədilər.

 Fransadakı 1940-cı ilin mayından başlanan qələbələrdən sonra Hitler silahlı qüvvələri bir neçə həftə ərzində öz kampaniyalarını başa çatdırmağa yaxın idilər. Heç kəs inana bilməzdi ki, sadəcə altı həftəlik vuruşla Avropanın böyük hərbi güclərindən biri olan Fransanın tam məğlubiyyəti baş verəcəkdir.

Böyük Britaniya bu vaxt Hitler Almaniyası ilə təklikdə vuruşan dövlət idi. 10 may 1940-cı ildə baş nazir təyin edildikdən üç gün sonra parlamentdə ilk dəfə çıxış edən Uinston Çörçill dedi: "Mən qandan, ağır zəhmətdən, göz yaşlarından, tər tökməkdən başqa heç nə təklif etmirəm". Bir ay sonra yenə İcmalar Palatasındakl çıxışında demişdi: "Biz onlarla plyajlarda vuruşacağıq. Biz çöllərdə və küçələrdə döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq". Britaniya əhalisi kütləvi qaydada almanlara qarşı mübarizəyə qalxdı. 1943-cü ildə 22 milyon ingilis qadını və kişisi silahlı xidmətdə, müharibə sənayelərində və mülki müdafiə mövqelərində  xidmət edirdi.

Fransada satqın Vişi hökuməti yaransa da, fransızlar işğalçılara müqavimət göstərirdilər. General Şarl de Qoll 18 iyun 1940-cı ildə Londondan radio ilə ilk müracətində: "Fransız müqavimətinin alovu ölməməlidir və ölməyəcəkdir" sözlərini demişdi.

22 iyun 1941-ci ildə alman ordusu xaincəsinə SSRİ ərazisinə müdaxilə etdi. Bir gün əvvəl Hitler: "Barbarossa" əməliyyatı başlayanda dünya nəfəsini saxlayacaqdır" demişdi. Stalin isə 3 iyl 1941-ci ildə radio ilə ilk çıxışında demişdi: "Tarix göstərir ki, heç bir məğlub olmayan ordu yoxdur və bu, heç vaxt olmayacaqdır". Dörd il sonra Hitler ordusu məhv edildi.

1941-ci ilin yayında alman ordularının Moskvaya tərəf yürüşü SSRİ-nin qərb ərazilərində sürətlə gedirdi, böyük iqtisadi resursların cəmləşdiyi torpaqlar işğal altına düşmüşdü. 22 iyunda başlanan xaincəsinə təcavüz müdaxiləsinə qarşı Qızıl Ordu səmərəli müqavimət göstərə bilmirdi. Buna görə Hitler nəhəng populyarlıq qazanmışdı, heç nə onun hərbi uğurunun nailiyyəti ilə müqayisə oluna bilməzdi. Almanların əksəriyyəti qürur hissi duyurdu, özlərinə Avropanın, mümkün olduğu qədər isə, dünyanın ağası kimi baxırdı. Avstriyalılar bütünlüklə alman zəfərinə şərik çıxırdılar, çünki "alman" silahlı qüvvələrinə çox sayda avstriyalı daxil idi.

Hitler Şərqdə almanlar üçün yaşayış məkanı əldə edəcəyi planının uğuruna, SSRİ-yə hökmən qalib gələcəyinə çox inanaraq deyirdi ki, həmin Şərq ərazilərində yüz il sonra on milyonlarla alman yaşayacaqdır. Həmin torpaqları onlar artıq özlərinin həqiqi vətənləri hesab edəcəklər. O, öz xülyaları ilə, illuziyalarla yaşamağa üstünlük verirdi, SSRİ üzərində qələbə  çalacağına şübhə etmirdi. Müdaxilənin ilk aylarında sovetlərin geniş ərazilərinin işğalı onun zəfərə nail olacağı ümidlərini daha da möhkəmləndirirdi. Onun ağlına da gəlmirdi ki, sovet əsgəri, rus əsgərinin Napoleon Parisinə girdiyi kimi, qalibiyyətlə Berlinə daxil olacaq, Reyxstaq üzərinə SSRİ-nin qırmızı rəngli qələbə bayrağı sancılacaqdır.

  (Ardı var)

525-ci qəzet  2023.- 28 oktyabr, ¹196.- S.22.